QARABAĞDA HƏRBİ VARLIĞIMIZ NECƏ OLACAQ?- Ekspert mühüm nüansları açıqladı

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatda mühüm bir müddəa diqqət çəkir. Razılaşmada qeyd olunur ki, Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar.

Bu da özlüyündə sual doğurur ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, o cümlədən boşaltmağa razılıq verdiyi Kəlbəcər, Laçın və Ağdamda hərbi varlığı hansı şəkildə olacaq? Çünki əvvəlki “baza prinsipləri”ndə azad edilən ərazilərdə hərbi mövcudluğumuza məhdudiyyət nəzərdə tutulurdu. İndisə fərqli reallıq yaranıb, zor gücünə işğalçıları torpaqlarımızdan çıxarmışıq, Dağlıq Qarabağın statusu yoxdur, bu halda azad olunan yerlərdə Azərbaycan öz hərbi infrastrukturunu qura bilərmi?

Bu məsələyə Rusiya ilə Türkiyə arasında yaradılmış monitorinq mərkəzində baxılacağı deyilsə də, hələlik bu suallar açıq qalır. Yəni Azərbaycan tərəfi Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda öz hərbi hissələrini təşkil etmək hüququna malikdirmi?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə heç bir qaranlıq məqam yoxdur və hər hansı məhdudiyyət nəzərdə tutulmur. Onun sözlərinə görə, işğaldan azad edilən bütün istiqamətlərdə, o cümlədən Kəlbəcər, Laçın, Ağdam bölgələrində müvafiq qoşun birləşmələrimiz dislokasiya olunacaq.

R.Məmmədli bildirdi ki, hərbi komandanlıq tərəfindən digər ərazilərdə necədirsə, azad olunan bölgələrdə də elə xidmət olacaq. Hərbi ekspert vurğuladı ki, Azərbaycan heç bir başqa öhdəlik götürməyib: “Hətta Laçın-Kəlbəcər-Ermənistan yolu sərhəd qoşunlarımız və digər ordu birləşmələrimiz tərəfindən mühafizə olunacaq. Bu da bizə əlavə üstünlük qazandırır.

Bir sözlə, bizim azad edilən torpaqlarımızda hərbi infrastrukturumuz olacaq, ordu birləşmələrimiz fəaliyyət göstərəcək, əsgərlərimiz xidmət çəkəcəklər".

R.Məmmədli əlavə etdi ki, Ordumuz böyük zəfər qazanıb, düşmənin 27 illik işğalına son qoyub, onun kirli ayaqlarını əzəli torpaqlarımızdan silib-süpürüb və bundan sonra gənc əsgərlərimiz azad edilən torpaqlarda hərbi xidmətini çəkəcəklər: “Artıq erməni hərbçilıərinin Qarabağda izi-tozu da qalmayacaq. Bu tarixi ərazilərimizi yenə Azərbaycanın rəşadətli əsgərləri, müzəffər ordumuz qoruyacaq. Onlar fəxr edəcəklər ki, Ağdamda, Laçında xidmətdədirlər”.

Qeyd edək ki, Şuşada komendant rejiminin tətbiqinə başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd onlarla yüksəklik işğaldan azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar