PUTİN ÜÇÜN ÇƏTİN SEÇİM: 1 dekabrı niyə gözləməliyik?

Elxan ŞÜKÜRLÜ

27 sentyabrdan başlayan əks-hücum əməliyyatlarımıza müdaxilə etməməsi Rusiyaya və Prezident Putinə qarşı Azərbaycanda nə qədər rəğbət və hörmət hissi yaratsa da, rus sülhməramlılarının Qarabağa qəfil yerləşməsiylə bu sevgi bircə anda yoxa çıxıb və üstəlik, yerini də getdikcə yüksələn qəzəb və nifrətə ötürməkdədir.

Sözsüz ki, Cənubi Qafqazın əsas və regionda Rusiyanın strateji maraqlarını da gözləyən ölkəsi olan Azərbaycanda indi belə bir anti-Rusiya əhvalının yaranması və güclənməsi qarşıdakı 4 ildən çox təşviş keçirən Kreml üçün də qətiyyən arzuolunan durum deyil. Çünki Rusiyanın əsas rəqibi ABŞ-da anti-rus mövqeli Co Baydenin prezident seçilməsi və komandasını da indidən Rusiya əleyhinə sərt baxışlarıyla fərqlənən şəxslərdən formalaşdırması Kremlə sərhədləri boyu və sərhədlərindən uzaq “qaynayan” münaqişə ocaqlarında rahat gələcək vəd etmir.

Keçmiş sovet respubliklarından Gürcüstanda, Ukraynada, Moldovada, Belarusda, Ermənistanda, Qazaxıstanda, Qırğızıstanda və Özbəkistanda sürətlə yüksələn anti-rus meyllərinin indi də İranla birbaşa quru əlaqəsini təmin edən Azərbaycana transferi iqtisadi baxımdan çökən Rusiya üçün nəfəsliyin daha da daralması və çox böyük xərclər, ciddi siyasi nüfuz itkisi olacaq.

Qərbyönümlü Paşinyanın hakimiyyətə gəlişiylə Ermənistanda əldən verdiyi mövqeləri yenidən qazanmaq istəyərkən, arxasında NATO üzvü Türkiyənin durduğu Azərbaycanı da itirməsi Rusiya üçün cənub sərhədlər boyu - Cənubi Qafqaz-Mərkəzi Asiya oxu üzrə Bayden dönəmində “fəlakət ssenariləri”nin işə düşməsini körükləyə bilər...

Təbii ki, Putin Rusiyası da bunu çox yaxşı anlayır. İndi o, ya Rusiyanın ənənəvi imperiya maraqlarından və üsullarından istifadə mövqeyindən çıxış edərək, həm Ermənistanı, həm də Azərbaycanı (Türkiyəni) əzməli və cəzalandırmalı, beləliklə də, hər üçündə anti-rus dalğasına təkan verməli, ya da Qarabağ savaşında ədalətli mövqe tutmaqla və gerçəkdən sülhməramlı missiya yerinə yetirməklə, hər 3 ölkəni – Ermənistanı, Azərbaycanı və Türkiyəni qazanmalıdır.

Savaş başlayan andan – 27 sentyabrdan üzübəri, biz onu müşahidə edirik ki, Azərbaycan hakimiyyəti Putin Rusiyasının hətta Ermənistanda belə, nüfuzunun qorunub saxlanmasında maraqlıdır.

Məsələn, baxmayaraq ki, Azərbaycan əraziləri Ermənistanda yerləşmiş raketlərdən atəşə tutulurdu, ancaq Putinin sözü yerə düşməsin, “Savaş Azərbaycanın ərazisində aparılır” bəyanatı heçə çevrilməsin və Ermənistan-KTMT münasibətləri gərginləşməsin deyə, Azərbaycan həmin hərbi hədəflərə atəş açmırdı...

Üstəlik, həm 10 oktyabrda, həm də 10 noyabrda Putinin təşəbbüsü ilə gerçəkləşən atəşkəs sazişlərinə dərhal razılıq verməklə və imza atmaqla Azərbaycan hakimiyyəti göstərdi ki, o, Putin Rusiyasının bölgədəki maraqlarını yaxşı anlayır və onun nüfuzunun qorunub saxlanmasından da narahat deyil.

Ancaq Rusiyaya və şəxsən Putinə münasibətdə eyni ölçülü davranış tərzini biz Paşinyan hakimiyyətindən görmürük. O, Rusiyanın qurduğu və böyütdüyü Ermənistan dövlətini ABŞ və Avropaya satmaqla yanaşı, hazırda Rusiyanın bölgədə sülhməramlı missiyasını yerinə yetirməsinə də hər vasitə ilə mane olmağa çalışır.

Əliyev yenə də Putinin sözünü yerə salmayıb atəşkəs sazişinə qol çəkdiyi halda, Paşinyan efir önündə bunu etməkdən yayındı; üstəlik, razılaşmaya uyğun olaraq noyabrın 15-də Kəlbəcəri boşaltmalı olduğu halda, yenə də anlaşmanı pozdu, daha 10 gün vaxt istədi...

Ancaq azərbaycanlılar arasında məşhur biədəb ifadəylə desək, “Oğurluqla, fahişəliyin müddəti 40 gün çəkər”. İndi belə görünür ki, kəbinlə Rusiyanın olan, ancaq ABŞ-ın yatağında tutulan Paşinyanın Rusiya ilə gerçək münasibətlərinin aşkarlanması və çözülməsi üçün son nöqtə 2020-ci ilin 1 dekabr tarixi olacaq!

Ermənistan yenə də vaxtı uzatmağa və əlavə şərtlər irəli sürməyə qalxacaqsa, bu, artıq təkcə Rusiya-Ermənistan münasibətlərində deyil, elə Azərbaycan-Türkiyə və eyni zamanda bu ikilinin də Rusiyaya münasibətində yeni səhifənin açılması demək olacaq.

Gəlin, səbrlə, tələsmədən dekabrın 1-ni gözləyək.

Şərq müdrikləri demişkən: “Tələskənlik kədərin, səbr sevincin açarıdır”.

635x100

Şərhlər

İMRAN. 2020-11-18 09:21:00

DEYƏSƏN BİZ TARİXDƏN İBRƏT ALMAQ İSTƏMİRİK.AXI ERMƏNİLƏR ŞEYTANLAR TOPLUSUDUR.ANTİVİRUSU DƏMİR YUMRUQ VƏ GEHOSİTDİR .BUNU ERMƏNİ XƏSTƏLİYİ YARATMIŞDIR.

Rəşad Əkbər 2020-11-17 09:10:03

Məncə Rus Terroristməramlı qüvvələrdən heç nə gözləmək olmaz.

B.Qarabağlı 2020-11-16 17:02:14

Mövzu RFyna 200 illik Böyük QARDAŞ münasibətini ifadə etsə də Ermənistanıa üstün münasibətə görə təxribat kimi də anıla bilər? Şərhlərdə çox olub. Əvvəla, Ermənistanın KTMT üzvü olması onu Dünnya aləminə təhlükəsizlik yox, İşğalçı təşkilat kimi tanıdıb? Digər Moldova, Gürcüstan, Ukrayna respunlikalarını da Azərbaycan kimi hərbi əsarətdə saxlamaq KTMTni, Kremli dünya aləminə hərbi irticaçı kimi tanıdıb? Digər tərəfdən bu əsarət hədəfləri Rusiya xalqına, dövlətinə milyardlarla zərər verir? Rusiyanın Türkiyə ilə ikitəfli münasibətlər isə Rusiyaya həmin və digər ölkələrlə münasibətlərdən daha çox fayda verə bilər?

FAİQ 2020-11-16 16:54:08

İŞİ DEYİMLƏRIƏ GÖRƏ YOX.FAKTLARA ƏSASƏN GÖRƏRLƏR.

Xalq 2020-11-16 16:27:27

Yaxşı yazıdır, səbrlə dekabrın 1-ni gözləməliyik.

Son yazılar