Azərbaycan xalqının 44 günlük Vətən savaşında qələbə, torpaqların azad edilməsi uğrunda canından keçən igidlərindən biri də əslən Qubadlıdan olan 45 yaşlı mayor Elçin Alıyevdir. O, müharibənin ilk günlərindən döyüşə atılıb, Şuşaya qədər gedib çıxıb, amma müharibənin bitməsinə cəmi bir gün qalmış bu şəhərdə gedən döyüşlərdə düşmənin minomyot mərmisindən şəhid olub.
Elçin ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr edib, 2017-ci ildə təqaüdə çıxıb. Lakin müharibənin ilk günlərində könüllü cəbhəyə yollanıb, Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Virtualaz.org şəhid Elçin Alıyevin həyat yoldaşı Təzəgül Alıyeva ilə söhbətləşib.
Könüllü cəbhəyə yollandı...
Təzəgül Alıyevə deyir ki, Elçin Aprel döyüşlərinin iştirakçısı olub. Bu dəfə də müharibə xəbərini eşidən kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Ona hələlik gözləməyi tapşırıblar. Lakin Elçin gözləmək istəməyib, təkidlə cəbhəyə göndərilməsini istəyib.
“Komissarlıqdan dedilər ki, onsuz da qeydiyyatdasız, ehtiyac olduqda özləri çağıracaqlar. Amma Elçinin səbri çatmərdı. Dedi ki, onsuz da nə olursa-olsun cəbhəyə gedəcək. Bilirdim ki, heç bir qüvvə onu saxlaya bilməyəcək, buna görə də arxa-dayaq oldum. Dedim ki, heç olmasa bizdən nigaran qalmasın. Elçin üçün bu müharibə həm də qisas günü idi. Oktyabrın 1-də Qubadlı rayon hərbi komissarlığından yola saldıq”,- Təzəgül Alıyeva deyir.

Elçin Alıyev 1975-ci ildə Qubadlıda doğulub. Ən böyük arzusu həsrətində olduğu doğma torpaqların azad edilməsi olub. Təzəgül xanım əlavə edir ki, Elçin arzusuna çatıb.
Füzulidən Şuşaya doğru
Həyat yoldaşı deyir ki, Elçin Füzulidən başlayaraq Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 2-dək hər gün evlə əlaqə saxlayıb, alınan kəndlərlə bağlı özü məlumat verib: “Sonuncu dəfə noyabrın 2-də danışa bildik. Dedi ki, ondan nigaran qalmayaq. Amma ondan xəbər tuta bilmədiyimiz günlər biz nələr çəkdik, bunu yalnız Allah bilir. Sonradan öyrəndik ki, noyabrın 7-də ayağından və çiynindən yaralanıb. Buna baxmayaraq döyüşü davam etdirib".
Elçinin döyüşçü dostlarından biri danışıb ki, mayor yaralı halda belə geri çəkilməyib. Həmin əsgər özü də Elçinlə birgə yaralanmışdı. Noyabrın 8-də yaxınlığına minomyot mərmisi düşüb, Elçin sinəsindən 3 yara alıb, həmin vaxt namaz üstündə imiş.

"Qayıtdım evə, şəhidimin gəlişini gözlədim..."
Elçinin şəhid olması xəbərini ailəsinə noyabrın 11-də deyiblər: “9 gün idi ki Elçindən xəbər ala bilmirdik. Müharibə başa çatdı, biz onun geri qayıtmasını gözləyirdik. Əvvəlcə yaralı olduğunu bildirdilər. Sonra başa düşdüm ki, xəbəri mənə söyləyə bilmirlər. Elçin cəbhəyə gedrkən mənə dedi ki, sən zabit yoldaşısan, şəhid olsam ağlama, başını dik tut. Bunu komissarlıqda da dedim. Bildirdim ki, hər xəbərə hazıram. Bundan sonra şəhid olduğunu söylədilər. Evə qayıtdım, şəhidimin evimizə son gəlişini gözlədim. Onu adına layiq qarşıladım, son mənzilinə yola saldım. Noyabrın 12-də 2-ci Fəxri Xiyabanda dəfn etdik”.
Alıyevlərin 3 oğlu var. Təzəgül Alıyeva onu da deyir ki, həyat yoldaşı oğlanlarını əsil kişi kimi, torpağına, elinə, obasına bağlı böyüdüb. O da Elçinin oğlanları ilə bağlı arzularının həyata keçməsi üçün çalışacaq, oğlanlarını Vətənə layiq böyüdəcək.

Elçin Alıyev III dərəcəli “Qüsusrsuz xidmətə görə” medal, II dərəcəli “Qüsursuz xidmətə görə” medal, “Azərbaycan Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı və ölümündən sonra Vətən Uğrunda medalı ilə təltif olunub.

Şərhlər
Allah Rehmet elesin!