Menu

"Azərbaycan 2030" konsepsiyası nə vəd edir? - "İdarəetmə fəlsəfəsi, oyun qaydaları, sistem dəyişməlidir"

05.02.2021, 12:39
"Azərbaycan 2030" konsepsiyası nə vəd edir? -  "İdarəetmə fəlsəfəsi, oyun qaydaları, sistem dəyişməlidir"

Azərbaycanın növbəti 10 il üzrə sosial-iqtisadi inkişafına dair milli prioritetləri müəyyənləşdirilib. Milli prioritetlərdə dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” kimi islahatlar öz əksini tapıb.

Keçən onillik üzrə də buna bənzər prioritetlər var idi. Amma ortada olan nəticələr ürəkaçan deyil. Bəs, bu dəfə necə olacaq? Elan olunan priortetlər ölkədə yeni iqtisadi modelə keçidi təmin edəcəkmi?

İqtisadçı Natiq Cəfərli “Press Klub”a bildirib ki, sözügedən konsepsiya sanki bundan əvvəl qəbul olunmuş “Azərbaycan 2020” adlı konsepsiyanın davamıdır: “Bu, onun modernləşdirilmiş formasıdır. Təəssüf ki, Azərbaycan 2020-ci ilə qədər nəzərdə tutulan hədəflərə çata bilmədi. Biz sanki bu hədəflərin bir on il də uzadılması prosesinin şahidi oluruq. Bir on il də uzadılar ki, 20-ci ilə qədər çata bilmədik, 30-cu ilə çatarıq…”

İqtisadçı konsepsiyanın detallarından saatlarla danışmağın mümkünlüyünü vurğuladı:  “Məsələn, rəqabətli iqtisadiyyat məmur iqtisadiyyatının sonu, məhkəmə hakimiyyətinin azad olması, xarici investorlar üçün yaxşı şərait, dövlətin iqtisadiyyatda birbaşa iştirakının minimuma enməsi, çevik gömrük və vergi sistemi deməkdir. Bunların hamısı özündə bunları ehtiva etməlidir. Bütün bunların hamısı üçün ayrı-ayrı qanunlar toplusuna ehtiyac var. Çünki ölkədə bu sahələrdə problemlər mövcuddur”.

Eksperti narahat edən məsələ odur ki, “Azərbaycan 2020” konsepsiyasında yer almayan idarəetmə islahatları “Azərbaycan 2030” konsepsiyasında da yoxdur: “Bu, çox ciddi problemdir. Çünki Azərbaycanda iqtisadiyyatda baş verən problemlərin kökündə iqtisadi məsələlər durmur. Əsas məsələ idarəetmənin problemləridir. İdarəetmə fəlsəfəsi, oyun qaydaları, sistem dəyişməlidir. Mən şəxsən çox istəyərdim ki, bu tipli proqram sənədləri açıqlanarkən bununla bağlı ciddi ipucları olsun. Məsələn, Konstitusiya islahatları, idarəetmənin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi, mer seçkiləri ilə bağlı da məqamlar olmalı idi. Ölkədə bu cür struktur və fundamental dəyişikliklər olmalıdır ki, bunun nəticəsində də iqtisadiyyatda atılan addımlar öz effektini versin. Təəssüf ki, biz bunları görmürük. Sanki idarəetmə sisteminə toxunmaq istəmirlər. Halbuki ən böyük problem ordadır. Sistem artıq işləmir. Yeni sistemə, yeni Konstitusiyaya, yeni idarəetmə formasına ehtiyac yaranıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol