BAŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA... - Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri...

İndi vəzifəsini itirən, korrupsiya əməlləri rəsmən ifşa olunan, yaxud həbs edilən sabiq iri ranqlı məmurlar barədə yazanda, bəziləri “yıxılanı baltalamazlar” deyib, irad tuturlar. Ancaq reallıq ondan ibarətdir ki, belələrini nəinki vəzifəsini itirəndə, hətta həbsxanaya düşəndə də “yıxılmış” saymaq olmaz. 

Təcrübə göstərir ki, bu adamlar həbsxanada da “xan-bəy” kimi gün keçirir və elə də uzun olmayan “ayrılıqdan” sonra azadlığa çıxıb, yığdıqları milyonları həzmi-rabedən keçirməklə məşğul olurlar – “Rabitə işi”ni yada salmaq kifayətdir. Nəticədə məlum olur ki, əsl yıxılan “vurulan” məmurlar yox, onların çapıb taladığı ölkə, onun sərvətləri və “qara camaat”dır...

Məsələn, Ziya Məmmədova “yıxılan” demək olarmı?

“AzPolitika.info” sabiq məmurların dövlət büdcəsini talama, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, rüşvət alma və başqa cinayətlərilə bağlı başlanılan araşdırmalar çərçivəsində onun da istintaqa çağırıldığını yazandan sonra Ziya Məmmədov kənddəki evində oturduğunu, maldarlıqla, əkinçiliklə məşğul olduğunu və “dolanmaq lazımdır, indiki dövrdə dolanmaq asan deyil” deyərək, öz aləmində insanların gözünə “kül üfürdü”.

Lakin bunun ardınca sosial şəbəkələrdə “Italian Design” holdinqin rəhbəri Franco Rizzatonun adından Ziya Məmmədovun nazir olduğu illərdə Qələbə meydanındakı (Gənclik metrostansiyası) tunelin tikintisinə 512 milyon (!) ABŞ dolları xərcləndiyinə dair yayılan məlumat, bir növ “Ucardakı fermer”ə xatırlatma oldu. Yəqin ki, bu məlumatın məhz indi dövriyyəyə buraxılması təsadüfi deyildi və maraqlıdır ki, sonradan həmin paylaşım silindi...

Lakin istənilən halda qeyd olunan rəqəm realdır və bunu rəsmi statistikaya istinadla müstəqil iqtisadçılar da təsdiqlədilər.

Bu da azmış kimi, məlum olur ki, Ziya Məmmədovun Nəqliyyat naziri olduğu dövrdə təkcə yolların tikintisi və təmirinə 10,5 milyard (!) manat xərclənib. Bunun Azərbaycan reallığında necə fantastik bir gəlir mənbəyi olduğunu təsəvvür edirsinizmi?

Biz hələ onun nazir olduğu illərdə yaratdığı “qoçu dəstələri”nin vasitəsilə sürücülərin cibinə göz dikməsini, eləcə də nazirliyə digər mənbələrdən gələn gəlirləri demirik. İndi özünüz təsəvvür edin ki, Ziya Məmmədovun bu milyardlarda nə qədər, neçə faiz payı olub...

Bir tunelə az qala bütöv bir şəhər salınacaq qədər, yəni yarım milyard dollardan artıq pul “silinən” məmləkətdə Ziya Məmmədov kimi “bulağın gözündə” oturmuş adamlardan biri indi hansı üzlə dolanmaqda çətinlik çəkdiyini, “çobanlıq” etdiyini deyə bilər axı?...

Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. 

Bəs, haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları – Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair?

Axı bu vəsaitlərin hara və necə xərcləndiyini, ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün Baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da "şərikliyi" var. 

İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun doğmaca qudasıdır!

Üçüncü səbəb: O illərdəki Vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” – Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin? 

Bəli, bu gün rəsmən üzə çıxan talançılıq, korrupsiya faktları həm də uzun illər məmur oliqarxiyasında müşahidə olunan tayfa, qohum, quda və s. əlaqələr sisteminin məhsuludur...

Bu sırada həmin illərdə Nəqlliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC-nin rəhbəri, hazırda isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutan Cavid Qurbanovun “zəhmətini” də yerə vurmaq düz olmazdı.

Yuxarıda qeyd edilən milyardlarda onun da “əl izləri” olmamış deyil. Ən azından ona görə ki, nazirliyin yol tikintisilə bağlı podratçı şirkətlərə sifarişləri məhz onun rəhbərlik etdiyi qurum vasitəsilə verilirdi. Təkcə 2011-2015-ci illərdə Şəki-Qax yolunun tikintisi zamanı törədilmiş irimiqyaslı korrupsiya hallarının araşdırılması və buna hüquqi qiymət verilməsi kifayət edərdi ki, C.Qurbanovun o dövrlərdəki “nailiyyətləri” barədə dolğun təsəvvür yaransın.

İstənilən yolun çəkilişi zamanı podratçı şirkətlə sövdələşərək texniki şərtləri pozmaq, Bakı-Quba yolu kimi keyfiyyətsiz “əsər” yaratmaq hesabına “qənaət edib” külli miqdarda dövlət vəsaitini mənimsəmək Nəqliyyat Nazirliyi və C.Qurbanovun qurumu üçün adi hal deyildimi? Onu da unutmayaq ki, hazırda yüksək vəzifədə olmaq törədilmiş korrupsiya əməllərinə görə cəzadan immunitet yaratmır, yaratmalı deyil!...

Əslində, “sabiqlər” mövzusunu son zamanlar istintaq orqanlarının apardıqları araşdırmalar, xüsusilə Səlim Müslümovun həbsi gündəmə gətirdi və aktuallaşdırdı.

Ancaq yuxarıda adı çəkilən və çəkilməyən məmurların korrupsiya əməlləri hələ onlar vəzifədə olan zaman da mətbuatın müəyyən kəsimi tərəfindən gündəmə gətirilirdi. Lakin yazılanlara demək olar ki, məhəl qoyan yox idi.

Yəqin ki, bunun səbəblərindən biri də həmin illərdə neft pullarının “fontan vurması”, ona görə də “xırdaçılıq edilməməsi”dir. Və bəlkə də həmin “fontan vurmaqda” davam etsəydi, nə “Beynəlxalq Bank işi” kimi milyardlıq korrupsiya faktlarının, nə də Səlim Müslümov və digər “sabiqlərin” izinə düşən olmayacaqdı...

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Mosuya 2021-02-14 23:59:28

Həqiqətəndə dövlət əmlakını talan edənlərin azadlıqda olmaları təəccüb doğurur. Bunlardan biridə MTN -nin çetesində dəflərlə adı hallanan Rabitə Nazirinin müavini Elmir Vəlizadədir. Sabiq Nazirin dediyinə görə ayda 30-min manat paçet alıb . Belə bir adamın vəzifədə qalıb işləməsinə söz tapmaq mümkün deyil...

Roma 2021-02-11 18:20:42

Yengibar adı ilə yazana: "Ziya Məmmədovun Şüvəlan qəsəbəsindəki xüsusi qəsəbəsində (20-30 ev olar) bütün evləri tunellərlə birləşir! Əməlli başlı tunel! Yəqin o tunelləri də büdcə hesabına tikib..." Yəni doğrudan da belə bir şey varmı? Əgər varsa onu tikdirən həbs olunmalıdır, belə azğınlıq olar?...

t.ədalət 2021-02-11 12:44:35

Ziya Məmmədov pul qazanmaq üçün "cümlə xəyanətlərə bais" olan bir iblis idi.

Türk 2021-02-11 10:32:28

30 il söküb dağıdıblar. İndi niyə mandrajdadırlar baş açmaq olmur. Nə baş verir görəsən

Tahir 2021-02-10 23:40:30

"Mal qara saxlayıram,dolaaq lazımdır, " deməklə Ziya bu millətin də, onu hədəfə alanları da həqiqətən dolayir, rişxənd edir...İnanın bunu deyəndə Ziyanın bic-bic gülümsədi gözümün qarşısına gəlir.Dəqir bilirəm ki, bu sözləri deyəndə Ucar İH başçısı Mansur Məmmədov da onun yanında olub və Hətta Mansura bir göz də vurub.

Moshu 2021-02-10 21:36:59

48 milyon ABŞ dolları həcmində büdcə vəsaitlərinin Sənaye İnvestisiya Bankının Səbayel filialında oğurlanması faktı hamımızın xatirindədir. Əsərin baş qəhrəmanı Səlim bəy Müslümov idi. Bir müddət sonra Gömrük Komitəsi sədrinin müavini postuna gətirilir, bir müddətdən də sonra Əmək və Əhalinin Sopsial Müdafiəsi naziri postuna gətirilir. Çox əcaib situasiyadır. Vəzifəyə gəlməkdən ötrü mütləq məhkumluq həyatı yaşamalısan. Vallah, belə şey Azərbaycandan savayı heç cəngəllikdə də mümkün olası deyil. Başqa bir misal. 1994-cü il 15 noyabr tarixdə işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası Azəravtoyol” Dövlət Şirkətinin Prezidenti vəzifəsindən Cavid Qurbanov azad edilir. Diqqət edin, “işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə”. Bu adam cinayət məsuliyyətinə cəlb edilməsi əvəzinə (baxmayaraq Ayaz Mütəllibov Moskvada olanda onunla gündə əlaqə saxlaması faktı yəqin ki, DTX-nin diqqət mərkəsində olar) Milli Məclisə deputat təyinat alır, bir müddət sonra Azəravtoyola, sonra Dəmiryola təyinat alır. Vallah, ağıllı adam dəli olmaq dərəcəsinə çatar. Yazıda qeyd edilir ki, yarım milyard dollardan artıq pul “silinən” məmləkətdə Ziya Məmmədov kimi “bulağın gözündə” oturmuş adamlardan biri indi hansı üzlə dolanmaqda çətinlik çəkdiyini, “çobanlıq” etdiyini deyə bilər axı?. Gülməlidir, yoxsa ağlamalı? Bir molla lazımdır ki, əlinə ala hamam dəsmalını oturub bu millətə şaxsey-vaxsey deyə. ... Yazıda daha sonra qeyd edilir ki, nəticədə məlum olur ki, əsl yıxılan “vurulan” məmurlar yox, onların çapıb taladığı ölkə, onun sərvətləri və “qara camaat”dır...Daha sonra hörmətli Cəlal Məmmədov qeyd edir ki, bəs, haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları – Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Elə bil bir cinayət qurumu formalaşıb ki, hamısının yeri Kürdəxanıdır. Sual olunur Baş Prokuror hara “Akkord” şirkəti hara. Bir ölkənin Baş prokuroru korrupsiyanın subyektidirsə, onun rəhbərlik etdiyi Korrupsiyaya qarşı mübarizə idarəsi öz rəhbəri iləmi mübarizə aparacaq, rəhbərinimi məsuliyyətə alacaq. Bu adam ölkənin baş prokuroru deyil baş cinayətkarıdır. Bütün bunların hamısına cinayət işi başlanmalı və məsuliyyətə alınmalıdırlar. Hörmətli Kamran Əliyev prinsipial, obyektiv Baş prokurordur. Fikrimcə, O, cənab Prezidentə də söz vermişdir ki, cinayətkarlıqla amansız mübarizə aparacaq. Buyurun Kamran müəllim, cinayət də var, cinayətkarlar da. Yəqin ki, bu yazını cənab Prezidentin köməkçiləri onun diqqətinə çatdıracaqlar. Bu siyahıya Heydər Əsədovu, İsmət Abbasovu, Əli Həsənovları, Fazil Məmmədovu və ümumiyyətlə, çirkaba bulaşmış bütün məmurları əlavə etmək lazımdır.

ejder 2021-02-10 21:30:36

korrupsiys,oqurluq bu məmurların mahiyyeti budur

Aborigen 2021-02-10 20:38:31

Əgər bu məqalədə yazılanlar doğrudursa, onda...!!!

Vətəndaş 2021-02-10 18:04:42

dəqiq demək mümkün deyil. Bu ... neçə yüz milyard atıblar biz millətə

Yengibar 2021-02-10 17:42:36

Ziya Məmmədovun Şüvəlan qəsəbəsindəki xüsusi qəsəbəsində (20-30 ev olar) bütün evləri tunellərlə birləşir! Əməlli başlı tunel! Yəqin o tunelləri də büdcə hesabına tikib...

Son yazılar