Oktyabrın 15-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevdən şikayəti üzrə proses davam edib.
Proses zamanı hakim Eldəniz Quliyevin məhkəmə çəkişməsinə səbəb olan facebook qeydinin ekspertizadan keçirildiyini bildirib və ekspertlərin hazırladığı rəyi səsləndirib. Rəyə görə, Eldəniz Quliyevin yol polisləri haqqında facebook səhifəsində yazdığı, sonradan moderator.az saytında yayımlanan qeydində təhqir elementləri var.
Rəy tərəflərə təqdim olunub.
Müdafiə tərəfi bildirib ki, rəy onlara prosesdən əvvəl təqdim olunmalı idi. Hakim vaxt azlığından bunu edə bilmədiklərini deyib. Müdafiə tərəfi isə rəylə tanış olmaq üçün vaxt verilməsinə dair vəsatət qaldırıb və vəsatət təmin olunub.
Müdafiə tərəfin ikinci vəsatəti Eldəniz Quliyevin daimi yaşayış yerini tərk etməməklə bağlı qətimkan tədbirinin müvəqqəti dəyişdirilməsi barədə olub. İttiham tərəfi bunu mümkünsüz sayıb. Prokuror deyib ki, nə qanunvericilikdə belə hal nəzərdə tutulub, nə də praktikada belə hal olub.
Vəkil ərizəyə düzəliş edərək, qətimkan tədbirinin, ümumiyyətlə dəyişdirilməsini istəyib. Məhkəmə müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.
Bundan sonra proses təxirə salınıb. Növbəti proses oktyabrın 20-i, saat 14:00 təyin edilib.

Mühakimə sentyabrın 8-də başlayıb. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Eldəniz Quliyev “Feysbuk” səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb. “Moderator.az” saytında da dərc olunan müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini yazan Eldəniz Quliyev naziri konkret addımlar atmağa səsləyib.
8 sentyabr prosesində hakim Eldəniz Quliyevin “Feysbuk” statusunda gedən bəzi ifadələrin məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Artıq ekspertizanın rəyi hazırdır və məhkəməyə təqdim olunub.


Şərhlər