"ERMƏNİSTAN GİZLİ ŞƏKİLDƏ HƏRBÇİLƏRİNİ ƏRAZİMİZƏ YERLƏŞDİRİR!" - Azərbaycan XİN-dən sensasiyalı bəyanat

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumatında yer alıb.

Qeyd edilir ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir: "Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.

Bu xüsusda bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur.

Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur".

XİN xatırladıb ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur: "Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.

Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. 

Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir.

Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.

Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.

Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.

Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur".

635x100

Şərhlər

Kəmaləddin 2021-03-04 13:52:28

icraedilməyən bəyanat oxunmamış kağızdır.Boş bəyanat yox,əməli hərəkətlərlə bu halların qarşısı dərhal alınmalıdır.Biz nəyi gözləyirik? Yenə fakt qarşısında qalmağımı?v

TURAN 2021-03-01 22:01:17

Müqaviləyə imza atmadan öncə xalqın müzakirəsinə çıxarılmalı idi. Ona görədə bir çox mühüm tələblər irəli sürülməyib

vətənindaşı 2021-02-28 15:57:40

O ucadan daysşıd xalqa ağıl öyrədənlərdən cavab tşjtmək cox maraqlı olardı--rus bizim tanıdığımız rus deyil--onlar buraya buraxılmamalıydı

Cəmşid Dərələyəzli 2021-02-28 10:35:54

Yaxşı olardı ki, Azərbaycan Xarici İşlır Nazirliyi bu barədə Rusiyanın özünə nota verərdi. Çünki, bütün bu məsələlərdə Rusiya Sülhməramlıları məsuldur və cavabdehdir. Hələ bütün bunlar yetməmiş kimi, Rusiya Müdafiyə Nazirliyinin xüsusi intermet səhfəsindəki son xəbərlərində də verilir ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisi olan Dağlıq Qarabağda tapşırıqlarını yerinə yetirməsi ilə əlaqədar Rusiya Müdafiə Naziri (Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi (www.mil.ru)) Ermənistan Müdafiyə Naziri ilə danışıb, sanki hesabat verib. Amma hansı ki, Rusiya Müdafiə Naziri bu məsələni yalnız Azərbaycan Müdafiə Naziri ilə müzakirə etməlidir,, Ona görə ki, ərazi Azərbaycanın ərazisidir. Görünən o ki, bu gedişatla ətrafı Putinə yenə keçmiş şakerine qayıtması üçün ellerindən geleni edirlər. Lakin Putin özü də yaxşı bilir ki, Azərbaycanın bu dəfə atdığı addımlarla zarafat eləmir. Çünki, Azərbaycan 30 il öncəki Azərbaycan deyil və kiçik bir yanlışlıq bölgəni yenidən atəş çəmbərinə çevirə bilər və bu atəş də hər mənada Rusiyaya da çıçrayar. Bu isə keçmiş SSRİ kimi, indiki Rusiyanın sonunu gətirər. Nəzərə alsaq ki, Dünyanın digər super güclərinin də bu bölgədəki amacları budur, day başqa arqumentə ehtiyac qalmır. Odur ki, Rusiya özünə çəki düzən verib, Dağlıq Qarabağda üzərinə düşəni yapsa yaxşıdır.

vətəndaş 2021-02-27 21:38:05

Rəhmətlik Cövhər Dudayev demişkən ruslarla imzalanan müqavilə suyun üstünə yazılmış kimidi

TARIX 2021-02-27 21:26:15

RUSİYA HƏMİŞƏ İMZALADIĞI SƏNƏDLƏRƏ XƏYANƏT EDİR.ONLARA QƏTİYYƏN İNANMAQ OLMAZ.SƏRHƏDDƏ MÜTLƏQ AZƏRBAYCANIN SƏRHƏD QOŞUNLARI VƏ GÖMRÜK KOMİTƏSİNİN ƏMƏKDAŞLARI YERLƏŞDİRİLMƏLİDİR.

Xalq 2021-02-27 20:37:00

Mütləq anti-terror əməliyyatı keçirilməlidir Xankəndində. Laçında rusun yanında bizim əsgərlər xidmət itləri ilə dayanmalıdırlar. Qətiyyən rusa etibar etməyin. Onlar müxənnət və satqındırlar.

t.ədalət 2021-02-27 20:33:55

Putininb gecə-gündüz Xankəndinə göndərdiyi hərbi silah-sursatın nəticəsi artıq göz önündədir.Gecə ikən "razılaşma2 haqqında sənədin də Putin üçün bir önəmi yoxdur.Sadəcə,Putin vaxt qazanıb erməniləri silahlandırmaq üçün bizi aldadıb rahat yol əldə etdi.

Xalq 2021-02-27 20:31:26

rusu Laçında tək buraxanda bilmirdiniz ki, rus ermənini Laçından buraxacaq? Əsgərlərimiz rusun yanında Laçında dayanmalıdır! Xankəndinə qeyri-qanuni gələn ermənilərə təslim olmaları üçün ultimatum verilməlidir. Ardınca Xankəndində əməliyyat keçiri

Zaməddin 2021-02-27 20:21:57

Bəs bizim DİN.MNDTK,DSX niyə bunun qarşısını almır? Nəyi gözləyirik?

Abbas 2021-02-27 20:19:46

Bəs bizimkilət hara baxır, nə gözləyir? Yoxsa yenə 5ci kolon hərəkət etməyə qoymur??

Cabbarov Rasim 2021-02-27 20:05:54

Bəyanat yox,ciddi ölçü götürülməlidir Məgər bu ətazilər Azərbaycanın nəzarətibdə deyil?*Kənardan müşagidə etməklə biz nəyə naill ola bilərik?

Son yazılar