PAŞİNYANIN REVANŞINA QARŞI MOSKVANIN CAVABI... – Rusiya Qarabağda gərginliyi artıra bilərmi?

Ermənistanda siyasi böhranın sabitləşməsi Azərbaycanın maraqlarına cavb verirmi?

Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 1-də keçirdiyi mitinq ölkədə qüvvələr balansını birmənalı şəkildə iqtidarın xeyrinə dəyişdi. Yerli mətbuatın yazdığına görə, Paşinyanın tərəfdarlarının təşkil etdiyi aksiyaya 50 mindən artıq adam gəlmişdi. 

Bu, müharibədən sonra fasiləszi olaraq etiraz aksiyaları keçirən müxalifətin tərəfdarlarından 10-12 dəfə böyük izdiham deməkdir. Müşahidəçilər ən yaxşı halda 16 siyasi partiyanın birgə təşkil etdiyi mitinqlərə 6-7 min insanın qatıldığını bildirirlər.

Rusiyapərəst müxalifətə və elə Kremlə bağlı media Paşinyanın inzibatı resurslar hesabına kütləviliyə nail olduğunu iddia etsə də, bu, reallıqdan uzaq, "qara piar" idi. Çünki aksiya iştirakçılarının fəallığından aydın görünürdü ki, onlar hakimiyyəti müdafiə etməyə gəliblər.

Aksiyada daha bir diqqətçəkən məqam meydanda Ermənistanın dövlət bayraqlarından başqa heç bir şüar və bayraqların olmaması idi. Paşinyan tərəfdarları nədənsə qondarma "Artsax"-ın bayrağını gətirməyə "unutmuşdular".

Xatırladaq ki, uzun illərdir, İrəvanda keçirilən kütləvi aksiyalarda separatçıların “bayraqları”nın qaldırılması ənənə xarakteri daşıyır. Paşinyan da çıxşını ölkənin düşdüyü siyasi böhranın səbəblərinə və ondan çıxış yollarına həsr etmişdi. Qarabağdakı vəziyyət, hökumətin bu istiqamətdə planlarının nədən ibarət olması onun çxış mətninə daxil deyildi.

Baş nazirin əsas hədəfi Ermənistanda siyasi böhranı yatırtmaq, müxalifətin təzyiqlərini neytrallaşdırmaq və onu siyasi səhnədən tamamilə sıxışdırıb çıxaramaqdır. O, meydanda ölkənin parlament idarəçiliyindən prezident sisteminə qayıtması üçün referendum keçirilməsini təklif etdi. Bildirdi ki, keçmiş iqtidarın bərqərar etdiyi bu sistem ciddi problemlərə, hakimiyyət boşluğuna səbəb olur. Paşinyan eyni zamanda onu devirməyə çalışan rəqiblərini bir daha növbədənkənar parlament seçkilərinə dəvət etdi.

Paşinyanın qiyamçı müxalifəti sıxışdırıb təşəbbüsü ələ alması əlbəttə, yeni situasiya yaradır. Onun mövqeyinin güclənməsinin Dağlıq Qarabağ probleminə bilavasitə təsir göstərdiyi üçün İrəvanda cərəyan edən hadisələr Azərbaycanda da diqqətlə izlənir. Bu reallıq regionda prosesləri tam nəzarətində saxlamağa çalışan Rusiyanı ciddi narahat edir.

Ona görə də Moskvanın Paşinyanın dirçəlişini sakitcə izləyəcəyini düşünmək gözlənilən deyil. Hazırda Ermənistanda davam edən proseslər göstərir ki, Rusiyapərəst müxalifətin hakimiyyəti devirmək ssenarisi dəyişməyib. Baş Qərəgahın qiyamçı rəhbəri, general-polkovnik Onik Qasparyan prezident Armen Sarkisyandan dolayı dəstək alaraq müqaviməti davam etdirir. İrəvanın mərkəzində müxalifətin qurduğu çadırlar da sökülməyib.

Media qurumları, o cümlədən Kremlin birbaşa təbliğat qurumu “Sputnik Armeniya” iqtidarın “ifşasını” davam etdirir. Əlbəttə, Paşinyan komandasının 1 martda keçirdiyi kütləvi aksiyadan sonra müxalifətin əlindəki siyasi təzyiq mexanizmləri daha da zəifləyib. Baş nazirin güc nümayişi cəmiyyətdə tərəddüd edən təbəqələri də hakimiyyətin ətrafına doğru itələyib. Eyni zamanda, hakimiyyət qollarının prezident istisna olmaqla hərbi qiyam cəhdinə qarşı effektli birlik nümayiş etdirməsi də hakimiyyətin mövqeyini gücləndirib.

Şübhəsiz ki, müxalifət və onu dəstəkləyən kənar qüvvələr bu tendensiyanı dayandırmaq üçün müxatəlif ssenarilər üzərində baş sındırır. Nəyin bahasına olursa, olsun Paşinyanın devrilməsi ehtirası ölkədə hadisələri hazırki nisbi sakit məcradan çıxara bilər. Məsələn, silahlı toqquşmalar, orduda, iqtidarda, yaxud müxalifətdə tanınmış siyasətçilərin qətli, dövlət binalarına silahlı hücumların həyata keçirilməsi mümkündür. Ermənistanın yaxın tarxi bu tip olaylarla zəngindir. Ölkədə hakimiyyət uğurunda mübarizə qansız ötüşmür.

Paşinyana zərbə endirməyin bir ünvanı da Qarabağ ola bilər. Məlumdur ki, orada Ermənistan ordusununun bir neçə minlik hərbi birləşməsi qalır. Qiyamçı generalitetin və Rusiyanın bu qruplaşma üzərində təsiri şübhə doğurmur. Hərbçilərin atəşkəsi pozması, bölgədə yeni müharibənin imitasiya olunması, nəticədə Azərbaycanın cavab zərbələri ilə onların bir hissəsinin məhv edilməsi, əsir götürülməsi ssenarisini düşünsək, belə bir olay Ermənistan cəmiyyətində böyük qalmaqal yarada bilər.

Əlbəttə, bu halda məsuliyyət həm də Paşinyanın üzərinə düşür. O, həm Azərbaycan, həm də Rusiya qarşısında günahkar olmaqla bərabər, müxalifətin də qısnamaları ilə üzləşəcək. Bir az əvvəlki tarixdə baş verən hadisələrə qayıtsaq, Paşinyan iqtidarına qarşı ən böyük təpki itkinlərin tapılması, əsirlərin qaytarılması və hərbçilərin Qarabağdan geri çağrılması idi. Eyni ssenarinin təkrarlanması Baş nazirin ölkədə situasiyaya nəzarət edə bilmədiyi, 10 noyabr bəyanatı üzrə öhdəliklərə sadiq olmadığı kimi qınaqlarla üzləşdirə bilər. Əlbəttə, bu ssenaridə Azərbaycanın davranışlarından da çox şey asılıdır.

Paşinyanın hakimiyyətdə qalması, Rusiyanın Ermənistanda çevriliş cəhdlərinin iflasa uğraması Azərbaycanın maraqlarına uyğundur. Çünki indiki iqtidar müharibədə məğlub olsa da qisas, revanş haqqında düşünmür. Baş nazir dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanla sərhədlər açılmalı, bölgədə kommunikasiya xətləri bərpa olunmalıdır. Eyni zamanda Azərbaycanla Qarabağ istisna olmaqla sərhədlərin demakrasiyası istiqamətində addımlar atılır. Doğrudur, bu proses obyektiv və subyektiv səbəblərdən ləng gedir. Ancaq hər halda ortada Ermənistan hakimiyyətinin siyasi iradəsi var.

Ermənistanda vəziyyətin sabitləşməsi Paşinyanın bu siyasəti daha qətiyyətlə davam etdirməsinə şərait yarada bilər. Hiss olunur ki, o 2018-ci ilə məxməri inqilabla hakimiyyətə gələrkən, irəli sürdüyü şüarların arxasınca getmək niyyətindədir. Bu, Ermənistanın Avrointeqrasiya xəttinin gücləndirilməsi, Qərb sərmayələrinin təşviqi, iqtisadiyyatın dirçəldilməsi və ölkənin tədricən Rusiyanın təsir dairəsindən çıxarılmasından ibarətdir.

Paşinyan müharibədən sonra məğubiyyətin səbəblərini dartışmadan regional əməkdaşlıq, beynəlxalq layihələrə inteqrasiya, nəqliyyat dəhlizlərindən istifadə haqqında bəyanatlar verməsi rəsmi İrəvanın Bakı ilə uzlaşma tapacağına, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına ümidlər yaradır.

Əlbəttə, Rusiya Ermənistanın bu qədər əl-qol açmasına, müstəqil siyasət yeritməsinə imkan vermək istəmir. Moskvada bu ölkə haqqında təsəvvürlər dəyişməyib, İrəvan Rusiyanın forpostu olmaqda davam edərək, Kremlin bölgədəki planlarının icrasında iştirak etməlidir. Lazım olarsa, çoxlu qurbanlar vermək bahasına olsa belə...

Elçin Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Adam 2021-03-04 15:38:30

Moskvanin Qarabagda ne edeceyi Pashinyani maraqlandirmir. Adam, zaten, Qarabagdan canini qurtarmaq isteyir. O Qarabagdanda, ,"qarabaq klaninidanda" choxdan bezib. Pashinyan hem Rusiyadan, hem Qarabagdan qurtarib, ireli getmek isteyir. Her -halda , bele gorunur

Son yazılar