“PUTİNİN VƏZİYYƏTİ BƏRBADDIR” – “Kreml rəhbəri Rusiyanın dirçəldilməsi layihəsindən imtina edib”

Məlum olduğu kimi, 2014-cü ildə Krımın və Donbasın işğalından sonra Rusiyanın Qərblə olduqca ciddi problemləri yaranıb. Son zamanlar, xüsusilə də Co Bayden ABŞ Prezidenti seçiləndən sonra bu problemlər daha da kəskinləşib. Hətta bu günlərdə Co Bayden Vladimir Putini “qatil” adlandırmaqdan belə çəkinməyib.

Ancaq Rusiyanın yaşadığı çətinliklər təkcə ABŞ Prezidentinin Putinə münasibətilə məhdudlaşmır. 2014-cü ildən indiyədək neftin qiymətinin xeyli enməsi Rusiya iqtisadiyyatını durğunluğa qərq edib. Enerji resurslarının satışından asılılıq və iqtisadi sferanın lazımi səviyyədə şaxələndirilməməsi Rusiyanı çətinliklərlə üzləşdirib. Bu isə təbii ki, əhalinin yaşayış səviyyəsinin xeyli dərəcədə enməsinə və insanların ölkə rəhbərliyinə münasibətinin pisləşməsinə səbəb olub. Bir çox beynəlxalq ekspertlərin fikrincə, hazırda Putin hakimiyyəti olduqca gərgin günlərini yaşayır.

Bu mövzuyla bağlı İsveçrənin “Neu Zürcher Zeitung” qəzeti “Kreml rəhbəri Rusiyanın dirçəldilməsi layihəsindən imtina edib və indi onun yeganə qayğısı öz hakimiyyətini saxlamaqdır” başlıqlı maraqlı məqalə dərc edib.

“AzPolitika.info” həmin məqalənin tərcüməsini təqdim edir: ”Gürcüstanı susdurdular, Krım işğal olundu, neftin qiyməti staqnasiya halındadır, bununla yanaşı, əhalinin həyat səviyyəsi də aşağı doğru yuvarlanır, korrupsiyaya qarşı mübarizə kimi iqtisadiyyatın şaxələndirilməsindən də artıq söhbət gedə bilməz. Ümumiyyətlə, Putinin Rusiya vətəndaşlarına təklif edəcək bir şeyi yoxdur. Onun hakimiyyəti laxlayır.

Putin hakimiyyətə gələndən sonra Rusiyada bir neçə ictimai təlatüm yaşanıb. 2005-ci ildə yaşlı rusiyalılar pensiya islahatına qarşı etiraza qalxdılar. 2011 və 2012-ci illərdə isə minlərlə moskvalı seçki nəticələrinin növbəti dəfə saxtalaşdırılmasına qarşı nümayişə çıxdı. Dörd il Baş nazir postunu tutandan sonra Putin həmin seçkilər sayəsində yenidən prezident kürsüsünə əyləşdi. Və hər dəfə o, yerində möhkəm dayandığnı göstərdi. Lakin indi ölkədə yeni etiraz dalğası baş qaldırır və belə deməyə əsas var ki, bu dəfə hadisələr başqa ssenari üzrə irəliləyə bilər. İldən-ilə Putin ictimai fikrə nisbətən daha az əhəmiyyət verir və daha mürtəce metodlara əl atır.

Staqnasiyaya uğrayan iqtisadiyyat

Putin üçün digər mühüm siyasi sınaq sentyabr ayında keçiriləcək Dövlət Dumasına seçkilərdir. İndi Putinin vətəndaşlara təqdim etməyə xüsusi əhəmiyyət daşıyacaq bir şeyi yoxdur. Onun ilk iki illik prezidentlik müddəti (2000-2008) 7 faizlik iqtisadi böyümə bayrağı altında keçmişdi. İndi isə milli iqtisadiyyat staqnasiya girdabında çabalayır.

Rusiyanın 2013-cü ildəki 2,3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu hazırda 1,5 trilyon dollara düşüb. 2013-cü ildən sonrakı dörd il ərzində ölkə üzrə həyat səviyyəsi 12 faiz geriləmişdi. 2018 və 2019-cu illərdə bu göstərici dəyişməz qalsa da, 2020-ci ildə həyat səviyyəsi yenidən aşağı yuvarlanıb.

2018-ci ildə vətəndaşların gəlirləri kəskin şəkildə aşağı düşəndən sonra Putin ağır şərtlər daşıyan pensiya islahatlarını həyata keçirdi. Əhalinin buna reaksiyası neqativ oldu və hətta Putinin reytinqi xeyli dərəcədə aşağı düşdü.

Ümumiyətlə, Rusiya iqtisadiyyatının durğunluğa qərq olmasının üç əsas səbəbi var: Putinin avtoritar kleptokratiyası, neftin qiymətinin aşağı olması və Rusiyanın Ukraynaya qarşı 2014-cü ildə həyata keçirdiyi hərbi təcavüzdən sonra Qərb tərəfindən sanksiyaların tətbiq edilməsi.

İqtisadi durğunluğun başlıca faktoru kleptokratiyadır. Prezident postundakı ilk illərində Vladimir Putin öz sələfi Boris Yeltsinin və 1990-cı ildə Baş nazir olmuş Yeqor Qaydarın həyata keçirdikləri liberal islahatlardan fayda götürmüşdü. Prezidentliyinin birinci müddətində Putin hakimiyyəti tam şəkildə öz əlində cəmlədi, sonra isə özəl şirkətləri nəzarət altına alaraq, onları Sankt-Peterburqlu dostları arasında bölüşdürdü.

Sanksiyalar nələrə təsir edir?

Rusiya siyasətçiləri iddia edirlər ki, Qərbin sanksiyaları səmərəsizdir, amma özləri durmadan bu sanksiyalardan şikayətlənirlər. İş onadadır ki, sanksiyaların təsiri çox asan dəyişikliyə uğrayır. Ona görə də belə bir ziddiyətli vəziyyət bizi yanlış tərəfə sürükləyir.

2013-cü ilin sonunda Rusiya Mərkəzi Bankı ölkənin xarici borcunun 729 milyard dollara çatdığını bildirmişdi. 2020-ci ilin sonunda bu rəqəm 470 milyard dollaradək azalıb. Ancaq digər inkişaf etmiş ölkələrin xarici borclarının anoloji faizləri artıb. Bu, onu göstərir ki, Rusiya Qərb sanksiyalarının qüvvədə olduğu dövr ərzində 259 milyard dollar həcmində xarici kreditdən məhrum qalıb. Əgər bu pullar iqtisadiyyata investisiya qoyuluşu kimi yönəlsəydi, iqtisadi böyümə arta bilərdi.

Putin Rusiya iqtisadiyyatının zəifliyinin səbəbini söyləməkdən qaçmaq və məsuliyyəti öz üstündən atmaq üçün hər şeyi neftin qiyməti ilə əlaqələndirməyə çalışır. Amma əslində o, Rusiya iqtisadiyyatının gəlir mənbəyini şaxələndirmək istiqamətində heç bir ciddi iş görməyib. Rusiyanın neftdən mütləq asılılığını nəzərə alsaq, görərik ki, neft qiymətlərinin enib-qalxmasından milli valyuta, idxal və ixrac ziddi ziyan çəkir.

Xarici investorlara gəlincə, onları qorxudan amillərdən biri də Putinin kleptokratiyanı inkar etməsi və apardığı xarici siyasətdir. 2014-2019-cu illərdə Rusiyaya daxil olan xalis xarici investisiyanın həcmi bu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,5 faizi qədərdi. Əlbəttə, bu rəqəm kiçik görünür, çünki öncəki beş ildə xarici investisiyanın ümümi həcmi Rusiya ÜDM-nin 3 faizinə çatırdı.

Yuxarıda sadalananları nəzərə alsaq, Putini başa düşmək asanlaşar. İndi onun üçün başlıca məsələ hakimiyyətdə qalmaq və öz ətrafını varlandırmaqla yanaşı, həm də elə geosiyasi mövqe tutmaqdır ki, bu mövqe onun əhali arasındakı imicini gücləndirsin. Əgər məsələyə sırf geosiyasi tərəfdən baxsaq, onda deyə bilərik ki, o, iki “uğurla” - 2008-ci ilin avqustunda Gürcüstana qarşı qısa müddətli müharibə və 2014-cü ilin martında Krımın ilhaq olunmasıyla öyünə bilər.

Müstəqil sosiologiya institutu olan “Levada Mərkəzi”nin keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Gürcüstan münaqişəsindən sonra Putinin əhali arasındakı dəstəyi 88 faizə yüksəlmişdi. Anoloji göstərici 2014-cü ilin martında da təkrarlanmışdı. Lakin son üç il ərzində bu göstərici xeyli aşağı düşüb.

İndi Rusiya əhalisinin liberal əhaval ruhiyyəyə malik olan üçdə bir hissəsi Putini qəbul etmir, daha üçdə bir kəsimi onu dəstəkləyir, digər hissə tərəddüd içindədir. Sual bundan ibarətdir ki, görəsən, tərəddüd edən vətəndaşlar, nəhayət, nə zaman rejimdən üz döndərəcək?

Ölkədəki gərgin daxili siyasi vəziyyətə baxmayaraq, Putin Rusiya cəmiyyətini sakitləşdirmək üçün heç bir həlledici addım atmayıb. Hərçənd ki, keçən yay o, ”Rusiyanın 2030-cu ilədək milli inkişaf hədəfi” barəsində fərman imzalayıb. Bu sənəd pafoslu adından fərqli olaraq, zəif məzmunludur.

Putinin vəziyyətini pisləşdirən daha bir məqam da var - bu, büdcə gəlirlərinin daim böyüyəcəyi və pensiyanın inflyasiya səviyyəsindən aşağı olmayacağının təmin ediləcəyi barədə verilmiş iddialı vəddir. Əslində isə irəlidəki növbəti on il ərzində həyat səviyyəsinin yüksəlməsi gözlənilmir.

Rusiya nəinki iqtisadi və texnoloji planda geriləyir, o, həmçinin ciddi demoqrafik itkilərə məruz qalır. Keçən il Rusiyanın əhalisi 700 min nəfər azalıb. Başlıca səbəb gənclərin ölkəni tərk etməsidir. Bütün bunlar Putin Rusiyasının zəif ayaqlar üzərində dayanmış nəhəng olmasının bariz əlamətidir. Rusiya Prezidentinin real vəziyyəti əksəriyyətin düşündüyündən daha bərbaddır”.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

.EJDER NAQILBAZ 2021-03-27 12:00:25

AYE,CAR ,KQBEWNIK PUTIN SAQ ELININ DIGER DIKTATURLERIN BAWINA

Veteran 2021-03-20 22:01:40

ALLAN Putini və Rusiyanı ondan da pis günə salacaq.

t.ədalət 2021-03-19 21:57:26

Putin qatildir.Suriyada raketlərlə öldürdüyü körpələrin babalı tutacaq onu.

Son yazılar