ELEKTRON ÖDƏNİŞ SİSTEMLƏRİ... - Hədəfə niyə çata bilmirik?

Pandemiyanın arxasında gizlənmək olmaz

Pandemiya çox adamları onlayn alış-verişlərə, nağd puldan imtina etməyə “yardımçı” oldu. Ölkədə elektron ödənişlər sisteminə - həm tranzaksiyaların, həm də nağdsız dövriyyələrin həcminin artmasına mühüm təsir göstərdi.

Rəsmi statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi təxminən 5 milyard manat olub. POS-terminalarla ödənişlərin həcmi 1,5 milyard manat təşkil edib. Digər ödəniş alətləri, debet və kredit kartları, ATM-lər, elektron ticarət vasitəsilə həyata keçirilən əçəliyatların həcmi isə 3,5 milyard manata yaxındır.
Ötən il kart əməliyatlarında da əhəmiyyətli artımlar qeydə alınıb. Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2019-cu illə müqayisədə 2,4 dəfə, dəyəri isə 2 dəfə artıb. Tranzaksiyalarda 42% dollar, 4% avro üzrə əməliyyatlar artıb. Təmassız əməliyyatların sayı 4,3 dəfə, əməliyyatların həcmi 5,4 dəfə, elektron ticarətdə əməliyyatların sayı 55%, dəyəri isə 22% artıb. Ötən il təkcə ödəniş kartları ilə həyata keçirilən nağdsız əməliyyatların sayı təxminən təxminən 118 milyon təşkil edib. Əməliyyatların həcmi isə təxminən 2 milyard manata bərabər olub. Bu, ölkə üzrə ümumi elektron ödənişlərin 58 %-i deməkdir. Ötən il ilk dəfə ödəniş kartları ilə nağdsız əməliyyatların sayı nağdlaşdırma əməliyyatları sayından çox olub.

Nağdsız ödənişər bazarına baxsaq görərik ki, ötən il və cari ilin ilk rübündə elektron ödənişlərin canlanmasında pandemiya heç də az rol oynamayıb və fiziki təmasların azalması və təmassız ödənişlərə ehtiyacın artmasına bilavasitə təsir göstərib. İqtisadi sektorlarda qapatmalar, yaxud məhdudiyyətlərin tətbiqi ticarət, iaşə və xidmət obyektlərində onlayn sifarişlərə tələbin artmasına, nəticədə nağdsız ödəmələrin dövriyyəsinin fiziki olaraq artmasına səbəb olub.

Bu tendensiya təkcə, Azərbaycasn üçün xarakterik hal deyil, eyni zamanda, nağdsız ödənişlərin həcminin dünya ölkələri ilə müqayisədə xeyli aşağı səviyyədə olduğu postsovet dövlətlərinin əksəriyyətinə xasdır. Ancaq onu nəzərə almaq lazımdır ki, ödəniş sistemlərinin inkişafı birbaşa iqtisadi proseslərin – bank və maliyyə xidmətlərinin rəqəmsallaşması səviyyəsi ilə bağlıdır, pandemiya bu prosesdə yalnız məcburi bir motivasiya rolunu oynayıb, bazarın əsas potensial mənbələri isə digər sahələrdir.

Ortya sual çıxır, postpandemiya dövründə müxtəlif bankn alətləri vasitəsilə bu prosesi sürətləndirmək mümkün olacaqmı? Mövcud bank infrasrtrukturları, rəqəmsal ödəniş ekosistemləri, texnologiyalar nağdsız ödəmələrin tempinin artmasına və bu bazarın həcminin genişlənməsinə imkan verirmi?

İlk olaraq onu xatırlamaq yerinə düşərdi ki, Azərbaycanda elektron ödənişlərin dayanıqlılığı üçün zəruri infrastruktur mövcuddur. Ötən illərdə milli ödəniş sistemlərinin inkişafı ilə əlaqədar müxtəlif Dövlət Proqramlarının, qanunların qəbul edilməsi sayəsində nağdsız cəmiyyətin formalaşdırılması üçün hüquqi-institisional baza yaradılıb.

Azərbaycanda 8,5 milyon ədəd debet kartı, 1,1 milyon ədəd kredit kartı var. POS-terminlların sayı isə 67 mindən çoxdur. Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqinə başlanılması vəhazırda kart sistemi ilə işləyən nəqliyyat vasitələrinin sayının artırılması da qeyri-nağd ödənişlərin həcminin artmasına öz təsirini göstərməkdədir.

Ödənişlərin strukturuna baxdıqda əsas etibarilə Elektron Hökumət Portalı və “ASAN ödəniş” sistemi üzərindən aparılan dövlət ödənişlərinin (kommunal, sığorta, bank, təhsil, ipoteka, kredit, lizinq, cərimə, vergi və rüsumlar) böyük yer tutduğunu görmək olar. Ancaq bunlar məcburi ödənişlərdir. Elektron ödənişlər (e-ödəniş) təkcə, bu sistemlərdənmi ibarətdir? Əlbəttə ki, yox. E-ödənişlərin əsas arxitekturasını biznes, ticarət və xidmət, ev təsərrüfatları, vətəndaşların həyata keçirdiyi əməliyyatlar və digər sahələrdəki dövriyyələr təşkil edir. Həmin sahələrdə isə nağdsız ödəmələrin dinamkası xeyli aşağıdır.
Statistikaya görə, Hökumət portalı vasitəsilə gün ərzində 50 mindən çox ödəniş aparılır, halbuki hər gün ölkə üzrə ən azı 1 milyon tranzaksiya həyata keçirilir. Bu, o deməkdir ki, nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb.Nağdsız ödənişlər üçün normal infrastruktur olsa da, e- ödəmələrin dövriyyəsi mövcud bazar tranzaksiyalarının potensialına adekvat deyil.

Bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə xidmətlərinin və elektron ödənişlərin inkişafını nəzərdə tutan qanun layihəsi hazırlanırdı. Lakin proses olduqca ləng gedirdi və başa çatdırılmamışdır. Sənədin ləngiməsinin əsas səbəblərindən biri də Palata ilə ödəniş sisteminə nəzarət edən Mərkəzi Bank arasında baş verən çəkişmələr idi. Palata ləğv olundu və onun bütün funksiyaları Mərkəzi Banka verildi. Bu da hazırlanan qanun layihəsinin tezliklə başa çatdırılmasına şəriat yaradırdı, lakin bu baş vermədi.

Həmçinin, “Nağsız ödənişlər haqqında”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və digər sənədlərdə 2020-ci ilədək elektron ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Həmin proqramların icrası 2020-ci ildə başa çatıb. Bu sənədlər hansı səviyyədə icra edilib, qarşıya qoyulmuş hədəflərə çatmaq mümkün olubmu?

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuşdu ki, nağdsız ödənişlərin həcmi təqribən 17 mlrd. manatadək artırıla bilər. Qeyd etdiyimiz kimi ötən il ölkəmizdə nağdsız ödənişlər bazarının həcmi 5 milyard manat olmaqla nəzərdə tutulmuş hədəfdən 3,5 dəfə geri qalır. Bu, e-ödənişlər bazarının inkişafını ləngidir.Hazırda ölkəmizdə nağdsız ödənişlərin həcmi ümümi ödənişlərin cəmi 10 faizinə bərabərdir. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində bu rəqəm ümumi dövriyyənin 80 faizindən yüksəkdr.

Dövlət başçısı dəfələrlə nağdsız ödənişlərin aşağı səviyyədə olmasına diqqət çəkib, bu istiqamətdə ciddi addımların atılmasının vacibliyini qeyd edib.

E-ödənişlər bazarını inkişaf etdirmək üçün hansı zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır?

Elektron ödənişlər bazarında azad və rəqabətli mühitin təmin edilməsi əsas şərtlərdən biridir. Mərkəzi Bankın əsas rolunu saxlamaqla banklarla yanaşı, digər bazar oyunçularının iştirakı təmin olunmalıdır. Hazırda bazar alətlərinin işlək olmaması, bank-maliyyə çeşidlərinin müştərinin tələblərinə qeyri-adekvatlığı, onlayn ödənişlərdə tarif-vergi və təhlükəsizliklə bağlı bir sıra məsələlərin həllini tapmaması da e-ödənişlərin inkişafını ləngidir. Təsərrüfat subyektləri neçə ildir ki, xidmət tariflərinin yüksək olmasından gileylənir, ticarət və xidmət obyektlərini, əksər sahibkarlıq subyektlərini POS-terminalları təmin edən banklar aylıq 1% civarında xidmət haqqı tələb edir, bu isə biznesin nağdsız əməliyyatlara olan marağını azaldır.

Artıq vəziyyət ciddi şəkildə onu tələb edir ki, rəqəmsal ödənişlər bazarında bütün tərəflərin iştirakı üçün əlverişli mühit yaradılmalıdır. Bazara bank olmayan qurumların cəlb edilməsi ilə yanaşı, FinTex-lərin daxil olunmasına da geniş şəraitin yaradılması təmin edilməlidir. Bütün əksər qonşu ölkələrdə nağdsız ödənişləri mobil telefon vasitəsilə təşviq edən təmassız ödəmə sistemi - NFC texnologiyası tətbiq olunur. Mobil operatorların marağı olsa da, bank siyasətindəki bir sıra məqamlar bunun tətbiqinin qarşısını alır.Sürətlə dəyişən qlobal bazardakı e-texnologiyalar dərindən izlənməli, xüsusilə də bank sektoru bu proseslərə adekvat olaraq müasirləşdirilməli, yeni ödəniş sistemi alətləri tətbiq edilməli, rəqəmsal e-platforma möhkəmləndirilməli, bir sözlə, nağdsız cəmiyyət quruculuğu dayanmadan geniş vüsət almalıdır.

Hər kəs anlamalıdır ki, Hökumət kefindən elektron ödənişlərin inkişafına bu qədər xüsusi diqqət göstərmir. Məqsəd bəllidir: E-ödənişlər bütün tərəflər arasında hesablaşmaların asan və rahat aparılmasını təmin etməklə yanaşı, qeyri-leqal gəlirlərin gizlədilməsinin, vergidən yayınmaların və korrupsiya hallarının qarşısının alınmasında,“kölgə” iqtisadiyyatının azaldılmasında və şəffaflığın artırılmasında ən səmərəli və təsirli vasitədir.

E.Cəfərli

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar