Mirzə AĞ

Keçmiş YAPist, eks-deputat, xilafi-alim və kafedra müdiri Hüseynbala Mirələmovun (ruslar ona Qrişa Mirovoy deyərdilər!) başına gələnlər artıq planetin bütün guşələrində gülüş və qınıq mövzusuna çevrilir. Təsadüfi deyil ki, Qrişanın nümayiş etdirdiyi qəhrəmanlığın «exo»su uzaq Amerikanın televiziya efirindən də göstərildi. Amma bir mətləb gizli deyil ki, Qrişanın başına gələnlər heç təsadüf yox, onun həyat tərzinin məntiqi göstəricilərindən biridir və hətta ən «parlağı»dır. Nədən ki, bir atalar məsəlində deyildiyi kimi, «su sənəyi suda sınar» və ya «niyyətin hara - mənzilin də ora»…

Mirələmovun «fısqırığı» Amerikadan belə, tüğyan etsə də bəşəriyyətə yeni heç nə demədi, fəqət bir neçə YAPistin özünüifşasından savayı - bu barədə bir qədər sonra…

Amerika televiziyasından Qrişanın «usta əlinin çəkdiyi sığalı» seyr etdikcə, sözün açığı, bilmədim ki, gülüm, yoxsa onun «yeddi arxa dönənini» ən yağlı söyüşlərə qonaq edim - bu zəifliyimə görə, bütün oxucularımdan üzr istəyirəm! Süjeti seyr etdikcə aparıcının qımışaraq verdiyi şərhin mənasını anlamadığım üçün xeyli məyus oldum - axı mən ingilis dilini bilmirəm. Xülasə, özümü xeyli məzəmmət etdim və birdən… sanki hər şeyi bir andaca anladım. Necə? 

Burası sizlərə də maraqlı olar, zənnindəyəm. Qulaq verin. Kəndimizdə baməzə və o qədər də hazırcavab birisi var idi - Mənsum kişi. İkinci dünya müharibəsi veteranı idi - müharibə vaxtı batalyonun siyasi işlər üzrə komandir müavini olmuşdu - əlində bu barədə arayışı var idi. Olduqca məzəli söhbətləri olardı. Kənd yeridir də, oranın söhbətlərinini də özünəməxsus mövzuları vardı. 

Məsələn, kənd fermalarında «kələ» saxlayardılar (o vaxtlar süni mayalandırma elə də dəbdə deyildi!) - inəklərin ehtiyaclarını qarşılamaq üçün. Amma ilin müəyyən vaxtlarında həmin kələlər «qızırdı» - belə heyvanların ağızlarından köpük axardı. Bax, rəhmətlik Mənsum kimi qızmış kələyə «hırıq kələ» deyərdi. Həm də hərdən zarafatca, bəyənmədiyi adamlara «hırıqsan bala» deyərdi.

Gülümsəyən amerikalı aparıcını seyr edərkən, elə bil, Mənsum kişini eşidən kimi oldum: «ə hırıq oğlu hırıq, nə iş görürsən, bala?» 

Fəqət, Qrişanın postqəhrəmanlıq günləri yaşanan Azərbaycan reallığı göstərdi ki, cəmiyyətimizin bəzi «qaymaq YAPistləri» onun tərbiyəsizliyindən müvafiq nəticə çıxara bilməyiblər və ya nəticə çıxarmaq qabiliyyətində deyillər. 

Məsələn, bu sırada Qrişanın dostları - keçmiş deputat Hadı Rəcəblinin və Eldar İbrahimovun adını çəkə bilərəm. Göründüyü kimi, «dost dosta tən gərək, tən olmasa, gen gərək» atalar məsəli «quru yerdən» yaranmayıb.

Burada bir haşiyəyə çıxmaq zorundayam. Bir gün rəhmətlik Molla Nəsrəddinin danası ipi qırıb, qaçır. Molla nə qədər hərləyirsə, dananı tuta bilmir. Kor-peşiman qayıdır və həyətdə mıxa bağlı inəyi ağacın altna salıb, budamağa başlayır. 

Qonşu bunu görüb, Mollanı məzəmmətləyir ki, bu yazıq inəyin günahı nədir? 

Molla cavab verir: Qonşu sən bilmirsən, bu inək ipi qırsaydı, danadan da bərk qaçardı! 

Hesab edirəm ki, belə məqamda əlavə şərhə ehtiyac olmaz…

İndi Qrişanı xatırladıqca, onun özünə və «dostları»na sadəcə, yazığım gəlir və Niyaz müəllimin təbirincə demək istəyirəm: yazıq kirpilər, ala itdəni məşhur oldunuz… adamın lap yazığı gəlir!