SİRLİ BİR ÖMRÜN SARI SİMİ – ŞUŞA!

Ayşən Aslan-Məmmədli,

Bakı Dövlət Universiteninin müəllimi; “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı

Nə qədər qəribə səslənsə də, lap uşaq vaxtlarında elə bilmişdim, Şuşa yalnız bizim ailəyə - atamla, anama məxsusdur. Ən maraqlısı da, Şuşanın anamın xüsusi diqqətlə qoruduğu əl çantası boyda kiçik çamadanda saxladığını düşünməyim olmuşdu. Əlbəttə, bu səbəbsiz deyildi... O çamadanda içində yazılar olan qalın dəftərlər, albomlar, şəkillərdən ibarət "sirli dünya" vardı, nə yazıldığından biz xəbərsiz idik, toxunmazdıq, toxuna bilməzdik onlara.

Anamın o xatirələrlə baş-başa qaldığını görər, hərdən atamla həmin anları dərin kədərlə xatırladıqlarını və “heyif bizim gözəl Şuşamızdan, o cənnət guşələr indi düşmən tapdağındadır” deməklərinin şahidi olardıq. “Bizim Şuşamız” ifadəsi tez-tez səsləndiyindən mən elə qəribə fikirdə olmuşam yəqin.

Təbii ki, illər keçdikcə fikirlərim aydınlaşırdı. Anamın mənə və bacılarıma dediyi sözlər beynimdə dolaşırdı. “Şuşa mənimçün əvəzedilməz diyardır. Ömrümün ən gözəl illəri orada keçib. Təhsilimin də əsası orada qoyulub, dostluğun nə demək olduğunu da orada bilmişəm, səadətimi də orada tapmışam. Siz Şuşada əsası qoyulmuş gerçək bir həyat romanının obrazlarısınız, əsl məhəbbət bağının meyvələrisiniz.”

Mən qarşılıqlı sevgi, hörmət və qayğıdan yoğrulmuş bir ailə mühitində doğulmuş, böyümüşəm. Atamla anam 1974-78-ci illərdə Şuşa pedaqoji məktəbində bir yerdə tələbəlik illəri keçiriblər, orada tanış olublar... Anamın “Sirli bir ömrün sarı simi” adlandırdığı “Şuşa xatirələri” – kiçik çamadan qarşımdadır. Nələr yoxdur burada... Atamla anamın gündəlikləri, tələbə yoldaşlarının yazdıqları xatirələr, Şuşada çəkilmiş şəkillər, Şuşada 1974-cü ildə buraxılmış qəzet nümunəsi, dəftər vərəqlərinin arasında o vaxtdan qorunub saxlanılmış xarıbülbül gülü, Cıdır düzündən dərilmiş çiçəklər... nələr, nələr...

Sanki xəzinə tapmışam. 1977-78-ci ilin hər günü qələmə alınıb - gah atam yazıb, gah da anam. Hər şey qərəzsiz yazılıb. Şuşa barədə belə real, səmimi, tarixi yanlışlığa yol verilmədən yazılan fikirlərə başqa bir yazıda rast gəlməyəcəyim qənaətindəyəm.

Valideynlərimlə birgə yurdumuzun Şuşaya istiqamət alan turist cığırına düşürəm. Özümü uca zirvələrdə, dəniz səviyyəsindən 1400 metr yüksəkdə yerləşən Şuşada hiss edirəm. Qədimliklə müasirliyin qol-boyun olduğunu görürəm, daim qarlı zirvələrlə, yalçın qayalarla, zümrüd meşələrlə yarışan cah-cəlallı, həm də dözümlü binalar tikildiyini görürəm. Qışda 10 min əhali yaşayan şəhərdə yayda 50 minə qədər qonaqların olduğunu - Şuşa yaylağının qonaqların oylağına çevrildiyini görürəm. Gözəllik aşiqi xan qızı Natəvanın uzaq dağlardan qalaya çəkdirdiyi içməli suyun küçələrdə çağladığını, əbədiyyət nəğməsi oxuduğunu eşidirəm. Əlçatmaz zirvələrdən çəkilən şəfalı Turşsudan dadıram. Şuşa sanatoriyasında eyni vaxtda 1500 xəstənin şəfa tapması haqda bilgi alıram. Kurorta ürəyini müalicə etdirməyə gələnlərin müalicəsi üçün hava, su, qayğıdan əlavə, bir dərmanı - şəhərin bünövrəsi ilə bərabər məskən salmış musiqisi də olduğunu öyrənirəm – Musiqisiz Şuşa, Şuşasız musiqi yoxdur! Dahi Üzeyir bəyin ilhamı da məhz bu yerlərdən qaynaqlanıb. Burada yetişən məşhur sənətkarlar – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Süleyman Ələsgərov və başqalarının Şuşaya həmişə yaradıcılıq hesabatı verməyə gəldiklərini oxuyuram.

1977-ci ildə Şuşa Azərbaycan memarlığı tarixi qoruğu elan edilir. “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” adlandırılır Şuşa.

Bu dəftərlərdən ayrıla bilmirəm. Hər səhifəsində daha bir yeni fikirlə qarşılaşıram. Budur, “Vaqif poeziya günləri”ndə iştirakından yazır anam. “Şuşa Vaqif şeirinin tərcümeyi-halıdır, Vaqif xatirəlidir Şuşa”, - yazır anam.

Başqa bir gün... Şuşa xalq çalğı alətləri fabrikinə ekskursiya. “Pioner düşərgəsi”ndə təcrübə vaxtı. Bu fabrikdə hazırlanan tarın, kamanın səsi hər yerdə heyranlıqla dinlənilir, sanki bu torpağın, daşın ecazkar musiqi ruhu həmin alətlərə keçib.

Daşaltı dərəsi, Çətir şəlaləsi. Qeyri-adi gözəllik. İsa bulağına kross yarışı. Başqa bir gün... İsa bulağına gəzinti. Fotolara baxmaqdan doymuram.

Anamgilin Cıdır düzündə çiçəklərin arasında çəkilmiş fotolarına baxanda elə bildim Hindistan kinolarından açıqcadır. Amma mahnı bayramında çəkilib Şuşada.

“Bəli, Şuşa Qarabağın seyrəngahıdır. Şuşanın mahnı bayramına bircə dəfə düşənlər onu ömrü boyu unutmaz”, – bu da həmin günün qeydlərindəndir.

Diqqətimi dəftərdəki bu fikirlər cəlb etdi: “Daşlı küçə ilə gedirik. Bu gün diplomlarımız təqdim olunacaq. Xəyalımdan 4 ildə keçirdiyimiz günlər gəlib-keçir. Fərqlənmə diplomu ilə bitirirəm məktəbi, göndərişlə ADU-nun filologiya fakültəsinə qəbula gedəcəyəm. Nə yaxşı ki, təhsilimə kübar mədəniyyətli bu şəhərdə başladım. Həqiqətən məktəb, maarif işinin inkişafına görə Şuşa digər şəhərlərdən öndədir. Mədəni quruculuq səviyyəsi sürətlə yüksəlir. Sənətkarlıq şuşalıların dədə-baba sənətidir. Xalı, xalçası, qab-qacağı adla deyilir Şuşanın. Elit mədəniyyət, zəriflik, incəlik, zərgər dəqiqliyi insanların ruhundadır. Bu, elə qala adlanın şəhərin ən qiymətli sərvətidir məncə. Məğrurluğu, qürurlu olması ilə fərqlənən insanlar...” 

Dəftərləri örtürəm. Bu yazılardan sonra çox illər ötmüş. Şuşamız çox acılar yaşamışdır. Niyə bunların “sirli bir ömrün sarı simi” adlandırılması aydın oldu. Şükür bu günə. Şuşamız yenə də Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu, yenə yaradılır, yenə qurulur, yenə abadlaşdırılır. Xan əminin, Arifin səsi hopmuş o qayalardan, yenə Mənsumun, Təyyarın səsi gəlir.

Cıdır düzünün meydan sinəsində oxuyanların səsi, “Qarabağ yaşayır, Qarabağ Azərbaycandır” deyir!

635x100

Şərhlər

Təranə 2021-05-08 14:52:28

Bu gözəl fikirlərini oxuduqca Şuşada keçirdiyimiz o gözəl günləri bir daha xatırladıq .Çox sağ ol gözəl təəssüratdır

t.ədalət 2021-05-08 13:08:53

Yenə min təəssüf!Niyə Şuşadan böyük dahilərin,sərkərdələrin səsi gəlir?Nədir,Şuşanı zorla oxuyanlar yurdu edəcəksiniz?Dahi Üzeyir bəyi unudubsunuzmu?erməniyə qan udduran Xosrov bəyin atının ayaq səslərini eşitmirsinizmi?Ə.Haqverdiyev,Y.Çəmənzəminli,N.Vəzirov,Mir Möhsün Nəvvab və onlarla digər dahiləri görmürsünüzmü?Əziz və hörmətli qızımız Ayşən,Şuşanı mahnı oxuyanlarla səciyyələndirməyin!Unutmayın ki,Şuşaya elə-belə Qala demirlər.O yerlərin tarixində millətimizin qəhrəmanlıqları yatır!

Son yazılar