ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir

Növbədənkənar seçki yaxınlaşdıqca, Ermənistandakı siyasi qüvvələrin gündəliyində “Zəngəzur dəhlizi” mövzusu və 10 noyabrda imzalanmış üçtərəfli sazişin tələbləri daha geniş yer almağa başlayır. Seçkiyə doğru erməni cəmiyyətini ümidləndirmək, acı məğlubiyyətin stresindən çıxarmaq üçün hər cür ağlasığmaz yalanlara, vədlərə rast gəlinir…

İyunun 2-də Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Parisdəki erməni diasporunun nümayəndələri qarşısında çıxış edərkən, özünün imzaladığı və Ermənisrtan üçün kapitulyasiya aktı olan 10 noyabr sazişini “kağız” adlandırıb: “Müharibəni dayandırmağımız üçün olan kağız əslində, problemləri həll etmədi…” Bununla da özünə, öz imzasına hansı dəyəri verdiyini göstərən Paşinyan eyni zamanda, Rusiyanın, Vladimir Putinin imzasına da münasibətini ortaya qoymuş olub. Ancaq bu yanaşmanın Moskva ilə razılaşdırılmadan, Rusiyanın iradəsinin əleyhinə olaraq sərgilənməsi o qədər də inandırıcı görünmür…

Əslində, sözügedən razılaşmanın sülhməramlıların gəlişinə paralel olaraq, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və Qərb rayonlarımızla Naxçıvanı birləşdirəcək dəhliz barədə bəndləri zatən yerinə yetirilməmiş qalır. 

Seçki öncəsi isə bu bəndlər erməni siyasi elitası üçün ümumiyyətlə qəbuledilməz sayılır. Ona görə də ermənilərin radikal kəsiminin səsini qazanmaq üçün Paşinyan da daxil olmaqla, siyasi qüvvələrin 10 noyabr razılaşmasının Ermənistana sərf etməyən bəndlərindən imtinası prosesi müşahidə edilməkdədir. Seçkidən sonra da Paşinyanın eyni mövqedə qalıb-qalmayacağını isə demək çətindir…

Bu arada sabiq Prezident Serj Sarqsyan erməni mətbuatına açıqlamasında “Zəngəzur dəhlizi” ilə bağlı sualı cavablandırarkən buna qəti şəkildə yol verilməməli olduğunu deyib: “Mən bu dəhlizdən məlumatsızam. Biz heç kimə dəhliz verə bilmərik. Biz necə, nə üçün dəhliz verə bilərik? Hansı dəhlizdən söhbət gedir, biz onlara dəhliz verməyə borcluyuq? Hansı sənəd, hansı razılaşma əsasında? Niyə? Dəhliz deyərkən, sual meydana çıxır ki, o, kimin nəzarətində olacaq?...”

Göründüyü kimi, özünü “gicliyə” qoyan sabiq Prezidentin sözlərindən belə çıxır ki, guya 10 noyabr razılaşmasından xəbərsizdir. Hansı ki, məhz həmin razılaşmada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzası ilə təsdiqlənib ki, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birəşdirən dəhliz açılacaq. Təhlükəsizlik məsələləri isə Rusiya FTX-sına tapşırılacaq. 

Özünü bilməməzliyə vuran Sarqsyansa təkcə Paşinyanın deyil, Putinin də imzasına məhəl qoymurmuş kimi görüntü yaradır. Hansı ki, vəzifədə olduğu dönəmdə daim Rusiyanın “ağzıyla danışan” Sarqsyanın hazırda da Rusiyanın iradəsinin və imzasının əleyhinə getməsi mümkünsüzdür… 

Maraqlıdır ki, Robert Koçaryanın da son açıqlamaları Sarqsyanla eyni fikri əks etdirməklə yanaşı, açıq şəkildə dəhlizlə bağlı əngəl yaradılmasının arxasında Rusiyanın durmasının təsdiqidir: “Rusiyanın Ermənistanda hərbi iştirakı Azərbaycanın, necə deyərlər, Ermənistan ərazisindən Naxçıvana Zəngəzur dəhlizi açmaq istiqamətindəki canatması qarşısında önləyici amildir…”

Bu arada Ermənistanın Azərbaycanla sərhədlərinə Rusiya sərhədçilərinin gətirilməsi, həmçinin Rusiya səfirinin ötən gün Zəngəzura getməsi, orada yerli administrasiya rəhbərləri ilə sərhəd bölgəsində olmasını da qeyd etməliyik. Bütün bunları üst-üstə gəlsək, Paşinyanın “nala-mıxa vurmasının” səbəbi, eləcə də Sarqsyanla Koçaryanın kimin dililə danışdıqları aydın olur. 

Belə çıxır ki, şəxsən Vladimir Putinin imzası olan sənədin reallaşmasının qarşısında əngəl yaradan əsas qüvvə elə Rusiyanın özüdür. Yoxsa, Ermənistanın bu sənədin ziddinə getmək, onun tələblərini yerinə yetirməmək üçün nə hüquqi, nə hərbi, nə də iqtisadi əsasları və gücü var.

Belə görünür ki, Rusiya İrəvana “ikinci nəfəs” verməklə yanaşı, iyunun ortalarında keçiriləcək vacib beynəlxalq sammitlər və görüşlər öncəsi Ermənistan vasitəsilə Türkiyə və Azərbaycana təzyiqlər etmək, hansısa bazarlıqlara getmək yolunu seçib. 

Bütün bunlar isə Azərbaycanın bir daha Türkiyə ilə siyasi-hərbi yaxınlaşması, qardaş ölkənin Azərbaycanda hərbi varlığının təmin edilməsi məsələsini aktuallaşdırır.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Niyaməddin 2021-06-05 12:43:25

Türk ordusu Azərbaycana daxil olmasa, rus ayıları bizi yeyib bitirəcək. Türk ordusunun gəlməsini tələb edirik!

boris 2021-06-04 21:09:46

срочно закрыт Лачинский коридор

oleq 2021-06-04 16:25:26

Азербайджан должен закрывать Лачинский коридор, на чтобы не стала

t.ədalət 2021-06-04 14:48:07

Yəni,"kapitulyasiya" bizi aldatmaq üçün işlədilmiş ifadədir?

Xalq 2021-06-04 11:29:42

ruslar niyə öz xeyilərindən qaçırlar ki? Zəngəzur dəhlizindən milyardlar qazanacaqdılar. Birdə ki, ermənistan dəmir yolları rusların mülkiyyətindədir. Ola bilər ABŞ buna qarşı çıxa bilər, o da Çinə görə, yoxsa ki, dəhlizin işinə bir maneə görmürük.

Roma 2021-06-04 10:43:01

Dünyanın bir çox məşhur adamlarının belə bir fikri olmuşdur ki, "erməni ilə istər şifahı və istərsədə lap yazılı razılaşman olsa belə ona inanma, istənilən anda o razılaşmanı poza bilərlər"...

Son yazılar