“ERMƏNİSTAN DAHA NƏ QƏDƏR DAYANA BİLƏR?” – “Reallığı görmək üçün Azərbaycanın imkanlarına və Türkiyənin hərbi büdcəsinə baxaq”

Ermənistanın “Araşdırmaçı Jurnalistlər Birliyi” qeyri-hökumət təşkilatının “Hetq” onlayn qəzetində yayımladığı “Ultra-milliyyətçi çılğınlıq: Ermənistan daha nə qədər dayana bilər” adlı məqalədə, Ermənistanın bütün tarix boyu yeritdiyi məkrli millətçilik siyasəti və onun Ermənistan xalqına vurduğu ziyanlardan danışılıb. 

Müəlliflər yazır: “Geriyə baxanda baş verənlərin çoxu qaçınılmaz görünür, ancaq dörd min erməni əsgərinin ölməsi yox. 44 günlük müharibə Ermənistanın xarici siyasəti ilə bağlı əmin olduğumuz bütün fikirləri sarsıtdı. Artıq gec olsa da, bu səhvləri indi görmək çox asandır. Bunlara daxildir:

1. Ermənistan Respublikasının hərbi potensialının həddindən artıq yüksək qiymətləndirilməsi;

2. Azərbaycan Respublikasının hərbi potensialının və döyüş hazırlığının aşağı qiymətləndirilməsi;

3. Ərdoğanın silahlı qarşıdurmaya birbaşa müdaxilə edərək Moskvaya meydan oxumaq əzminin nəzərə alınmaması;

4. Ermənistanın diplomatik təcridinə məhəl qoymamaq və Qərbin Ermənistan adından münaqişəyə müdaxilə etmək istəyinin həddən artıq şişirdilməsi və ya sadəcə halüsinasiya edilməsi;

5. Madrid prinsiplərinə, xüsusən də ilk prinsipə - “Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması” - kimi beynəlxalq yekdil öhdəliyə tamamilə məhəl qoyulmaması, Dağlıq Qarabağ erməniləri üçün muxtariyyət və ya öz müqəddəratını təyin etmənin müzakirəsinə başlanması;

6. Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik müddəalarının Dağlıq Qarabağ üçün deyil, yalnız Ermənistan Respublikasının tanınmış ərazisinə şamil olunması ilə bağlı İrəvana xatırlatmalara əhəmiyyət verilməməsi”.

“AzPolitika” xəbər verir ki, məqalədə daha sonra Nikol Paşinyanın Ermənistan Milli Elmlər Akademiyası tərəfindən Sevr Müqaviləsinin 100 illiyi münasibətilə təşkil edilən bir konfransdakı fikirləri nəzərdən keçirilərək, qatı millətçi məzmunlu bu fikirlərin əslində əsassız olduğu vurğulanır.

“Baş nazir, “Bu müqavilə müstəqil dövlətçiliyimizi bərpa etmək üçün uzun səyahətimizi əks etdirən tarixi bir həqiqətdir”, deyərək müqaviləni təriflədi. Sevr Müqaviləsinin təfərrüatlarına varmadan qeyd edək ki:

1) Paşinyanın təriflədiyi Sevr Müqaviləsi heç vaxt təsdiq olunmadı (ABŞ belə imzalamadı);

2) Heç vaxt həyata keçirilmədi və 98 il əvvəl Lozanna Müqaviləsi ilə əvəz olundu.”

Nəşr bununla bağlı Ter-Petrosyan administrasiyasının keçmiş baş məsləhətçisi Jirair Libaridyanın 1 sentyabr 2020-ci il tarixli bir məqaləsini nümunə gətirərək, Sevr Müqaviləsinə “tutunmanın” sadəcə özlərinə ziyan verdiyini vurğulayıb.

“Xarici siyasətinin təməllərindən biri olaraq Sevr Müqaviləsini qəbul edən Ermənistan, Türkiyədən ərazilər tələb etməyi gündəmə gətirdi. Daha sonra bu “ideyanı” böyüdərək “Dağlıq Qarabağ” məsələsini də ortaya ataraq müxalifətin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Xalqımızın da “Artsax”dakı öz müqəddəratını təyinetmə hüququnu siyasətimizin əsası olaraq görməyə başlaması son addım oldu. Hansı ki, bu revanşist yanaşma, tələblərini təmin etmək istəyən beynəlxalq birliyin rəğbətindən çox asılıdır. Bəziləri tərəfindən “erməni məsələsinin həlli” sayılan şey, beynəlxalq ictimaiyyət tərəfindən artıq inamsız sayılır”.

Xatırladaq ki, 1920-ci il avqust ayının 10-da on dörd dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə onun suverenliyini ləğv edirdi. Bu müqaviləyə görə Türkiyə ərazisindən bəzi torpaqlar Ermənistana verilməli idi. Lakin ermənilərin daima istinad etdiyi Sevr Müqaviləsi heç zaman Osmanlı parlamenti tərəfindən ratifikasiya olunmayıb və bu dövlət tərəfindən hüquqi sənəd kimi qəbul olunmayıb.

Yazıda, Ermənistanın diplomatik təcrid siyasətinə toxunularaq, ATƏT-in illərdir ki, ermənilərin yeddi rayonun ən azı beşindən imtina etməsinin vacibliyini vurğulaması, Dağlıq Qarabağ ermənilərinin “statusu” barədə danışıqlara hazırlıq üçün israr etməsi xatırladılıb.

“Ermənistan iyirmi altı il ərzində dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı barədə beynəlxalq birliyin üstün prinsiplərini pozmaq üçün israr edirdi. Bu qədər bəyanatlar, qətnamələr olmasına baxmayaraq, görünür, Ermənistan hələ də mesajı almayıb”.

Qati millətçilik erməni diasporasının da fəaliyyətinə toxunan nəşr, ermənilərin diasporu Ermənistan Respublikası üçün həlledici amil kimi təsəvvür etməyə vərdiş etdiklərini xatırladıb. Diasporanın Ermənistandakı yoxsulluğu azaltmaq üçün otuz ildir uğursuz olduğunu qeyd edən müəlliflər, onun keçən payızda da məğlubiyyətin qarşısını almaqda açiz olduğunu, fantastik ümidləri heç vaxt doğrulda bilməyəcəyini qeyd edirlər.

“Növbəti müharibəni səbrsizliklə gözləyən ultra-milliyyətçilər görmürlər ki, Azərbaycan Respublikasının əhalisi indi Ermənistan Respublikasının əhalisinin üç qatına (əsasən mühacirət səbəbindən), ÜDM-si isə Ermənistanın ÜDM-nin dörd qatına bərabərdir və Bakı, 82 milyon əhalisi və 21 milyard dollardan çox hərbi büdcəsi olan Türkiyə ilə yaxın müttəfiqdir. Reallığı görmək üçün sadəcə Türkiyənin hərbi büdcəsini Ermənistanın bütün dövlət büdcəsi ilə müqayisə etmək kifayət edir, - yazıda qeyd olunur.

“İyirmi altı ildir ki, ultra-millətçilər “öz müqəddəratını təyin etmək” prinsipini əldə bayraq tutaraq, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun “bir kvadrat qarışını” da verməmək üçün danışıqlardan imtina etdilər. O zaman, məhz bu millətçi partiyalar keçən payızdakı məğlubiyyət üçün məsuliyyəti bölüşməlidirlər. Bütün bu uğursuzluqlara baxmayaraq, “növbəti müharibəni” gözləyən və bir növ Ermənistanı - otuz illik “beyin axını” keçirmiş yoxsul bir ölkəni – “yüksək” texnoloji hərbi sənaye ilə qarnizon dövlətinə çevirməyi gözləyən qatı müxalifətçi fanatiklər hələ də var”, - deyə nəşr bildirib.

Güntəkin NİZAM

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2021-06-05 00:49:35

Təəssüf edirəm ki,hələ də aramızda işğalçının Rusiya deyil ermənistan olduğunu zorla ortaya çıxarmaq istəyənlər var...

Son yazılar