"ŞUŞA ƏRDOĞAN ÜÇÜN HƏM DƏ ŞƏRƏF MƏSƏLƏSİDİR..." - “Azərbaycan Laçın dəhlizinin bağlanması üçün əlinə çox güclü arqumentlər yığır”

Fəzail Ağamalı: “Ermənistan çökəcək, faktlar, arqumentlər, proseslərin gedişi buna aparır”

Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı aktual mövzularla əlaqədar “Yeni Müsavat”a müsahibəsini təqdim edirik. 

- Fəzail bəy, bir sıra Rusiya siyasətçilərinin 19 yaşlı azərbaycanlının qətlə yetirilməsinə bəraət qazandırması heyrət doğurur. Bu sıraya Jirinovski də qoşulub və hətta azərbaycanlı deputatların bu qətlə etirazına sərt reaksiya verib. Bu barədə deputat və partiya sədri olaraq nə deyə bilərsiniz?

- Mən də mətbuatda bu qətlə etirazımı bildirmişəm, bunu vəhşilik kimi qiymətləndirmişəm. Bu hadisə ilə bağlı mövqeyim çox sərtdir. Günahsız azərbaycanlının bu şəkildə, heç bir əsas olmadığı halda silahla qətlə yetirilməsi vəhşiliyin və qeyri-insanlığın ən ciddi nümunələrindən biridir. Nəzərə alsaq ki, bu gənc heç müqavimət də göstərmir, sadəcə olaraq maşına oturmaq istəmir. Görüntülərdən də bəlli olur ki, polisin gəncə qarşı fiziki təzyiqindən xilas olmağa çalışır. Müqavimət göstərməyən, silahı olmayan bir insanın həyatına son qoymağın bir adı var: vəhşilik! Bu, rus cəmiyyətinin çox təəssüf ki, digər xalqlara olan konkret ifadəsidir. Həm də ən bağışlanmaz odur ki, bu qatil sonradan Rusiyanın İstintaq Komitəsi sədrinin xüsusi tapşırığı ilə azad edilib və hətta ona xüsusi təşəkkürlər elan olunur, heç bir əsas olmadan öldürülən azərbaycanlı gəncin isə günahkar olduğu ayrı-ayrı informasiya vasitələrində cəmiyyətə ötürülür. Yalan üzərində qurulan bu cür yanaşmalar Rusiya dövlətinin gücünün yox, zəifliyinin göstəricisidir. Bəşəri dəyərlərə, insan haqlarına, insan azadlıqlarına və eyni zamanda elə Rusiyanın özünün qanunvericilik aktlarına tüpürmək, onu ayaq altına atıb, bir gəncin ölümünü reallaşdıran polis nəfərinə bəraət qazandırmaq heç cür başadüşülən deyil. Əgər buna indi Jirinovski və digər siyasətçilər də qoşulublarsa, deməli, artıq Rusiya cəmiyyəti xəstədir. O millətçiliyə, şovinizmə yoluxan bir xəstə cəmiyyətdir. Belə bir cəmiyyət hər şeydən əvvəl çoxmillətli Rusiya üçün böyük fəlakətlər və faciələr yaşadacaq. Mənə elə gəlir ki, Azərbaycanın rəsmi orqanları, müvafiq dövlət strukturları bu məsələni ciddi diqqət mərkəzində saxlamalıdır və qatil Rusiyanın qanunları çərçivəsində cəzasını almalıdır.

- Son aylarda Rusiyaya ünvanlı bir sıra müraciətlər cavabsız qalıb, o cümlədən “İskəndər-M”lə bağlı. Belə görünür ki, “Moskva göz yaşlarına inanmır”. Bu, münasibətlərdə nələrinsə baş verməsinə işarədir, yoxsa...

- Bu, təkcə bizə qarşı deyil, Rusiyanın siyasətinin mahiyyətinə bağlı məsələdir. Digər respublikalar, xalqlara qarşı da analoji münasibət sərgilənir. Hətta Rusiya Federasiyasının subyektlərindən biri olan Qafqaz xalqlarına bu cür alçaldıcı, aqressiv münasibət var. Orta Asiya Respublikalarının xalqlarına da həmçinin. Bu, sadəcə olaraq rus cəmiyyətinin və dövlətinin idarəçilik sistemindən, onun mahiyyətindən irəli gələn bir yanaşmadır, növbəti bir epizoddur.

- Ermənistandakı seçkiqabağı mübarizəni yəqin ki, siz də yaxından təqib edirsiniz. Bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması baxımından bu ölkədəki proseslərin gedişatı az əhəmiyyətli deyil. Rusiyanın müdafiə etdiyi klanla Qərbə üz tutmuş rejim arasında gedən mübarizədən siz nə gözləyirsiniz?

- Ermənistan çox rəzil, acınacaqlı durumdadır. Ermənistana bu rəzil vəziyyəti yaşadan bizim xilaskar Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun vurmuş olduğu ağır, sarsıdıcı zərbədir. Yəni bu durumun müəllifi bizim əsgər və zabitlərimizdir. 7 ay keçməsinə baxmayaraq, hələ də Ermənistan çalxalanır, Ermənistandakı siyasi qüvvələr arasında amansız, barışmaz və artıq son vaxtlar əxlaqdan da kənar mübarizə çox kəskin şəkildə davam edir. Ortada iki qüvvə var, mən sizinlə razıyam. Paşinyan və tərəfdarları, bir də Köçəryan və onun ətrafında olan Qarabağ klanı. Təbii ki, Köçəryan Rusiyanın proyektidir. Rusiya çalışır ki, Köçəryan hakimiyyətə gələ bilməsə də, ən azı parlamentdə siyasi proseslərə təsir göstərə biləcək gücdə olsun. Mənə elə gəlir ki, buna nail olacaq. Paşinyan isə təbii ki, daha çox Qərbin layihəsidir. Düzdür, o, Rusiya ilə müəyyən dərəcədə oynamağa çalışır, onun maraqlarını bu və ya digər şəkildə sözdə də olsa, yerinə yetirməyə cəhdlər göstərir. Lakin baxın, sərhəd toqquşmasından sonra - söhbət 27 maydan gedir - vəziyyət düşünülmüş şəkildə Ermənistan tərəfindən yaradıldı ki, İrəvan bununla bağlı Rusiyaya, KTMT-yə müraciət etsin. Ancaq ordan da bir cavab almayandan sonra Paşinyan artıq Avropaya üz tutdu, Makronla görüşdü, Avropa İttifaqının rəsmiləri ilə bir araya gəldi və onlardan kömək istədi. Məncə, burda da Paşinyan sadəcə olaraq görüntülərdən, qucaqlaşmalardan və Makronun isti sözlərindən başqa bir şey qazana bilmədi. İstisna deyil ki, qeyri-leqal yollarla Paşinyana müəyyən maliyyə yardımları da olacaq, mən bunu istisna etmirəm. Ancaq Ermənistanda qərbyönümlü insanlar var və ola bilsin ki, Paşinyan seçicilərinin sayını bu baxımdan artıra biləcək. Ermənistan indi ciddi siyasi poliqon təəssüratı yaradır. Moskva ilə Qərb arasında pərdəarxası döyüş, mübarizə gedir. Kimin qalib gələcəyi çox dumanlıdır. Məncə, parlament seçkiləri qurtardıqdan sonra mübarizə özünün yeni, aktiv və daha aqressiv fazasına daxil olacaq. Uduzan qalib gələni qəbul etməyəcək. Xüsusən də Paşinyan bu seçkilərdə lazımi mandatı əldə edə bilməsə, onun özü də tərəfdarlarını açıq döyüşə səsləyəcək. Digər tərəfdən isə Köçəryan bir terrorçudur, olduqca aqressiv birisidir və mənsub olduğu xalqı qurban verməyə, onun qanını tökməyə həmişə hazır olduğunu sübut edib. Parlamentdə gülləbaran təşkil edib, eyni zamanda özünün varisi olan Sərkisyanın hakimiyyətə gəlməsi üçün dinc insanları qətlə yetirib. Bundan əvvəl isə Qarabağda törətmiş olduğu qətliamlar, vəhşiliklər hamıya məlumdur. Bütün bunları Köçəryanın tərcümeyi-halının görünən tərəfləridir. Odur ki, Köçəryan da uduzsa, barışmaq niyyətində olmayacaq, Sərkisyanla, Qarabağ klanı ilə bərabər Paşinyanla daha kəskin mübarizə aparacaq, bəlkə də küçələrdə, barrikadalarda döyüş aparacaqlar.

- Seçkilərdən sonrakı Ermənistanı necə təsəvvür edirsiniz?

- Hakimiyyətdə kimin olacağından asılı olmayaraq, Azərbaycanın qələbəsindən, zəfərdən sonra Ermənistan yenə zəif, parçalanmış ölkə olaraq qalacaq, cəmiyyəti depressiya şəraitində yaşayacaq. Məncə, parlament seçkilərindən sonra Ermənistandan insanların kütləvi şəkildə miqrasiyası gözlənilir. Mən yaxın gələcəkdə Ermənistanı bir dövlət kimi təsəvvürümə gətirmirəm. Əgər bu parlament seçkilərindən sonra heç bir güc mərkəzi qalib gəlməyəcəksə, deməli, Ermənistan fəlakətin yeni bir mərhələsinə qədəm qoyacaq. Arxasınca Azərbaycan öz sərhədlərini möhkəmləndirdikcə, eyni zamanda Qarabağdakı ermənlərin də köç edərək İrəvanda və ya başqa yerdə məskunlaşması Ermənistandakı böhranı daha da dərinləşdirəcək. Ermənistan həm də açılması gözlənilən Zəngəzur dəhlizinin reallaşmasından sonra daha ağır və sağalmaz duruma düşəcək. Bütün bu amillər Ermənistanda kütləvi köçə geniş imkanlar açacaq və yaxın gələcəkdə Ermənistan çökəcək. Mən də güman edirəm ki, faktlar, arqumentlər, proseslərin gedişi buna aparır.

- Fəzail bəy, çoxsaylı fikirlər var ki, əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneçilik yaradacaqlarsa, o halda Azərbaycan Laçın dəhlizini bağlamalıdır. Son günlər ermənilərin terror törətməsi, Qareginin Laçın dəhlizindən qanunsuz olaraq Xankəndiyə gəlməsi, qanunsuz silahlı birləşmələrə stimul verən davranışlar sərgiləməsi və sair amillər də dəhlizin qapadılmasına əsas yaradır. Sizin bununla bağlı yanaşmanız necədir?

- Mən də belə güman edirəm ki, proseslərin gedişi buna doğru aparır. Əslində Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanması üçün əlinə çox güclü arqumentlər yığır. Onlardan da biri məhz Qareginin Xankəndiyə gəlməsi, orada revanşist fikirlər səsləndirməsidir, erməniləri sülhə, təhlükəsizliyə, əmin-amanlığa, birgəyaşayış qaydalarına əməl etməyə səsləmək əvəzinə, yerli ermənilərə intiqam almaq düşüncələrini aşılayaraq getdi. Bu, bizim üçün ciddi faktdır və bu kimi faktlar təbii ki, Laçın dəhlizinin bağlanmasını reallaşdıra bilər. Lakin ortada Rusiya faktoru var, biz onu yaddan çıxartmayaq. Rusiya müharibədən sonra Ermənistanda məskunlaşan və Qarabağdan gedən bütün erməniləri ən müxtəlif şirnikləndirici amillərlə geri qaytarmağa çalışdı, az-çox buna nail oldu. Baxmayaraq ki, onun statistikasında şişirtmə var idi, guya Ermənistandan Qarabağa 60 min erməni qayıdıb. Lakin ölkə prezidentinin fikirləri daha mötəbər, daha ciddi və realdır. Prezident qayıdanların sayının 30 mindən yuxarı olmadığını dilə gətirdi. Bu yaxınlarda mən erməni saytlarından oxudum ki, Qarabağda ağlı başında olan, az-çox təhsilli ermənilər kütləvi şəkildə buranı tərk edirlər. Söhbət müəllimlərdən, həkimlərdən, orta texniki savadı, peşəsi olan insanlardan gedir ki, bunlar da əhalinin ən aktiv və gənc kateqoriyasıdır. Qarabağda qalanlar da qoca, əlsiz-ayaqsız, imkansız və onun-bunun qapısında məhkum olan insanlardır. Bir sözlə, biz bəlkə də bunu gözləməliyik ki, Rusiya sülhməramlıları ilə üz-üzə gəlməmək üçün proses bu şəkildə davam etsin. Eyni zamanda, Rusiya sülhməramlılarının da öz missiyasından kənara çıxmasına imkan verməli deyilik.

- Belə bir həssas, tarixi dönəmdə Türkiyə Prezidentinin Bakıya, həmçinin Şuşaya səfəri də çox ciddi hadisədir. Siz Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən sonrakı gedişatı necə proqnozlaşdırırsınız?

- Ərdoğanın Şuşa səfəri son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Bu, bir daha Türkiyənin Azərbaycanın yanında olmasına ciddi bir göstəricidir. Həm də Ərdoğan AKP millət vəkilləri və partiya fəalları qarşısındakı çıxışında söylədi ki, o, öz ailəsi ilə Şuşaya gedəcək. Öz ailəsi ilə Şuşaya gəlməsi o deməkdir ki, Şuşa Ərdoğan üçün həm də şərəf məsələsidir. Bu, təkcə siyasi anlam kəsb etmir, həm də bir liderin, bir Türk dövlət başçısının Türkiyə dövlətinin və xalqının adından nümayiş etdirdiyi şərəf məsələsidir. Həm də bu, Rusiyaya, Fransaya və ermənilərin yanında olan ayrı-ayrı ölkələrə çox ciddi bir mesajdır ki, Türkiyə hər zaman Azərbaycanla bərabər olub və bundan sonra da bərabər olacaq. Biz Şuşada da cənab Ərdoğan, cənab Prezidentimiz tərəfindən veriləcək ciddi mesajların şahidi olacağıq. Bu mesajlar da gələcəkdə Qarabağ məsələsinin birdəfəlik həllinə son dərəcə ciddi təsir göstərən dövlət mövqeyi olacaq. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar