“BELƏLƏRİNİ VƏZİFƏLƏRDƏN QOVMAQ LAZIMDIR...” - “Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar”

Elçin Şıxlı: “Hələlik Rusiyanın başını qatmaq lazımdır. Ona görə də rus sülhməramlıları ortaya çıxdı, başqa cür mümkün deyil”

“Niyə bizim Naxçıvanda Türkiyə ilə sərhədimiz cəmi 11 kilometr olmalıdır? Bunu da Moskva edib

Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutur. Qara dənizdə 32 dövlətin iştirakı ilə anti-Rusiya hərbi təlimləri başlayıb. Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə start veriblər. Avropa Birliyi özünün diplomatlarını Azərbaycana və Ermənistana göndərib, tərəflərin mövqelərini dəqiqləşdirməyə çalışır.

İran isə öz ampluasına sadiq qalaraq, Ermənistana dəstəyini davam etdirir. Bu dəstək digər bir çox məqamlarla yanaşı, özünü Xankəndi istiqamətində İranın yük avtomobillərinin yenidən peyda olması ilə büruzə verir.

“AzPolitika.info” bu mövzular ətrafında “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə söhbətləşib:

- Elçin bəy, Ermənistanda və Xankəndində baş verənlər, Avropa Birliyinin nümayəndə heyətinin regionumuza səfəri, eləcə də Qara dənizdə 32 ölkənin iştirakı ilə hərbi təlimlərin keçirilməsi və digər proseslərin fonunda regiondakı hazırkı durumu necə qiymətləndirirsiniz?

- Regionda konkretliyə doğru heç bir proses yoxdur. Avropa Birliyi əsasən insan haqları məsələsini qaldırır. Mən əlbəttə ki, insan haqlarının müdafiəsinin tərəfdarıyam, ancaq insanların. Ona görə də bizim əraziləri 30 il işğal altında saxlayan Ermənistanın və onun Xankəndindəki uzantılarının haqq və hüquqlarından söhbət gedə bilməz. Düşünürəm ki, Avropa öz funksiyasını yerinə yetirir və belə də davam edəcək. Avropa Birliyinin son iclasında Merkel və Makron Rusiya ilə danışıqlara başlamağın tərəfdarı kimi çıxış etdilər, lakin yerdə qalanlar, ələlxüsus Polşa və baltikyani ölkələr buna etiraz etdi. Bildirdilər ki, Moskva ilə heç bir danışıq aparmaq olmaz. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya ilə danışıqlar aparmaqdan imtina edildi. Amma görünən budur ki, Rusiya nə demokratikləşir, nə də Krımdan əl çəkir. Deməli, əvvəlki siyasətini davam etdirir. Bu səbəbdən də Polşa və Baltikyanı ölkələr bilirlər ki, Rusiya ilə danışıqlar aparmaq mənasızdır. Çünki onlar Rusiyanı daha yaxşı tanıyırlar. Sadəcə, Almaniya və Fransa düşünür ki, Co Bayden Vladimir Putinlə görüşüb, biz də görüşüb razılığa gələ bilərik.

İkinci mühüm hal budur ki, hazırda 35 ölkənin iştirakı ilə Qara dənizdə hərbi təlimlər keçirilir. Rusiya bundan narahatdır. Üstəlik Böyük Britaniya gəmisi ilə bağlı Rusiyada böyük hay-küy qopub. Hazırda həmin gəmi Batumidədir. Ruslar deyir ki, bizim ərazi sularımıza daxil olub, biz ona atəş açmışıq, onlar da qorxub qaçıblar. Britaniya isə elan edir ki, onların gəmisinə güllə atan olmayıb və onlar gəminin hərəkət trayektoriyasını Ukrayna ilə razılaşdırıblar. Başqa sözlə, Rusiyanın Krımı özününkü hesab etməsini qəbul etmədiklərini ifadə edirlər.

Bu günlərdə Ukraynada hərbi təlimlər başlayacaq. Moskva bundan da ciddi narahatdır. Üstəlik Azərbaycan və Türkiyə hərbi qüvvələrinin təlimləri başlayıb. Bu da mühüm məqamdır. Bir sözlə, vəziyyət tam oturuşmayıb. Bu proseslərin nə ilə nəticələnəcəyi hələ bəlli deyil. İndiki halda hamı bir-birinə əzələ nümayiş etdirir.

- Ermənistan tərəfi son günlər sistematik olaraq Kəlbəcər və Tovuz istiqamətində mövqelərimizi atəşə tutur. Sizcə, bu, nə ilə əlaqədardır?

- Azərbayacan və Ermənistan arasında düşmənçilik daim olacaq. Aranı qızışdıranın da kim olduğunu bilirik - Rusiyadır. Düzdür, Ermənistana sülh sazişi lazımdır. Xankəndində isə ara qarışıb. Əvvəla, orada siyasi mübarizə gedir. Daha maraqlısı isə odur ki, Xankəndində belə məlumatlar yayılıb ki, ermənilərə azərbaycanlılar zəng edərək evlərini almaq istədiklərini bildirirlər. Ermənilər bundan ciddi əndişə duyurlar. Bu mənada ki, azərbaycanlılar guya onlara psixoloji təsir göstərirlər. Əslində, belə də olmalıdır. Bu, normal haldır. İsrail indiki torpaqlarının çoxunu sadəcə olaraq, yaratdıqları fond hesabına torpaq paylarını satan ərəblərdən almışdılar. Əminəm ki, rus sülhməramlı qüvvələrinin buradan getməsinə 2 il qalmış Araik və onun kimilərin hamısı qaçıb aradan çıxacaq. Ermənistan da məcburən bizimlə sərhədlərin delimitasiyasını edəcək. Eləcə də sülh müqaviləsi imzalanacaq. Amma bütün bunlar bir qədər zaman alacaq. Hazırda Paşinyan öz hökumətini formalaşdırmayıb, tam möhkəmlənməyib. Yeni hökumət işə başladıqdan sonra vəziyyətin durulacağına əminəm.

Atəşkəsin pozulmasına gəldikdə, mənim ehtimalım budur ki, belə hərəkətlərlə bir növ Azərbaycana “xox gəlmək” istəyirlər. Mesaj verirlər ki, demarkasiya və delimitasiya məsələlərində ipə-sapa yataq. Yəni onların dedikləri ilə razılaşaq. Bu da mümkün olan iş deyil.

- Demək istəyirsiniz ki, müharibə bitməyib?

- Müharibə yalnız masa arxasında sülh sazişi imzalananda bitəcək. Əminəm ki, bu prosesi də görəcəyik. Dünyada proseslər tərsinə getməlidir ki, belə bir sülh müqaviləsinin imzalanması baş tutmasın.

- Hazırda Rusiyaya olduqca yaxın ərazilərdə hərbi təlimlər keçirilir. Necə düşünürsünüz, kollektiv Qərb Rusiya ilə bağlı qəti qərarını veribmi?

- Rusiya ilə dil tapmağın qeyri-mümkün olduğunu deyənlərin sayı artır. Litvanın xarici işlər naziri açıq tonla qeyd etdi ki, Rusiya ilə danışıqlar aparmaq, onu demokratikləşdirmək istəyi bir növ ayının qarşısına bal qoyub onu yeməməyi tapşırmaq kimi bir şeydir. Postsovet ölkələrindən çıxan insanlar Rusiyanın nə demək olduğunu yaxşı bilirlər. Qərb diplomatlarının bundan xəbəri yoxdur, yəni Rusiyanın apardığı siyasət onların başında çatlamayıb. Onlar düşünürlər ki, oturub söhbət etməklə, “belə şey etmək olmaz”, “qışqırmaq ayıbdır” və s. deməklə Rusiyanı başa salmaq olar. Xeyr. Rusiya üçün bu keçmir. Üstəlik, Rusiyanın “beşinci kolon”u da öz işini görür.

- Bizdəki “beşinci kolon” nümayəndələri isə deyirlər ki, ölkədə türk bazasını yerləşdirmək üçün Hərbi Doktrinaya dəyişikliklər etmək lazımdır...

- Bu sözü deyənlər əgər vəzifədədirlərsə, onların hamısını bayıra atmaq lazımdır. Prezident Əliyevin məşhur sözü var – “iti qovan kimi qovmaq”. Belələrini vəzifələrdən qovmaq lazımdır. Bəli, belə düşünənlər var, amma biz xalq olaraq bu düşüncə tərzini beyinlərdən silməliyik. Söhbət ondan gedir ki, Rusiya son 30 ildə başımıza oyunlar açıb. Mən hələ əvvəlki illəri demirəm. Qarabağ müharibəsi, torpaqlarımızın itirilməsi, Zəngəzurun 100 il əvvəl ermənilərə verilməsi, 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsi – bunların hamısını Moskva başımıza gətirib. Bunları unutmaq olmaz. Həm də unutmamalıyıq ki, 1945-ci ildə Cənubi Azərbaycanda qurulan hökumətimizi darmadağın edən ruslar oldu. Cənublu qardaşlarımız sosializmə inanırdılar. Ancaq Moskva düşündü ki, Azərbaycanın orada da, burada da respublikası olsa, problem yaranacaq. Üstəlik Türkiyə amili də var. Niyə bizim Naxçıvanda Türkiyə ilə sərhədimiz cəmi 11 kilometr olmalıdır? Bunu da Moskva edib. Erməniləri orada yerləşdiriblər, aranı qızışdırıblar və əlaqələrimizi kəsiblər. Bizi də hər cür yolla parçalayırdılar və indi də bu siyasət davam edir.

İranda da farslar soydaşlarımızı məhv etməyə çalışırlar. Şükürlər olsun ki, müstəqil respublikayıq və Türkiyənin yanımızda olması çox böyük hadisədir. Hətta Türkiyə bizim qarantımızdır və əlbəttə ki, bizim də Türkiyə üçün dəyərimiz var.

Əvvələ qayıdıb deyim ki, Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar. Bununla yanaşı, biz reallığı da unutmamalıyıq. Rusiya böyük və güclü deyil, sadəcə yekədir. İran bizdən güclüdür. Türkiyə qüvvədir və biz də onun yanında olmalıyıq. Amma biz reallığı görməliyik. Anlayırıq ki, hələlik Rusiyanın başını qatmaq lazımdır. Ona görə də rus sülhməramlıları ortaya çıxdı. Başqa cür mümkün deyil. Nə ABŞ, nə də Avropa gəlib bizim arxamızda duran deyil. Türkiyə yanımızdadır, amma onu da bəlaya sala bilmərik. Düzgün və zərif siyasət yürüdülməlidir və zənnimcə, hələlik bu siyasət də aparılır.

- İranla bağlı məqamı qeyd etdiniz. Ancaq İran təkcə cənublu soydaşlarımızın hüquqlarını pozmur, eyni zamanda bizə qarşı da fəaliyyətini ortaya qoyur...

- Azərbaycan yatan vulkandır. İran üçün müstəqil Azərbaycan hər zaman təhdid olub. Hazırda İranın ali dini rəhbəri azərbaycanlıdır, amma özünü İran üçün xərcləyir. Biz müstəqil dövlət kimi gücləndikcə, oradakı soydaşlarımızın gözü burada olacaq, istəyəcəklər ki, birgə olaq. Bu da İran üçün təhlükə hesab olunur. Yalnız bu səbəbə görə İran erməniləri dəstəkləyir. Burada qeyri-adi bir hal görmürəm. Ancaq biz də etirazımızı bildirməliyik, güclənməliyik.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-07-01 20:20:30

İranı Pehleviler qeder yüz iller ,esrler boyu Türkler idare edib ve İnlaallah yene de Türkler idare edecek.Yalnız keçen esrde üç defe Milli Dövlet quran meğrur Türkler yene de hakimiyyete gelecekler az qalıb o günü de grerik İnşaaallah bu esr Türk esridir.

Roma 2021-07-01 13:00:14

Elçin Şıxlı, atası kimi vətənpərvərdir. İsmayıl Şıxlı 20 yanvar hadisələrində qorxmadan və çəkinmədən, Milli Məclisin tribunasından Moskvanı ittiham etmişdi...

Rr 2021-06-30 22:13:42

200 il geriye germiştik Avrupa’ya inteqrasşya olmuşuq şehirli rayonlu

Niyaməddin 2021-06-30 15:08:33

Elçin Şıxlıya və Rasim Əliyevə çox böyük təşəkkür edirik. Sizlərlə həmfikirik. 5-ci kalondan da betər xalqa qənim kəsilən təşkilatları da yox etmək lazımdır.

M.Əsgərov 2021-06-30 11:51:38

Elçin Şıxlının mövqeyi və hadisələrə yanaşması daha dəqiqdir, təqdir olunmalıdır, halal olsun....

Mirzə Qafarlı 2021-06-30 11:50:31

Elçin müəllimin sözünə qüvvət olaraq, dramaturqumuz C. Cabbarlının "1905"ci əsərinin sonuna yaxın erməni və azərbaycanlı qonşuların söhbətindən sonra eşidilən atəş səslərinə deyilən fikri yada salıram: Atan kazaklardır.

Veteran 2021-06-30 10:41:40

Tamamilə razıyıq.Amma Qüdrət Həsaənquluyev kimiləri üçün RUSİYA Onun gözündə qorxunc bir güc kimi ölənə kimi qalacaq.Rusiya sadəcə nəhəng ,lakin qocalmış ,taqətdən düşmüş bir torba leşdir.Ətrafdakılar qorxurlarki zorla ayaq üstə duran bu üfunət iysi verən bu leş yıxılar mən altında qalaram.

Veteran 2021-06-30 10:34:47

Bizim ən böyük düşmənimiz nə Rusiya,nə İran,nədə Ermənistandır, içimizdəki MOSKVAYA,PKK-ya, erməniyəə və s.hər ZADA xidmət edən satqın KÖPƏKLƏRDİR. ...

Nazim 2021-06-30 10:34:01

5-ci kolon dagidilmalidir...

Son yazılar