TƏBİİ QAZIN QİYMƏTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Bu qrup istehlakçlar üçün tariflər artırıldı

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abunəçilərin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abunəçisi üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar sabahdan qüvvəyə minir.

Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abunəçisi üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abunəçisi üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

635x100

Şərhlər

Vətəndaş 2021-07-02 17:18:10

Əvvəla Tarif şurası təklif verə bilər.qərar verə bilmək isə Milli Məclisin müvafiq qərarıdan sonra Prezidentin təsdiqi ilə ola bilər....Niyə maaaş və təqaüdlər müqayisə edilmir? Bu isə Tarif şurasının yaramaz mövqedə olduğunu sübut edir.

Abonent 2021-07-02 17:12:20

Gülməli səbələrdir.Azəbaycanda qaz istehlakının həcminin rtmasının qiymət artımına nə təsiri ola bilər?Əsassız qoymət oyunu1 Tarif şurasına bu hüquq hans əsasla verilib? Bu şuranın üzvləri kimlərdir?Əhalinin büdcəsinə təsir edən bütün qiymət artımları Milli Mclisdə müzakirə olunb,müvafiq qərar qəbuledildikdən və bu qərarın Prezidenttərəfindən təsdiqləndikdən sonra qüvvəyə minməsi vacibdir.Əhalinin güzəranə ilə zarafat etməyə "Tarif "şurasının hüququaradan qaldırılmalıdır.

Ramo 2021-07-01 17:32:29

15-18 oxunmalıdır.

Miri 2021-07-01 13:33:36

oliqarxların, nazirlərin, deputatların şirkət və təsərrüfatlarında yandırıb pulunu ödəmədikləri qazın pulu alınsın!.... Az sonra işıq pulu da belə olacaq.....

Fuad 2021-07-01 10:50:26

Qaz olan olkede qiymetler yuxari olmamalidir. 10 qepik normal qiymetdi bizimcun

Ramo 2021-07-01 10:48:13

Qənaət, qışda evdə olan temperaturu 23-25 dərəcədən 15-28 dərəcəyə endirmək deməkdir ki, bu da kütləvi surətdə xəstəlik deməkdir.ə

Aborigen 2021-07-01 09:20:50

Əla!! Bundan sonra dəm qazından boğulub ölənlərin də sayı azalacaq ki, bu da əhalinin daha da artmasına səbəb olacaq.

İ.Mustafaoğlu 2021-06-30 23:36:40

Azərbaycanı başqa ölkələrnən müqayisə etməyin. Azərbaycan Neft və Qaz ölkəsidir və bu səbəbli ucuz qiymətə xalqa satılmalıdır... Qeyd etdiyiniz ölkələrdə, xüsusilə Türkiyədə , Gürcüstanda və s. pensiyaya 60 yaşdan çıxırlar və yüksək əmək haqqı və pensiya alırlar, o cümlədən işsizlik yoxdur.... Siz bunları qeyd edin... Əhalinin sosial rifahını nəzərə alaraq pensiya yaşı ölkəmizdə 60 yaş təyin olunmalıdır.. Təbii qazın qaldırılmasını Təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığını tədricən azalmasını əsas gətirirlər.... Təsərrüfat subyektlərinin mənfətlə işləməsini istəyiriksə, birinci növbədə pul vəsaitinin xərclənməsinə nəzarət gücləndirilməlidir... Dəmirçini gətirib böyük bir müəssisəyə Baş mühasib təyin edirlər və belə hallarda istər-istəməz dövlət əmlakının talan olunmasına gətirib çıxarır.

Miri 2021-06-30 22:20:03

İndi küçədə insanlar qazon qiymətinin qaldırılması ilə bagli çox hiddətlə qarışır.Qatabagdakı qələbə sevinci xalqın burnundan gətirildi.Xalq limitin ləğvini, qiymətlərin aşağı salınacagını gözləyirdi gözlədiyi

Mubariz 2021-06-30 21:40:28

Bir bari maraqlanin beyenmediyiz ve gece-gunduz hedyan yagdirdiginiz IIR da benzin dizel qaz ve isiq pulu ne qederdir?Bir aile heyet evlerinde maksimum 5 manadek kommunal odeyir.Cun ki ordaki servet xalqa mexsusdur.Ve onlarin ixtiyarindadir!!!!!Bizde ki kimi BP ya ....

turan 2021-06-30 21:20:30

ankara, tbilisi, kiyev qaz istehsalçı ölkə deyil. siz dubayla, qatərlə müqayisə edin

Vətəndaş 2021-06-30 20:41:04

saydığınız ölkələrdə uşaq pulu verilir, maaşlar bizdəkindən bir neçə dəfə çoxdur səhiyyə pulsuzdu ve s

Azərbaycanlı 2021-06-30 19:52:11

Azərbaycan sadaladığınız ölkələrdən( Rusiya istisna ) fərqli olaraq təbii qaz yataqları olan bir ölkədir. 2-si həmin ölkələrdəki əhalini ayrı- ayrılıqda gəlir və əmək haqları barədə də müfəssəl məlumat verin.

vətəndaş 2021-06-30 18:18:16

Görəsən Ankarada, Kiyevdə minimum əmək haqqı nə qədərdir? Tələbə nə qədər təqaüd alır? Əhali neçə yaşda pensiyaya çıxır?

Veteran 2021-06-30 16:52:31

Bəs maaş və pensiyaları nə vaxt qaldıracaqsan ay Hökumət?

Son yazılar