DƏLƏDUZ VƏTƏNPƏRVƏRLİK

Fazil MUSTAFA

Bəzi dindar iş adamlarımız illik gəlirlərinin beşdə birini əhatə edən xüms vergisi deyilən və zəkatla əlaqəsi olmayan böyük bir pul vəsaitini İran və İraqdakı müctehidlərə göndərirlər və bununla da öz dini borclarını yerinə yetirdiklərini düşünürlər.

Təbii ki, bu cür vəsait yığımının gerçək İslamla əlaqəsi olmadığını söyləyirəm, lakin insanlarımızın düşüncə səviyyəsini, din anlayışını az-çox bildiyimə görə üzərində çox da baş yormağı düşünmürəm. Heç onları niyə şəhidlərlə, qazilərlə bağlı bu və ya digər fonda vəsait köçürmədiklərinə görə də populist əda ilə qınamıram. Çox güman ki, bu cür fondlara da, ayrı-ayrı şəhid ailələrinə də bu insanların içindən yardım edənlər var, ona görə də ucdantutma haqlarına girmək doğru olmazdı.

Ancaq bütün hallarda din pərdəsi altında ölkəmizdən on milyon manatlarla vəsaitin bizimlə təzadlı münasibətləri olan ölkələrə axması siyasi və mənəvi cəhətdən acınacaqlı bir durumdur və bu istiqamətdə maarifçilik işinin gücləndirilməsi olduqca vacibdir. Bununla belə, son günlərdə əsl filmlərə çəkilməyə layiq bir hadisə baş verdiyini duydum. Bu istiqamətdə istintaq araşdırması getdiyindən ad olaraq kimsəni xatırlatmadan müasir və ümumiləşmiş Şeyx Nəsrullah obrazından istifadə edəcəyəm. Demək bir müasir Şeyx Nəsrullah, özünü İmam Mehdinin göndərdiyi adam olaraq tanıdaraq iş adamlarından, sadə insanlardan yığılan haradasa 10 milyona yaxın xüms vəsaitini Quma göndərmək əvəzinə özü birbaşa mənimsəyib. Adam Bakıda özünə villa tikib, torpaq sahələri, maşınlar alıb və başqa naqolay işlər görüb. Bu müasir ölülərimiz bir də ayılıb görüblər ki, bu müqəddəs iş üçün görəvləndirilən adam yığılan vəsaiti, ümumiyyətlə ünvanına təslim etməyib. Başlayıblar şikayət etməyə və şikayətlərini bizə da ayrı-ayrı yollarla çatdıranlar olub.

Bu davranışın adı, əlbəttə, dələduzluqdur. Etibardan sui-istifadə edərək başqasının əmlakını mənimsəməkdir. Yəni hüquqi qiymətləndirilməsi belə ola bilər. Ancaq mən hadisələri heç vaxt ehkamçı hüquqşünas baxışı ilə dəyərləndirmirəm. Burada həm də istəməyərəkdən bir "vətənpərvərlik" əlaməti görürəm. Bəlkə də adına "Dələduz vətənpərvərlik" demək olar. Adam vətənpərvərliyi, ola bilsin ki, dələduzluq yolu ilə etməyi düşünüb. On milyon manatlıq vəsaitin başqa ölkələrdə Azərbaycana düşmən olan qüvvələrin əlinə keçməməsi üçün onun təyinatını dəyişib, Vətəndə daşınar və daşınmaz əmlakda saxlayıb. Bəlkə də düşünüb ki, bu pullar hansısa yolla ermənilərə ötürüləcək, o səbəbdən də öz komfortu üçün xərcləməyi üstün tutub.

Diqqət yetirin, Mirzə Fətəlidən üzü bu yana onlarla maarifçimiz bu yolda canını fəda etdi, bir qıl payı düşüncə dəyişikliyinə nail ola bilmədilər, lakin bir dələduz bu qədər insana dərs verdi ki, gedin adam balası kimi dininizi öyrənin, həm də ən mükəmməl insan sayılan Məhəmməd Peyğəmbərdən öyrənin, ən mükəmməl kitab sayılan Qurandan öyrənin! O zaman kimsə aldada bilməz sizi. Bunları öyrənmək istəmirsinizsə, o zaman heç olmazsa pulunuzun, sədəqənizin dosta, yaxud düşmənə getdiyini öyrənin.

"Ölülər-2" filmi çəkilməlidir. Məhz həmin "vətənpərvər dələduz"dan istintaq yolu ilə alınan pul vəsaiti ilə bu filmin çəkilişi halal olardı. Bu filmin ssenarisini də yalnız özümüz, yəni azərbaycanlılar yaza bilər. Mirzə Fətəli kimi nəhəngi üç gün dəfn etməkdən imtina edən babalarımızın, nənələrimizin miras qoyduğunu yaşatmağa israrla davam edən azərbaycanlılar...

Allah hər kəsin xümsünü, sədəqəsini qəbul etsin və kimsəni bir də "vətənpərvər olmayan" dələduza urcah etməsin!

635x100

Şərhlər

Müəllim 2021-07-08 10:21:27

Mğhtərəm Fazil bəy Allah sizdən razı olsun Mən sizi Mirzə Cəlil davamçısı bilirəm

Camaat 2021-07-07 17:55:23

Fazil bəy bu cürbə-cür dini cərayanlar 30 ilə yaxındır Azərbaycanda müxtəlif qara- qura ışlərlə məşğuldurlar. Özlərinə babat biznes qurublar.Maliyyə mənbələri də xarici araqarışdıran bizə məlum olan islam pərdəsi altında ailələri dağıdan, evlərb yıxmaqla məşğuldurlar.Bunlara qarşı mübarızə aparmağın vaxtı deyilmi? Oö

Son yazılar