“QARABAĞDAKI ERMƏNİLƏR AZƏRBAYCANA YALVARACAQ...” – “Hər şey plan üzrə gedir”

Ermənistan-Azərbaycan dövlət sərhədində, xüsusilə Naxçıvan istiqamətində erməni tərəfinin təxribatları fonunda Prezident İlham Əliyevin Moskva səfəri xüsusi diqqətlə izlənildi. Əliyevin Moskvada qapalı görüşlərdə Ermənistan tərəfinin son həyasız davranışlarını qaldıracağını, bununla bağlı əsaslı izahat tələb edəcəyi, qarşı tərəfə Rusiya vasitəsilə xəbərdarlıq edəcəyi gözlənilirdi. Eləcə də, Xankəndindəki Ermənistan ordusunun ərazidən çıxarılması, separatçı silahlı qrupların silahsızlaşdırılması, habelə delimitasiya və demarkasiya prosesinin başlanması da Bakının əsas hədəflərinə aiddir. Erməni tərəfinin son təxribatşı hadisələri, atəşkəsi hər gün pozmasının Bakını hədəflərindən yayındırmaq, onu gecikdirmək məqsədi daşıdığı da güman olunur.

“AzPolitika.info” mövzunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Ermənistan tərəfindən atəşkəsin pozulması getdikcə adi hal almağa başlayır. Müharibədə məğlub olmasını kapitulyasiya aktını imzalamaqla qəbul edən İrəvanın indiki hərbi təxribatlarını nə ilə izah etmək olar?

- Prinsipcə, burada gözlənilməz bir şey yoxdur. Əvvəla, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yoxdur. Başqa sözlə, Ermənistan Azərbaycanla düşmən dövlətdir. Müharibənin son günü üçtərəfli bəyannamə imzalanıb, onun müddəaları var. Atəşkəs də bura aiddir. Bəndlər demək olar ki, işlək vəziyyətdədir və yerinə yetirilir. Əlbəttə, biz gözləyirdik ki, müharibədən sonra dünya qəbul edib ki, Azərbaycan zəfər qazanıb, özünün ərazi bütövlüyünü bərpa edib, Ermənistanın ərazisinə daxil olmayıb. İndi də xoş qonşuluq prinsiplərinə əsaslanaraq Ermənistanla sərhəd qurur. Sözsüz ki, bu sərhəd məsələsinə müxtəlif qüvvələr mane olmaq istəyirlər. Bütün bunlar əslində bizim tərəfimizdən gözlənilən davranışlardır. Biz bilirdik ki, sərhədi quranda Ermənistan sakit oturmayacaq. Hazırda təmas xətti, döyüş bölgəsi faktiki yoxdur. Yalnız dövlət sərhədi var. Qazaxdan tutmuş Naxçıvana qədər uzanan sərhədlərdir. Əlbəttə, burada atəşkəs də pozulur, cavab atəşi ilə qarşı tərəf susdurulur. Düzdür, indi şərait başqadır. Biz faktiki dövlət sərhədinə çıxmışıq. Gözləyirdik ki, Ermənistanda seçkilər keçsin, vəziyyət aydınlaşsın. Amma müşahidə etdiyimiz odur ki, seçkilərdən sonra atəşkəsin pozulması mütəmadi davam edir. Bunun da əsas məqsədi ondan ibarətdir ki, bizim dövlət sərhədimizi qurmağımıza mane olsunlar, dövlət sərhədində münaqişə olmasa da, ona yaxın şərait yaratsınlar. Bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqətini prosesə çəkməyə asanlıqla nail olsunlar. Eyni zamanda Minsk Qrupunu bu prosesdə aktivləşdirsinlər. Yəni bütün bunlar erməniyə xas mövqelərdir. Bütün bunlarla paralel olaraq Azərbaycan Silahlı Qüvvələri konkret tapşırıq alıb, sərhəd var, xəritələr var. Bu xəritələr əsasında dövlət sərhədimizi ermənilər istəsə də, istəməsə də quracağıq.

Atəşkəsin pozulmasına gəldikdə, bəzən deyirlər ki postlarda erməni əsgərləri içki qəbul edib atəş açırlar. Bəzi məlumatlara görə gənc əsgərlər postlara qoyulur və onlar da gecə vaxtı qorxu faktoruna görə atəş açırlar. Yəni erməni mediasından ara-sıra belə məlumatlar almaq olur. Deyim ki, konkret olaraq qarşımızda böyük və ciddi maneə var, bu doğru olmazdı. Atalar sözü var: milçək bir şey deyil, ama ürək bulandırır. İndi ermənilərin davranışları da ürək bulandıran haldır. Gecə orada-burada atırlar. Əvvəllər də təmas xəttində bu məsələ var idi, elə dövlət sərədində də olurdu. İndi də bu proses davam edir. Mən hesab edirəm ki, bu çox çəkməyəcək. Ermənilərə bir qədər qol-qanad verən də Minsk Qrupunda vasitəçi dövlətlərin Bakıdakı diplomatlarının Şuşaya getməməsi halıdır. Ola bilsin ki, bu hərəkətdən sonra erməni tərəfi eyforiyaya qapılıb. Özləri üçün bir mif yaradıblar ki, guya bunları kimlərsə dəstəkləyəcək. Əlbəttə, onları dəstəkləyə bilərlər. Sadəcə Azərbaycanın onların torpağında gözü yoxdur. Öz torpaqlarımız məsələsində də sözümüzü demişik, qələbə qazanmışıq, işğalçı ordunu darmadağın etmişik. İndi də bəyannaməyə uyğun olaraq biz infrastrukturu bərpa edirik. Füzuli, Zəngilan, Şuşa istiqamətində yollar çəkirik. Odur ki, ermənilərin və Ermənistandakı hər hansı bir qüvvənin bu proseslərə mane olmaq üçün gücü və imkanı yoxdur. Cənab Prezident Əliyev də açıq bəyan edib ki, “dəmir yumruq” hər an hazır vəziyyətdədir. Yəni qarşı tərəfə xəbərdarlığımız olub.

- Atəşkəsin pozulmasında Moskva nə dərəcədə maraqlıdır, əgər maraqlıdırsa məqsəd, istək və planları nədən ibarət ola bilər?

- Mən düşünmürəm. Bəli, fərqli fikirlər ola bilər. Xüsusilə, Şuşa ətrafında atışma oldu və bu artıq Azərbaycan ərazisindədir. Deməzdim ki, onlar maraqlıdır. Prinsipcə, rus sülhməramlıları qarşılarına qoyulan tapşırıqları yerinə yetirirlər. Bəli, bir-iki istiqamətdə atışma olub. Monitorinq Qrupu bununla bağlı araşdırma aparır. Sözsüz ki, Azərbaycanın ərazisi daxilində və qanunsuz silahlı qrupların yerləşdiyi ərazidə atəşkəsin pozulmasının iki məqsədi ola bilər.

Birincisi, Azərbaycan müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında soyuqluq yaratmaq niyyəti.

İkincisi, elə şərait yaratmaq ki, beş ildən sonra Rusiyanın bölgədə qalmasını təmin etmək. Yəni atəşkəsi pozmaqla nümayiş etdirmək ki, vəziyyət o qədər də yaxşı deyil, hələ atəşkəs mütəmadi olaraq pozulur və s. İstisna etmirəm ki, sülhməramlıların ikinci müddətinə gəlib çatanda aktivlik müşahidə edək.

Rus sülhməramlı qüvvələrinin olması oradakı ermənilərə sərf edir. Çünki sülhməramlılar humanitar missiya adı altında orada bərpa işləri aparır, oradakıları təmin edirlər, təhlükəsiz şərait yaradırlar və s. Amma bu da çox çəkməyəcək. İndi Azərbaycanın qarşıya qoyduğu əsas məsələ işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulmasıdır. Bunu nə qədər tez və sürətli bərpa etsək, o qədər də sürətli şəkildə rus sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdə də müəyyən proses gedəcək. Düşünürəm ki, ermənilər də getdikcə reallığı başa düşəcək. Çünki Qarabağdakı ermənilər Ermənistana lazım deyil. Artıq bəllidir ki, Qarabağda olan ermənilər Ermənistanda olan erməniləri qəbul etmək istəmirlər. Yəni proseslərin ana xəttini onlar yaxşı bilirlər. Odur ki, sülh bərqərar olacaq, hər şey qaydasına düşəcək, hələ Qarabağdakı ermənilər Azərbaycana yalvaracaq ki, normal həyat sürmək üçün bizi vətəndaşlığa qəbul edin.

- Naxçıvan istiqamətində dövlət sərhədində atəşkəsin pozulması xüsusilə düşündürücüdür. Bu kimi təxribatların sonda böyük çaplı əməliyyat fazasına çevrilmə ehtimalı nə dərəcədədir?

- Yox, atəşkəsin pozulmasının aktiv hərbi əməliyyatlar fazasına keçməsi ehtimalı yoxdur. Əvvəla, onların gücü və resursu yoxdur. Nə gücləri var ki, bu haqda düşünsünlər?

İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı strukturları çox güclüdür. Hər an düşmən təxribatının qarşısını almağa qadirdir. Digər yerlərdə də həmçinin. Məncə, burada başqa məsələlər - Zəngəzir dəhlizi faktoru var. Bu məsələni bir qədər gecikdirmək niyyəti ola bilər. Yəni atəşkəsin pozulmasının məqsədi daha çox siyasidir.

- Azərbaycan Prezidentinin son açıqlamalarından məlum oldu ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına və sərhədlərin delimitasiyasına özünü hazır hesab etmir. Əgər Ermənistan buna hazır deyilsə, proses hansı istiqamətdə gedəcək?

- İş ondadır ki, Ermənistan heç vaxt müstəqil dövlət olmayıb. Ermənistanın rəbərliyinə hansı qüvvə kimi gətiribsə, onun da sifarişini yerinə yetirir. Odur ki, bu saat Ermənistan vətəndaşları əslində normal, adam kimi yaşamaq istəyirlər. Gürcüstanın timsalında çoxları bu barədə danışırlar. Ən azından erməni mətbuatında belə fikirlər də səsləndirilir ki, biz də Gürcüstan kimi enerji dəhlizlərindən, iri layihələrdən öz ehtiyaclarımızı ödəyə, bundan istifadə edə bilərdik. Aydındır ki, onların buna qədər Azərbaycana gücü çatmayıb, bundan sonra ümumiyyətlə çatmayacaq. Bu artıq aksiomadır. Bunu heç kim inkar edə bilməz. Ermənistan da, ona dəstək verənlər də bunu bilir. Deməli, bir yol qalır. Azərbaycanla normal münasibətlər qurmaq, Türkiyə ilə sərhədləri açmağa imkan verəcək və nəticədə Ermənistan normal yaşaya biləcək. Əlbəttə, əgər yaşamaq istəyirsə. Məncə, bunu erməni cəmiyyəti, sadə ermənilər çox yaxşı anlayır. Sadəcə olaraq başqalarının təsiri altında olan qüvvələr, hakimiyyət başqalarının sifarişini yerinə yetirir. Bu da sonda erməni xalqının başında partlayacaq və bunun Azərbaycana hər hansı bir təsiri olmayacaq. Azərbaycan güclü və ayaq üstə duran dövlətdir.

- Prezident İlham Əliyevin Moskvaya səfəri baş tutdu. Məlumdur ki, 10 noyabr sazişində götərilsə də, Qarabağda olan Ermənistan ordusu ərazidən çıxarılmayıb, Xankəndindəki separatçıların silahlı dəstələri tərki-silah olunmayıb. Normalda bunu rus sülhməramlıları həyata keçirməli idi. Moskvada baş titan İlham Əliyev-Vladimir Putin görüşündən nə gözləyirsiniz?

- Hesab edirəm ki, bütün bu məsələlər müzakirə ediləcək. Bilirsiniz ki, bir sıra məsələlərin həlli üçün zaman lazımdır. Hesab edirəm ki, zaman hər şeyi həll edəcək. Oradakı hərbçilər, əli silahlılar artıq Azərbaycan üçün təhlükə deyil. Onlar bir şey edə bilsəydilər və belə gücləri olsaydı, indiyə qədər bunu edərdilər. Və biz torpaqlarımızı işğaldan azad edə bilməzdik. Düşünürəm ki, bir müddətdən sonra bu məsələlər də öz həllini tapacaq. Bəzi gizli məqamlar var, əslində heç gizli məqam da deyil. Sadəcə iş prosesində müəyyən məqamlar var və onlar da zamana bölünüb. Üçtərəfli bəyannamədə qoyulan öhdəliklər hər üç tərəf üçün perspektiv vəzifələrdir və onlar da yerinə yetiriləcək. Bəli, proseslər biz istədiyimiz sürətlə getmir. Amma iş ondadır ki, proses dayanmayıb. Hər şey də nəzarət altındadır. Sülhməramlı qüvvələr öz tapşırığını yerinə yetirir, Monitorinq Mərkəzi həmin ərazini nəzarət altında saxlayır. Sülhməramlı kontingentin komandanlığı Azərbaycanın müvafiq strukturları ilə sıx təmasda öz fəaliyyətini aparır. Bütün proseslər iş qaydasında gedir. Biz bilmirik ki, onların tam həyata keçirilməsi üçün nə qədər zaman ayrılıb. Məncə, bu artıq detallardır. Təsadüfən üç ölkənin baş nazirinin müavinlərindən ibarət komissiya yaradılmayıb. Baş nazirlərin müavinləri mütəmadi müzakirə aparır və bu bəyannamədə qeyd edilən bəndləri müzakirə, həll edirlər.

Nikol Paşinyanın Moskvaya səfəri, görüşü və müzakirələri olub. İndi də Prezident Əliyev Rusiyaya səfər edib və danışıqlar aparıb. Rusiya bu istiqamətdə vasitəçiliyini davam etdirəcək.

- Rusiyanın bu prosesdəki rolunu nə dərəcədə ədalətli hesab etmək olar?

- Rusiyanın öz maraqları var. Əgər kimsə desə ki, rusların maraqları yoxdur, bu ağ yalan olardı. Bəli, Rusiyanın maraqları var, Azərbaycanın da öz maraqları var. Həmçinin Türkiyənin də öz maraq dairəsi var. Eləcə də digər ölkələrin. Ancaq indi Rusiyanın maraqlarının Azərbaycan maraqları ilə ziddiyyət təşkil etdiyi görünmür. Azərbaycan Prezidenti, hələlik, Rusiyaya qarşı ciddi irad və narazılıq bildirməyib. Bu da onu göstərir ki, hər şey Azərbaycan maraqları çərçivəsində gedir. Yəni burada Rusiya və Azərbaycanın maraqlarının ziddiyyəti yoxdur. 

- Türkiyənin posesdən kənarda qaldığı haqda fikirlərə rast gəlinir. Sizcə, nədən müharibə dövründə fəal olan Ankara indi passiv mövqedədir?

- Türkiyə prosesdən kənarda qalmayıb, öz missiyasını davam etdirir. Türkiyənin məqsədi regionda sabitliyi saxlamaqdır. Azərbaycanla bağlı marağı da, Bakının qarşısına qoyduğu məqsədə çatmaqda dəstək olmaq, işğaldan azad olunan ərazilərdə infrastrukturun yaradılmasında töhfə verməkdir. Eyni zamanda, Rusiya kimi Türkiyə də Zəngəzur dəhlizinin yaradılmasında maraqlıdır. Qənaətimcə, hər şey plan üzrə gedir və Türkiyəni də heç kim buradan sıxışdırıb çıxarmayıb.

Rasim ƏLİYEV

“AzPolitika.info”


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

t.ədalət 2021-07-22 13:14:11

Bu adamlar öz çıxışları ilə istəyirlər ki,sərhədlərimizdə qarışıqlıq salan rusların üzərindən diqqəti yayındırsınlar.Guya,atan ermənilərdir,deməklə özlərini də pis duruma salan rusiya təhsilli zabitlər,çox yaxşı bilirlər ki,Xankəndini və ətrafı zəbt edən Rusiyadır.Bizdə olduğu kimi ermənistanın da "5 kolon"u var və Putin onların adı ilə müharibə dəllalığı edir.Komandir olduqları vaxtlarda böyük itkilərlə Azərbaycan ordusunu dağıdan keçmiş zabitləri dərc etmək lazım deyil

Son yazılar