AZƏRBAYCANDA REFERENDUM KEÇİRİLƏCƏYİ GÖZLƏNİLİR - Hakimiyyət hansı dəyişikliklərə gedə bilər?

Ölkədə proporsional seçki sisteminin bərpa olunacağı, Milli Məclisin say tərkibinin artırılacağı, siyasi mübarizənin parlamentə keçəcəyi barədə məlumatlar var

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçiriləcəyi barədə məlumatlar dolaşmaqdadır. Məlumata görə, hökumət sentyabrda referendumla bağlı Milli Məclisdə müzakirələrə başlaya bilər.

Mənbənin iddiasına görə, parlamentin payız sessiyasının ilk iclaslarından etibarən bu barədə müzakirələr başlayacaq. 

“Ola bilsin, proporsional sistemin bərpası, Milli Məclisə yeni seçkilərin keçirilməsi məsələləri müzakirəyə çıxarılsın və sonra referenduma getmək haqda qərar verilsin”, - deyə mənbə bildirib.

Qeyd edək ki, 2002-ci ildə keçirilən ümumxalq referendumu ilə ləğv olunmuş proporsional seçki sisteminin bərpası ilə bağlı ölkə müxalifətinin çağırış və müraciətləri saysız-hesabsızdır. Müxalifət bu məsələ ilə bağlı təşəbbüslərində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə də istinad edib. 

Hesab olunur ki, ölkədə demokratiyanın inkişafı, idarəetmənin təkmilləşdirilməsi baxımından bu sistemin siyasi palitraya qaytarılmasında yalnız fayda var. Eyni zamanda yanaşmalardan biri budur ki, mandat sahibi olmuş şəxsin millət vəkili statusunu qazanmasından ötrü onun bir dairədən deyil, ölkənin müxtəlif regionlarından səs qazanması əsas şərtdir.

Proporsional seçki sistemini ölkənin siyasi sistemi üçün çox önəmli faktor sayan müxalif düşərgənin təmsilçiləri vaxtaşırı olaraq Milli Məclisin say tərkibinə yenidən baxılmasını da zəruri sayırlar. Hələ illər öncə aparıcı siyasi partiyalardan biri parlamentdəki yerlərin sayının 125-dən 200-ə çatdırılması təşəbbüsü ilə çıxış etmişdi. Ölkə əhalisinin sayının 10 milyonu keçməsinə istinad edərək Milli Məclisdə deputat sayının 250-yə çatdırılmasını təklif edənlər də var.

Xatırladaq ki, hələ müstəqilliyin ilk ilində Azərbaycan Respublikasının Ali Sovetində 360 deputat təmsil olunurdu. Düzdür, hakim partiya təmsilçiləri müxalif yanaşmaların qarşılığında daim majoritar sistemin özünü doğrultduğunu, həmçinin say baxımından optimal variantın olduğunu bildirirlər. Amma mövzuya nöqtə qoyulmaması, üstəlik, referendum iddiasının gündəmə gəlməsi məsələni bir daha aktuallaşdırır.

Bu kimi fikirlər digər müxalifət təmsilçiləri tərəfindən də səslənir. Ümumilikdə isə VI çağırış Milli Məclisin etimadı doğrultmadığı, dövlət rəhbərliyi səviyyəsində deputat korpusundan narazılığın olduğu barədə də iddialar var. Bu yerdə xatırladaq ki, hələ 2020-ci ilin martında deyilirdi ki, növbədənkənar seçkilər olacaq, yəni indiki tərkib aralıq mərhələ üçündür. Bu mənada deputat saylarının artırılacağı, həmçinin müxalifətin Milli Məclisə düşməsinə mane törədilməyəcəyi haqda məlumatlar da səslənir.

YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirib ki, proporsional sistemin bərpası ilə bağlı Azərbaycan cəmiyyətində zaman-zaman müxtəlif müzakirələr aparılıb: “Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların bu məsələyə öz yanaşmaları var. Hazırda Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar gedir. Bu islahatlar özünü siyasi partiyalarla əlaqə və münasibətlərdə də açıq göstərir. Məlum olduğu kimi, ötən müddətdə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Qısa müddətdə şöbə Ədalət Vəliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla işgüzar əlaqələr qurmağa nail olub. Hazırda bu istiqamətdə ciddi işlər həyata keçirilir. Şöbə davamlı olaraq siyasi partiya rəhbərləri ilə, deputatlarla görüşlər keçirir, ölkədəki ictimai-siyasi durumu təhlil edir. Artıq Azərbaycanda yeni bir dialoq mühiti və mədəniyyəti yaranıb”.

Ceyhun Məmmədov

VI çağırış Milli Məclisin etimadı doğrultmadığı fikrinə gəldikdə isə C.Məmmədov bunları söylədi: “Deyə bilərəm ki, bu gün deputatlar arasında Prezident İlham Əliyevin həyata keçirdiyi çevik daxili və xarici siyasətlə adekvat cavab verən və cavab verə bilməyənlər var. Hər bir kəs öz vicdanı qarşısında hesabat verməyi, ona göstərilən etimadı doğrultmağı bacarmalıdır”. 

Yeni seçkilərin keçirilməsinə gəldikdə isə YAP-çı deputat hesab edir ki, bu məsələyə dair qərarın qəbul edilməsi sırf ali rəhbərin iradəsinə bağlı məsələdir: “Prezident İlham Əliyev bütöv prosesdən tam məlumatlıdır və zaman-zaman müxtəlif siyasi gedişlər edir. Deputatların sayının artırılması məsələsinə gəldikdə, hesab edirəm ki, bu məsələ digər ölkələrin təcrübəsi öyrənilərək nəzərdən keçirilə bilər. Onu da qeyd edim ki, hazırda ölkəmiz çox həssas dönəmə daxil olub. Hər birimizin daha çox çalışmasına, siyasi proseslərə həssas və çevik reaksiya verməsinə, möhtərəm Prezidentin ətrafında sıx birləşməsinə çox ehtiyac var. Biz birlikdə qarşıda duran bütün məqsəd və hədəflərin həyata keçməsinə nail olacağıq”.

Parlament müxalifətinin təmsilçisi, deputat, BQP başqanı Fazil Mustafa bildirdi ki, payızda hansısa referendumun olması barədə rəsmi bildiriş və ya təşəbbüs səsləndirilməyib: “O halda ehtimallar üzərindən bunu təhlil etmək doğru olmazdı. Əlbəttə, hər bir təşəbbüs hansısa zamanda meydana çıxa bilər, ancaq bütün bunlar düşünürəm ki, növbəti seçkilər dövrü üçün düşünülə bilər”.

Fazil Mustafa

F.Mustafa bir məsələ ilə razılaşmadı: “Ümumiyyətlə, cəmiyyətdə yanlış olaraq rəy yaratmağa çalışırlar ki, ən uğursuz parlament VI çağırışda formalaşıb. Bu fikri daha çox deputat seçilmək istəyən, lakin son seçkilərdə parlamentə düşə bilməyən insanlar tirajlayır. Halbuki tam məsuliyyətimlə söyləyə bilərəm ki, başqa çağırışlarla müqayisədə ən uğurlu parlament 6-cı çağırış zamanı formalaşıb. Sadəcə, Milli Məclisin vitrininə diqqət yetirməkdən başlamaq lazımdır. Ziyalı, savadlı və korrupsiyadan uzaq bir xanımın sədr olması, azlıqda olan partiya təmsilçilərinin həm parlament rəhbərliyində, həm də komitələrdə rəhbər vəzifəyə gətirilməsi yenilik deyilmi?”

Deputat qeyd etdi ki, Milli Məclisdə artıq maliyyə şəffaflığı özünü göstərir: “Sədrin təşəbbüsü ilə illərdir aparatda çalışan savadlı və dürüst insanlar tapşırıqsız, ”adamsız" və rüşvətsiz şöbə, bölmə rəhbərliyinə gətirilir. İlk dəfədir ki, tenderlərin şəffaf keçirilməsinin şahidi oluruq. Hər iclasda gündəlik problemlərin müzakirəsi üçün sabit vaxt ayrılır, bunları doğrudanmı sadə baxışla görmək mümkün deyil? Pandemiya məhdudiyyətləri olmasaydı, Milli Məclisin ictimaiyyətə daha açıq olduğunu və aktiv fəaliyyətini müşahidə edə bilərdiniz. Xeyli savadlı gənclər Milli Məclisin hazırkı tərkibində təmsil olunur. Əlbəttə, gələcəkdə proporsional seçki sisteminin tətbiqi partiya demokratiyasının inkişafı baxımından faydalıdır. Lakin bunun üçün konstitusiya dəyişikliyi zərurəti var, bu isə zaman tələb edən prosedurdur. Müxalifətin daha çox sayda parlamentdə təmsilçiliyi də ölkədə demokratiyanın inkişafına yardım edərdi. Çox güman ki, növbəti parlament seçkilərində islahatların dərinləşməsinin şahidi olacağıq".

Elxan Şükürlü

Parlamentdə təmsil olunmayan Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü “Yeni Müsavat”a bildirib ki, hakimiyyətin konstitusiyada müəyyən dəyişikliklər etmək üçün referenduma gedə biləcəyi gözləniləndir: “Ancaq bu, Milli Məclisin indiki sözəbaxan tərkibində hansısa dəyişiklik etmək zərurətindən daha çox, 44 günlük Qarabağ zəfərinin gətirdiyi yeniliklərlə bağlı ola bilər. Mümkündür ki, ərazi-inzibati quruluşun dəyişdirilməsi, Qarabağ ermənilərinin mərkəzi hakimiyyətə əlverişli tabeçilik mexanizminin yaradılması, icra hakimiyyəti sistemində mövcud olan ikili idarəetmənin - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması və Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpası üçün referenduma gedilsin. Ancaq hökumət riskləri də hesablamalıdır”.

E.Şükürlü digər məqama da diqqət çəkdi: “Hazırda Azərbaycan hakimiyyəti reytinqinin zirvəsində olsa da, referendum və ardınca da parlament seçkiləri bütün ölkə boyu siyasi fəallığı və gərginliyi görünməmiş dərəcədə artıracaq. Bu, indiki anda hakimiyyətə lazımdırmı? Hələlik hakimiyyətin qarısında duran əsas vəzifə Qarabağ məsələsində əldə etdiyi qələbəni qoruyub saxlamaq və Ermənistanla sülh danışıqlarını da uğurla aparmaqdır. Sülh danışıqlarının getdiyi bir vaxtda referendum və ardınca da bu dəyişikliyə uyğun seçki keçirilməsi hansısa maraqlı xarici qüvvələri hakimiyyətə qarşı çıxışlara həvəsləndirəcək, hamısını hərəkətə gətirəcək. Əgər hakimiyyət bu riskləri əvvəlcədən hesablayıbsa və xüsusən də xarici güclərin sülh prosesini pozmaq üçün ölkənin daxilində qarışıqlıq yaratmayacağından əmindirsə, onda referenduma da, seçkiyə də gedə bilər. Ancaq əlverişli, daha təhlükəsiz variantlardan biri kimi, o da mümkündür ki, eyni vaxtda referendum və boş qalmış dairələrə təkrar seçki keçirilsin”.

Politoloq Zaur Məmmədov isə hesab edir ki, 44 günlük müharibə nəticəsində işğal altındakı ərazilərin böyük hissəsini geri qaytaran Azərbaycan yeni reallıq yaradıb: “Yeni reallıq ölkənin daxili idarəediciliyində də sistemli dəyişiklikləri, yanaşmanı tələb edir. Bunun da nəticəsi idi ki, bir müddət əvvəl Prezident 1991-2021-ci illər ərzində mövcud olan iqtisadi rayonlara bir sıra mühüm dəyişikliklər etdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. Bununla yanaşı, hazırda mövcud olan icra hakimiyyəti institutu və regional idarəçilikdə də bir sıra çox mühüm dəyişikliklərin ediləcəyi gözlənilir. Yeni reallıq həm də dövlət institutlarının hazırkı tendensiyalara adekvat cavab verməsinə hesablanıb”.

Siyasi təhlilçi referendumla bağlı səslənən fikirləri və ehtimalları səbəbsiz saymır: “Əlbəttə ki, torpaqların işğaldan azad edilməsi, bölgədəki yeni geosiyasi proseslər qanunverici və təmsiledici orqan olan Milli Məclisə təsirsiz ötüşməyəcək. Bu yenilik, həm də parlamentdə əlavə təmsilçilərin əyləşməsini ehtiva edir. Bundan başqa, məlum olduğu kimi, Milli Məclisin dəyişən reallıqlarla ayaqlaşması vacibdir. Bura həm daxili siyasətdə dövlətin daha da güclənməsi üçün düşünülmüş və yaxşı hazırlanmış qanunların hazırlanması, həm də informasiya müharibəsi çərçivəsində deputatların beynəlxalq təşkilatlarda daha effektiv təmsilçiliyi daxildir. Hazırda 125 deputatın daha çoxunun fəal olmasına ehtiyac var. Ələlxüsus belə məsuliyyətli vaxtda 125 deputatın hər biri Azərbaycan dövlətinin sabahı üçün öz töhfələrini verməlidir”.

635x100

Şərhlər

Niyaməddin 2021-07-28 23:15:40

Bütün dairələrdə vətənpərvər siyasətçilər olmalıdır. Satqınlar, rüşvətxor məmurlar rədd olunmalıdır.

Kərim 2021-07-28 21:22:59

Milli Məclisdə say artımına heç bir ehtiyac yoxdur.Çünki onlar formal olaraq MM-ə təqdim edilən dəyişikliklər və əlavələri təsdiq etməklə məşğuldurlar.Ümumiyyətl deputat yaşadığı rayondan sçilməlidir ki, əhalinin problemlərini bilsin və həlli ilə məşğul olsun.

Cəmşid Dərələyəzli 2021-07-28 21:16:48

Deyərdim ki, Azərbaycan bu məsələdə hələ gecikib. Son Parlament "seçgilərindən" az sonra Azərbaycanda bu parlamentin buraxılıb (44 günlük müharibə gedişatında orada oturanların əksəriyyətinin nəyə "yaradıqlarının" bir zad şahidi olduq), konistitutsiyada dəyişiliklər edilib, yeni seçgilərə və Rüferenduma gedilərək, Ölkədə sistem dəyişikliyinə gedilməsi barədə dəfələrlə mətbatda, TV müsahibələrimdə və cənab Prezidentin elektron poçtuna yazmaqla fikirlərimi bildirmişəm . Digər yandan ölkədə keçirilmiş son referendumnan (2002 ) artıq xeyli zaman keçib. Bu müddət əərzində ölkədə dövlətin dayanıqlığı möhkəmlənib və ən əsası da bu dayanıqlığa dayaq duran dövlət strukturları mükəmməlləşib, oturuşub. Odurki də, ölkə siyasətində və ölkə içi idarə edilmədə bəzi yumuşalmalara ehtiyac var. Ən önəmlisi isə Azərbaycanda aparılan islahatlarla bağlı hədəfə ulaşmaq üçün, sistem dəyişikliyinə getmək lazımdır. Çünki, cənab Prezidentin də dediyi kimi Sistem köhnəlib. Ona görə də islahatlar öz bəhrəsini əksər hallarda vermir. Məsələn Kadr islahatları, bəzi sahələrdə kadrlar dəyişir, amma heç nə dəyişmir. Qaldı bu məsələ ilə bağlı bu məqalədə səsləndirilən fikirlərə, bəziləri ilə razılaşmıram. Belə ki, bəzisi guya hazırki vaxtda “Azərbaycan hakimiyyəti reytinqinin zirvəsində olsa da, referendum və ardınca da parlament seçkiləri bütün ölkə boyu siyasi fəallığı və gərginliyi görünməmiş dərəcədə artıracağını” deyir. Asla. Əslində ölkədə bütün taleyüklü məsələlərdə ökənin hər tərəfli inkişafına əngəl olan məsələlər paralel həll olunmalıdır. Yəni bu gün tezdir, sabah gecdir tezisini uyğilamaqla, hər məsələ öz zamanında həll olunmalıdr. O ki qaldı bu msələdə guya xarici güclər fəallaşacaq, bu da yanlış bir fikirdir. Məqalədə, parlamentdə “müxalifət” sifətində otuzdurulub, əslində nə müxalifətə nə də iqtidara yaramayıb, daima bütün fəaliyyətində nala- mıxa döyməklə məşqul olan birisinin fikir bildirməsi və sonra da öz fikirinə haqq qazandırmaq üçün, şərhlər yazdıran birisinin söyləməsi ki, “Ümumiyyətlə, cəmiyyətdə yanlış olaraq rəy yaratmağa çalışırlar ki, ən uğursuz parlament VI çağırışda formalaşıb. Bu fikri daha çox deputat seçilmək istəyən, lakin son seçkilərdə parlamentə düşə bilməyən insanlar tirajlayır”. Dryərdim ki, bu fikir deyil. Sadəcə məkrdirdir və qeybətdir. Bu gün Parlamentdə otuzdurulan deputatların əksəriyyətinin kimliyi də, savadı və əqidəsi də (hələ bəzilərini demirəm ki, oraya otuzdurulana kimi daima hakimiyyətdən narazı olublar, üzdə də guya özlərini iqtidardan olduqlarını söylərlər) cəmiyyətə bəllidir. Onların bir çoxları hətta, “ehtiyacı olduqda deputatlıq vəsiqəsini girov qoyub borc götürən deputat”ın oxşarıdır belə. Odurki də indiki deputatların əksəriyyətinin (5-3 nəfər istisna) xalqın yanında olmaları bir yana, qeyd etdiyim kimi, hətta 44 günlük vətən müharibəsində Dövlətin və Dövlət Başçısının yanında belə olmadılar. Yəni qısacası qoyulan məsələnin əlehinə danışanların fikrlərini məntiqsiz sanıram və inanıram ki, cənab Prezident uzağı bu barədə öz sözünü payızda deyəcəkdir. Çünki, yuxarıda qeyd etdiyim həlli vacib məsələlərdən dolayı gecikirik.

seçici 2021-07-28 15:05:29

Deputat təyin olunmayıb xalq tərəfindən seçilsə biz də bir millət kimi deyərdik deputatımızı seçmişik. Yoxsa Siyavuşlar mirələmlər əhədlərdən ibarət olan parlament millətə xalqa yox kimə işləyir?

Roma 2021-07-28 13:20:21

Mən Fazil Mustafa ilə demək olar ki, razıyam: "F.Mustafa bir məsələ ilə razılaşmadı: “Ümumiyyətlə, cəmiyyətdə yanlış olaraq rəy yaratmağa çalışırlar ki, ən uğursuz parlament VI çağırışda formalaşıb. Bu fikri daha çox deputat seçilmək istəyən, lakin son seçkilərdə parlamentə düşə bilməyən insanlar tirajlayır. Halbuki tam məsuliyyətimlə söyləyə bilərəm ki, başqa çağırışlarla müqayisədə ən uğurlu parlament 6-cı çağırış zamanı formalaşıb. Sadəcə, Milli Məclisin vitrininə diqqət yetirməkdən başlamaq lazımdır. Ziyalı, savadlı və korrupsiyadan uzaq bir xanımın sədr olması, azlıqda olan partiya təmsilçilərinin həm parlament rəhbərliyində, həm də komitələrdə rəhbər vəzifəyə gətirilməsi yenilik deyilmi?”"...bəli Fazil Mustafa çox düzgün qeyd edib...

Roma 2021-07-28 13:13:35

Mən Fazil Mustafa ilə demək olar ki, razıyam: "F.Mustafa bir məsələ ilə razılaşmadı: “Ümumiyyətlə, cəmiyyətdə yanlış olaraq rəy yaratmağa çalışırlar ki, ən uğursuz parlament VI çağırışda formalaşıb. Bu fikri daha çox deputat seçilmək istəyən, lakin son seçkilərdə parlamentə düşə bilməyən insanlar tirajlayır. Halbuki tam məsuliyyətimlə söyləyə bilərəm ki, başqa çağırışlarla müqayisədə ən uğurlu parlament 6-cı çağırış zamanı formalaşıb. Sadəcə, Milli Məclisin vitrininə diqqət yetirməkdən başlamaq lazımdır. Ziyalı, savadlı və korrupsiyadan uzaq bir xanımın sədr olması, azlıqda olan partiya təmsilçilərinin həm parlament rəhbərliyində, həm də komitələrdə rəhbər vəzifəyə gətirilməsi yenilik deyilmi?”"...bəli Fazil Mustafa çox düzgün qeyd edib...

Veteran 2021-07-28 11:19:50

Qeyd edilən fikirlərlə tam razıyıq.Əgər demokratik seçki keçirilərsə.

Son yazılar