DOSTLUQ VƏ DÜŞMƏNÇİLİK ARASINDA: Avropa Birliyi və Rusiya münasibətləri

İkitərəfli əlaqələrin pisləşməsindən və Almaniyada keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, Rusiya və Almaniya arasındakı qarşılıqlı münasibətlər çox da dəyişməyəcək. Dərin struktur gücləri bu münasibətlərin “Nə dost, nə düşmən” rejimində saxlanılmasını təmin edəcək.

Avropanın ən nüfuzlu və güclü ölkəsi olan Almaniyada 2021-ci ildə keçiriləcək seçkilərdən sonra Rusiya ilə Avropa arasındakı münasibətlər nə dərəcədə dəyişə bilər? Bu münasibətlər çox az dəyişəcək. Bu xüsusda iki faktor mühüm rol oynayacaq.

Birincisi - Avropa ilə bağlı məsələlərdə Almaniya Rusiyanın əsas həmsöhbəti olacaq.

İkincisi - Hərçənd ki, Avropanın aparıcı gücü Almaniyanı Rusiyaya düşmən saymaq olmaz, lakin münasibətlərin xeyli dərəcədə yaxşılaşmasını gözləməyə dəyməz, bu real deyil.

Nə vaxt söhbət Avropadan gedirsə, onda Kissincerin söylədiyi kimi “əgər Avropa ilə danışmağa ehtiyac yaranıbsa, kimə zəng etmək lazımdır” sualı meydana gəlir. Onu demək gərəkdir ki, Avropa ölkələrinin Rusiyaya müxtəlif baxışları var. Avropanın aparıcı ölkələri Almaniya və Fransa Rusiya ilə münasibətlərdəki gərginlik yükünü azaltmaq niyyətindədirlər.

İtaliya və Avstriya Rusiya ilə daha çox yaxınlıq etməyə hazırdırlar. Onlardan fərqli olaraq “Brexit”dən sonra Böyük Britaniya Moskvanı başlıca təhlükə sayır və onun bu baxışlarını Polşa, Rumıniya və Pribaltika dövlətləri bölüşür. Ancaq Macarıstanın baş naziri Viktor Urban həmişə qapıları Vladimir Putinin üzünə açıq saxlayır.

Ümumiyyətlə, Rusiya Avropa Biriliyi vasitəsilə qurulan çoxtərəfli əlaqələrdən başqa Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlər yaradılmasına daha çox üstünlük verir. Çünki Rusiyanın strategiyası postmodern Avropasının çoxtərəfli dinc əlaqələr prinsipindən fərqli olaraq elə əzəldən güc tətbiqi siyasəti üzərində qurulub.

Buna müvafiq şəkildə Avropanın ən böyük iqtisadiyyatı və ən nüfuzlu üzvü olan Almaniya gələcəkdə də Rusiyanın Avropadakı ən mühüm tərəfdaşı olacaq. Lakin son illər Avropanın Rusiyaya etibarı zəifləyib. Ukrayna böhranı, Rusiyanın keçmiş kəşfiyyatçısı Sergey Skripalın 2018-ci ildə Britaniyada zəhərlənməsi, müxalifət lideri Aleksey Navalnıya qarşı sərt davranılması və həmçinin Çexiyadakı silah anbarının ruslar tərəfindən partladılması kimi məsələlər qarşılıqlı münasibətləri dərindən zədələyir.

Avropa Birliyin baş diplomatı Jozel Borrel bu yaxınlarda xəbərdarlıqla deyib ki, Rusiya ilə əlaqələrin pisləşəcəyi gözlənilir.

Almaniya energetikasının Rusiya təbii qazından asılılığı Berlinin Moskva ilə lüzumsuz düşmənçilik siyasəti aparmayacağının təminatçısıdır. 2019-cu ildə Almaniya təbii qaz idxalının 50%-i Rusiyanın payına düşüb. Baltik dənizinin dibi ilə çəkilən “Şimal axını-2” qaz kəməri isə enerji asılılığını bir qədər də gücləndirir. Almaniyanın Yaşıllar Partiyası bu layihəni tənqid edir. Amma Almaniya 2045-ci ilə kimi karbohidratlardan istifadəni kəskin azaltmaq və atmosferin karbon qazı ilə çirkləndirilməsini sıfıra endirməyi planlaşdırır. Ona görə də, Rusiya təbii qazı bu öhdəliyi yerinə yetirməkdə onlara yardımçı olacaq, belə ki, həmin vaxta hələ 24 il var və o vaxta qədər almanlar qışda öz evlərini qızdırmalıdırlar.

Almaniyanın təhlükəsizlik problemləri də var. İlk növbədə Almaniya Avropa Birliyindəki sabitliyi qorumalıdır, avro valyuta zonasında yaranmış böhranla və Covid-19 pandemiyası şəraitində bunu etmək asan deyil. Bu məqsədlə Berlin Rusiya ilə dostluq etməsə də, hər halda Avropanın şərq sərhədlərində nisbi sakitlik olmalıdır ki, Avropa evində nizam-intizam yaratmağa imkan olsun. Almaniya, həmçinin Rusiyanın önünü kəsmək üçün silahlı qüvvələrinə böyük maliyyə vəsaiti ayırmaq istəmir. Onlar təhlükəsizliyin NATO çərçivəsində amerikalılar tərəfindən təmin edilməsinə və bu məsələdəki status-kvonun saxlanmasına üstünlük verirlər. Əlbəttə, Berlin Fransa və Almaniyanın “Rusiya-Avropa Birliyi” sammitinin keçirilməsi təklifinə şərqi Avropa ölkələrinin veto qoymasını da nəzərə alır və ona görə də, Rusiya ilə münasibətləri daha da yaxşılaşdırmaqdan çəkinir.

Bundan sonra Almaniya çalışacaq ki, onun Rusiya ilə birbaşa əlaqələri və həm də Rusiya -Avropa Birliyi münasibətləri ciddi şəkildə korlanmasın, amma indiki vəziyyətdə Almaniya bu münasibətləri yaxşılaşdırmaq iqtidarında deyil.

(The National Interest-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar