Ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı isə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.

"Bakupost.az"ın əldə etdiyi məlumata görə, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin faktla bağlı araşdırmalara başladığını təsdiqləyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Qeyd edək ki, hadisə 28 iyul gecə saatlarında baş verib. Deputat Eldəniz Səlimov qohumuna aid restoranların birində yeyib-içərkən polis əməkdaşları gələrək, artıq gecə 12 olduğunu bildirib və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. E.Səlimov isə polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.