Deputat Eldəniz Səlimovu Nabrandakı restoranların birində polisi döydüyünə görə qınayırlar. Çox nahaq yerə! Axı, deputat yayın bu cırhacırında harda olmalıdır? Əlbəttə ki, istirahətdə, özü də Nabranda, özü də restoranda, özü də qohumunun (Bəlkə də özünün) restoranında! Nə etməlidir? Əlbəttə ki, yeyib-içib keflənməlidir, özü də gecə saat 12-dən sonra, özü də karantin qaydalarına tüpürməklə, özü də polisə kəllə atmaqla, özü də söyüş söyməklə və s. Yəni ki, YAŞAMALIDIR!
Harda olmalı və nə etməliydi ki? Bəlkə gecəsini gündüzünə qatıb Xaçmazdakı kasıb-kusubun, işsizlərin, şəhid ailələrinin, qazilərin problemlərilə maraqlanmalıydı? Bəlkə problemləri icra orqanlarının, mərkəzi hökumətin qarşısında qaldırıb, onların həlli üçün dəridən-qabıqdan çıxmalıydı? Əlbəttə ki, yox!
İndi həmin bu deputat durub deyə bilər ki, şəhid ailəsinə də, qaziyə də, kasıb-kusuba da kömək etmişəm, problemlərini həll etmişəm, əl tutmuşam və s. Və biz də inanacağıq ki, yəqin kömək də edib, əl də tutub...
Xatırladaq ki, E.Səlimov da YAP-dan deputat seçilib. Bizə isə Hüseynbala Mirələmovun sayəsində elə bu yaxınlarda məlum oldu ki, bu cür “seçilənlər” etdikləri yaxşılıqları reklam etmirlər, yəni “sağ əlin etdiyini(!) sol əl bilmir...”
İndi isə ciddi: Eldəniz Səlimov 2020-ci ilin fevralında artıq ikinci dəfə Xaçmazdan deputat seçilib. Ancaq son restoran olayından əvvəl onu nəinki bütövlükdə cəmiyyətdə, hətta ən aktiv siyasi kəsimdə, mətbuatda, bəlkə də Xaçmazın özündə belə tanıyanlar elə də çox olmayıb. “Vikipediya”da onunla bağlı deyilir: “Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub... 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir(!)... Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi(!) Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışdı. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışdı. 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq"(!) İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışdı...
Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü vəzifəsində çalışıb(?)...”

Əslində, E.Səlimov burada göstərildiyi kimi, 2010-cu il deyil, 2015-ci ildən etibarən deputatdır. 2010-cu il IV çağırış parlament seçkilərində 55 saylı dairədən Arif Əşrəfov deputat olub. Deməli, bu adam özü barədə hamı üçün açıq və ilkin məlumat mənbəyi olan adi “Vikipediya” səhifəsindəki çoxsaylı səhvləri də görə bilmir. Ya da belə şeylərlə, deməli həm də şəxsi reputasiyası, cəmiyyətin, seçicilərin münasibəti və s. ilə maraqlanmır. Əslində, bunda da qeyri-adi heç nə yoxdur, çünki deputatların əksəriyyəti elə bu gündədir.
E.Səlimovun “parlaq” tərcümeyi-halında diqqət cəlb edən məqamlardan biri onun Dağıstan Dövlət Universitetini bitirməsidir ki, bunun da xüsusi şərhə ehtiyacı yoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Təhsil Nazirliyi bu “universitetin” diplomlarını tanımır. Digər maraqlı məqam isə onun Fazil Məmmədovun, yəni verginin “baş kəsən” dövrlərində 10 ildən artıq vergi orqanlarında vəzifə tutmasıdır. Adam bundan sonra da korrupsiya, fırıldaqçılıq və s. ilə ad çıxarmış "TexnikaBank”-da vəzifə sahibi olub. Daha sonra isə Azərbaycandakı ən çox korrupsiyalaşmış icra başçılarından sayılan Şəmsəddin Xanbabayevin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. Sonra da olub deputat! Yaxşı, bu cür “karyera”ya malik olan şəxs də polisə kəllə atmasın, bəs kim atsın?...
Nəhayət, 2020-ci il parlament seçkisinin rəsmi nəticələrinə görə, bu şəxs xaçmazlıların 57.9 faizinin, yəni hər 10 seçicidən 6-sının səsini “qazanıb”. Bəs, görəsən, doğrudanmı Xaçmaz camaatına məhz belə bir deputat lazım idi? Özü də ardıcıl olaraq, iki dəfə!
Son zamanlar Milli Məclisin bəzi üzvləri (onların arasında hörmətlisi də, hörmətsizi də çoxdur-red.) tez-tez mətbuatı, jurnalistləri hədəfə alırlar. Özü də bilə-bilə ki, parlament kimi mətbuat da vahid, yeknəsək bir anlayış, orqan deyil. Parlamentdə deputat vəsiqəsi daşıyan E.Səlimov kimi tiplər olduğu kimi, mətbuatda da belələri var. Lakin parlament daha yığcam müstəvidir, burada cəmi 125 nəfər var və bunların fırıldaqçısı da, harınlamışı da, öz vicdanını, insanlığını, hətta vəsiqəsini pula satanları da tez üzə çıxır...
Bəzi keçmiş və indiki deputatların hərəkətlərinə fikir verəndə düşünürsən ki, bu adamlar cəmiyyəti parlamentdən, qanunverici orqandan, dövlətdən, dövlətçilikdən iyrəndirmək üçün oradadırlar. Və təəssüf ki, hamısı olmasa da, əhəmiyyətli hissəsi E.Səlimovun, Hüseynbala Mirələmovun, Rafail Cəbrayılovun, Hadı Rəcəblinin və digərlərinin bir tayıdır. Biri açıq-aşkar ev, bina tikir, biri taxıl, yonca əkdirir, fermalar saxlayır, o biri telefon, paltaryuyan, tozsoran satır, başqa biri sələmə pul verir, daha nələr-nələr. Yəni onlarla deputatın açıq-aşkar bizneslə, ticarətlə, hətta alverlə məşğul olduğu heç kimə sirr deyil, hansı ki, qanun bunu qadağan edir. İndi bu çevrədən kimlərinsə nə qanunlara, nə polisə, nə məhkəməyə, nə sıravi vətəndaşa və s. məhəl qoymaması təbii görünür. Elə E.Səlimovun davranışı da bu qəbildəndir.
Deməli, parlamentdə doğru-dürüst, xalqın gerçəkdən səs verdiyi şəxslər oturmayınca hələ çox Hüseynbala Mirələmov, Rafail Cəbrayılov, Hadı Rəcəbli kimiləri və onların Eldəniz Səlimov kimi davamçılarını görəcəyik...
Cəlal Məmmədov
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Deməli ya Eldəniz ya Xanhüseyn fərg yoxdur. Kök eynidir və aydindir.
Ordudan gizlənən,alverçi (indi onlara kommersant deyirlər),yekəbaş,dipıomu pulla alan (məs.Z.Məmmədov) axtarsan orada istədiyin qədərinə rast gələrsən.Əcəb kadr çeçimidirOna görə də ölkə düzələ bilmir.
Hamı bilir ki, o deputatlar parlamenttə necə peyda olublar.
Hərbi xidmətde olmayıb ,
Birinci- vaxtında tədbir görmədiyinə görə bir yağlı töhmət payon polis idarəsi rəisinə vermək lazımdır. Özünü müdafiyə edə bilməyən polis nəfərini isə orqanlardan azad etmək lazımdır. Deputatların sayını isə azı 3 dəfə artırmaq lazımdır ki, əl çatan olsun. ..
Cəlal bəyə çox böyük təşəkkür edirik, minnətdarıq! Qələminizə qüvvət! Allah sizi var eləsin! Nə yaxşı ki, varsınız!
1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.Diqətlə yoxlanılsa o heç universtetin harada yerləşdiyini də bilmir Təhsil işçiləri bu tip universitetləri yaxşı tanıyırlar.
Evvela men gormedim ki,deputat xalqi fikrleshsin baxin kasib polisi doyseydi oldurmushduler artiq amma deputat olanda sosial sebeke olmasaydi bunu ort basdir ederdiler.Anti korrupsia hara baxir konstutisiyada yazilib ki,deputat biznesmen ola bilmez
Birdə istirahat mərkəzinə yeyib içmək üçün gedirlərdə,burda qəbahət nə varki,güya polis iş başındadır,pandemiya dövründə bizim yaşadığımız C.Nəxçivanski 66A (Nizami r/n) həyatındakı bisetkanı qanunsuz otağ edib müxtəlif stol üstü oyunları saat 19- dan axşam saat 2-3 qədər oynayırlar,102yə zən edirsən səhəri araşdıran polis deyir sənin nəyinə gərək xəstələnərlər özləri bilər sən demaqoqluğ edirsən,başa sala bilmirsənki,həmin besetka hamıya məxsusdur yoxsa beş altı narkamana yox,ona görədə polisin qanunu qorumağı inandırıcı deyil. Xahiş edirəm fikirlərimi çap edəsiniz.
Marağlıdır görəsən polis doğurdanda qanunu qoruyub,yoxsa gecənin o,vaxtında sifarişlə hərəkət edib.
Etiraz eden Cebrayil qacqinlarini dinlemek evezine ,berk serxos veziyyetde onlari kuce soyuslerile tehqir eden,yeni il gecesi asiriheveslendirici dozadan hotelde ureyi dayanan o deputati da xatirlamaq yerine duserdi.
Yenə Vergilər Nazirliyin əməkdaşı Bu Nazirlik deyəsən bütün vəzifəli yerlərə kadr yetişdirir Ya da bunların necə pul çıxartmaq təcrübəsi seçimdə əsas rol oynayır
2010-2015-ci illər 55 saylı Xaçmaz şəhər dairəsindən deputat olan Arif Əşrəfov çox ləyaqətli, savadlı bir çəxsiyyətdir və onu Eldəniz Səlimovla müqayisə etmək düzgün deyil. Arif müəllim yüksək əxlaqı keyfiyyətlərə malik bir insandır...
Deputat öz qohum əqrabasına xidmət edir
Bizim deputatlara şər atırsan ,onların əlləri də dilləri kimi uzun olmalıdır
Amma,idarəolunandırlar.