Ölkənin rəsmən dini rəhbəri sayılan şəxsin məzhəbçilik, dini ayrıseçkilik, hətta mövhümatçılıq nümunələri göstərməsi cəmiyyətdə etirazla qarşlansa da, təsirsiz də ötüşmür. Bəzi sadə vətəndaşlar dini məzhəbçilik təbliğatının təsiri altına düşərək, yanlış hərəkətlərə yol verirlər

Təəssüf ki, dini məzhəbçilik və savadsızlıq özünü Qarabağ şəhidlərinin xatirəsinə, ruhuna münasibətdə də biruzə verməkdədir. Xüsusilə də 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra istər paytaxtda, istərsə də regionlarımızda kütləvi şəkildə avtomobillərin şüşələrinə və digər hissələrinə şəhidlərimizin şəkillərinin vurulmasına rast gəlirik. Təəssüf ki, bu zaman bəzi hallarda şəhidlərimizin əziz xatirəsi dini məzhəbçiliyin təbliğat vasitəsinə çevrilir.

Belə ki, tez-tez bu və ya digər şəhidimizin şəkli xüsusilə İranda geniş yayılmış və ölkəmizdə insanların beyninə getdikcə daha çox yeridilən məzhəbçiliyin simvoluna çevrilmiş şəxslərlə yan-yana vurulur. Bu sıraya İran üçün müqəddəs sayılan Xameneidən, Qasımidən tutmuş daha kimlərə qədər çoxsaylı şəxslər daxildir.

Ancaq soruşan yoxdur ki, bu adamların öz vətəni, Qarabağ uğrunda şəhid olmuş oğullarımıza nə aidiyyatı var? Ümumiyyətlə, avtomobillərinə bu şəxslərin fotolarını şəhidlərimizlə birgə həkk edənlər həmin şəhidlərimizin valideynlərindən, doğmalarından icazə alıblarmı? Və görəsən, şəhidlərimiz sağlıqlarında özlərinin bu məzhəbçilik simvollarıyla yan-yana görüntülənməsinə razı olardılarmı?

Əlbəttə ki, din, məzhəb seçimi azaddır, hər kəsin seçim haqqı var. Lakin şəhidləri hansısa seçimə, yola, məzhəbə, həmin məzhəbin təbliğinə alət etmək nə dərəcədə doğrudur? 

Məsələn, aşağıdakı fotoya fikir verin. Avtomobilin üzərinə Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov və Fərid Əliyevlə birgə Azərbaycanda böyük əksəriyyətin tanımadığı, bilmədiyi, altına “Muxtar Seqefi” yazılmış bir döyüşçü şəkli vurulub.

Maraq üçün “Vikipediya”ya müraciət edirik və görürük ki, həmin “Seqefi” haqqında yazılıb: “Muxtar ibn Əbu Übeyd Səqəfi (622, Taif - 687, Kufə) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı...”

Yaxşı, sual yaranır ki, birincisi, 7-ci əsrdə yaşamış bu şəxsin şəkli hardandır və belə bir şəkil ümumiyyətlə ola bilərdimi? İkincisi və ən əsası, bu şəxsin Mübariz İbrahimova və digər şəhidlərimizə nə aidiyyatı var?

Şəhidlərimiz böyük qəhrəmanlıq göstərərək, həyatlarını Azərbaycan uğrunda qurban ediblər, İran, İraq, Səudiyyə Ərəbistanı və s. üçün yox. Odur ki, şiə, sünni və s. fərq etməz, şəhidlərimizin əziz ruhunu, xatirəsini və qəhrəmanlığını dini məzhəbçiliyi təbliğatına çevirmək doğru deyil. Unutmayaq ki, şəhidlərimizin arasında ümumiyyətlə, müsəlman olmayanlar belə var...

Bu ağrılı mövzuya müvafiq dövlət orqanlarımızın diqqət yetirəcəyinə, məsələnin hətta gərəkərsə parlament səviyyəsində qaldırılacağına ümid edirik. Çünki şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək və onların adından sui-istifadənin qarşısını almaq hər birimizin boynunun borcudur.

Cəlal Məmmədov

“AzPolitika.info”