"Prokurorluq tərəfindən hər cür üsul və vasitələrə məhkəməyə təzyiq edilir və əsassız vəsatətlər verilərək iş süni şəkildə uzadılır. Məqsəd isə yuxarıda da qeyd etdiyim kimi mənim xaricə çıxışıma məhdudiyyət qoyub biznesimi çökdürməkdir.”
Bu fikirlər Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş bir cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində bəraət alan vətəndaş Z.Hüseynov tərəfindən mətbuat vasitəsilə ölkə rəhbərliyinə və Baş prokuror Kamran Əliyevə ünvanlanan müraciətdə əksini tapıb.
Müraciətində günahsız olduğu halda yenidən həbs təhlükəsi ilə üzləşdiyini bildirən vətəndaş bunun arxasında həm də Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra prokurorluq sistemində həyata keçirilən islahatlara "kölgə salmaq" niyyətinin dayandığını vurğulayır.
Onun sözlərinə görə, hələ də köhnə təfəkkürdə qalan bəzi prokurorluq işçiləri məhkəmənin onların ittihamını doğru saymayaraq, vətəndaşa bəraət verməsini qəbul etmək istəmir, hər vəclə insanların həbsinə çalışırılar. Bu da həm ölkənin imicinə ciddi zərbə vurur, həm günahsız insanların həbsə düşməsinə səbəb olur, həm də vətəndaşlarda prokurorluq sisteminə olan inamı sarsıdır.
Z.Hüseynovun mətbuat vasitəsilə ölkə rəhbərliyinə və Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: “Uzun illərdir ki, Türkiyə Respublikasında biznes fəaliyyəti ilə məşğul oluram. 2019-cu ildə Türkiyədə bəzi azərbaycanlı kriminal qruplar tərəfindən mənə təzyiq edilərək, onlarla “biznes ortağı” olmağımı istədilər. Lakin mən razılıq vermədikdən sonra təhdidlərə və təzyiqlərə məruz qalmağa başladım. Həmin şəxslər açıq şəkildə mənə Türkiyə Respublikasından didərgin salınacağımı və illərlə ora qayıda bilməyəcəyimi bildirdilər. Bu barədə əvvəlcədən dəfələrlə hüquq-mühafizə orqanları müraciət etsəm də, heç bir xeyri olmadı. Həmin şəxslər isə bir növ məqsədlərinə nail oldular.
Belə ki, 2020-ci ilin noyabr ayında mənə məxsus olduğu bildirilən prokurorluğa aid saxta vəsiqə guya Yasamal RPİ-nin əməkdaşları tərəfindən karantin vaxtı ilə əlaqədar olaraq xidmətdə olduqları zaman tapılmış və daha sonra həmin əməkdaşlar vəsiqəni Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil vermişlər. Bundan sonra isə AR CM-nin 32.4, 297.1 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olundum. Lakin ittiham tamamilə qanunsuz və əsassız olduğundan Binəqədi Rayon Məhkəməsinin ədalətli qərarı ilə barəmdə bəraət hökmü çıxarıldı.
Qeyd edim ki, ittihamın qondarma olduğu iş üzrə materiallarından da açıq-aşkar görünür. Belə ki, ilk növbədə sözügedən vəsiqənin tapıldığı ərazidə olub-olmadığımı müəyyənləşdirmək üçün mənə məxsus telefon nömrəsinin anten məlumatları və avtomobillərin trayektoriyalarına dair müvafiq sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində və ətrafdakı istər müşahidə kameraları, istərsə də həmin ərazidə şahid ifadələri ilə ümumiyyətlə həmin ərazidə olmadığım, oradan keçmədiyim müəyyənləşdirilmişdir. Eyni zamanda vəsiqənin daxilində vəsiqə sahibinin (guya mənim) imzası yerində çəkilmiş imzanın da məhkəmə-xəttşünaslıq ekspertizası ilə mən tərəfdən imzalanmadığı öz təsdiqini tapmışdır. Vəsiqənin üzərindəki şəklin isə “Facebook” sosial şəbəkəsində hesabımdan götürülərək fotomontaj vasitəsilə vəsiqənin üzərinə yapışdırıldığı məlum olmuşdur.
Hətta vəkilim tərəfindən Milli Hidrometeorologiya Mərkəzinə verilmiş sorğudan məlum olmuşdur ki, vəsiqənin tapıldığı gün hava güclü küləkli olmuş və yağış yağmışdır. Lakin işin ən maraqlı tərəfi, buna baxmayaraq vəsiqənin üzərində bir tək belə cızıq, ləkə və s. olmamasıdır. Sanki hansısa gözəgörünməz qüvvə vəsiqəni yağmurdan, küləkdən, palçıqdan, hansısa avtomobilin vəsiqənin üzərindən keçməsindən, hansısa insanın vəsiqəni tapdalamasından qorumuş və təsadüfə baxın ki, vəsiqəni polis nəfəri tapmışdır. Vəsiqənin mən tərəfdən hazırlandığına və istifadə edildiyinə dair tək bir sübut belə yoxdur.
Buna görə edilmiş bütün təzyiqlərə baxmayaraq Binəqədi RM barəmdə bəraət hökmü çıxarmışdı. Ancaq bunu qəbul edə bilməyən prokurorluq tərəfindən apellyasiya protesti verilmişdir. İndi isə hər cür üsul və vasitələrlə məhkəməyə təzyiq edilir və əsassız vəsatətlər verilərək iş süni şəkildə uzadılır. Məqsəd isə yuxarıda da qeyd etdiyim kimi mənim xaricə çıxışıma məhdudiyyət qoyub biznesimi çökdürməkdir.”
Mən mətbuat vasitəsi ilə ölkəmizin rəhbərliyinə müraciət edərəm. Səmimiyyətimlə bildirirəm ki, mənim heç bir cinayətim yaxud da pis əməlim yoxdur. Ancaq bəzi adamlar mənim barəmdə yanlış rəy formalaşdırmağa çalışır.
Bu gün intihar həddinə çatmışam. Kriminal qruplaşmaların təsiri ilə bəzi prokurorluq işçilərinin bu cür qanunsuz qərarlar verməsi sadə bir vətəndaş olaraq məni artıq çökdürüb. Vətəndaşın üzərinə bu qədər gedilməsi eyni zamanda milli maraqlara və dövlətçiliyə zidd olmaqla bir növ vəzifə səlahiyyətlərindən sui-istifadədir.”
Müraciətdə qeyd olunanlarla bağlı prokurorluğun da mövqeyini işıqlandırmağa hazırıq.
"AzPolitika.info"

Şərhlər
bəzi hüquq-mühafizəorqanış işçiləri cinayətkarlıqla mübarizə yox,ciblərini doldurmaq uğrunda çalışırlar.