Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.
Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S. Həsənov qoşa lüləli ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib:
“Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitmişik, nə də görmüşük. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamısı bir evdə yaşayırlar. Mübahisə nə üstündə olub dəqiq bilmirik. Amma kişi bəzən içirdi.
Yəqin sərxoş olub, əsəbləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara”- deyə kənd sakinləri qeyd edib.
Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Avqustun 8-də saat 02 radələrində Şəmkir rayonu ərazisində 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızının odlu silahdan atəş açılması nəticəsində xəsarətlər alması barədə məlumat daxil olub.
Bu barədə "Report"a Şəmkir rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 07-də, saat 23 radələrində Şəmkir rayonu, Yeni-Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şərhlər