“TÜRKİYƏNİ NÜVƏ DÖVLƏTİ İLƏ MÜHARİBƏYƏ CƏLB EDƏK?!” - "İşdi, Rusiya bizi hədələsə ki..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, ölkəmizdəki hazırki sosial-iqtisadi, siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda əsas diqqət sosial və iqtisadi sahədə qarşımızda duran vəzifələrin həllinə yönəldilməlidir. Bu istiqamətdə ciddi müzakirələr aparılmalı, islahatlar həyata keçirilməlidir. Qarabağda işğaldan azad olunmuş ərazilərimizdə, Ermənistanla sərhəddə möhkəmlənməyimiz, dağıdılmış yaşayış məntəqələrinin bərpası, Xankəndi üzərində suveren hüquqlarımızın təmin edilməsi güclü iqtisadiyyata bağlıdır. Amma çox təəssüf ki, Rusiyadan Jirinovski kimi hürüşünü qanmayan bir tula bilərəkdən, yaxud axmaqlığından Azərbaycanda gündəm yaratmaq üçün nəsə deyir, bizdən də İsfəndiyar kimi bütün “şüurlu” fəaliyyəti boyu xidmət etdiyi sahənin məğzini öyrənib dərk etməmiş, Qarabağ münaqişəsinin həllinə dair bir normal məqaləsi və ya açıqlaması ilə diqqət çəkməyi bacarmamış başqa bir tərbiyəsiz və savadsız biri məsələni qızışdırmaq üçün tapşırıq əsasında ona cavab verir, XİN ehtiyac olmadığı halda məsələyə münasibət bildirsə də baş verənləri qınayıb pisləmir, iqtidar kənara çəkilir, amma bundan ruhlanan və baş verənlərin mahiyyətinə vara bilməyən bir qrup sadə cəmiyyət üzvləri anti-Rusiya isterikası ilə həftələrlə bu mövzunu müzakirə edir. Hökumətə yaxın internet tv-lər və ora dəvət olunan, hökumətdə müəyyən dairələrlə əlaqəli üç-beş adam, xaricə sığınıb ermənipərəst dairələr tərəfindən yönəldilən şəxslərlə sanki yarışa giriblərmiş kimi, hər gün eyni şeyləri pafosla, qırıq patefon kimi təkrar-təkrar bağırır, region dövlətlərini asıb-kəsir, daxildə düşmən axtarışına çıxır, bununla da cəmiyyətin diqqəti vacib məsələlərdən yayındırılır. Bəzən özlərinin yaşamadığı, amma sadə insanların hər gün rastlaşdığı problemlərdən uzun-uzadı danışan bu adamların yəqin ki, bəziləri həmin problemlərin nədən qaynaqlandığını bilir, amma bu barədə “müdrikcəsinə” susurlar. Bəzilərinin isə bu barədə danışmağa qabiliyyətləri və savadları çatmır. Elə ona görə də, onlara tribuna verirlər.

Çoxları anlamır ki, yalnız iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə Qərb standartlarına cavab verən demokratik cəmiyyət qurmaq mümkündür. Mülki cəmiyyət, hüquqi dövlət quruculuğu iqtisadi inkişafa bağlıdır. İqtisadi inkişafla paralel mülki cəmiyyətə xas olan ali dəyərlərə sadiq, onu qorumaq üçün fədakarlıq etməyə hazır vətəndaş formalaşdırmaq lazımdır. Özlərini həmin ali dəyərləri mənimsəmiş, cəmiyyətin nümunəvi üzvləri kimi göstərmək əvəzinə bu adamlar davranışları və leksikonları ilə savadlı və abırlı insanları siyasi həyatdan uzaqlaşdırırlar. Bu cür tərbiyə problemi olan, deputat olmaq üçün hər şeyə hazır adamcıqlar hakimiyyət təmsilçilərini, məmurları, varlı insanları cəmiyyətə düşmən kimi təqdim edir, onları ən pis formada təhqir etməkdən, onlara böhtan atmaqdan çəkinmir, cəmiyyəti parçalayırlar. Danışdıqca qızışan bu adamlar bəzən hansı missiyanın daşıyıcıları olduqlarını da unudur, təhqirləri və ağır ittihamları artıq ən yüksək səviyyəyə qədər qaldırırlar. Həmin şəxsləri böhtan və təhqirlərə görə cəzalandırmağın mümkünsüzlüyü barədə düşüncələr isə vəziyyəti bir az da ağırlaşdırır. Qərbin hökuməti “siyasi təqiblər” barədə şantaj etməsi öz bəhrəsini verməkdədir. Dövrümüzün daha bir ironiyası isə ondan ibarətdir ki, özlərini bloqer, jurnalist, siyasətçi kimi təqdim edərək ictimai-siyasi həyata soxulmuş bu reket jurnalistlərin, siyasi dələduzların əksəriyyəti iqtidar üçün kənar şəxslər deyillər. Ola bilsin ki, baş verənlər, yəni diqqətin müvəqqəti olaraq əsas problemlərdən yayındırılması, hakimiyyətdə kimlərisə qane edir və ya onlar nə baş verdiyinin fərqində deyillər, amma əminliklə deyirəm ki, islahatların genişləndiriməsi yolu ilə problemlər həll edilməzsə və bu proses uzun müddət davam etdirilərsə, bunun acısını nə zamansa hamımız yaşayacağıq. Artıq insanlarımızın bir hissəsi öz fikirlərini etika çərçivəsində, başqalarını söyüb təhqir etmədən söyləyən insanlara qulaq asmaq istəmir. Siyasi leksikonumuz söyüş və jarqonlarla dolmaqdadır. Hər kəs söyülüb təhqir edilməklə adekvat cavab verməyə məcbur edilir və beləliklə də, cəmiyətin siyasi və mədəni səviyyəsi aşağı salınır, insanlar qisas hissi ilə alışıb-yanır, cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır. Dediklərimin təsdiqi odur ki, hətta ən ümummilli məsələlərdən belə siyasi məqsədlər naminə namərdcəsinə sui-istifadə, faydalanma cəhdləri açıq-aydın ortadadır.

- Qüdrət bəy, Azərbaycanın “Krım platforması”na qoşulmaması, 44 günlük savaşdan sonra “Azərbaycanın Rusiyanın forpostuna çevrilməsi” barədə mülahizələrə də münasibətinizi bilmək istərdik.

- Qeyd etdikləriniz az öncə dediklərimin bariz nümunəsidir. Həmin təbliğat Rusiya ilə münasibətləri pozub, daxildə siyasi böhran yaratmağa və bundan dar mənafelər naminə faydalanmağa hesablanıb. Rusiya ilə Türkiyənin daha sıx əməkdaşlığa can atdığı bir vaxtda bu dəstə cəmiyyətə aşılamaq istəyir ki, əgər kim Rusiya ilə yaxşı münasibətlər tərəfdarıdırsa, deməli Türkiyənin, türk dünyasının düşmənidir. Təəssüf ki, region dövlətləri arasında açıq qarşıdurmalar yarandığı zaman ölkənin teleyinin necə olacağı həmin şəxsləri düşündürmür. Onlar hesab edirlər ki, vəziyyət nə qədər ağırdırsa, bu onların xeyrinədir. Diqqət yetirin, Rusiya əsgərləri sülhməramlı kimi Qarabağda yerləşdirilib. Rusiya Ermənistanla bizim aramızda əsas vasitəçidir. Rusiya XİN rəsmi şəkildə bəyan edir ki, “Krım platforması”na qoşulanları Rusiya özünə düşmən dövlət hesab edəcək və biz bilirik ki, bizim həmin tədbirə qatılmağımız Ukraynanın ərazi bütövlüyünü bərpa etməyəcək, amma bizimlə Rusiya arasında belə həssas dönəmdə ciddi problemlər yarana bilər. Buna baxmayaraq, hətta Ukraynanın özü də bizi anladığı halda deyirlər ki, yox, Ukrayna səfiri Şuşaya getdiyi üçün, Ukrayna bizim ərazi bütövlüyümüzü müdafiə etdiyi üçün, Türkiyə həmin tədbirə qatıldığı üçün biz də həmin tədbirə qatılmalıydıq. Sanki peşəkar siyasətçilər və peşəkar səviyyədə siyasi jurnalistika ilə məşğul olanlar yox, kolxozçular danışır. Azərbaycan savaşdan sonra Rusiyanın forpostuna çevrilməyib. Sadəcə Prezident reallıq hissini itirməyib, onlardan fərqli olaraq, dövlət və cəmiyyət qarşısında, dövlətin başçısı kimi, öz məsuliyyətini dərk edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməyib. Sentimental hisslərin əsiri olub, ciddi siyasətdən uzaqlaşaraq, Rusiyaya qarşı sərt mövqe sərgiləməyi tələb edən bu adamlar anlamırlar və demirlər ki, əgər Rusiya cavab versə ki, “sizin əleyhinizə nə edirəm, yaxşı edirəm və daha artığını edəcəm” onda Azərbaycan nə etməlidir? Bu zaman kimə şikayət etməlidir? Ukraynanın ərazi bütövlüyünə qarant durub, onu aldadaraq nüvə silahını təhvil verməyə razı salmış, amma sonradan Ukraynanın torpaqlarının işğalını kənardan seyr edən ABŞ-a? Məgər ABŞ, Fransa marağında deyildi ki, Rusiya bizim işğal altındakı torpaqları daima Ermənistanın nəzarətində saxlasın? Yoxsa indi-indi özünün modern hərbi-sənaye kompleksini quran qardaş Türkiyəni nüvə dövləti ilə müharibəyə cəlb etməliyik?

Yeri gəlmişkən, 10 noyabr sazişini Türkiyəsiz imzalamaqla “Türkiyəni satdıq” deyən bu məkrli insanlar anlamırlar ki, Türkiyə onu satan dövlətlə heç vaxt Şuşa Bəyannaməsini imzalamaz, Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə birlikdə Bakıda hərbi parad qəbul etməz. Ərdoğan kimi xarizmatik lider İlham Əliyevə “qardaşım” deyə müraciət etməz. Qarabağla bağlı bütün qərarlar Türkiyə ilə birlikdə qəbul olunub. İnsanlarımız bilməlidirlər ki, siyasətdə və diplomatiyada hər şey göründüyü kimi deyil. “Biz demokratik ölkə olsaydıq, Qərbin Qarabağ məsələsində bizə münasibəti fərqli olardı” deyənlər unutmasınlar ki, ABŞ 1992-ci ilin sonunda “Azadlığa Yardım Aktı”na 907-ci düzəlişi qəbul etməklə Azərbaycana sanksiya tətbiq edəndə, Elçibəy Azərbaycan Respublikasının Prezidenti idi. Məhz həmin ərəfədə Qərb qardaş Türkiyəni məcbur etdi ki, Ermənistana taxıl göndərsin, amma dinc insanları Kəlbəcərdən köçürüb ikinci Xocalı soyqırımı yaşanmasının qarşısının almaq üçün Elçibəyə iki mülki helikoptel verməsin.

Ona görə Qarabağ məsələsində Prezidentə güvənməli, gələcəyimiz naminə yaxın tariximizi yaxşı-yaxşı öyrənməli, buraxılmış səhvlərdən nəticə çıxarmalıyıq.

- Bəs iqtisadi inkişafı sürətləndirmək üçün nə etməliyik?

- İlk növbədə böyük dövlət şirkətlərini, xidmət sahələrini parçalayıb özəlləşdirməliyik. İqtisadiyyatda dövlət inhisarçılığına son qoyulmalıdır. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalı, iqtisadiyyatda tənzimləyici funksiya yerinə yetirməlidir. Sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün nüfuzlu bankların ölkəyə gəlməsinə imkan yaradılmalıdır. İstehsal və emal müəssisələrinin, yardımçı tikililərin, yaşayış binalarının tikintisinə icazə verilməsi şərtləri xeyli sadələşdirilməli, mərkəzləşməyə son qoyulmalıdır. Bələdiyyələrə yerli “dövlət hakimiyyəti orqanları” statusu verilməli, onların səlahiyyətləri genişləndirilməlidir. Bizdən daha üstün texnologiyaya sahib, inkişaf etmiş ölkələrlə iqtisadi platformalarda birləşməyə can atmalıyıq. Qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, Rusiya və Türkiyə ilə qarşııqlı vergiləri istisna edən azad ticarət haqqında sazişin imzalanmasına çalışmalıyıq. Yalnız bu cür ciddi və qətiyyətli addımlar hesabına iqtisadi inkişafda real nəticələrə nail olmaq olar.

(Xalqcebhesi.az)

635x100

Şərhlər

Vətən oğlu 2021-09-20 14:42:08

Qüdrət bəy özünün 5-ci kolon olduğunu və sayt vasitəsilə onların sözünü söylədiyi hamıya atdındır.Ağlınızca Pusiya nüvə dövlətidir deyə biz ona kölə olmalıyıq?Bu nə düşüncədir? Hər millətin,hər kəsin mənliyi,çəxsiyyəti,vətənə,xalqına sevgisi olmalıdır.Sizin belə çıxışlarınız Sizin iç üzünüzü açır və 5-ci kolon olan Azərbaycan xalqının düşmənlərinə xidmət edir....Müstəqillik köləlik deyil.İnsanlar qanlar axıdıb ki, bəzi 5-ci kolon təmsilçiləri bu gün yenə Rusiyanın qucağına sığınasın?

Ağıldan kəm Qüdrətə 2021-08-28 19:40:17

...sərsəm açıqlama! Bu Qüdrət Ruslarıdan bər yapışıb.Yəqin əqrabalarını çox istəyir....

oxucu 2021-08-25 17:26:36

Qüdrət Həsənquliyev , senin kim olduqunu , Azerbaycanda her kes bilir...

Niyaməddin 2021-08-25 15:40:20

Bu adam nə dediyini heç olmasa özü başa düşür? Azərbaycan dövləti, xalqı jirinovski kimilərinin layiqli cavabını verməlidir. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmır, ay deputat! Türkiyə Azərbaycana heç vaxt deməz ki, Krım platformasına qoşulma. Azərbaycan Krım platformasına qoşulmalı idi və bu bizim borcumuz idi. Krım Ukraynadır! Sizin kimi deputatlar olanda Azərbaycan iqtisadiyyatı da heç vaxt dirçəlməyəcək.

ESgere 2021-08-25 13:38:16

Elə bir dövlət varmı ki, onun daxili və xarici siyasəti yek halda ölkəsinin müdafiəsinə yönəlməsin? Haystan 33 ildir heç vaxt ona aid olmayan ərazilər uğrunda Kremlin Hərbi GÜCÜ və Qərbin siyasi dəstəyi ilə müharibə aparır? Azərbaycan isə nə Qarabağdan hərbi genosid edilmiş artıq iki milyondan çox və Haystandan qovulmuş milyondan çox azərbaycanlıların əzəli hüquqlarını tam müdafiə və ya iddia edə bilir?

t.ədalət 2021-08-25 13:23:24

Qüdrət müəllim,kürdüstan arzusunda olanlar nə qədər Rusiyanın quyruğuna yapışsalar da,çarə olmayacaq.Türkiyənin də nüvə başlıqları var.Pakistan da Türkiyənin yanında dayanıb.Narahat olmayın,Rusiyanın nüvə silahları var deyə biz ərazilərimizdə kürdüstan yaranmasına heç vaxt imkan verməyəcəyik.Türkiyə dediyiniz "nüvədən" qorxsaydı "Kırım Ukraynadır!" deməzdi.

Qudret 2021-08-25 12:30:07

Seher oyananda guzguye bax ve ozune bir sual ver”men niye yawayiram?”

Türk 2021-08-25 12:27:10

Bu Qüdrətin nə məsləkə qulluq etdiyini başa düşmək olmur

Ədalət Haqqı 2021-08-25 12:16:26

Nə dərəcədə XƏYALPƏRƏST, SİYASİ-HÜQUQİ aləmdən kənar "siyasi"-vəzifəbazlarımız varmış? Nüvə işinə Iran, İraqın başına nələr gəldiyini bilmirsənmi? Bir də ki, külturalizmdə haçanda kiçiklər, daha böyüklərə göstəriş verir? Düşüncə ilə toplanan Azərbaycan çoxdan hüququnu tapdalayanlara öz haqq yerlərini gösrərə bilərdi və göstərməlidir!

esger 2021-08-25 12:02:38

Strateji sənayelər artıq 90-ci illərdə özələrşdirilib Sualım Qüdrət bəyə bu gün onun nəticəsi bizim nə yungül, nə qida, nə maşınqayırma,nə emal, metalurqiya nə trikotaj, nə xalça, nə dəmir yol elə çox şey sadalamaq olar bizdə qalmayıb.Siz istəyirsiniz hamısı özələşdirilsin və biz 90-ci illərə qayıdag.

esger 2021-08-25 11:43:47

Hamı bilir ki, daxili siyasətdə bizim xeyli nöqsanlar, problemlər , səhvlər var, yoxsa koppupsiyanın kökü çoxdan kəsilərdi. Laki xarici siyasətdə Prezidentin addımları həməşə müsbət nəticə verib və bu danılmaz bir faktdır. Ona görə onun tərəfindən atılan addımlara, aparılan işlərə heç hansı şərhlərə ehtiyac görmürəm, onlar hamısı Azərbaycan xeyrinə olan işlərdir.

Son yazılar