Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Bakı Dövlət Universitetinin tarix fakültəsində işləyən bacısı oğlu Nəsimi Rzayev işdən çıxarılıb.
Bu barədə musavat.com-a universitetdəki mənbələrdən məlumat daxil olub. Onun işdən çıxarılmasının səbəbinin dayısı C.Həsənlinin siyasi mövqeyi ilə bağlı olduğu bildirilir. Mənbənin bildirdiyinə görə, N.Rzayevin qanunsuz işdən azad edilməsindən fakültənin müəllimləri narazı qalıb, etiraz ediblər, ancaq fakültənin dekanı göstərişin yuxarıdan gəldiyini bildirib.
Məsələ ilə bağlı BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev ilə əlaqə saxladıq. O bildirdi ki, Nəsimi Rzayevin işdən azad edilməsi xəbəri yanlışdır: "Fakültənin dekanı mənəm, müəllim işdən çıxarılır və mənim heç nədən xəbərim yoxdur? Ortada heç bir rəsmi sənəd, şikayət yoxdur. Ona görə də heç bir işdən çıxarılmadan söhbət gedə bilməz."
Milli Şuranın vahid namizədi Cəmil Həsənli virtualaz.org-a açıqlamasında deyib ki, onun Nəsimi Rzayev adlı bacıoğlusu yoxdur, amma uzaq qohumu var.
Onun sözlərinə görə, Nəsimi Rzayev BDU-da işləmir: “Nəsimi Rzayev aspirantdır. Onu çıxarsalar aspiranturadan çıxara bilərlər”.
Cəmil Həsənli N.Rzayevin aspiranturadan çıxarılması haqda dəqiq məlumatının olmadığını desə də, N.Rzayevin universitetdən çıxarılmasının onun siyasi fəaliyyəti ilə bağlı ola biləcəyini də istisna etmədi: “İstedadlı, qabiliyyətli və savadlı olan bir gəncdir. Ola bilər ki, mənim siyasi fəaliyyətimə görə çıxarıblar”.


Şərhlər