İCTİMAİ NƏZARƏT ŞURALARI KİMLƏRƏ LAZIMDIR?

Xeyrəddin Qoca

Dənizkənarı bulvarda bir skamyada oturub dincəlmək istəyirdim. Bir də gördüm çoxdan tanıdığım, heç vaxt ağzının sözünü bilməyən, səy bir gədə başını dik tutub mənə tərəf gəlir. Görüşdük. Gördüm pencəyinin yaxasında deputat nişanına oxşayan bir nişan var. 

Soruşdum "a bala, bu nədir, taxmısan yaxana?" 

Lovğa-lovğa dedi ki, "mən ictimai nəzarətçiyəm!" 

Soruşdum "a bala, sən kimə nəzarət edirsən?" 

Cavab verdi ki, "hamıya!"

"Necə yəni, "hamıya?"- məsələni dərindən öyrənmək istədim. 

Nə desə, yaxşıdır: "Bütün ölkə üzrə nə nöqsan, çatışmazlıq görsəm, tədbir görə bilərəm!"

- Necə tədbir görəcəksən? Sən hansı vəzifənin, nə səlahiyyətin sahibisən ki?

-Mən Şura üzvlərinə məlumat verirəm, onlar tədbir görürlər...

-Onlar necə tədbir görürlər? Onlar kimlərdir?

-Əslində çoxu işdən-gücdən çıxmış adamlardır! Yığışıb İctimai Şura yaradıblar.(?) Bizim ordan-burdan topladığımız məlumatları Prezidentə ötürürlər...

-Cənab Prezident də işini-gücünü atıb, sizin məlumatlarla məşğul olur, hə?

-Düzü, onu bilmirəm...

Sonra mən bildim ki, ölkədə, hər yerdə İctimai şüalar yaradılır!

Çox keçmədi İctimai Şura rəhbərlərindən biri mənə də zəng vurub, dedi: "Yazılarınızı oxuyuruq, fikirlərinizlə tanışıq, özünüzü də tanıyırıq. İstəyirik siz də bizim İctimai Şuranın üzvü olasınız...

Soruşdum:

-Biz orada nə iş görəcəyik?

Cavab verdi:

- Ölkədə nə nöqsan, çatışmazlıq görsək, cənab Prezidentə bildirəcəyik... Sizdən başqa bizim tanınmış üzvlərimiz də var!

Dedim a kişi, cənab Prezident deməyib ki, hərə bir İctimai Şura yaratsın. O, xalqa müraciət edib ki, onun eşitmədiyi, bilmədiyi mənfi məsələləri çatdırsınlar. Bu təşkilatlanma kimə lazımdır? İctimai nəzarəti təşkilatlandırıb, məmurlaşdırmaq lazım deyil, axı! İctimai nəzarət təbii olmalıdır, ictimaiyyətin nəzarəti olmalıdır!

Nə isə... Bir müddətdən sonra həmin "nəzarət" rəhbəri böyük bir məqalə yazdı ki, "biz öz şuramızı ləğv edirik. Gərək İctimai Nəzarət Şüalarının yaradılması üçün xüsusi qanun olsun." 

Soruşdum ki, "a kişi, nə oldu?" 

Dedi ki, "üzvlərimizin bəziləri süi-istifadə hallarına yol verdilər, natəmiz işlər görməyə başladılar!"

Xatırlatdım ki, "mən demişdim..."

Bəli, mən bilirdim ki, belə olacaq! Çünki mən Sovet dövründə Xalq Nəzarəti Komitəsi deyilən lazımsız bir təşkilatın fəaliyyətini görmüşdüm! Gedib hər yerdən rüşvət alırdılar, xüsusilə ticarət obyektlərini "soyudular"! Komitə üzvlərindən hamı qorxub, çəkinirdi! Aylıq "haqq" verənlər isə istədikləri əliəyrilikləri edir, xalqı rəncidə salırdılar!

Gördüyünüz kimi, Xalq nəzarəti yaramadı, Kommunist Partiyasının yaratdığı bir sıra təşkilatlar kimi, tarixin zibilliyinə atıldı!

İndi bu nə hoqqadır, çıxarırlar? Görəcəksiniz İctimai Şüralar yaradılsa, üzvlərinin çoxu rüşvət üstündə tutulacaq! Bəri başdan deyirəm!

Yutubda "İctimai koalisiya" adında təşkilat yaratmış biri, ölkənin məşhur adamlarının da adını öz təşkilatına yazıb, min cür işlərdən çıxır! Görürəm, düşüb küçələrin "canına" ki, filan yerə niyə asfalt çəkilməyib? Bəzi küçələrə asfalt çəkilməməsini çəkib göstərmək xalqın gözünə kül üfürülməsi üçündür. Bu adam həm də özünü guya biznes admlarının hüquqlarını qoruyan şəxs kimi də göstərir! 

Özünüz fikirləşin, o, bu işləri havayı görür? Bəzi bizneslə məşğul olanların ona inanması isə cahillikdən başqa bir şey deyil! Görünür o, biznes adamlarına söz verir ki, məsələni ictimailəşdirəcək, xalq da efirlədə görəcək! Guya, yuxarılar da tədbir görəcək! Belə fırıldaqların çox şahidi olmuşuq!

Kütləvi İnformasiya vasitələri, jurnalistlər, ziyalılar, xalqın içərisindəki ədalətli adamlar onsuz da ictimai nəzarəti həyata keçirirlər, çatmamazlıqlara, nöqsanlara qarşı mübarizə aparırlar. İctimai Nəzarət Şurlarına nə ehtiyac var?

Təəssüf ki, bu şuralara üzv olmaq üçün dəridən-qabıqdan çıxanlar var! Niyə?

İki gün əvvəl rayonların birində "fəaliyyət göstərən" İctimai Şura sədri sosial mediada elan verib ki, qazilər, kasıblara kömək göstərmək üçün İctimai Şuraya müraciət etsinlər.

Sual: Bunlara dövlət vəsait ayırmır, pulu haradan alırlar?

635x100

Şərhlər

GƏNCƏ 2021-09-15 10:57:07

Camaatın 99%-i bütün hadisələrə,adi məişət problemlərinə laqeyddir.Gündəlik rast ğəldiyi saysız-hesabsız broblemlə,haqsızlıqlara qarşı kordur,kardır,laldır.Buda ölkəni bu günə salıb.

Akif m. 2021-09-11 20:08:51

Kifayət qədər reklam olunub, sadəddil adamları inandıra biliblər. Yutub vasitəsilə. İnsanlar diqqətli olmalıdır. İndi hansı zamandır ki, bir "çoxbilmiş" 21-ci əsr adamını aldada bilsin.

İ.Mustafaoğlu 2021-09-09 22:24:25

Mənasız bir qurumdur . Özləri üçün gəlir mənbəyi əldə etmək istəyirlər...

esger 2021-09-07 13:09:45

Heç kəsə lazım deyil Açın icra hakimiyyətlərin saytlarını baxın onların fəaliyyəti, bəzi saytlarda isə heç onaların kimliyi və əlaqə telefonları yoxdur

Son yazılar