Sülhməramlı kontingentin komandanı adı ilə Qarabağa gəldiyi ilk gündən erməni təəssübkeşliyini gizlətməyən general Rüstəm Muradov öz “missiyasını” başa vurur. Onu ya Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev, ya da Rusiyanın Abxaziyadakı bazasına rəhbərlik etmiş general-mayor Mixail Kosobokov əvəz edəcək.

Sıravi azərbaycanlının yaddaşında ad və soyadından, millətindən, dinindən daha çox separatçıların başçısı Araik Arutunyanla aşiq-məşuq kimi sarılıb qucaqlaşmasıyla, öpüşməsilə qalacaq bu generalın fəaliyyətindən yəqin ki, Rusiya rəhbərliyi razı qalıb. Elə separatçılar və Ermənistan rəhbərliyi də həmçinin. Çünki onun rəhbərliyilə mövcud şərtlər daxilində bir tərəfdən Rusiya silahlı qüvvələrinin bu əraziyə rahatlıqla yerləşdirilməsi, digər yandan isə erməni ordusunun və separatçıların tör-töküntülərinin hər cür təminatı sahəsində bir sıra işlər görülüb.

Hələ “sülhməramlılar”ın necə erməni əhalisinin qulluğunda durmasını, az qala qarşılarında diz çöküb Qarabağın qalan hissəsindən qaçmamağa yalvarmaları, qaçanlarınsa geri qayıtması üçün dəridən-qabıqdan çıxmalarını demirik. Rus əsgərlərinin Qarabağdakı “xidmətlərinə” dair bəzi kadrlara baxanda, onların az qala ermənilərin uşaq bezlərini belə yumağa hazır olduqları təsəvvürü yaradır. Əslində, bütün bu proses hər zaman özünü qalib, qəhrəman, qürurlu ordu kimi təqdim etməyə çalışan Rusiya silahlı qüvvələrinə heç də başucalığı gətirən mənzərə yaratmır...

Ötən gün erməni mətbuatının əsas gündəm mövzularından biri Muradovun geri çağırılması və onun İrəvana səfəri oldu. Belə ki, Qarabağdakı “missiyasını” başa vuran Muradov Rusiyaya qayıtmazdan öncə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın hüzuruna gedib. Bu haqda məlumat yayan erməni mediası tərəflərin sülhməramlı missiya, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məsələləri müzakirə etdiyini yazıb.

Belə təəssürat yaranır ki, Qarabağdan getməyə hazırlaşan Rusiya generalı erməni nazir qarşısında özünün fəaliyyətilə bağlı hesabat verməyə gedib. Hansı ki, bu general başda olmaqla, rus silahlı qüvvələri beynəlxalq birliyin, o cümlədən də Rusiyanın rəsmən tanıdığı Azərbaycan ərazisində yerləşir!

Bu səbəbdən həmin bu general əslində İrəvana yox, ilk növbədə Bakıya gəlməli və burada Zakir Həsənova hesabat verməlidir. Lakin təbii ki, Moskvadakı rəhbərliyin təlimatı ilə hərəkət edən Muradov Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesilə birgə erməni nazirin qəbuluna gedir və bununla bir daha hansı tərəfin yanında olduğunu, kimə dayaq durduğunu göstərmiş olur.

Eyni zamanda bu, Rusiyanın beynəlxalq hüquqa görə sülhməramlı missiyadan tələb olunan bitərəflik prinsipindən çox-çox uzaq olduğunu, ən pisi isə ərazisində yerləşdiyi dövlətə qarşı saymazyana münasibət göstərdiyini, onunla hesablaşmaq istəmədiyini göstərir.

Maraqlıdır ki, demək olar Muradovun İrəvana səfərinə paralel olaraq, Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri İqor Xovayev də qondarma qurumun başçısı Araik Arutunyanla rəsmi görüş keçirib. Yəni bir növ separatçıların başçısı bir Rusiya rəsmisinin qucağından düşüb, digərinin qucağına minir, gah generallarıyla, gah diplomatlarıyla qucaqlaşır.

Bu da Rusiyanın Qarabağda yürütdüyü siyasətin nəyə, kimlərə xidmət etdiyinin, nəyin üzərində qurulduğunun açıq təzahürüdür. Və bütün bunlardan sonra, həmçinin Qarabağdakı erməni silahlılarını oradan rədd etmək əvəzinə silahlandırıb təlim keçməklə məşğul olan, 10 noyabr sazişinin bir neçə bəndini yerinə yetirməkdən boyun qaçıran Rusiya Azərbaycan ərazisindəki missiyasına rəsmi Bakıdan tam hüquqi legitimlik almaq istəyir. Hansı ki, beynəlxalq hüquqi normalara görə, sülhməramlılar ərazisində olduqları dövlətlərin qanunlarına istisnasız olaraq əməl etməli və icrasına görə məsuliyyət daşımalıdırlar. Rusiya “sülhməramlıları” bunu edirmi? Yox! Etsəydi, ermənilər tarix boyu olduğu kimi, bu gün də rusun arxasında gizlənib Azərbaycana güllə atmazdı.

Bir sözlə, Rusiya hər addımıyla sülhməramlı adına layiq ola bilmədiyini göstərir. Göstərir ki, ondan heç vaxt sülhməramlı olmayıb və ola da bilməz. Çünki imperiya niyyəti, məramı ilə sülhməramlı missiyası bir yerə sığmır. Bu isə onun Azərbaycanda uzunmüddətli mövcudluğunu mümkünsüz edir.

Odur ki, Muradov olmur Avdeyev olsun, İvanov olsun, fərq etməz. Onların hamısı bir gün, özü də çox uzaqda olmayan bir gün şələ-külələrini götürüb gəldikləri kimi də Azərbaycandan gedəcəklər. Mütləq gedəcəklər! Buna inanmayanlar ola bilər. Amma cəmi bir il əvvəl də belə tezliklə Qarabağın böyük hissəsinin azad olunacağına, Şuşada, Cıdır düzündə yallı gedəcəyimizə inananlar çox deyildi...

Cəlal Məmmədov

“AzPolitika.info”  

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.