Menu

OFİSƏ GETMƏDƏN İŞLƏMƏK... - Azərbaycanda distant iş genişlənəcək? + RƏY

02.10.2026, 09:21
OFİSƏ GETMƏDƏN İŞLƏMƏK... - Azərbaycanda distant iş genişlənəcək? + RƏY

Texnologiyanın inkişafı və rəqəmsal platformaların geniş yayılması bir sıra peşələr üzrə işin ofisdən kənarda həyata keçirilməsinə imkan yaradıb. Xüsusilə İT, media, dizayn, tərcümə və digər sahələrdə distant iş imkanları getdikcə daha çox diqqət çəkir. Bu model həm işçilərə, həm də şirkətlərə yeni imkanlar yaratmaqla yanaşı, əmək münasibətlərində müəyyən hüquqi və sosial məsələləri də gündəmə gətirir.

Azərbaycanda distant iş artıq əmək bazarının davamlı istiqamətlərindən birinə çevrilə bilərmi? Onlayn çalışanların əmək hüquqlarının qorunması üçün hansı məsələlərə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, distant iş artıq müvəqqəti tendensiya deyil, əmək bazarının inkişaf edən istiqamətlərindən biridir.


Onun sözlərinə görə, xüsusilə İT, maliyyə, media, dizayn, tərcümə və rəqəmsal xidmətlər kimi sahələrdə işin nəticəsinin fiziki ofisdə olmaqdan daha çox texnologiya vasitəsilə təmin edilməsi bu modelin tətbiq imkanlarını genişləndirir: “Azərbaycanda da distant işin daha geniş yayılması üçün kifayət qədər potensial var. Burada əsas amil yalnız texnologiyanın inkişafı deyil, şirkətlərin idarəetmə və işə nəzarət modellərini dəyişməyə hazır olmasıdır. Əgər işçinin fəaliyyəti konkret nəticələr və ölçülə bilən göstəricilər əsasında qiymətləndirilirsə, onun mütləq ofisdə olması bir çox peşələr üçün vacib şərt olmaya bilər. Digər tərəfdən, distant işin genişlənməsi əmək hüquqlarının qorunması məsələsini daha da aktuallaşdırır”.

Ekspert qeyd edib ki, onlayn çalışan şəxsin əmək müqaviləsi, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət, sosial təminatlar və əməyin mühafizəsi ilə bağlı hüquqları aydın şəkildə müəyyən edilməlidir: “Xüsusilə diqqət yetirilməli məsələlərdən biri də “distant iş” ilə qeyri-formal və ya platforma əsaslı işin fərqləndirilməsidir. İşçi faktiki olaraq müəyyən şirkət üçün daimi fəaliyyət göstərirsə, lakin əmək münasibəti rəsmiləşdirilmirsə, rəqəmsal platformanın mövcudluğu əmək hüquqlarının arxa plana keçməsinə səbəb olmamalıdır”.

E.Quliyev hesab edir ki, Azərbaycanda distant işin inkişafı üçün əsas istiqamət onun qarşısını almaq deyil, aydın hüquqi çərçivə və şəffaf əmək münasibətləri yaratmaqdır: “Şirkətlər üçün çevik iş modeli, işçilər üçün isə daha geniş əmək imkanları yaradıla bilər. Bununla yanaşı, iş vaxtının uçotu, məlumatların və kommersiya sirrinin qorunması, kibertəhlükəsizlik, işçinin istifadə etdiyi texniki vasitələrin məsuliyyəti və iş nəticələrinin qiymətləndirilməsi kimi məsələlər də əvvəlcədən müəyyən edilməlidir.

Nəticə etibarilə, distant iş yaxın gələcəkdə Azərbaycanda əmək bazarının davamlı istiqamətlərindən birinə çevriləcək. Lakin bunun üçün texnoloji imkanlarla yanaşı, əmək qanunvericiliyinin rəqəmsal iş modellərinə uyğunlaşdırılması və həm işəgötürənin, həm də işçinin hüquq və öhdəliklərinin aydın müəyyənləşdirilməsi vacibdir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol