“DƏMİR YUMRUQ" İFADƏSİ NECƏ YARANDI? - Prezident əməliyyatın ən vacib mərhələlərini açıqladı

“Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı: “Hadisələr çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağın Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonun dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi.

Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəli getdik”.

Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan – bu münaqişə dondurulmuş olsa belə - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı: “Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir.

Mən bilirəm ki, erməni tərəfinin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.

Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanmışdır, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər etdik.

Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızıntısının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmən bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən harada keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik”.

İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə iclaslar keçirirdi: “Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu.

Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın “Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.

“Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu. İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı” - deyə, Prezidenti İlham Əliyev “Dəmir yumruq” əməliyyatının əsas mərhələləri barədə danışarkən deyib.

Ali Baş Komandan bildirib ki, beləliklə, həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından ilk uğurlar çox vacib rol oynadı: “Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

Mən həmçinin, Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Bizi orada gözləmirdilər və erməni tərəfi bu istiqamətdə hərəkət edəcəyimizi gözləmirdi, düşmən üçün bu, tamamilə gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra da erməni tərəfi inadla israr edirdi ki, onlar Hadruta nəzarət edirlər. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını anlaması bir qədər diletant xarakter daşıdı. Hadrut ətrafındakı bütün hakim yüksəkliklərdə nəzarəti təmin etdikdən sonra mahiyyətcə bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimal itkilərlə girməyimiz sadəcə zaman məsələsi idi.

Yalnız televiziya efirində şəhər administrasiyasının binası üzərində bayraq qaldıran bir azərbaycanlı hərbçinin mənə Hadrutun alınması barədə məruzə etməsinin göstərilməsindən sonra erməni tərəfinin nağıllar qurmağa davam etmək üçün heç bir arqumenti qalmadı.

Hadrutdan əvvəl oktyabrın əvvəlində Cəbrayıl azad edilmişdi. Bu, simvolik baxımdan da vacib idi. Çünki Cəbrayıl ilk şəhər idi – buna qədər biz kənd və yaşayış məntəqələrini azad etmişdik. Əlbəttə ki, mühüm mərhələlərdən biri də 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi oldu, çünki Füzuli böyük bir şəhərdir, Qarabağ regionunda əhalisinə görə Ağdamdan sonra ikinci yerdədir.

Mən həmçinin Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd edərdim. Nəyə görə? Orada çox güclü bir möhkəmləndirilmiş müdafiə rayonu vardı. Bir neçə gün ərzində düşmənin müqavimətini qırmaq üçün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Bəzi istiqamətlərdə düşmən silahlarını yerə ataraq döyüş meydanından qaçdı – onlar özləri 10 min fərarinin olduğunu etiraf etdilər - , bəzi yaşayış məntəqələrində isə sona qədər dayandılar.

Soltanlı və Əmirvarlının azad edilməsi - Zəngilana gedən yol idi - hadisələrin sonrakı gedişi üçün böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəlincə, əslində onlar artıq oradan qaçırdılar. Çünki müqavimət göstərməyə güc yox idi. Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks hücuma keçməyə cəhd etməklə səhvlərə yol verdi, bu da hərbi baxımdan tamamilə axmaqlıq idi. Müdafiələrini gücləndirmək əvəzinə bütün qüvvələrini əks hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Əlbəttə ki, sonrakı əməliyyatlar - Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxış, Laçın rayonunun kəndlərinin – Güləbird və digərlərinin azad edilməsi bizə Laçın dəhlizinə nəzarət etməyə imkan yaratdı. Əslində o, artıq bizim nəzarətimizdə idi.

Qələbəmizin tacı – Şuşa əməliyyatı idi. İndi Şuşaya gedən hər kəs bizim oraya hara ilə getdiyimizi görə bilərlər. Bu fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Uzun, uzun və uzun günlər meşələrdə, yol olmayan ərazilərdə, yüngül silahlarla, yorulmadan irəli getmək və sonra Şuşanı azad etmək - bu, misilsiz bir cəsarət, əsl qəhrəmanlıqdır!

Əlbəttə ki, Şuşanın alınması düşmənin belini qırdı, bundan sonra düşmən praktiki olaraq təslim oldu”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar