“O, ÖYRƏTMƏN İDİ...” – Aydın Qacarın Vaqif İbrahimoğlu xatirəsi

Aydın Qacar

Yaşasaydı, bu gün 72 yaşı olacaqdı... Vaqif İbrahimoğlu 1949-cu ilin payızında, 18 oktyabrda gəlmişdi dünyaya. 2011-ci ilin yazında, 12 mayda da köçdü - cəmi 61 yaş...

Əfsus, əcəl aman vermədi o böyük öyrətmənə, müəllimə, əməkdar incəsənət xadiminə, rejissora, qeyri-standart düşüncə tərzinə malik sənət adamına. Allah rəhmət eləsin, ruhu şad olsun.

Vaqif İbrahimoğlunun vəsiyyətinə uyğun olaraq qəbir daşına nə şəkil salınıb, nə də doğulub-öldüyü il, ay, gün, yaxud sənəti və digər titulları haqda nəsə yazılıb...

"Amma və lakin..."

Öyrənmək istəyənlər "Vaqif İbrahimoğlu" yazılmış qeyri-standart qara daş parçası qarşısında dayanmaqla da, bu şamanvari tərtibatdan çox şey öyrənə bilərlər. Bəli, onun məzarı da öyrədir...

Hər yaxşı oyunçudan yaxşı məşqçi olmur. O isə öz potensialından dəfələrlə böyük öyrətmən, yönləndirən idi.

"Yuğ" teatrında onunla işləyən, çalışan aktyorlar həm də rejissor olmalıydılar – bu, baş rejissorun tələbi, şərti, teatrda yaratdığı ab-hava idi. Tamaşanın hər hissəsinə bir aktyor rejissorluq edirdi...

Vaqif İbrahimoğlunu bir sözlə ifadə etmək istəyəndə, dilimə ilk gələn və məni ən çox qane edən, Türkiyə türkcəsində işlənən "öyrətmən" sözü olur.

Yeri gəlmişkən digər bir fədakar insanı - Vaqif müəllimin gənclik, tələbəlik, əqidə, məslək, sənət dostu, sənətşünaslıq doktoru, professor, hörmətli Məryəm xanım Əlizadəni də bir sözlə ifadə etmək istəyəndə, yenə də Türkiyə şivəsi ilə Vaqif İbrahimoğlunun "qız qardaşı" ifadəsinə üstünlük verirəm.

Ankarada xəstəxana palatasında kiçik bir kresloya sığışıb aylarla Vaqif müəllimin yanında qalan, ağrılı, əzablı anlarında ona həyan olan, o böyük insana - Məryəm xanıma burdan dərin hörmət və ehtiramımı bildirir, onun fədakarlığı qarşısında baş əyirəm – baxmayaraq, heç şəxsi tanışlığımız da yoxdur. O iki insan arasında olan dostluğu örnək sayır, yaxşı mənada qibtə edirəm.

***

"Vaqif İbrahimoğlu Səttar Bəhlulzadə deyil, çünki heç adi rəssam da deyil, heç Səttar Bəhlulzadə də Vaqif olmayıb, çünki ilk növbədə rejissor olmayıb və bu iki şəxsiyyət arasında olan fərqli cəhətlər kifayət qədər çoxdu. Ancaq son vaxtlara qədər, yalnız televiziya ekranlarından tanıdığım professor, əməkdar incəsənət xadimi, “YUĞ” teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə Səttar Bəhlulzadə arasında hansısa bir oxşarlıq, paralellik də var. Olsun ki, nə olduğunu düzgün izah edə bilməyim, ancaq var! Bəlkə, qeyri-standart düşüncə tərzləri, yaxud cismani, ruhi yaxınlıqları; ya, bəlkə görkəmlərindəki, fikirlərindəki şamanlıq, dərvişlik ruhu, yaxud nə bilim, başqa nələrsə də bu iki fərqli sənət adamını biri-birinə oxşadır. Şamanlıq, dərvişlik, hətda rahiblik aurası, “YUĞ” teatrının binasından tutmuş, bütün atributlarına, səhnə mizanlarına qədər, hər şeydə, hər yerdə özünü göstərir..."

Bu abzas mənim Vaqif müəllimlə tanışlığımızdan sonra, YUĞ teatrı və Vaqif İbrahimoğlu haqqında olan ilk təəssüratlarım idı.

...Vaqif müəllimlə şəxsi tanışlığımız, ümumi dostumuz Elburus vasitəsi ilə oldu. Mənim təndirli baxcamda görüşüb, haqqımda yazdığı məqalədən, "Ömür qatarı"ndan danışdıq, məni öz teatrına dəvət etdi, "Yuğ" teatrında Məhəmməd Füzuliyə həsr olunmuş tamaşaya baxdım və təəssüratlarımı "Üç nöqtə" qəzetində "Söz babasının səhnə divanı" başlıqlı məqalə ilə ifadə etdim: ““Yuğ” teatrında ilk dəfə olurdum. Sözün Füzuli zirvəsinə, səssiz, sözsüz, yalnız jestlərin, müxtəlif effektlərin köməyi ilə qalxa bilmək iddiası məni çaşdırmışdı. Çətindən də çətin bir istəkdi, aktyordan çox tamaşaçı hazırlığı tələb olunurdu.

Yandı canım hicr ilə, vəsli-ruhi-yar istərəm...

Gəl, görək, Söz babasının bu bir beytini sözsüz, səssiz, jestlərlə necə ifadə etmək olar? Yaxud Füzuli rüsvalığını, əfğanlığını, Füzuli əhli-təmkinliyini, rindi-şeydalığını sinopsis etmək asandırmı? Yox! Çətindir! Gərək giriftarı olasan Füzuli irsinin, Füzuli eşqiylə bəlayə düşəsən, şəbu-hicran yana canın, bəlkə... bəlkə onda oyada bilər xəlqi sənin də əfğanın!...

***

"Yuğ" ənənəsinə uyğun bütün teatr əməkdaşlarını toplayıb mənim məqaləmi cümlə-cümlə oxuyur, müzakirə edirdilər:

"Buna baxx! İndi deyəcəklər, Vaqif İbrahimoğlu sifarişlə "Yuğ"u reklam etdirir..."

Mənimlə kabinetində üzbəüz oturub çox qəti və konkret ustad tapşırığı verir.

“Ən qısa zamanda "Ömür qatarı"nın ssenarisi stolumun üstündə olsun, kino çəkdirəcəyəm” - deyib, əllərini qoşalayaraq üç dəfə stola vurur - “Nöqtə, nöqtə və nöqtə!”

Onun hər cümlədə işlətdiyi "amma və lakin" nidası ilə sözə başlayıb gülürəm:

- Vaqif müəllim, mən heç ssenarinin forma, məzmun, tərtibat etibarı ilə nədən ibarət olduğunu belə bilmirəm, görməmişəm, o ki qala yazmaq!?

Əlini atıb stolunun sürməsindən 5-6 qovluq çıxarır və şappıltı ilə stolun üstünə çırpır. Ssenarilər idi. Baxmaq istəyəndə, gözləmədiyim halda, əlimin üstündən vurur:

- Amma və lakin barmağın da dəyməyəcək!? Heç hara da baxmayacaqsan! Necə təsəvvür edirsən, eləcə də yaz, məni məhz o "bilməməzlik"qane edəcək.

Təəccüblənməyimə əhəmiyyət vermədən sözünə davam edib, "Kəlilə və Dimnə"dən sitat gətirir: “Adam tipləri çoxdu. Biri var - bilmir və bilmir ki, bilmir. Həzər ondan, harda gördün, qaç (o, “bilmir” yerinə “qanmır” deyirdi). Biri də var bilir, alimdi, ancaq bilmir ki, bilir. Qəflətdədi, onu ayıltmaq və dost olmaq lazımdı – o, sənsən, qiymətli külçə. "Tolko şlifovat nada", o da mənlikdi!”

Və Vaqif müəllim beləcə qoltuğuma verib, məni ssenari yazmağa göndərmişdi - Məmməd Araz "Qələm dostum, poeziya xridarı..." yazıb məni sözə, ədəbiyyata çəkdiyi kimi...

Bu söhbətdən sonra gəlib internetdə "ssenari" axtarışı verib baxmışdım. Necə olur axı bu “ssenari” deyilən "zad", necə yazılır? Rus saytlarının birində əvvəllər baxdığım filmin ssenarisin oxuyanda isə (!) artıq nəinki uçmağa qanadım yox idi, var idi!!! Özü də necə! Artıq uçurdum!...

““Bu, nə ssenaridi belə?” - deyə düşünürdüm. “Bu sayaq lal, kar, hissiyyatsız mətnlə, ssenari ilə necə çəkiblər belə gözəl filmi?... Mən elə təfərrüatlı ssenari yazaram, rejissor yükü yarıbayarı azalmış olar!”

Ən azından, kumirim olan "Gün keçdi" filminin analoqu içimdə artıq səhifələnməyə, canlanmağa başlamışdı...

"Ömür qatarı" essesinə yeni təfərrüatlar, dinamika gətirmiş, ən başlıcası, ssenarinin yeni fəlsəfəsini, süjetini qurmuş, filmin maliyyə qaynaqlarına qədər götür-qoy etmişdım. Yolda, qatarda, kənddə, Moskvada - onkologiyada, Kislovodskdə, 80-ci illərin sonunda çəkilmiş video xronikaları bir yerə toplayıb, ipə-sapa düzmüş, o illərdə maşın qiymətinə olsa da, hamının tapıb ala bilmədiyi videokameramın olmasından və filmdə xronika kimi istifadə olunacaq çəkilişlərin qalmasından hədsiz xoşbəxt olmuşdum...

O da mənim "Ömür qatarı"m olacaqdı. Yuxularıma dağ çəkən ömür qatarım... Sonluğu da "Gün keçdi"də olduğu kimi, nikbin:

...Mahnıdan Flora xanımın adamın içini titrədən harayı, çağrışı, bir tərəfdən elə hey, “Bax-ma!!!... Bu qatarın dalınca baxma! Ğözlərini yorunca baxma... Bax-m-a...a...a!” desə də, səsin digər ilahi bir sehri ruhumu çəkib aparır o qatarların dalınca... Bu səsdən içim yansa da, artıq hansısa bir sevgi, qara sevda da yaşayıram, rahat və məmnunam, məsudam... Qara sevda olanda nə olar, sevgi bütün təzahürlərdə gözəldir...”

...Səhnə arxasından bu sonuncu mətnin kim tərəfindən səsləndiriləcəyinə qədər seçmişdim! "Amma və lakin!" Sən saydığını say, gör, fələk nə sayır. Namərd xərçəng aman vermədi Vaqif İbrahimoğluna...

P. S. Bu yazı ilə Vaqif İbrahimoğlunun doğum gününü xatırlamaq öz yerində, ancaq bir istəyim də var. O vaxt qəzetlərin internet versiyası olmadığından, indi fürsətdən istifadə edib Vaqif müəllimin tanışlığımıza vəsilə olan o kiçik məqaləsini internetin yaddaşından asmaq istəyir və bunu özümə vəfa, etibar borcu sanıram. Bəzən iki sözlə bir neçə səhifəlik fikir çatdırmaq olur. Vaqif İbrahimoğlunun da cümlə içində gedən "Qabıllılı oldum" ifadəsi və digər dəyərli fikirləri məni həmişəlik fəth etmişdi.

A ZALIM !

(05/03/2010 V. İbrahimoğlu "Üç nöqtə" 3530)

(Aydın Qacara yarıaçıq məktub)

Əvvəllər eşitmişdim, indi yəqin bilirəm: yaşlanmaqla ilgili sindromlardan qurtulmaq, yəni sağalmaq mümkün deyil. Onu da yüz faiz bilirəm ki, iştə bu sindromların patalogiyaya keçməməsindən ötrü qorunmaq olur, yəni ki, sağlam sığınacaqlar var bu gerçəklik adlandırdığımız «külbeyi-əhzən»də. Və bilirəm ki, sığınacağı axtarıb tapmaq məsələsi, ilk növbədə, bağlıdı axtaranın əsl niyyətinə. Bir də ki, içinin içindəki MƏNin kişiliyinə…

Aydın Qacarın «525-ci qəzet»in 27 fevral, 2010-cu il, şənbə sayında dərc olunmuş «Hara gedir bu qatar: ömrün qatarı… (yuxularımın qatarı)» yazısı əlimə necə keçib, onu necə itirmişəm, sonra necə tapmışam - bu, özü bir süjetdir, bəlkə haçansa onu qələmə aldım. Gərəkdi ki, bu yazını başqa bir ortamda oxuyaydım, «253» saylı avtobusda deyil, hardasa şəhərin düz ortasında əğyarların gözündən iraq bir oazisdə. Özü də təndir tüstülənəydi gərək, hava əla olaydı gərək və gərək yan-yörəmdə sevdiyim adamlar olaydı və mən ucadan oxuyaydım Aydın Qacarın kişiyə yaraşan səmimiyyətlə yoğrulmuş etiraflı essesini… Nə isə, belə olmadı, başqa cür oldu və deməli, belə də olmalıydı…

Keçirəm yarıaçıq məktuba. Nə zalımsan, a Aydın bəy!

Təzəlikcə qurtulurdum «60 yaşın sindromu»ndan, sirrimin içində büküb gizlətdiyim sirrimi açdın el-aləmə, özümü də yuxularımın burulğanına, ruhumun alatoranlı dolanbaclarına saldın ki, indi «mən elə sərməstəm ki», yuxularımla gerçəklik adlandırdığımız röyanı seçə bilmirəm. Dərd ondadır ki, heç seçmək də istəmirəm, halbuki işim-gücüm başdan aşır, başımı qaşımağa vaxtım yoxdur. Mən biçarə isə yazını oxuyandan sonra yenə qayıtdım ömrümün «dayanacaqlarına», yenə qatarların təlqinedici «taqqa-tuquna» uydum, Qabıllılı oldum, Flora xanımın məni əskərliyə yola saldığı səsinin içində yenə də əridim, halbuki dediyim kimi, iş görməliyəm, yaşayıb-yaratmalıyam, dərs deməliyəm, tamaşa üzərində işləməliyəm, a zalım!

Təzəlikcə dünya ilə barışmışdım, təzəlikcə ruhumda nisbi də olsa, səliqə-səhman yaratmışdım, hardan çıxdı sənin bu yazın, a Aydın bəy?! Yenə də avtobusun pəncərəsindən baxıram və düşünürəm, baş sındırıram ki, bəs, bu dünyaya gəlmişəmmi, gəlmişəmmi, getmişəmmi? Dünya mənə tanış gəlir. Yadıma düşür ki, bu misralar Ramiz Rövşənindir, yəni sitatdır, gərəkdir ki, onları dırnağa alım, fəqət təkəbbürlülük güc gəlir, zalım Ramiz Rövşənin misralarını amansızcasına «özəlləşdirirəm», özümünkü edirəm. Dırnağa almıram, atam balası, öldür məni, sənin də yazını, ay Aydın bəy, özümünkü sayıb da, müəlliflik qürurunu yaşamaqdan vaz keçəmmirəm!...

Əzizim Aydın bəy!
Əminəm ki, bu yazımda işlətdiyim «zalım» sözcüyü xətrinə dəyməyəcək, çünki, fikrimcə, çox incə stilistik-semantik ifadə ilə həm səni, Aydın bəy, həm də özümü (!) yüksəltmişəm deyə düşünürəm. Hər ehtimala qarşı, izahat da verim: yazını oxuduqca əməlli-başlı kövrəlirdim (sindromun təzahürüdür həm də…) və beynimdə sevgili Vaqif Bayatlının «Nə zalımsan, kamança!» misrası dolaşırdı. Bu nostaljini, bu niskili sublimasiya etməkdən ötrü «zalım»lığından danışdım, həm də yazına, üslubuna, düşüncə və duyğularına incəcik bir komplement səsləndirdim. Əminəm ki, bunu layiqincə dəyərləndirəcəksən və məktubun nədən «yarıaçıq» olmasını göydə tutacaqsan. Yəqin ki, sən də mənim kimi bu mövzuda yalnız tüstülənən təndirin yanında əyləşib də son dərəcə açıq danışa bilərsən.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar