İqtisadi inkişafımızda Azərbaycan polisinin rolu

Mürvət Həsənli,
İş adamı

İş dünyasının inkişafı üçün bir çox vacib elementlər var. Bunların başında isə ölkədəki sabitliyin qorunmasıdır. Çünki sabitlik olmayan yerdə iş adamları gələcəklərinə, yatırdıqları investisiyanın, gördükləri işlərin davamlılığına bel bağlaya bilməzlər. Güvən hissinin olmadığı məmləkətdə isə kapital çox duruş gətirməz, istər-istəməz özünə xarici ölkələrdə daha etibarlı yer axtararlar. Təsadüfi deyil ki, istənilən ölkədə kriminal vəziyyətin dəyişəcəyini ilk öncə sərmayədarlar hiss edərlər və böhran başlamamışdan əvvəl bütün varidatlarını çıxarıb xaricə qaçarlar.

Bu mənada hər bir ölkədə iqtisadi böyümə təkcə maliyyə qurumlarının fəaliyyəti ilə ölçülməz. Ölkənin polis orqanlarının fəaliyyəti də əlverişli investisiya mühitinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın investisiya mühitinin beynəlxalq qurumlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilməsində nə qədər gözə görünməsə də DİN-nin də xidmətləri böyükdür.

Məlum olduğu kimi, ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb, “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. “Doing Business” hesabatlarının ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu uğurun əldə edilməsinin kompleks tədbirlərdən doğduğunu anlaya bilərik. Nə yazıq ki, bu tədbirlər arasında polis orqanlarımızın xidməti ya gözə görünmür, ya da xəsisliklə qeyd olunur. Halbuki, ölkədə kriminogen vəziyyət istənilən səviyyədə olmasaydı, heç bir investisiya mühitindən, inkişafdan danışmaq da mümkün deyildi.

Prezident İlham Əliyev də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə sabitliyin iqtisadi inkişafda oynadığı rolu yüksək qiymətləndirərək demişdi: “Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”.

Ölkə başçısı sözügedən nitqində Azərbaycanda mövcud olan sabitliyin dünyanın ən zəngin ölkələrində belə olmadığını vurğulayaraq, ölkəmizin inkişafında stabilliyin mühüm rol oynadığını bildirmişdi: “Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir”.

Sözsüz ki, sabitliyin qorunmasında hüquq mühafizə orqanlarımızın böyük əməyi var və bunu cənab Prezident hələ 2013-ci ildə DİN-nin Polis Akademiyasında Polis Gününə həsr olunmuş mərasimində açıq şəkildə bəyan etmişdi. O, mərasimdə söylədiyi nitqində Azərbaycanın müstəqilliyini qazandığı ilk günlərdəki vəziyyətlə bu günümüzü qarşılaşdıraraq müqayisə aparmış, haqlı olaraq, əldə etdiyimiz bütün uğurların başlıca səbəblərindən birinin polis orqanlarının fəaliyyətiilə əlaqələndirmişdi:

“Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi”.

Prezidentin bu fikirlərindən də aydın görünür ki, o, ölkənin inkişafında polis orqanlarının çiyninə böyük yük düşdüyünü etiraf edib. Cənab İlham Əliyev elə həmin çıxışında bu fikrini inkişaf etdirərək bildirmişdi: “Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi”.

Azərbaycan hakimiyyətinin ölkədə yaratdığı sabitlik beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib və bu da xarici investisiyaların ölkəmizə cəlbində xüsusi rol oynayıb.

Sözsüz ki, ölkədəki kriminogen sabitlikdən ən çox qazanan da elə yerli iş adamlarımız olub. Odur ki, iqtisadiyyatımızın inkişafında Azərbaycan polisinin xidmətlərini danmaq, açıq şəkidə ifadə etməmək haqsızlıq olardı.

Yeri gəlmişkən, qeyd edim ki, xüsusilə Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazovun bu vəzifəyə təyinatından sonra polis orqanlarında ciddi islahatlar aparılır, bu şərəfli ada ləkə gətirən kadrlar öz vəzifələrindən uzaqlaşdırılır, asayişimizin keçiyində dayanan idarələr antipod ünsürlərdən təmizlənir. Bu da kriminogen sabitliyi möhkəmləndirməklə yanaşı, həm də ölkəmizin investisiya mühitini yaxşılaşdırır. Bir iş adamı olaraq Vilayət Eyvazova bu çətin və şərəfli işində böyük müvəffəqiyyətlər arzulayıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar