MÜHARİBƏDƏN SONRAKI BİR İLDƏ ƏN BÖYÜK HƏRBİ QARŞIDURMA... - Ermənistan döyüşü özü istəyir, yoxsa onu təhrik edirlər?

Sülhəddin Əkbər: "Türk birliyinin yaradılması istiqamətində addımın atılması bu birliyi istəməyənləri hərəkətə gətirdi"

Elxan Şahinoğlu: "Paşinyanı zorla masaya otuzdurmasa lokal toqquşmalar davam edəcək"

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçu yaralanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayı. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan Müdafiə Nazirliyi də 16 noyabrda Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı öz itkiləri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Noyabrın 17-də səhər saatlarına olan məlumata görə, bir əsgərin ölməsi, daha 13 əsgərin əsir götürülməsi barədə dəqiq məlumat var, 24 əsgərin taleyi məlum deyil. Hərbçilərin tapılması istiqamətində intensiv iş aparılır. Həmçinin iki döyüş postunun düşmənin nəzarəti altında olduğu qeyd edilir. Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin həlli və əsir düşən əsgərlərin geri qaytarılması istiqamətində danışıqlar aparılır”.

Xatırladaq ki, Ermənistan Milli Məclisinin Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryan noyabrın 16-da axşam saatlarında verdiyi açıqlamada Ermənistan ordusunun ən azı 15 əsgərinin öldüyünü, 12 nəfərin itkin düşdüyünü deyib.

Eyni zamanda Ermənistan mətbuatı 30 nəfərin öldüyünü, 100-ə yaxın erməni hərbi qulluqçunun yaralandığını yazıb.

Ermənistan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda isə erməni hərbçilərin cəsədlərinin Azərbaycanın nəzarət etdiyi postların arxa hissəsində qaldığı bildirilir. Yəni həmin itkin düşdüyü qeyd edilən 24 nəfərin məhz həmin cəsədlər olduğu istisna edilmir.

Beləliklə, 10 noyabr üçtərəfli bəyanatından keçən bir ildən artıq müddətdə Ermənistanla Azərbaycan arasında ən geniş miqyaslı hərbi toqquşma 16 noyabrda baş verdi. Ermənistan atəşkəsi pozdu. Rusiya müdafiə naziri Şoyqunun müdaxiləsi ilə atəşkəs elan olundu. Amma bu, müvəqqəti ola bilər. 

Rusiya bundan sonra Ermənistan və Azərbaycan arasında hakim ola bilməz. Hər iki ölkədə ona etimad sıfırın altındadır. Ermənistan özünün ən yaxın müttəfiqi, himayəçisi kimi İranı görür, ruslara isə nifrət edir. Azərbaycan ictimaiyyətində də Rusiya müsbət emosiya yaratmır. Ona qarşı həm qorxu var, həm etimadsızlıq, həm də nifrət. Belə olan təqdirdə Rusiya iki düşmən ölkə arasında hakimlik edə bilməyəcək.

Ermənistanın leqal və qeyri-leqal silahlıları Qarabağda və ətraf bölgələrdə qaldıqca sülh olmayacaq. Delimitasiya, demarkasiya alınmayacaq, sərhədləri müəyyən etmək mümkün olmayacaq. Bunların olmayacağı təqdirdə vəziyyət sabitləşməyəcək.

Ermənistan bu cür əlverişsiz durumunda, gücdən düşmüş, əzilmiş vəziyyətdə Azərbaycanla niyə qarşıdurmaya gedir? Axı ermənilər yaxşı bilirlər ki, növbəti hərbi qarşıdurma, müharibə onları tam bitirəcək. Nəyə, kimə arxayın olub təxribatlara gedirlər? Qazancları nədir? Bu, tipik erməni xislətidir, yoxsa kənar güclərin əmrini yerinə yetirirlər?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, müharibə sonrası yaranmış vəziyyətdən narazı olan bütün qüvvələrin baş verən hadisələrdə maraqları və əli var: “Bu qüvvələrin başında Rusiya, Fransa, İran və ABŞ-ın bəzi dairələri gəlir. Hətta Türkiyəyə görə, burada Yunanıstanın da maraqları var. Vəziyyətə təsir edəcək çoxsaylı xarici faktorlar var. Eyni zamanda daxili faktorlara baxmaq lazımdır. Rusiya daxilində də hakimiyyət monolit deyil, Putin-Şoyqu qanadına qarşı Nikolay Patruşev-FTB qanadı formalaşıb. Ermənistan daxilində güclü müxalifət var, hakimiyyət hələ də Ermənistanın silahlı qüvvələrinə, kəşfiyyat və təhlükəsizlik qüvvələrinə tam nəzarət eləyə bilmir. Ən başlıca amil Ermənistanın bütövlükdə Rusiyanın strateji nəzarətində olması, xüsusən də “DQR”-dən qalan hissənin hazırda Rusiyanın birbaşa nəzarətində olması nəzərə alınmalıdır. Postmüharibə dövründə narazı qalan qüvvələrin heç bir biri Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların getməsi, delimitasiya, demarkasiya prosesinin getməsi, sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılmasında maraqlı deyillər.

Son gərginlik dalğası ikinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığı günün birinci ildönümündən-noyabrın 8-dən başladı. 12 noyabrda İstanbulda Türk Dövlətləri Təşkilatının yaranması kimi böyük tarixi addımın atıldı. Türk birliyinin yaradılması istiqamətində addımın atılması da bu birliyi istəməyənləri hərəkətə gətirdi. Zəngəzur dəhlizinin açılmasının türk dünyasını birləşməsində oynayacağı rolu türk dünyasının birliyini istəməyənlər görür. Azərbaycanın qələbəsinə, türk birliyinin yaranmasına qarşı olan bütün qüvvələr postmüharibə dövründə narazıdır və Azərbaycanın qələbəsinin hüquqi sənədlərlə fiksasiya olunmasını istəmirlər. Bu qüvvələrin də başında Rusiya gəlir. Rusiyanın Ermənistanda, Ermənistan ordusunda nə qədər təsir gücünə malik olduğunu nəzərə alsaq görərik ki, Rusiyanın nəzarətindən kənar hər hansı hadisənin baş verməsi qeyri-mümkündür. Bunu 16 noyabrdakı hadisə də göstərdi. Sergey Şoyqu zəng eləyən kimi atəş dayandı. Rusiya öncə Ermənistanı hücuma yönəltdi, sonra isə zəng edib atəşi dayandırdı. Rusiya dövləti özünün Müdafiə Nazirliyinin bəyanatı ilə bəyan etmiş oldu ki, bütün proseslər bizim nəzarətimizdədir. Rusiya yaranmış vəziyyətdən, müharibəsonrası gedən prosesdən narazı idi. Ona görə də 16 noyabrda məlum qarşıdurmanı yaratdı".

S.Əkbər qeyd etdi ki, Rusiya Ermənistanla Azərbaycanın öz aralarında sülh danışıqları başlatmasını, sülh müqaviləsi imzalamasını istəmir: “Rusiya bilir ki, Ermənistanla Azərbaycan öz aralarında barışıq əldə etsə, bir-birilərinin ərazi bütövlüyünü tanısa, hər iki ölkənin arasında münasibətlər qurulacaq, Ermənistanın Türkiyə ilə də əlaqələri qurulacaq. Belə vəziyyətdə isə Rusiyaya bu regionda ehtiyac qalmayacaq. Ona görə də Rusiya bu perspektivin qarşısını almağa çalışır. Rusiya nə müharibənin qızışmasını, nə də sülhün yaranmasını istəmir. Rusiya aşağı intensivlikli gərginliyi, münaqişəni davam etdirməyi özü üçün məqbul yol görür”.

S.Əkbər vurğuladı ki, bu vəziyyətdə Azərbaycan öz gücünü daha da artırmalıdır. Türkiyə ilə strateji müttəfiqlik sazişi əsasında Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir: “Həmçinin Azərbaycan Pakistanla strateji müttəfiqlik və qarşılıqlı yardım haqqında saziş imzalamalıdır. İsraillə strateji əməkdaşlıq haqqında saziş imzalamalıyıq, Təl-Əvivdə səfirliyimizi açmalıyıq. Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalanmalıdır. ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalanmalıdır. Avropa Birliyi ilə illərdir masa üzərində qalan sənədi imzalamaq lazımdır. NATO ilə dərinləşdirilmiş tərəfdaşlıq sazişinə də ehtiyac var”.

"AzPolitika.info"nun məlumatına görə, politoloq Elxan Şahinoğlu isə bildirib ki, baş verənlər gözlənilən idi. Çünki müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, dəhliz açılmayıb. Bu qeyri-müəyyənlikdir. Odur ki, belə vəziyyətdə gərginlik azalmayacaq: “Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf - Azərbaycan zəif tərəfə - Ermənistana öz şərtlərini diqtə etməlidir.

Birincisi, Azərbaycan Ordusu sərhəddə möhkəmləndikcə Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyllənəcək ki, guya hələ müqavimət gücü var. Reallıqda isə yenə itki verirlər, həm ölürlər, həm də əsir düşürlər. Bu, Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. Ermənistanın yeni müdafiə naziri təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb.

İkincisi, Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvan Bakı ilə masada oturmağa məcbur qalsın. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiya müzakirələrinə başlamağa qorxur. Çünki bilir ki, ağası Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa, müəyyən ərazilərdən vaz keçməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu onun problemidir. Bizim vəzifəmiz isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəyik.

Paşinyan istəyir ki, Rusiya hərbçiləri Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhədində də yerləşsinlər. Paşinyan elə buna görə 16 noyabrda Vladimir Putinə zəng edib. Bundan başqa, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqları olub. Nəticədə atəşkəs elan olunub. Ancaq bu, müvəqqətidir. Çünki əgər Paşinyan sərhədin müəyyənləşməsi ilə bağlı Bakı ilə danışıqlardan qaçırsa, Azərbaycan Ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur".

Kreml bu vəziyyətdə nə edəcək? Putin rusiyalı hərbçiləri Qarabağa göndərdiyi kimi Ermənistan-Azərbaycan sərhədinə də göndərə bilərmi?

E.Şahinoğlu qeyd edib ki, Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi. Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur: “Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, rusiyalı hərbçilər gəlib sərhədin hansı hissəsində yerləşəcəklər? Misal üçün, Azərbaycan sərhədçiləri Qaragölə nəzarət edirlər, Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər? Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr, bu, Ermənistanı narazı salacaq. Çünki bu o demək olacaq ki, Rusiya Qaragölün Azərbaycana aid olduğunu qəbul edib. Yox, gəlib gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar, bu, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir.

Atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya otuzdurmaqdır. Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda, lokal toqquşmalar davam edəcək".

635x100

Şərhlər

turan 2021-11-18 16:54:19

yenə bu şoyqu. 2016 -da da imkan vermədi serjinbaşına qapaz vuraq. nə qədər dözəcəyik bu şoyquya?

Son yazılar