“QARABAĞDA DEMƏK OLAR Kİ, ERMƏNİSTAN QOŞUNU YOXDUR” – “Gec və ya tez biz orada inzibati nəzarətə nail olacağıq”

Fərid Şəfiyev: "Ermənistan cəmiyyətində azərbaycanlılara nifrət daha strukturlu, eyni zamanda şiddətli bir səviyyəyə çatıb!"

"İran bu əməllərini dayandırmırsa, biz sərt addımlar atmalı və buna son qoymalıyıq"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin APA-ya müsahibəsini təqdim edirik:

- Ermənistan və Azərbaycan arasındakı 44 günlük müharibədən sonra yeni geosiyasi reallıqlar yaranıb, Rusiyanın və Türkiyənin regionda aktiv fəaliyyətini görürük. Eyni zamanda Aİ-nin regionla bağlı daha hərəkətli bir siyasi xətt seçməsi ilə bağlı fikirlər səslənir. Ümumilikdə vəziyyəti necə şərh edərdiniz...

- Təbii ki, vəziyyət dəyişib. Bir sıra faktorlar yaranıb və əsas faktor odur ki, Azərbaycan müharibədən qalib çıxıb, Azərbaycan torpaqlarını işğaldan azad edib. Ancaq bu o demək deyil ki, bütün problemlər həll olunub. Problemlər hələ də mövcuddur və təbii ki, mövcud olan problemlər öz təsirini göstərəcək. Geosiyasi mənzərəyə baxsaq, Azərbaycan üçün ən vacib olan məqam torpaq məsələsidir, biz torpaqları işğaldan azad etmişik. İkinci məsələ odur ki, Azərbaycan artıq burada təşəbbüskar mövqeyindən çıxış edir. Azərbaycan son 10-15 il ərzində onsuz da iqtisadi cəhətdən regionun lideri idi, ancaq indi həm də siyasi cəhətdən liderə çevrilib, yəni, təşəbbüs Azərbaycandadır. Dinamikaya baxsaq, Ermənistanla Azərbaycan və Ermənistan, Azərbaycan, Rusiya arasında danışıqlarda gündəliyi Azərbaycan formalaşdırır və bu, çox vacibdir. Rusiya ilə bağlı bir çox fikirlər səsləndirilir, Rusiya güclənib və ya zəifləyib və s. Bir tərəfdən təbii ki, artıq Rusiyanın qoşunları Azərbaycan torpaqlarındadır, bu faktı təbii ki, biz nəzərə almalıyıq, ancaq bu hərbi qüvvələr burada müvəqqəti olaraq yerləşiblər. Sülhməramlı qüvvələrin statusu müvəqqətidir. Bu, Rusiyada, Ermənistanda və maraqlıdır ki, Qərbdə də bir çoxunu narahat edir. Niyə? Müharibə zamanı Prezident İlham Əliyev də müsahibəsində qeyd edib ki, bir çox məsələdə Qərblə Rusiyanın mövqeyi tamamilə bir-birindən fərqlidir, amma bu məsələdə - Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münaqişəsinə baxışları üst-üstə düşür. Niyə? Çünki burada Türkiyə faktoru var. Burada müəyyən dərəcədə ənənəvi İslamofobiya faktoru, Türkəfobiya faktoru var. Ona görə bu yaxınlarda Qərbin liberal fondu olan "Carnegie" tərəfindən yayımlanan müsahibədə Qərbin liberal dairələrindən olan Tomas de Vaal kimi alimlər də dörd ildən sonra burada Rusiya sülhməramlılarının qalmasını tövsiyə edir. Azərbaycan rəhbərliyi öz siyasətini təbii ki, ölkənin milli maraqlarına əsaslanaraq təşkil edir. Dörd ildən sonra nə baş verəcək, bunu indidən düşünmək lazımdır, amma dəqiq proqnoz vermək çətindir. Azərbaycanın hədəfi öz ərazisində tam inzibati nəzarəti bərpa etməkdir. Azərbaycan hərbi cəhətdən o əraziləri işğaldan azad edib. Sosial şəbəkələrdə və ya xarici ölkələrdə yaşayanların bəziləri deyir ki, "Yox. hələ bu məsələ həll olunmayıb, orada Rusiyanın sülhməramlı qüvvələri var və s." 

Bəli, orada sülhməramlı qüvvələr var, amma orada demək olar ki, Ermənistan qoşunu yoxdur, bəzi hallarda biz görürük orada təxribat törətməyə cəhd edən qüvvələr var, amma hərbi cəhətdən orada Ermənistan ordusu yoxdur, işğal faktı yoxdur. Rusiya sülhməramlılarının mövcudluğu faktı var. Bu isə ayrı çərçivə, ayrı istiqamətdir. Bizə 30 il ərzində deyirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur, Azərbaycan xalqı, Prezident isə bildirdi ki, hərbi həll var və Azərbaycan göstərdi ki, baxmayaraq 25-30 il gözlədik, amma hədəfə nail olduq. Ona görə indi də Azərbaycan bütün dünyaya bəyan edir ki, gec-tez biz bunu həll edəcəyik və burada söhbət inzibati nəzarətdən gedir. Bəli, hazırda tam inzibati nəzarət yoxdur, hazırda o ərazilər Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Ancaq gec və ya tez biz buna nail olacağıq. Azərbaycan xalqı göstərib ki, öz hədəfinə çata bilir. Digər böyük dəyişiklik var ki, bu da Türkiyə ilə bağlıdır. Bu, artıq reallıqdır və bunu hamı başa düşür. Təbii ki, bu reallığı qəbul etməyənlər də, narahat olan qüvvələr də var, amma bu artıq bir faktordur və bu faktor Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən qəbul olunan Şuşa Bəyannaməsi ilə güclənib. Bu faktor köklü şəkildə geosiyasi vəziyyəti dəyişib. O ki qaldı digər oyunçulara, açıq şəkildə deyim ki, mən Avropa İttifaqının burada aktiv siyasətini görmürəm. Aİ əvvəl iqtisadi donor kimi çıxış edirdi, düşünürəm ki, indi də daha çox buna meyllidir və qeyri-balanslı bir iqtisadi donor kimi çıxış edir. Məsələn, Ermənistana 2.6 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana ayrılan vəsait 150 milyondur. Bu sualı avropalı tərəfdaşlarla da müzakirələrimizdə qaldırmışam, onlar bildirirlər ki, Azərbaycan Aİ-nin kredit şərtlərini qəbul etmir. Əslində Ermənistan üçün ayrılan 2.6 milyard avro da tam yardım deyil, bu vəsaitin çox hissəsi kredit formasında verilib. Ermənistana maliyyə vəsaiti lazımdır, ona görə də bu vəsaiti, şərtləri qəbul edirlər. Azərbaycanda isə vəziyyət fərqlidir. Azərbaycan iqtisadi cəhətdən sağlam bir ölkədir və bəzi kredit şərtləri ölkəni qane etmir. Ancaq yenə də mən hesab edirəm ki, Aİ yenə də Azərbaycana daha çox vəsait ayıra bilərdi, çünki işğalın qurbanı olan tərəf Azərbaycandır. Bir daha qeyd edim ki, mən Aİ-nin fəal siyasətini burada müşahidə etmirəm. Ola bilər ki, Aİ Cənubi Qafqaz regionu ilə bağlı siyasətini yenidən müəyyənləşdirmə prosesindədir. Amma hazırda mən aktiv siyasəti görmürəm, eyni zamanda bu, ABŞ-a da aiddir. Hesab edirəm ki, ABŞ-ın da Cənubi Qafqazla bağlı siyasəti hələ tam formalaşmayıb.

- Siz qeyd etdiniz ki, Aİ regionda aktiv oyunçu deyil. Ancaq Aİ rəsmiləri dəfələrlə bəyan edib ki, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana dayanıqlı sülhün əldə olunması üçün dəstək verməyə hazırdır. Bəlkə Aİ-nin yardım əli Kremlin təzyiqi ilə bu ölkələr tərəfindən rədd edilir...

- Təbii ki, Avropa İttifaqı və Rusiya arasında rəqabət mövcuddur. Amma yenə deyirəm, bu məsələ ilə bağlı Aİ-nin və Rusiyanın mövqeyi üst-üstə düşür. Aİ Ermənistana kömək edir. Bir nümunə verim, Aİ yardım paketində qeyd edib ki, bu vəsait daha çox Ermənistanın cənub regionlarına istiqamətlənəcək. Söhbət Zəngəzur bölgəsindən gedir. Onlar anlayırlar ki, bura həm onlar, həm də Ermənistan üçün çətin bölgədir. Aİ o regiona dəstək verərək oranı gücləndirmək istəyir. Burada Azərbaycan faktoru var. Digər məsələ, Aİ Ermənistanda şimal - cənub istiqamətində yolların tikintisinə vəsait ayırır.

Halbuki neçə il idi bunu etmirdilər. Burada söhbət ondan gedir ki, son aylar İran fəallaşıb. İran təklif edib ki, bu ölkədən Ermənistan, Gürcüstan vasitəsilə həm Qara dənizə, həm də Rusiyaya dəhliz yaradılsın. Şimal-cənub dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın da İran və Rusiya ilə ortaq layihəsi var. Azərbaycan tərəfindən bütün işlər tamamlanıb, yol çəkilib, dəmiryolu xətti mövcuddur. Bu layihənin tamamlanmasına mane olan yalnız İrandır, çünki İran lazım olan müvafiq işləri görmür. Hətta sentyabr ayında bu dəhlizlə bağlı Moskvada İran, Rusiya və Azərbaycan beyin mərkəzlərinin toplantısında iştirak edərkən Rusiya təmsilçiləri də qeyd etdilər ki, İran bu istiqamətdə fəal deyil. Burada söhbət Astara-Rəşt yolunun salınmasından gedir. Azərbaycan tərəfi buna vəsait ayırmağa hazırdır. Lakin ola bilsin ki, indi Azərbaycan üçün daha maraqlı olan Zəngəzur dəhlizidir. Culfa vasitəsilə biz İranla dəhliz yarada bilərik. Ancaq qayıdaq Aİ-nin bu məsələyə münasibətinə. İran hazırda Azərbaycana rəqib olan ayrı dəhliz tikmək istəyir və Aİ faktiki onlara vəsait verir. Hətta hazırdır ki, İrana da vəsait versin. Doğrudur, İrana birbaşa vəsait verilməyəcək, amma faktiki olaraq bu vəsait İranın ideyasının reallaşmasına xidmət edəcək. Onların Türkiyəyə qarşı bu qədər qərəzli mövqeyi, geosiyasi qorxuları var ki, onlar hətta İranın olduğu layihəyə maliyyə yardımı verməyə hazırdırlar. Halbuki İran sanksiyalar altındadır. Ümumilikdə hesab edirəm ki, bu, Azərbaycana qarşı da olan bir mövqedir.

- İranda seçkilərdən sonrakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin xarici siyasətində daha konservativ meyllər güclənib. Son zamanlar bu ölkənin Azərbaycanla münasibətlərində də gərginlik müşahidə olunurdu. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz İranla münasibətlərdə mənfi dönüşü, ritorikanı müşahidə etdik. İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olması məsələsini Bakı qaldıranda İran bununla bağlı addımlar atmırdı, ona görə də Azərbaycan tutarlı addımlar atmalı oldu və bu, İranın xoşuna gəlmədi, İran tərəfi müvafiq bəyanatlar verdi. Ancaq Tehran gördü ki, bu məsələdə Azərbaycanın mövqeyi çox sərtdir, Azərbaycan bu məsələdə beynəlxalq hüquqa əsaslanır. Son iki, üç həftə və sonra İran Azərbaycan təzyiq göstərməkdən çəkindi. Təbii ki, burada söhbət diplomatik təzyiqdən gedir. Bu məsələdə heç bir regional aktorlar, xüsusilə də Rusiya Tehranı dəstəkləmədi. İran rəsmiləri dəstək üçün Moskvaya getdilər, lakin onlar, belə deyək, əliboş geri döndülər. Ona görə İran müəyyən dərəcədə ritorikasını dəyişdi. Azərbaycan tərəfi regional əməkdaşlığa hazırdır. Biz İran tərəfinə səmimi şəkildə deyirik ki, əgər həqiqətən burada əməkdaşlıq etmək istəyirsinizsə, qapılar hər zaman açıqdır. Ancaq açıq şəkildə bildirim ki, bir sıra məsələ var ki, biz bu barədə danışmırdıq, bura Azərbaycan ərazisində dini təxribat qruplarının yaradılması daxildir və təəssüflər olsun ki, bu məsələdə həm də Azərbaycan tərəfinin nöqsanları var, bu qrupların yaradılmasının qarşısının alınması istiqamətində müvafiq işlər görülməyib. Nəticədə burada artıq bir şəbəkə yaranıb və deyərdim ki, nəinki bu şəbəkə yaranıb, həm də əlverişli şəkildə Azərbaycan ərazisində fəaliyyət göstərib. İndi biz buna qarşı tədbirlər görməyə başlamışıq. İran bu cür fəaliyyətlərindən əl çəkməlidir. Belə deyək, bizimlə İran arasında müəyyən pərdə vardı və bu pərdəni İran tərəfi artıq götürüb. Ona görə də biz bütün məsələləri açıq şəkildə İranla müzakirə etməliyik.

Mən sentyabr ayında İranın beyin mərkəzinin rəsmilərini qəbul etdim və yenə də onları qəbul etməyə, müzakirələrə hazıram. Biz bu cür təmasları, müzakirələri davam etdirməliyik, amma problemli məsələlər gec-tez həllini tapmalıdır. İran Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıyır, amma qeyri-rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı, ölkənin daxili sisteminə, quruluşuna qarşı fəaliyyətini dayandırmalıdır. Əgər İran bu əməllərini dayandırmırsa, biz sərt addımlar atmalı və buna son qoymalıyıq.

- Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına qarşı heç də birmənalı münasibət yoxdur, hətta daha aydın deyərdim ki, bu münasibət mənfidir. Vətəndaşlar bu sülhməramlıların 4 ildən sonra öz missiyasını tamamladıqdan sonra Qarabağdan çıxmaq istəyəcəyinə şübhə ilə yanaşır. 4 ildən sonra bu missiya Qarabağı tərk edəcəkmi, necə düşünürsünüz?

- Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına qarşı müəyyən mənfi yanaşmanın, onlara qarşı münasibət birmənalı olmamasının tarixi kökləri var, çünki regiona erməniləri gətirən, onları burada gücləndirən Rusiya imperiyası olub. Amma reallıq da var, biz Azərbaycanın müasir tarixinə baxsaq - 1990-cı illərə və son 10-15 ilə, deyə bilərik ki, kim diplomatiya sahəsində təmkin nümayiş etdiribsə, soyuqqanlı yanaşıbsa, o, daha düzgün siyasət yürüdə bilib. Açıq danışaq, 1992-ci ildə Rusiya tərəfi Azərbaycandan ölkə ərazisində bir hərbi bazasının saxlanılmasını xahiş etmişdi, lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən hökumət bu təklifdən imtina etdi. Fevral ayında Rusiya hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxartdı, aprel ayında biz Kəlbəcəri itirdik. Bunu hər kəs bilir və hətta bu barədə mənə danışan adam o zaman Moskvada Elçibəylə Yeltsin arasında danışıqlarda iştirak etmişdi. Rusiya gücdür və öncə də qeyd etdim ki, bəzi məsələlərdə Qərb bizə qarşı Rusiya ilə eyni mövqedədir. Ona görə də biz doğrudan da ağıllı addımlar atmalıyıq. Bir faktı qeyd edim, 2012-ci ildə Rusiya Qəbələdəki radiolokasiya stansiyasının fəaliyyətini dayandırdı və çıxdı. Bu, sülh şəraitində baş verdi. Prezident İlham Əliyev Rusiya ilə münasibətləri necə qurmağı bilir, onun həm də şəxsi münasibətləri var və düşünürəm ki, bu, çox vacib faktordur.

Mən inanıram ki, bu məsələ də həllini tapacaq. Açıq şəkildə deyim ki, biz ötən il Rusiyanın yanaşmasını gördük, doğrudur, müharibədə ermənilərə yardım edirdi, amma 2016-cı ildən fərqli olaraq Azərbaycana təzyiq olmadı. Rusiya Azərbaycanla münasibətləri dostluq səviyyəsində saxlamağa çalışır, qarşıdurmaya getmir. 2016-cı ildə Azərbaycan döyüşləri dayandırdı, çünki Rusiyanın təzyiqi var idi, ancaq 2020-ci ildə digər faktorlar vardı, ilk növbədə, Türkiyə faktoru qeyd olunmalıdır. Rusiya Ermənistanın daxilində baş verənləri də görür, geosiyasi vəziyyəti də müşahidə edir. Rusiyanın qərb cinahında Ukrayna və Belarusdur. Belarusda hökumət təmsilçiləri Moskva ilə dostluq münasibətindədir, ancaq Belarus cəmiyyətində baş verənləri görürük. Bütün bunlara görə ola bilsin ki, Rusiyada bütün bu geosiyasi proseslərə fərqli şəkildə yanaşırlar.

Bəzən ABŞ və Avropa barədə danışırlar, ancaq açıq şəkildə deyim, mən onların bu məsələlərdə Azərbaycana dəstəyini görmürəm. Onlar müxtəlif məsələlərə fərqli yanaşma nümayiş etdirə bilərlər, amma erməni məsələsinə gəldikdə, eyni mövqeni nümayiş etdirirlər, "Siz ermənilərə nə etmisiniz, siz onları qorumalısınız, siz onlara hansı hüquqları tanıyacaqsınız" və s. Qərb mediası yazılarında "işğal" sözünü istifadə etmir amma Tomas de Vaal, Laurens Broers və digərləri bu münaqişəni tam yaxşı bilir, 1993-cü ildə qəbul olunan qətnamələrdə "işğal" sözü yazılıb, amma bu alimlər heç bir məqaləsində "işğal" sözünü istifadə etmir, "mübahisəli ərazilər", "nəzarətə götürmək, yenidən geri qaytarmaq" kimi ifadələri istifadə edirlər. Sanki bu ərazilər hansısa neytral ərazilər idi, biz onu Birinci Qarabağ müharibəsində itirmişdik, indi müharibədə biz yenidən bu əraziləri götürdük. Onlar "azad etmək" ifadəsini yazılarında istifadə etmir. Yenə qeyd edirəm, bəli, Rusiya ilə bağlı müəyyən tarixi yük, yaddaş var, amma eyni zamanda reallıq da olmalıdır. Biz emosiyalara qapılmamalıyıq. Biz necə hərbi cəhətdən bu müharibəyə hazırlaşırdıq və öz hədəflərimizə çatdıqsa, eyni şəkildə diplomatik sahədə də qeyd etdiyim hədəflərə çatmalıyıq.

- Gələcəkdə Qarabağda sülhməramlı qüvvələrin tərkibinin daha müxtəlif olması ehtimalı mümkündürmü? Yəni Rusiya ilə yanaşı digər ölkələr....

- Qarabağda müxtəlif ölkələrdən olan sülhməramlı qüvvələrin yerləşməsinin reallaşması çətindir, çünki bunu Rusiya istəməz. Rusiya istəməz ki, orada üçüncü dövlətin qüvvələri olsun, halbuki orada məhdud sayda Türkiyə qüvvələri var ki, onlar birgə Monitorinq Mərkəzi çərçivəsində oradadırlar. Əgər üçüncü dövlətlər gələcəksə, niyə Türkiyə gəlməsin? Hərdən Skandinaviya ölkələrindən sülhməramlı qüvvələrin gəlməsi fikrini səsləndirilər. Onlar bu günə qədər bu münaqişəyə nə töhfə veriblər? Doğrudur, 1990-cı illərin əvvəlində həm İsveç, həm Finlandiya hesab edirəm ki, diplomatik sahədə müəyyən səylər göstərirdi, xüsusilə Finlandiya Azərbaycanın mövqeyini dəstəkləməyə meylli idi. Amma o zaman biz uduzmuş bir tərəf idik.

Reallıq baxımından mən inanmıram ki, bu, mümkün olsun. Skandinaviya ölkələrinin dünyadakı sülhməramlı missiyalarına baxsaq onlar 30-40 ildir fəaliyyət göstərirlər, nəticə o olur ki, vəziyyət dondurulur. Bu isə Azərbaycanın hədəfi deyil. Təbii ki, biz düşünməliyik ki, dörd ildən sonra bu ərazidə hər hansı kəskin hərəkət etməyək. Sülhməramlı qüvvələr polis qüvvələrinə çevrilə bilər, belə bir təcrübə Balkan ölkələrində var. Hökumət qurulur, inzibati strukturlar fəaliyyət göstərir, amma sülhməramlı qüvvələr orada təhlükəsizlik qüvvələri kimi qalır. Məsələn, Bosniyanı nümunə kimi götürsək, Bosniya hökuməti orada tam fəaliyyət göstərir. Bizim hökumət də bu ərazilərdə gec-tez tam fəaliyyət göstərməlidir. Amma müəyyən təhlükəsizlik məsələlərini təmin etmək üçün ola bilər ki, bu ərazilərdə müəyyən ölkənin qüvvələri müəyyən dövrdə fəaliyyət göstərməlidir.

- Dayanıqlı sülhün, sabitliyin, sərt gücdən istifadə olunaraq, əldə olunan uğurun davamlı olması üçün yumşaq güc çox vacibdir. Bu, qəbul olunan yanaşmadır. Azərbaycan regionda, o cümlədən Qarabağda davamlı sülhə xidmət edəcək hansı yumşaq gücdən istifadə edə bilər?

- Azərbaycanın ən güclü yumşaq gücü onun iqtisadiyyatıdır, reallaşdırdığı iqtisadi layihələrdir. Həmçinin dəhlizin açılması məsələsi də yumşaq güc nümunəsidir, yəni bu dəhlizin açılması ilə Ermənistan təcriddən çıxacaq ki, bu da müəyyən mənada Ermənistanın iqtisadiyyatına xidmət edəcək. İlk növbədə, biz öz əhalimizi düşünməliyik, onlar evlərinə qayıtmalıdır. Daha sonra Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə də biz iş təklifi edə bilərik. Lakin bu, yalnız Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul edən ermənilərə şamil oluna bilər. Azərbaycan vətəndaşı olarsa, biz etnik, dini zəmində həmin şəxslərə, vətəndaşlara qarşı diskriminasiya tətbiq edə bilmərik, onsuz da etmirik. Azərbaycanda müxtəlif dini və etnik azlıqlar var.

Başqa bir nümunə qeyd etmək istərdim. Azərbaycanda gürcü və rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Təbii ki, həmin ərazilərdə belə oxşar addımların atılması, məktəblərin fəaliyyəti barədə düşünmək olar. Ancaq yenə vurğulayıram, əsas Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul etsinlər.

O ki qaldı Ermənistan cəmiyyətinə, bəli, revanşist qüvvələr var və bu qüvvələr mövcud olacaq. Ancaq seçkilərin nəticəsi göstərdi ki, Ermənistan cəmiyyəti müharibəni istəmir. Təsəvvür edək ki, sabah Baş nazir Paşinyan və ya Ermənistan hökumətinin hər hansı nümayəndəsi çıxıb deyir ki, "Məsələ bitdi və biz Azərbaycanla tam sülh şəraitində yaşamalıyıq və sair". Əslində buna oxşar mesajlar da verilir, elə hətta Baş nazir Nikol Paşinyan tərəfindən verilir, ancaq Ermənistan cəmiyyəti buna hazır deyil, onlar öz məğlubiyyətlərini qəbul etmirlər. Doğrudur, xalq seçkidə Nikol Paşinyana səs verdi, lakin bunun da bir həddi var və Nikol Paşinyan bunu başa düşür. Ermənistan cəmiyyəti özü-özünü tələyə salıb. 30 il ərzində bu dərəcədə nifrət, "Azərbaycanofobiya" formalaşdırıblar. Məsələn, bu günlərdə biri "Twitter"də yazır ki, "Mənə deyirlər, Novruz bayramında azərbaycanlılar insan qurbanı verirdilər və bu, ermənilər olurdu". Yəni bu insanlar buna inanırlar. Bəli, azərbaycanlılarda da ermənilərə qarşı nifrət var və bunu başa düşmək olar, çünki Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğal altında qalıb, bu insanlar məcburi köçkün vəziyyətinə düşüblər, müharibədə həlak olublar. Qərb ölkələrindən olan nümayəndələr bəzən mənə deyir ki, sizin xalqda ermənilərə qarşı nifrət var. Ancaq yenə deyirəm, bizdə nifrət o həddə deyil. Erməni propaqandası Qərb cəmiyyətində xüsusilə liberal dairələrdə "Azərbaycanda ermənilərə qarşı kəskin nifrət mühiti var" narrativinə, ermənilərin azərbaycanlılardan daha sülhpərvər millət olması narrativinə inandırmağa müvəffəq olub. Əslində, bu istiqamətdə biz daha çox araşdırmalar aparmalıyıq. Bizim Mərkəzin də araşdırmaları var, yaxın zamanda Azərbaycan dilində də dərc olunacaq, artıq ingilis dilində "Erməni cəmiyyətində Azərbaycanofobiya" mövzusunda araşdırmamız dərc olunub. Düşünürəm ki, Ermənistan cəmiyyətində bu nifrət daha strukturlu, eyni zamanda şiddətli bir səviyyəyə çatıb. İnsanlar bunlara inanırlar. Biz də ermənilər barədə çox şey deyirik, amma biz məsələn demirik ki, ermənilər azərbaycanlıları qurban kəsir, çünki bilirik ki, belə bir şey yoxdur.

Azərbaycanlıların mentalitetində nifrət elementi çox da üstün deyil. Biz bəzi şeyləri çox tez unuduruq, tez adaptasiya oluruq.

Ermənistanda yaddaşın qorunması məsələsində erməni diasporu və kilsə aparıcı rol oynayır. Xüsusilə də kilsə Ermənistanı nifrət elementi ilə tələyə salıb. Ermənistan cəmiyyətindəki ritorikaya qayıdaraq, deyə bilərəm ki, mən gözləmirəm ermənilər sabah deyəcəklər ki, sülhə hazırdırlar. Onlar cəmiyyət olaraq sülhə hazır deyil.

- Qeyd etdiniz ki, Ermənistan Qərbdə xüsusilə liberal kəsimi öz narrativinə inandıra bilib. Bəs, Azərbaycan bunu niyə bacarmayıb, nəzərə alsaq ki, Azərbaycanın əlindəki faktlar daha güclüdür və zərərçəkmiş ölkədir?

- Burda həm obyektiv, həm subyektiv səbəblər var. Bu, geniş mövzudur. Yaxın zamanda xaricdə bu mövzuda kitab yayımlanacaq, həmin kitabda mənim də yazdığım bir bölüm var ki, mən məhz bu haqda yazmışam. Qərbin həmin o liberal dairələrində Azərbaycana qarşı qərəzli mövqe nədən qaynaqlanır? Burada qeyd etdiyim "İslamofobiya" elementi var. Ola bilər ki, "İslamofobiya" bir az sərt səslənir, bu o demək deyil ki, onlar İslama nifrət edirlər, amma buna elmi cəhətdən "Orientalizm" deyirlər. Onların anlayışında buradakılar Şərqin bir qəbiləsidir, onlar hətta bizi dövlət kimi də qəbul etmirlər, bizə qarşı qəbilə yanaşması sərgiləyirlər. Burada türklərə qarşı olan qərəzli mövqe də var, bizi türkdilli etnik qrup olaraq görürlər.

Qərbin, xüsusilə də xristian dünyasının İslama, daha sonra Osmanlı imperiyasına qarşı rəqabəti formalaşmışdı. O mövqeni formalaşdıranlar isə mühafizəkar düşüncəli xristianlar, missionerlər idi. Onlar digər ölkələrdə, Afrikada, Latın Amerikasında, o cümlədən müsəlman dünyasında xristian doktrinalarını, xristian dinini təbliğ etməyi özlərinə vəzifə biliblər. Bu missioner rolu "sivilizasiya rolu" adlandırılıb. Məsələn, fransızlar müstəmləkə siyasətinə elə "la mission siviliziatrist" deyirdilər. İngilislər də həmin şəkildə bildirirdilər ki, "biz o tayfalara, bölgələrə sivilizasiya, mədəniyyət gətiririk". Guya onların mədəniyyəti bizdən üstündür, ona görə də bizə mədəniyyət gətirirlər. Halbuki bu mədəniyyəti vaxtilə Şərqdən götürüblər. Bu, müsəlman Şərqinə qarşı xristian mühafizəkar doktrinasının əsasıdır. Digər tərəfdən, 19-cu əsrdə liberal düşüncəlilər meydana çıxanda onlar bu yanaşmadan xristianlığı çıxararaq bunu Avropa sivilizasiyası kimi təqdim ediblər. Onlar bildirirdilər ki, Avropa sivilizasiyası hamıdan üstündür, guya onların borcu idi ki, digər "barbar" və geridə qalmış ölkələrə mədəniyyət gətirsinlər. Məsələn, bəzilərinin xoşuna gəldiyi və oxuduğu Rusiyanın Fyodr Dostayevskisi. O türkləri sevmirdi, onun türklərə qarşı nifrət ifadələri var. Və ya çoxunun xoşuna gələn fransız yazıçısı Viktor Hüqo da türklərə nifrət bəsləyirdi. Çox sayda belə şəxsiyyət var. Liberal doktrinanın yaradıcılarından olan Con Mil öz əsərlərində yazırdı: "Digər etnik qruplara və dövlətlərə biz uşaq kimi yanaşmalıyıq. Biz uşağa tam hüquqlar verə bilmərik, onlar böyüyəndə biz bu hüquqları onlara verəcəyik". Yəni, bu "geridəqalmış" tayfalar mədəniyyəti mənimsəyəndə, onlara bərabərhüquqlu tərəf kimi baxa bilərik. Onlar bunu qəbul etmir, açıq şəkildə demirlər, amma bu qərəzli mövqe o liberal dairələrin mentalitetində onsuz da qalıb. Ona görə bizim və ermənilərin narrativlərini müqayisə edəndə, onlar daha çox erməni narrativlərinə meyllidir. Bu məsələnin obyektiv səbəbidir. Yəni, bunu sındırmaq çətindir, amma biz bir çox şeyə nail ola bilmişik. İndi baxsaq, qaçqın və məcburi köçkün faktını qəbul edirlər, indi azad olunmuş ərazilərə bir çox Qərb alimləri, ekspertləri səfər edirlər, ora barədə yazırlar, etiraf edirlər ki, bu ərazilərdə dağıntılar baş verib. Minalarla bağlı məqam bütün beynəlxalq bəyanatlarda yer alır. Müharibənin bitməsi və atəşkəsin əldə olunmamasının birinci ildönümü ilə bağlı beynəlxalq təşkilatların bəyanatlarında minalar məsələsinə toxunulmuşdu.

Azərbaycan bu sahədə keçən 25 il ərzində bir sıra iş aparıb, amma burada subyektiv səbəblər də var. Mən hesab edirəm ki, bizim təbliğat sahəsində, o cümlədən elmi sahədə vəziyyətimiz qənaətbəxş deyil, pullar mənimsənilib və ya bu işlə məşğul olan şəxslər Qərb mentalitetini başa düşmürdülər. Azərbaycan auditoriyası üçün yazılan elmi əsərləri aparıb Qərbdə təqdim edirdilər, o yazılar da bilirsiniz ki, keyfiyyət baxımından yaxşı deyildi, həm də bu cür yazılarda nifrət nitqi üstünlük təşkil edirdi və təbii ki, Qərb belə yazıları qəbul etmir. Təəssüflər olsun ki, bu sahədə biz böyük səhvlərə yol vermişik. Hesab edirəm ki, indi müəyyən dəyişikliklər var, amma mənzərə hələ tam dəyişməyib, işlər lazımi səviyyədə deyil. Bir çox iş görülür, islahatlar aparılır. Biz elmi dairələri, beyin mərkəzlərini lazımi səviyyədə maliyyələşdirməliyik, keyfiyyətə, elmi əsərlərin keyfiyyətinə nəzarət etməliyik. Ermənilərdə də təhsil sahəsində problemlər, korrupsiya halları mövcuddur, ancaq eyni zamanda ermənilərin diasporu var. Ermənilərin diasporunda yetişən çox görkəmli Qərb alimləri var ki, biz onlarla hələ də rəqabət apara bilmirik. Diaspor faktı bu sahədə Ermənistana çox böyük kömək edir.

635x100

Şərhlər

B.Qarabağlı 2021-11-22 12:15:47

İki gün keçmədi. Bəs, bizim 7 nəfər hərbçimiz harada, necə və kimlər tərəfindən məhv edildi? Hüquqlarımızı otuz il hərbi soyqırımla işğal etmiş erməni millətçiləri ilə SÜLHə gedirik, axı?

dr.Amirov 2021-11-21 07:28:07

Dövrü olaraq maraqlı və gərəkli müsahibələr götürdüyü-işıqlandırdığı üçün redaksiyanızın hörmətli KOLLEKTİVinə təşəkkürlər edirik! Cənab Fərid müəllim kimi öz DÖVLƏT-XALQına bağlı strategi idrak sahiblərimizin varlığı QÜRUR artırandır.

Roma 2021-11-19 11:34:54

Qoşunu yoxdur, terrorçuları var...

t.ədalət 2021-11-19 00:52:07

Qarabağda,zatən həmişə rus terrorçuları olub.Ruslar hazırladıqları terrorçu erməniləri lazım olanda buraya gətirir və hadisəni onların adı altında törədirlər.Həmin terrorçu rus qoşunları indi də Qarabağdadır."Sülhməramlı" adı altında ərazilərimizdə işğalçılıq planlarını yapırlar.Ona görə də xüsusi tapşırıq üzrə yetişdirilmiş Rüstəm Muradov regiondan ayrılmır.

Samir Məhəmmədi 2021-11-18 23:10:13

Qarabağda rus birdə Azərbaycan qoşunu var erməni dövləti yoxdur

Son yazılar