ERMƏNİSTAN RUSİYANIN TƏKLİFLƏRİNİ QƏBUL ETDİ – Zəngəzur dəhlizi məsələsi də çözüldümü?

Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verən hərbi toqquşmalardan sonra rəsmi İrəvan 10 noyabr bəyanatının yerinə yetirmədiyi iki maddəsinin icrasına hazır olduğunu bəyan edib.

Xatırladaq ki, atəşkəs razılaşmasının ildönümü ərəfəsində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcəyi gözlənilən görüş baş turmayıb. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşdə iştirak etməkdən, orada qəbul olunacaq yeni razılaşmalara imza atmaqdan imtina edib.

Söhbət 10 noyabr sənədində yer alan sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların açılmasından gedirdi. Razılaşmada qeyd olunduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəmir yolu və avtomagistral açılmalıdır. Habelə Rusiya sülhməramlılarının nəzarət altında qalan ərazilərdə də sərbəst hərəkət imkanı yaradılmalıdır. Yəni Azərbaycan Ağdərə-Kəlbəcər yolundan da manesiz istifadə etməlidir.

Belə görünür ki, bir günlük hərbi toqquşmalar Ermənistan hakimiyyətinin müqavimətini sındırıb. Çünki İrəvanın hesabları baş tumadı, hadisəyə verilən bütün beynəlxalq reaksiyalarda 10 noyabr bəyanatının tam icrası, sərhədlərin delimitasiya və demarkasiyasına başlanması ilə bağlı tərəflərə çağırış ünvanlandı.

Dünən Baş nazir N.Paşinyan hökumətin iclasında bildirdi ki, Rusiya artıq sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı təkliflərini İrəvana çatdırıb, Ermənistanda hazırda bu təkliflər öyrənilir. Paşinyan Moskvanın təkliflərinin nədən ibarət olduğunu açıqlamayıb.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim partiyadan olan deputat Andranik Koçaryan isə deyib ki, İrəvan onun təkliflərinin qəbul edilməsi ilə bağlı artıq Rusiyaya rəsmi şəkildə bildiriş göndərib: "Mənim bir az bu haqda məlumatım var və deyə bilərəm ki, söhbət sıfırdan başlamaqdan gedir. Ermənistan demarkasiya və delimitasiya prosesində iştirak etmək razılığını verib. Şərtlərin tərkibi haqda nəsə demək hələ tezdir. Biz hələ ki, hazırlıq işlərindən danışırıq". 

Dünən Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, 16 noyabr toqquşmaları Rusiyanın bölgədə diplomatik fəaliyyətinə və sülhməramlı imkanlarını genişləndiməsinə ehtiyac yaradıb: "Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, regionda vəziyyət hələ də tam sakitləşməyib. Sabitliyin təmin edilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün atəşkəsin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük ehtiyac var".

Bu gün yayılan informasiyalarda isə Ermənistanın kommunikasiyaların açılması ilə bağlı ilkin razılaşmaya imza atmağa hazırlaşdığı bildirilir.

Məntiqlə İrəvan sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı prosesin başlamasına razılaşıbsa, kommunikasiyalarla bağlı da eyni addımı atıb. Çünki bunlar bir-birindən ayrı məsələlər deyil, həm Azərbaycan, həm Rusiya, həm də beynəlxaq qüvvələr hər iki məsələni vahid prosesin tərkib hissəsi kimi görürlər.

"AzPolitika.info"

635x100

Şərhlər

turan 2021-11-19 19:51:29

ermənilər nə qədər blokadada qalsa bizə xeyirdi, zəifləyəcəklər

t.ədalət 2021-11-19 16:58:39

"zəngəzur dəhlizi" yox,keçmiş qatar yolu və həmin yolun yanı ilə avtomobil yolu olacaq.Ola bilsin ki,ermənistana gömrük və digər rüsumlar ödəməklə həmin yollardan istifadə edək.Bu yol Rusiyaya imkan verəcək ki,ermənistandakı arsenalı tam təchiz etsin.Putin bununla da ermənistanı blokadadan çıxaracaq.

Son yazılar