HÖKUMƏT PUL DÖVRİYYƏSİNƏ NƏZARƏTİ ARTIRIR - Nağd ödənişə limit qoyulması işə yarayacaqmı?

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər müzakirə edilib. 

Təklif edilən dəyişikliyə əsasən, pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit 4 min manat müəyyən edilir. Müzakirələr zamanı qeyd olunub ki, tibbi xidmətlərin dəyəri 500 manatı keçərsə, mebel və məişət texnikalarının dəyəri 10 min manatdan artıq olarsa, bu məbləğlər nağdsız qaydada ödəniləcək.

Qeyd edək ki, gözlənilən dəyişikliklərdən biri də avtomobil satınalmalarının qiymətindən aslı olmayaraq nağdsız formada aparılması ilə bağlıdır.

Dövriyyəsindən aslı olmayaraq bütün ƏDV ödəyiciləri və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilərlər. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

Xatırladaq ki, müvafiq qanun Milli Məclisdə qəbul olunarsa, 1 yanvar 2022-ci ildən qüvvəyə minəcək.

Mərkəzi Bankın yaydığı məlumata görə, 2021-ci ilin 10 ayı ərzində ATM-lər ilə 32 milyon manat, POS-terminallarla 3 milyard 120 milyon manat və elektron ticarət vasitəsilə 5 milyard 218 milyon manat olmaqla, ümumilikdə 8 milyard 370 milyon manat nağdsız ödənişlər həyat keçirilib. Bu, 2020-ci ilin 12 ayındakı nağdsız ödənişlərdən 2 milyard 255 milyon manat və ya 27 faiz çoxdur.

Təklif edilən dəyişikliklər vətəndaşlar arasında fikir ayrılıqlarına səbəb olub. Paytaxtda keçirdiyimiz sorğu zamanı da, bu məsələyə fərqli yanaşmlar müşahidə etdik.

Sabir Rüstəmli “AzPolitika.info”-ya bildirib ki, qanunun tətbiqinin adi vətəndaşlara təsir edəcəyini düşünmür, çünki sadə vətəndaşın aylıq xərci 4 min manatdan çox olmur.

Vüqar Məmmədov isə deyir ki, qanunun əsas məqsədi nağd alış-verişdə şəffaflığı artırmaqdır: “Ölkədəki pulların hara və necə xərclənməsinə nəzarəti artırmaq istəyirlər".

Orxan Zeynallının fikrinə görə, bu addım Türkiyə modelinə keçidin başlanğıcıdır: “Ölkədə neft bitdikdən sonra Türkiyədə olduğu kimi vergi üzərində yeni sistemin qurulacağını düşünürəm”.

Rafiq Hüseynov bildirir ki, alış-verişə limit qoymaq düzgün yanaşma deyil: “Düşünürəm ki, insanları könüllü surətdə nağdsız alış-verişə yönəltmək olardı. Məsələn, qonşu Gürcüstanda sahibkar nağdsız ticarət edirsə, mənfəət vergisindən azad olunur. Bu üsulu ölkədə tətbiq etmək daha perspektivli olardı”.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya bildirib ki, qərarın qəbulunda əsas məqsəd nağdsız satınalmaların əhatə dairəsini daha da genişləndirməkdir: “Bu qanunla nağdsız satınalmalar zamanı şəffaflığın, verginin artırlması, ödənişlərin qeydiyyatının rahat aparılması nəzərdə tutulub”.

X.Kərimli xatırladır kİ, 2016-cı ildə də nağdsız satınalmalarla bağlı məhdudiyyətli qanun qəbul edilmişdi: "Lakin bu qanun təkcə biznes sahəsinə aid edilmişdi. Yeni qanun layihəsi isə pərakəndə ticarəti nəzərdə tutur. Bütün bu məhdudlaşmalar yeni olduğundan insanların ona hazır olub-olmamasını zaman göstərəcək. Bu qaydalar vətəndaşların əlavə bank xərclərinin yaranmasına səbəb olacaq. Bununla belə, insanların kartdan pulu dərhal nağdlaşdırmaq, pul karta yüklənən kimi dərhal çıxarmaq vərdişlərini nisbətən azaldacaq. Müəyyən vaxt lazım olacaq ki, insanlar bu vəziyyətə adaptasiya olsunlar”.

Ekspert qeyd edir ki, yeni dəyişikliklər sahibkarlar üçün də əlavə xərclər yaradacaq: “Qərar bank sferası üçün müsbət olsa da, sahibkarlar üçün əlavə xərc və öhdəliklər deməkdir. Xüsusilə vergi məsələsində problemlər yaşayacaqlar. Məişət avadanlıqları, mebel və avtomobillərin satışında operativlik azalacaq. Əvvəl bu satınalmalar qısa vaxt ərzində həyata keçirilirdisə, indi müəyyən qədər vaxt itkisinə səbəb olacaq. İnsanları düşündürən əsas suallardan biri də limitin niyə 2 min, 6 min və ya 8 min deyil, məhz 4 min manat müəyyənləşdirilməsidir. Yaxşı olardı ki, bu qərarı qəbul edən şəxslər ictimaiyyətə açıqlasınlar ki, bu limit hansı hesablamalar əsasında müəyyən olunub. Düşünürəm ki, ödənişlərin bank vasitəsilə aparılması nəzarət imkanlarını da genişləndirəcək. Çünki iri satınalmalar olduğundan, say məhdudiyyətinə görə yoxlamalar rahat aparılacaq. Yəqin ki, vergi orqanları prosesə rahat nəzarət edə biləcəklər”.

Vergi mütəxəssisi Teymur Tuncay “AzPolitika.info”-ya bildirib ki, müvafiq qanunun qəbul edilməsində əsas məqsəd topdan satışla məşğul olan sahibkarların sənəd üzərində qalmış mallarını pərakəndə ticarətdə rəsmiləşdirərək silmələrinin qarşısını almaqdır: “Bu qərar sahibkarların xərclərini dolayı yolla artıra bilər. Ancaq yeni layihə ticarət zamanı ölkədəki şəffaflığın artırılması və bu sahəyə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Düşünürəm ki, yeni qanunun tətbiqi pərakəndə ticarətdə kart istifadəsinin sayında ciddi artıma səbəb olmayacaq. 4 min manatın necə müəyyəən olunmasına gəldikdə, ola bilsin ki, əmtəə çeşidləri üzrə təhlillər aparılıb və qərarı qəbul edənlər bu məbləğ üzərində ortaq qənaətə gəliblər”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2021-11-26 15:03:03

bu cammatın cibinə girib pulunu saymaq deməkdir. Bu əməllə insanların yataq otağına kamera qoyulması arasında nə fərq var?

t.ədalət 2021-11-26 11:29:54

Nağdsız ödəniş varlı ölkələrə aiddir

Vətəndaş 2021-11-26 10:34:32

Pul kapital talançı məmurların əlindədir. Nəzarət yetim-yesirin 5-10 manatına olacaq. Kasıbın biri maşınını evini satır dollara dəyişə bilmir. Talançılart isə 100 milyonları milyadrdları dəyişib ötürür ofşorlara.

Son yazılar