“PAŞİNYAN PUTİNLƏ BÜTÜN KÖRPÜLƏRİ YANDIRIR” – “Brüssel görüşündən imtina oluna bilər...”

Qabil Hüseynli: “Ərdoğan Putindən tələb edib ki, Laçın dəhlizinin buraxılış məntəqəsində Rusiya-Türkiyə birgə patrul xidmətini həyata keçirilməsinə razılıq verilsin”

Noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdən sonra sanki regionda proseslər əks-istiqamətdə inkişaf etməyə başlayıb. Erməni tərəfi xislətinə uyğun olaraq təxribatlar törətmək, danışıqlar prosesini mümkün qədər gecikdirmək, üç bəyanatla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək naminə əlindən gələni edir. İrəvan bu tipli addımları ilə yalnız Bakının deyil, Moskvanın qarşısında da özünü zərbə altında qoymuş olur. Proseslərin bundan sonrakı axaranın hansı istiqamətdə olacağı, Ermənistanı məcburi sülhə vadar etmək üçün hansı addımların atılacağı hələlik bəlli deyil.

“AzPolitika.info” mövzunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib. Müsahibəni təqdim edirik:

- Qabil müəllim, Soçi görüşündən sonra belə mənzərə yaranmışdı ki, qısa müddətə delimitasiya proseslərinə başlanılacaq və regionda kommunikasiyaların açılması istiqamətində konkret qərarlar elan ediləcək. Amma rəsmi İrəvanın davranışları bunun tam əksinin baş verdiyini göstərir. Sizcə, Soçi görüşündən sonra regiondakı proseslərin axarı hansı istiqamətdə gedir?

- Soçi görüşü əslində belə təəssürat yaratdı ki, proseslərdə yeni meyarların və yanaşmaların bünövrəsi qoyulub, Ermənistan bunu qəbul edir. Paşinyan da Soçi görüşünün uğurlu olması haqda fikir bildirmişdi. Amma sonradan Brüssel görüşü ətrafında erməni mediasında müxtəlif fikirlərin ortaya atılması, guya Brüssel görüşü Soçi görüşünü üstələyəcəkmiş kimi fikirlərin yayılması, rəsmi İrəvanın davranışları, Fransa Prezidenti Makronun fəallaşması və səsləndirdiyi fikirlər, həmçinin Avropa İttifaqının rəhbəri Ş.Mişelin lüzumsuz görünən çabaları belə təəssürat yaradır ki, Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında ciddi yarış gedir və bunun rəqabətə çevrilməsi elementləri də nəzərə çarpır. Hətta bu yarış kontekstində Fransa və Avropa İttifaqının prezidentləri, xüsusən də Mişel üstünlük əldə etməyə cəhd göstərir. Ermənistan da onların əlinə oynayır. İrəvan onların belə çıxışlarına əsas verən reveranslar edir. Beləcə, Soçi görüşünün əhəmiyyətini azaltmağa və ya bütövlükdə nizamlama prosesini tədricən Avropa İttifaqı və Minsk Qrupunun nəzarəti altına keçirməyə cəhd olunur. Amma Soçi görüşündə birmənalı ortaya qoyuldu ki, proseslər birbaşa Rusiyanın moderatorluğu ilə başlayıb və bünövrə qoyulub. Məncə, atılan bünövrə kifayət qədər əsaslandırılmış fikirlərə söykənirdi. Və prosesin son məntiqə gedib çıxması düzgün qoyulan bünövrə əsasında davam etdiriləcək. Amma erməni mediasında müxtəlif və bir-birinə zidd olan rəylər, habelə Xocavənd və Qırmızı Bazarda baş verən erməni avatüraları göstərir ki, erməni cəmiyyətində sülhyaratma prosesinə qarşı olan, onu pozmağa çalşan və Soçi razılaşmasını pozmaq istəyən qüvvələr var və onlar kifayət qədər fəaldırlar. Erməni tərəfi açıq-aşkar prosesləri pozmağa çalışır. 

- Soçi görüşündən sonra İrəvanın bu davranışları ilə paralel olaraq Türkiyə-Rusiya və Azərbaycan-Rusiya prezidentləri arasında telefon danışıqları baş tutdu. Sizcə, bu danışıqlarda İrəvanın anti-razılaşma addımları müzakirə edilibmi?

- Rusiya-Türkiyə münasibətləri əslində yaxın münasibətlərdir. Rusiya tərəfindən müəyyən iddiaların qaldırılmasına baxmayaraq, bu münasibətlər davam edir. Məsələn, Aşqabaddan qayıdan cənab Ərdoğan jurnalistlərə bildirdi ki, Türkiyə tərəfi Ukrayna-Rusiya münasibətlərinə vasitəçi kimi daxil ola bilər və bu barədə Putinlə danışacaq. Bunun üzərindən bir neçə gün keçdikdən sonra danışıqlar baş tutdu. Bu, hələ də Türkiyə-Rusiya münasibətlərinin lazımi səviyyədə olmasına dəlalət etdi. Amma Rusiya Türkiyədən israrla tələb edir ki, Ukraynaya “Bayraktar TB2” dronu göndərməsin. Ruslar bilirlər ki, “Bayraktar”lar real müharibə şəraitində nə dərəcədə effektiv və fəaldırlar. Əlbəttə, bu məsələdə Türkiyə geri çəkilən deyil.

İkincisi, Qarabağla bağlı müzakirələrdəTürkiyə tərəfi Rusiyaya cavab iddiası kimi Qarabağa dair birgə Monitorinq Mərkəzinin işinin fəallaşdırılmasının vacibliyini qeyd edib. Gəlin, açıq qeyd edək ki, Monitorinq Mərkəzinin fəaliyyətini bəzən qınayır, ondan daha böyük şeylər gözləyirik. Xüsusilə, Monitorinq Mərkəzinin türk bölümündən. Amma sirr deyil ki, Monitorinq Mərkəzi ancaq müşahidələr aparır və müəyyən dövrlərdə havaya dron qaldırmaqla bölgədə kəşfiyyat uçuşları həyata keçirir. Əslində isə rus sülhməramlıların işinə qarışa bilmir, oradakı yerli erməni separatçılarının qarşısını ala biləcək tədbirlər yoxdur. Xüsusilə, sərəncamında sülhyaratma məramına xidmət edən hərbi personalı da yoxdur. Mənim zənnimcə, cənab Ərdoğan bu mövzuda Azərbaycan Prezidenti İlham Əliyevlə fikir mübadiləsi aparıb. Eyni zamanda Prezident Əliyev Putinlə söhbəti zamanı bu məsələni qaldırıb. Çünki bölgədə proseslər bəzən məcrasından çıxır, açıq silahlı qarşıdurmaya gətirib çıxarır. Bunun qarşısı alınmasa, proses böyüyərək irəliləyə bilməz və arzuedilməz nəticələrə gətirib çıxara bilər. Bu baxımdan Monitorinq Mərkəzinin səlahiyyətinin artırılması, onların sülhməramlı qüvvələrlə, ən azından patrul xidməti ilə təchi edilməsi indi gündəmə gələn əsas məsələlərdəndir. Güman edirəm ki, Ərdoğan Putindən tələb edib ki, Laçın dəhlizində, xüsusilə, dəhlizin buraxılış məntəqəsində Rusiya-Türkiyə birgə patrul xidmətinin həyata keçirilməsinə razılıq verilsin. İndi gündəmdə patrul xidmətinin formalaşdırılması, onun razılaşdırılması və bütövlükdə onların prosesə qatılması ilə Monitorinq Mərkəzinin canlandırılması aktual məsələ kimi önə çıxır. Güman edirəm ki, buna nail olmaq mümkündür. Çünki bunun başqa yolu yoxdur. Daha doğrusu, alternativi anti-terror əməliyyatı, müharibənin qızışmasıdır. Üstəlik, nəzərə alsaq ki, Vladimir Putin Paşinyan və onun komandasının hərəkətlərindən boğaza yığılmış kimi görünür, xüsusilə, Brüssel görüşünün hazırlanması Paşinyanın Qərb qarşısında qaldırdığı tələblərdən sonra mümkün olub, güman edirəm ki, bu hallar Moskva tərəfindən elə də müsbət qarşılanmır. Prezident İlham Əliyevin Brüssel görüşünə razılıq verməsi zənnimcə, Avropa İttifaqının rəhbəri Mişelin xahişləri sayəsində mümkün olub. Bütün bunlar göstərir ki, Ermənistanın davranışları ilə paralel olaraq fəal danışıqlar da gedir.

- Qabil müəllim, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Stokholmda planlaşdırılan görüşünün baş tutmaması Brüsseldə planlaşdırılan Əliyev-Paşinyan görüşünü də gündəmdən çıxara bilərmi?

- Məncə, xarici işlər nazirləri görüşərək Brüssel toplantısında gündəmə gətiriləcək məsələləri müzakirə etməli idi. Amma bu görüş baş tutmadı. Daha doğrusu ermənilər böyük deputat qrupunu Xankəndinə göndərməklə təxribat törətdilər. Soçi görüşü ərəfəsində sərhəd məntəqələrində silahlı münaqişə yaratdılar və beləcə sülhyaratma prosesinə zərər verdilər. İndi də anoloji addım atılır. Ermənilərin Xankəndinə deputat qrupu göndərməsi deməyə əsas verir ki, İrəvan Brüssel görüşü ərəfəsində də avantürist addımlardan uzaq deyil. Mən, xarici işlər nazirləri arasında görüşün baş tutmamasını nəzərə almaqla istisna etmirəm ki, Brüssel görüşü ilə bağlı problem yarana bilər. Aydındır ki, Azərbaycan Prezidenti çox təcrübəli siyasətçidir, hər şeyi götür-qoy edən və ən düzgün addımı müəyyənləşdirən şəxsdir. Mənim ehtimalıma görə, bu düzgün qərarlar içərisində Brüssel görüşünün boykot edilməsi də ola bilər.

- Ermənistan nazirlərin görüşü öncəsi Xankəndinə deputat heyəti göndərməklə təxribat həyata keçirdi, bundan əvvəl Xocavənd istiqamətində təxribat baş vermişdi və Moskvada üçtərəfli komissiya İrəvanın səyi ilə razılaşma əldə edə bilmədi. İrəvan sülh və danışıqlar prosesini pozmaqla nəyə nail olmağa çalışır?

- Qənaətimcə, Ermənistan baş verən hadisələrin hamısını öz xeyrinə yozur. Bu sahədə onların rıçaqları, erməni diasporu fəal rol oynayır. Ermənistan bununla sülhyaratma prosesini tormozlayır, vaxt udmaq istəyir. Qazanılan vaxtın onlara nələrsə verə biləcəyi ehtimalı ilə yaşayırlar. Üstəlikcdə həm Qərbi, həm də Rusiyadakı müəyyən dairələri belə qənaətə gətirməyə çalışırlar ki, guya ermənilər dinc şəkildə sülhyaratma prosesi ilə məşğul olmaq istəyir, Azərbaycan tərəfi isə təxribat yaradır, Soçi görüşündə Paşinyanın dediyi kimi, guya Azərbaycan Ermənistanın süveren torpaqlarını ələ keçirib və s. Bununla Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa çalışırlar. Hələ də ərazimizin bəzi hissələrində olan separatçıların sərəncamına 15 minə yaxın silahlı qüvvə verən, sülhyaratma prosesinə əngəl yaradan, üçtərəfli razılaşmanın 4-cü bəndini yerinə yetirməyən Ermənistan indi Azərbaycanı başqa bir donda dünya ictimai rəyinə təqdim etməyə çalışır. Bunu tam reallaşdırmaq mümkün olmasa da, ürək bulandırırlar. Xisləti avantüradan ibarət olan erməni siyasi elitası bu “məhsulu” daxili və xarici bazara yönləndirir. Üstəlik, sülhyaratma prosesinin uzanmasının məsuliyyətini də Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Hadisələr göstərir ki, 100 il bundan əvvəl gördüyümüz erməni toplumu qətiyyən dəyişməyib, anti-türk və anti-müsəlman mövqeyindən bir addım belə çəkilməyib.

- İrəvan həm də Putinin istəklərinə qarşı çıxır, onun imzası olduğu sənədin reallaşmaması üçün əlindən gələni edir. Sizcə, bundan sonra vəziyyət hansı ssenari üzrə inkişaf edə bilər?

- Zənnimcə, Paşinyan həm Rusiya, həm də Putinlə bütün körpüləri yandırmaq üzrədir. Bu saat erməni cəmiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə köklənib. Bu gün anti-Rusiya meylləri Ermənistanda ictimai şüurun bütün pillələrində bərqərar olub. Mənim qənaətimcə, istər Rusiya mediası, istərsə də siyasi elitası belə anti-Rusiya meyllərini görür və buna uyğun olaraq öz siyasətini qurmağa çalışırlar. Hər halda Soçi görüşündə Putinin bir sıra tərəfsiz və obyektiv addımları belə düşünməyə əsas verir.

- Sülh prosesinin pozulması, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən qaçmasına reaksiya necə ola bilər, İrəvanı məcburi sülhyaratma prosesinə vadar etmək üçün hansısa addımlar gözləniləndirmi?

- Siyasi müstəvidə məsələlərin çözülməsi, İrəvana “yumşaq gücün” tətbiq olunması davam edəcək. Məncə, Paşinyan avantürist cəhdləri, Qərbi bu proseslərə soxmaq istəyi elə də uğurlu manevr deyil. Üstəlik, Rusiyanın qəzəbini üzərinə toplayır. Qənaətimcə, Rusiya sona qədər diqqətini iki istiqamətdə birləşdirəcək - kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası. Kommunikasiyaların açılması məsələsində Rusiya “yumşaq güc” təzyiqinin bitdiyi andan özünün Ermənistanda olan hərbçiləri vasitəsilə hərəkətə keçəcək, İrəvanı nəzərə almadan “qərarı mən verirəm” diktəsi ilə Ermənistanı buna məcbur edəcək. Ermənilər məsələni bir qədər gecikdirə bilər, amma nəticədə Zəngəzur dəhlizi açılacaq. Ermənilər buna qarşı çıxsa da, Rusiyanın iradəsi ilə dəhlizin açılmasına məcbur qalacaqlar. Bu, həm də Azərbaycanın iradəsidir. Məncə, bir neçə ay ərzində proseslər siyasi müstəvidə davam edəcək.

R. Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2021-12-07 10:40:17

Tamamilə doğru şərhdir.Bu faktdır.Amma hadisələr surətlə dəyişir.Hər şey ola bilər.

naməlum bəyə 2021-12-07 08:57:40

Biz necə siyasət yürüdürük? Bunu qabardırıq ki, hərbi paritetimizii, gündəlik atəşlərinizi davam etdirin? Axı, Siz Yunuslar kimi daşnaq agentləri deyil, Azərbaycan vətəndaşı və siyasətçisi sayılırsınız?

RR 2021-12-07 07:32:41

Derd ))))

t.ədalət 2021-12-06 20:49:09

Paşinyan Rusiyanın yanından uzaqlaşmaq istəyir..

Watchman 2021-12-06 18:17:20

Ermənistan da Gürcüstan kimi Qərbə üz tutur. .... Hamı Rusiyadan qaçır,....

Zanzibar 2021-12-06 17:23:12

Pashinyan rusiyanin koleleginden janini gurtarir, azad olur - biz ise kole olmagdan sheref duyurug!g

Son yazılar