Azərbaycanda hər il xeyli sayda insan dəm qazının qurbanı olur. Fövqəladə Hallar Nazirliyi(FHN) və Enerji Məsələlərini Tənzimləmə Agentliyi vətəndaşlar arasında hər il maarifləndirmə işləri aparsa da, bunun hər hansı müsbət nəticəsi nəzərə çarpmır və dəm qazından ölüm sayıyla bağlı mənfi tendensiya dəyişmir.

Ekspertlər dəm qazından zəhərlənmənin başlıca səbəbləri olaraq keyfiyyətsiz qızdırıcıları, insan səhlənkarlığını, tüstü bacalarının vaxtında təmizlənməməsini və s. göstərirlər. Məlumat üçün bildirək ki, adı karbon-monoksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır.

Azərbaycanda dəm qazından zəhərlənmə spirtli içkilərdən, dərman preparatları və narkotik maddələrdən zəhərlənmələrdən sonra dördüncü yeri tutur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Kliniki Tibbi Mərkəzin açıqlamasına görə, cari ilin 11 ayı ərzində 170 nəfər dəm qazından zəhərlənib.

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev “AzPolitika.info”-ya bildirib ki, dəm qazı yanma prosesi düzgün getmədikdə əmələ gəlir: “Dəm qazını yaradan əsas səbəblər standartlara cavab verməyən qaz sobalarından istifadə, cihazlara kənar müdaxilələr, xətlərin qeyri-metal qurğularla çəkilməsi, tüstü bacalarının vaxtında təmizlənməməsidir. Əgər tüstü bacasında deşik və ya çat varsa bu zaman havalandırma prosesi düzgün getməyəcək. Nəticədə dəm qazı yaranacaq.”

Ekspert qeyd edib ki, qaz təchizatı olan yerdə hər zaman dəm qazı təhlükəsi də var: “Son vaxtlar zəhərlənmələr daha çox hamam otaqlarında baş verir. Çünki mənzillərin əksəriyyətində su qızdırıcıları hamam otağında olur. Standartlara cavab verməyən, kustar üsulla hazırlanmış bu cihazlar real təhlükə mənbəyidir. Bir çox mənzillərdə təhlükəsizlik qaydalarına əməl olunmur, qaz boruları çölə çıxarılmır. Və ya divardan cəmi 5-10 sm çölə çıxarılır. Belə olduqda külək zəhərli tüstünü birbaşa evin içinə qaytarır ki, bunun da nəticəsində zəhərlənmə baş verir.”

E.Nurəliyev bildirir ki, hamam otağının qapısının aşağı hissəsində deşiklər, otaqda isə ventilyasiya yoxdursa, bu halda dəm qazından zəhərlənmə riski daha da artır: “Hamam otaqlarının hündürlüyü ən azı 2,5 metr, sahəsi 7 kv.metr olmalıdır. Otaqdakı nəfəsliyin yay-qış açıq olması mütləqdir. Bu, onun üçündür ki, dəm qazı yaranarsa hava sirkulyasiya etsin və zəhərlənmə baş verməsin. Bu şərtəri qarşılamaq elə də böyük məbləğ tələb etmir. Sadəcə, insanlar evlərini dizayn edərkən bu qaydaları nəzərə alsalar, təhlükədən qorunmuş olarlar. Həmçinin, dəm qazı detektorları zəhərləmənin qarşısını alan ən effektiv vasitələrdən biridir. Detektorun iş prinsipi budur ki, dəm qazı yaranarsa, cihaz qaz xəttinin mərkəzi qapanma yerinə elekrtomaqnit şüaları ötürür və avtomatik olaraq qaz dayanır. Cihaz siqnal vasitəsi ilə evdə olan insanları məlumatlandırır. Ona görədə bu detektorların istifadəsi olduqca vacibdir. Eləcə də tüstü bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Bununla məşğul olan şirkətlər də var. Lakin bu sadə işi insanlar özləridə edə bilərlər. Elə bacalar var ki, illərlə təmizlənmir. Bu da yanma prosesinin qarşısını alır. Nəticədə bədbəxt hadisəlr baş verir”.

Qeyd edək ki, dəm qazı zəhərlənmələri bütün dünyada müşahidə olunan hadisədir. Məsələn, Avropada və bəzi MBD ölkələrində bu təhlükənin qarşısını almaq üçün bələdiyyələr fərdi yaşayış evlərinə xüsusi dəm qazı detektorları quraşdırırlar. Azərbaycanda isə bu cihaz hansısa qurum tərəfindən deyil, ayrı-ayrı fərdi şəxlər tərəfindən quraşdırılır. Xatırladaq ki, cihazın qiyməti onlayn mağazalarda 20-30 manat aralığında dəyişir.

Dəm qazından zəhərlənən şəxsə ilkin tibbi yardımın göstərilməsi məsələsi də olduqca vacibdir. İlk öncə zəhərlənmiş şəxsi təmiz havaya çıxarmaq, yarı oturaq vəziyyətdə saxlamaq, başına və sinəsinə soyuq kompress qoymaq, huşu özündədirsə isti çay içirmək, nəfəs almırsa və ürəyi dayanıbsa dərhal ürək masajı etmək və süni tənəffüs vermək lazımdır.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat katibi Günel Əhmədova “AzPolitika.info”-ya bildirdi ki, “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinə və “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının istismarına görə məsuliyyət daşıyırlar: “Bu qanuna əsasən, istehlakçılar tikinti obyektlərinin daxilində dəm qazı sızmasını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. Həmçinin, yalnız xüsusi lisenziyası olan təşkilatlar yaşayış sahəsində qaz qurğularının təmirini və texniki xidmətini həyata keçirə bilərlər.” G.Əhmədova qeyd edib ki, istehlakçılar qaz qurğularından istifadə edərkən, bu cihazlara vaxtlı-vaxtında texniki xidmət göstərilməsini təmin etməlidirlər: “Bu sahədə nəzarəti gücləndirmək məqsədilə Energetika Nazirliyi və bizim agentlik tərəfindən qaz qurğularına texniki xidmət göstərilməsi sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilib. Həmçinin, “Qaz təchizatı haqqında qanuna dəyişikliklər edilməsi barədə” yeni qanun layihəsi hazırlanıb. Hazırda həmin layihənin icrası üçün aidiyyatı qurumların razılıq verməsi gözlənilir”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”