Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının məbləği 300 manat müəyyən edilib. Bu artım ümumilkdə 800 min vətəndaşı əhatə edəcək.
Xatırladaq ki, minimum əməkhaqqı axırıncı dəfə 2019-cu ildə 180 manatdan, 250 manata qaldırılmışdı.
Minimum əməkhaqqının artırılması müsbət addım olsa da, cari ilə nəzərə salsaq görərik ki, ölkədə ərzaq məhsulları, kommunal xərclər, dövlət rüsumları, enerjidaşıyıcılarının qiymətləri xeyli bahalaşıb. Nəticədə də əhalinin xərcləri artıb.
Ekspertlər bahalaşmanın və inflyasiyanın 2022-ci ilin birinci yarısında da davam edəcəyini proqnozlaşdırırlar.
Minimum əməkhaqqının artırılması vətəndaşları sevindirsə də, sosial şəbəkədə keçirdiyimiz sorğuya əsasən deyə bilərik ki, respondentlərin əksəriyyəti bu artımın yetərli olmadığı qənaətindədir.
Paytaxt sakini Vüsal Şahverdiyev "AzPolitika.info"-ya bildirib ki, 300 manat iki uşağın məktəb xərclərini qarşılamağa yetmir: "İki övladım var, hər ikisi repetitor yanına hazırlığa gedirlər. Hazırda bu əməkhaqqı bir övladımın təhsil xərcini belə qarşılamır. Düşünürəm ki, normal yaşamaq üçün minimum əməkhaqqı ən azı 600-700 manat olmalıdır".
Samir Bağırov isə xatırladır ki, 2021-ci ildə bütün xidmət sahələrində qiymət artımı baş verdi: "Nəticədə xərclərimiz əvvəlki illərlə müqayisədə xeyli artdı. Xüsusən, kommunal ödənişləri etməkdə çətinlik çəkirik. Təyin olunan minimum əməkhaqqı 1 aylıq kommunal ödənişlərimizi güclə qarşılayır".
Səbuhi Əliyev 3 il əvvəl minimum əməkhaqqının 180 manat olduğunu xatırladır: "Düzdür, bu göstəricinin 3 ildə 300 manata yüksəlməsi yaxşı nəticədir. Amma bazardakı qiymətləri nəzərə alsaq, minimum əməkhaqqı ilə xərclərimizin böyük bir hissəsi qarşılanmır".
Anar Quliyev xatırladıb ki, Azərbaycanda ailələrin bütün üzvləri işləmir: "İşləsə belə, minimum əməkhaqqı ilə 4 nəfərlik ailənin aylıq qazancı 1200 manat edir. Bu məbləğlə ölkədə yaşamaq çətin olsa da, sağ qalmaq olar".

Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Rusiyada minimum əməkhaqqı 317 manat, Qazaxıstanda 234 manat, Belarusda 307 manat, Ukraynada 419 manat, Türkiyədə 584 manat, Ermənistanda isə 240 manat təşkil edəcək.
İqtisadçı ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, minimum əməkhaqqı 300 manata qaldırılsa da, son 2-3 ildə inflyasiya nəticəsində minumum əməkhaqqı alan şəxslərin xərcinin 70-80 faizi ərzaq məhsullarına yönəlib: "Ötən il ərzaq qiymətləri 12 ay ərzində 4,5 faiz, bu ilin 10 ayında 15,2 faiz bahalaşıb. Önümüzdəki aylarda da qiymət artımının davam edəcəyi gözlənilir. Çünki qlobal bazarda ərzaq qiymətəri xeyli bahalaşıb. Bu da daxili bazara təsir edir".
Ekspert qeyd edir ki, minimum əməkhaqqının artırılması əhalinin rifah səviyyəsini yaxşılaşdırmayacaq: "Ən azından məlumdur ki, yaşam standartları 2019-cu ildən aşağı olacaq. Bu artım sadəcə əhalini cari inflyasiyanın təsirindən qoruyacaq. Əhalinin gəlirləri nominal olaraq artırılsa da, real alıcılıq qabiliyyəti əvvəlki illərdən aşağı olacaq".
X.Kərimli bildirib ki, belə artımlar adətən tələb inflyasiyası yaradır: "Lakin Mərkəzi Bankın hesabatlarından aydın olur ki, hazırkı inflyasiya idxalla əlaqədardır. Ümumi proqnoz belədir ki, gələn ilin birinci yarısında inflyasiya və qiymət artımı davam etsə də, ilin ikinci yarısından qlobal miqyasda inflyasiya aşağı düşəcək. Maaşların və sosial müavinətlərin artması inflyasiyanı yüksəldəcək, əksinə, xammalın və ərzağın qiymət artımının dayanması inflyasiyanı zəiflədəcək. İndiki məqamda inflyasiyanın qarşısını almaq mümkün deyil.
Minimum əməkhaqqının məbləğinin artırılması hökumətin imkanları ilə tənzimlənir. Bunlar büdcənin müdafiə olunan ödənişləridir. Ona görə də hökumət nəzərə alır ki, bu ödənişləri gələn ildə əhaliyə qaytarmalı və dayanıqlı olaraq artırmalıdır. Əmək haqqlarının artırılması adətən iqtisadiyyatda məhsuldarlığın yüksəldilməsi ilə paralel getməlidir. Hökumət planlı şəkildə rezervlərinə və imkanlarına uyğun olaraq əmək haqqlarını artırır. Ölkədəki minimum əməkhaqqı və yaşayış səviyyəsi dövlətin imkanlarıyla məhdudlaşır. Yəni minimum əməkhaqqının artırılması xüsusi bir hesablama mexanizmindən daha çox, qəbul edilmiş sosial yönümlü qərardır. Bu qərar gələcəkdə baş verə biləcək sürətli inflyasiyanın təsirindən əhalini müəyyən qədər qorumağa hesablanıb".
2022-ci il üçün Azərbaycanda yaşayış minimumu 210 manat müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq etdiyi qərara əsasən, Azərbaycanda minimum istehlak səbəti yaradılıb və 3 ildən bir yenilənir. İstehlak səbətində il ərzində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün nəzərdə tutulan normalar qeyd olunub.

Minimum istehlak səbətində qeyd olunub ki, əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 116,8 kiloqram çörək (ayda 16 ədəd) 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur.
Hazırkı qiymətlərlə hesabladıqda ay ərzində əmək qabiliyyətli bir adam çörək üçün 9 manat, kartof üçün ən azı 3,5 manat, tərəvəz və bostan məhsulları üçün 12,1 manat, meyvə və giləmeyvə üçün 5 manat, ət və ət məhsulları üçün 30 manat, süd və süd məhsulları üçün 20 manat, balıq və balıq məhsulları üçün 3,8 manat, yumurta üçün 2,5 manat, bitki yağı və marqarin üçün 5 manat, kərə yağı üçün 7,5 manat, şəkər və qənnadı məmulatları üçün 4,2 manat xərcləməlidir. Ümumilikdə əmək qabiliyyətli bir adam ay ərzində ərzaq məhsullarına olan tələbatını qarşılamaq üçün ən azı 102 manat pul xərcləməlidir. Bu da minumum yaşam xərcinin 48 faizi deməkdir.
Minimum istehlak səbətində nəzərdə tutulub ki, əmək qabiliyyətli bir adam ildə minimum 692 dəfə (ayda 57 dəfə) ictimai nəqliyyatdan istifadə edir ki, bu da ay ərzində 17 manat deməkdir. Hesablamaların sonunda minimum yaşam xərci hesab olunan 210 manatdan 91 manat pul qalır ki, bu məbləğlə geyimə olan tələbatı, kommunal xərcləri, icbari ödənişləri və digər ehtiyacları qarşılamaq lazımdır.
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Bizim indi yaşadığımız cəmiyyətin analoqu bu gün dünyada yoxdur.İla blsin 3-4 yüz əvvəl olub.Kapitalist ölkələrində mövcudqaydalar bizdə yoxdur.Bizdə rüşvətxor,alançı məmurlar ordusu,insanların başı üzərində demoklav qılıncı-polis zorakılığı,vəzifəlilərəqanunun işləməməsi,xalqın güzəranını nəzərə almaq istəməyən və almayan rəhbərlər. aclıq və səfalətdə olan kasıbıar !
Atan.baban soğan çörəklə yaşayıb? Belə absurd düşüncə səndə haradandır?Fərz edək insan soan çörəklə yaşadı.Bəs xəsələnəndə necə müalicə olacaq,kommunal xərcləri necə ödəyəcək,çılpaqmı gəzməlidir?
Sovet vaxtı küçə süpürən 300 manat maaş alırdı və heç kimədən kömək istəməyi düünmürdü.Çünki ətin kg-ı 1.8 manat.qənd 1.0 manat, osetr balığı kq-ı 2 manat idi.Tibb xidməti,təhsil,kommunal xərclərin bəziıəri pulsuz idi.Ona görə ən aşaı maaş alanlar belə bu əraqlardan gen bol istifad edirdi.Xəstəlik də indiki qədər yayılmamışdı.İnsanlarla küçədə heyvan kimi rəftar etmirdilər.Ona görə Sove vaxtında yaşayanlar indi həmin vaxta çox heyfslənirlər.Bəs indi?
300 manatla acından ölməmək olar , ancaq soyuqdan xəstələnib ölmək olar.
12 dene yumurta yaziblar 1 Aya. Niye utanib gizarmirsiz? 3 gunden 1 yumurta yemelidi kasib?
İndi hakimiyyətdən gizli heç kim oğurluq eləmir."Minimum əməkhaqqı" oğrular üçün bir piryomdur.Yəni,işçilərə bu qədər maaş yazır,vergidən və digər ödənişlərdən uzaq olur.Faktiki isə işçi "minimum əməkhaqqı" ilə yanaşı bir o qədər də əlavə pul alır.
Ailə 4 nəfərdən ibarət olub, 2 nəfəri azyaşlıdırsa , ay nazirlər kabinetində oturan çox ağıllı məmurlar onda nə olacaq ? 2×300=600/4=150 Hanı yaşayış minimumu?
Ne qeder ki, bizim beynimizden sovetin emek haqqı haqqındakı psixoloji problem yox edilmeyib bizde minimium emek haqqı 10000 manat da olsa bizim telabatımız ödenmiyrcrk.Biz kapitalizm cemiyyetinde yaşayırıq be dövletden ümidimizi üzüb özümüze gün ağlamalıyıq, dövletle qurtarmalıyıq yoxsa niz 300-500 gözlesek acından ölmeliyik.
Bu minimum səbəti hazırlayan hansı hesabı əsas götürüb? Ⅶ0 gündə 2.9 kq sümüklü ət (kiloqramı 12 manat), digər ərzaq məhsulları o.48 kq,,onun kimi kartof,,o.64 kq təmizlənməmiş balıq və bunun kimi digər məhsullar 30 gün inanı qidalandıra bilərmi? Hələ insanın geyim ehtiyacl,kommunalxərclərri.sağlamlıqla bağlı xərclər necə nəzərə alnıb? Belə başa bəla iqtisadçıların absurd rəqəmlərini ciddi qəbul edən pqrlament kimə xidmət edir?Möhtərəm prezidenti də aldadırlar.Brləliklə yaşam şəraiti qəsdən ağırlaşdırılır.
300 MANAT MAAŞLA DOLANMAQ QEYRİ MÜMKÜNDÜR. Bu insafsızlıq, laqeydsizlikdir. Minimum əməkhaqqı heç nəyə çatmır. Üç övladım, yoldaşım, atam, anam və mən 300 manatla dolana bilərmi? Allah bunlara insaf versin!
"2022-ci il üçün Azərbaycanda yaşayış minimumu 210 manat müəyyənləşdirilib." Bir şey aydın deyil. Bu məbləğ lüt adamlar üçündür, yoxsa paltarlı. Çünki, 1 ildə 1 şalvar, 1 köynək və 1 ayyaqqabı alsan, bu xeylək pul edir. (Alt paltarı olmasa da olar)
Sadə yaşam düsturu 300/30=10azn/gün + təmizlik+sağlamlıq+istilik-yanacaq=Xx30=M Mənzil-amortizasiya, təhsil-mədəni tədbir və cəmi-üns xərcləri?
Catar niye catmir ki,? Soqan côrek yeyin belke catdi .
Ölkəyə gələn neft qaz milyardlarını və indiki qiymjət artımını nəzərə alınsa minimum əmək haqqı heç olmasa 800-1000 manat yəni 500-600 dollar həcmində olmalıdır ki insanlar normal neft ölkələrində olduğu kimi insan kimi az da olsa yaşaya bilsin. Talançılar milyonlar milyardlar mənimsəyib,toxun acdan xəbəri yoxdur. Əsliundə var ancaq milləti nədənsə ac saxlamaq istəyirlər. Bu da onların taktikasıdır