“BU BÖYÜK ADAMIN ƏN BÖYÜK SƏHVİ NƏ İDİ?” – “Tarix kimi daha çox ittiham edəcək: Rus qoşununu ölkəyə çağıranları, yoxsa...”

“AzPolitika” millət vəkili Fazil Mustafanın aktual və maraqlı “Yolu anlayanlarla yola davam” adlı yazısını təqdim edir:

Qardaş Qazaxıstan üzərindən günün sualı budur: Tarix kimi daha çox ittiham edəcək: Rus qoşununu ölkəyə çağıranları, yoxsa onun çağırılması üçün meydanlarda zəmin hazırlayanları?

Bay və bayan saxta demokratlar, dələduz vətənşüvənlər, sosial aləmə soxulmuş ədəbiyyat və siyasət təlxəkləri! Sizlərə deyirəm, sizlərə: hər ikisini ittiham edəcək, hər ikisini!

Bir insana olduğu kimi, bir xalqın da çoxluğuna lazımı təhsili, mədəni davranış qaydalarını illərlə aşılayırsan ki, hansı mühitdə olursa-olsun, emosiyaları ağlına qalıb gəlməsin. Bunu aşılamayanlar qədər çevrədəki faydalı dəyərləri öyrənmək istəməyənlərin də günahı hər zaman üzüründən betər olacaq! Və bir də idarə edə bilməyəcəyin kütləni küçəyə çağırıb, sonra onun girovuna çevrilməyəcəyini öncədən düşünməlisən. Biz, axı bunu keçmişik. 1988-ci ilin meydanında, 20 yanvarın vəhşətində, Xocalıdan sonrakı hakimiyyət dəyişikliklərində...

Bir misqal boyu ağıllanmayanlar indi də buna oxşar hər məkanda gəncliyi keçilmiş həmin məcara yolu ilə aparmağa çalışırlar. Öz ölkəsinə yad qoşunları çağırıb iğtişaşları yatırmaq, bütün hallarda həmin ölkənin rəhbərinin unudulmayacaq səhvi və ya bağışlanmaz günahıdır. Bəlkə də cinayətidir. 

İllər sonra məhz bu davranışa görə qasımın comərdliyi deyil, sultanın nuru bu məmləkət üzərində yenə də hakim olacaq. Anlayacaqlar ki, Nursultan prezidentlikdən getsə də hakimiyyətdən nədən getmədi. Ona görə getmədi ki, kimsə cəsarət edib yad qoşunu ölkəyə çağırmasın. Çünki o, Dinmuhəmməd Kunayevdən sonra baş verən etirazlarda süngülərdə doğram-doğram edilən qazax gəncliyinin fəryadını qulağında saxlamışdı. Nursultan yüzlərlə qazax gəncini aullardan yığaraq Avropada yetişdirirdi ki, sabah təlatümsüz yolla bu ölkənin sahibinə çevrilsinlər. Nursultan haqlı olaraq Qazaxıstan kimi sürgün dövlətində, kriminal artıqlığın, səhra ənginliyinin içində kökü kəsilmiş qazax kimliyinin dirilişi üçün lazım olandan daha artığını etdi. Həm də Rusiya və Çin kimi gözünü buraya dikmiş qiqantlar arasında o böyüklükdə ərazini çiyninə alaraq Türk arealına və müasir dünyaya daşımağı bacardı. O, haqlı olaraq demokratiya uğrunda deyil, demoqrafiya uğrunda mübarizə apardı və bu mübarizədə böyük uğur əldə etdi. Qazaxları ölkə və bölgə siyasətinin ağırlığını daşıyacaq saya qədər çatdıra bildi. Üstəlik, iqtisadiyyatı da digər Orta Asiya ölkələrindən daha sabit və inkişafa yönəlik səviyyədə qorumağı bacardı. Uğurlu neft müqavilələri bağladı və enerji resurslarının xaricə satışını reallaşdırdı. Bütün əlverişli layihələrdə ən aktiv rol aldı. Ən əsası da Türk birliyinin memarı olaraq Rusiya ilə də şəxsiyyətli, bərabərhüquqlu, balanslı münasibətlər qurmağı ən mükəmməl formada bacardı. Ölkə üçün Türküstan və Nursultan kimi iki möhtəşəm paytaxt saldı, qazax kimliyinə ali dəyər qazandırdı. Bu ölkədə əzəl başdan demokratiya qurmağa çalışsaydı, iki-üç il içində özünü milliyətçi, yaxud islamçı etiketi ilə qaragüruhçu zehniyyət hakimiyyətdən aşıracaqdı və tam rusafob marionet bir ölkəyə çevriləcəkdi Qazaxıstan.

Bəs, bu böyük adamın böyük səhvi nə idi: Hamı kimi o da, sədaqətli varis barədə düşündü. Bu əksər böyük missiya yerinə yetirənlərin yol verdiyi səhvlərin təkrarı idi. Anlamırlar ki, adam hansısa şəxsə sədəqət barədə nə qədər and içsə də, həmin şəxsin səlahiyyət statusu və yaxud əxlaq dəyərləri dəyişdiyində, ondan üz çevirəcək, ona qarşı düşmənə çevriləcəkdir. Sədaqətin nüvəsini sağlam əxlaq dəyərləri, ağıl və məsuliyyət hissi təşkil etməlidir. Ağıllı, əxlaqlı, məsuliyyətli adam həm də sədaqətli adam deməkdir. Nursultanın bu xarakterdə bir varis yetişdirə bilməməsi kərpic-kərpic qurduğu qazax dövlətinə sağalmaz yara vurdu.

Boşboğazlar, danabaşlar, siyasətdən anlamayanlar, mədə qurultusundan başqa səs eşitməyənlər! Dünən “Qazax xalqı azadlıq mübarizəsinə qalxdı” deyib, indi də “Qazax xalqını gülləbaran edirlər” deyirsiniz. Məgər başladığınız tezisin arxasınca bu nəticənin gələcəyini görmürdünüz? Söhbət Şərqdən gedir, Şərqdən!

Din ehkamının tarix boyu azad düşüncəyə qalib gəldiyi Şərqdən gedir.

İranda kütlənin nə qurduğunu görmədinizmi?

Əfqanıstanda necə, onu da görmədiniz?

Çeçenistanda, Dağıstanda başqa nə qurula bilər ki?

Elə bizdə də, demokratiyaya hazır cəmiyyət qurduğunuzumu düşünürsünüz?

Haqlısınız, Əbülfəz Elçibəy demokratik dünyagörüşə sahib şəxsiyyət idi! Ondan sonra demokratiyanın “D” hərfinə yaxın, yaxud da demokratiyanın hamballığını etməyə hazır çoxmu adamımız vardı? Həmin adam yalvarmırdı ki, rüşvəti bir az insafla alın? Həmin adam demirdi ki, indi məni seçirsiniz, demokratik dünyagörüşünüz olmadığına görə bir ildən sonra özünüz aşıracaqsınız?

Azərbaycanda demokratiyanı arzulayan kiçik bir səmimi azlığın başında xalqın alt qatlarında qonşu ölkənin yerləşdirdiyi din cəhalətinin elə bir yumruğu çatlayacaqdır ki, avtirotar dediyi, dözülməz dediyi dünyəvi iqtidarın xiffətini hamıdan çox çəkəcəklər. Burada həm də qiqantlarla hələ ki, tarazlı münasibət qurmuş və nəticədə Qarabağı azad etmiş iqtidardan söhbət gedir. Bunu qətiyyətlə deyirəm, əsrlərdir özümüzə təlqin etdiyimiz kimi, bizim rus düşmənimiz yoxdur, fars düşmənimiz yoxdur, gürcü və başqa düşmənimiz yoxdur. Bizim düşmənimiz öz cəhalətimizdir! Sən dünyanı normal öyrənmirsənsə, sən burnundan uzağı proqnozlaşdıra bilmirsənsə, sən işığa çağıran yolu qoyub it hürən tərəfə gedirsənsə, rus, fars, gürcü, erməni buna nə etsin? Özünü yeniləşməyə çağıra bilməyən, özünə şəxsiyyət qazandırmayan xalqlar bu missiyanı başqasına həvələ etməyə məhkumdurlar.

Azərbaycanın da alt qatlarında elə minalar basdırılıb ki, dövlətin zəif anında hər şey faciəyə sürüklənə bilər. Ölkədə sağlam müxalifət məsuliyyəti çox zəifdir, virtual kütlə isə daha çox məsuliyyətsiz vətənşüvənlərin və ya təlxəklərin dalınca gedir. Qaragüruhun qonşu ölkələrin hazırladığı din cəhaləti üzərindən ilk fürsətdə boy verməsinə də real təhlükə kimi baxmaq lazımdır. Azərbaycanda daha dəhşətlisi isə dövlətin vəzifəsini iki əllə qamarlayanların dövlətin məsuliyyətini barmağının ucunda belə götürməkdən yayınması gerçəyidir. Xüsusilə də gəncləşmə, kembricləşmə, oksfordlaşma, qaqaşlaşma adı ilə dövlət məsuliyyəti olmayanların səlahiyyətləri zəbt edərək vətəndaşa xidmətdən uzaqlaşma taktikasından gedir. Ölkədə sosial narazılığın əsasında dayanan əsas amil həm də iki müqəddəs “İ”dən imtina olunmaması ilə bağlıdır. İnhisarçılıq və İmtiyazçılıq tədricən tərk edilməlidir ki, vətəndaş ac siyasi insandan normal qayğıları ilə adam kimi yaşayan sosial insana doğru öz yaşamına geri qayıtsın.

Zəngəzur hədəfindən bu qalib dövləti, bu qalib dövlət rəhbərini yayındırmaq istəyən haqlı ya haqsız olsun, bütün elementlərin, bütün bəhanələrin qarşısını ancaq səmimi islahatlarla almaq mümkündür. Buna köklü demokratik islahatlar adını da vermirəm, sadəcə iqtisadi azadlıqların genişlənməsi üçün hərə öz əlindəki süni imtiyazdan bir misqal geri çəkilsə, o boşluq böyük əksəriyyət üçün geniş imkan və məşğulluq sahəsi açacaqdır ki, bu da iqtisadi canlanmanın başlaması deməkdir. Bir də sağlam müxalifətlə açıq, səmimi dialoq mühitini genişlətmək, onların fikir və təkliflərini diqqətə almaq zəruridir ki, artıq küçənin, meydanın siyasi çözüm yeri olmadığını və nəticələrinin Qazaxıstandakı sonluğa vara biləcəyini ağıllı, sağlam düşüncəli insanlarımız axmaqlara, vətənşüvənlərə, təlxəklərə izah edə bilsin.

Bilirəm, istər-istəməz Qazaxıstan dərsləri bizdə hələ çox müzakirə olunacaq. Müqayisələr də olacaq. Ancaq bir dərsi öyrənmək üçün gözü çıxmış qardaşa baxmaq bir çox hallarda yetərli olmur. Sadəcə görən gözünlə dünyaya və qarşındakı kitaba göz gəzdirsən, anlayacaqsan ki, bu günün əsas hədəfi Zəfər yolunu Zəngəzura qədər uzatmaqdır. Sonra əminəm ki, iqtidarlı-müxalifətli arzulanan, həsrəti çəkilən demokratiyanı hamımız bir ağızdan istəyəcəyik və bu məmləkətə gətirəcəyik.

Yolu anlayanlarla Yola davam!

635x100

Şərhlər

Oxucu. 2022-01-10 08:27:42

Reginçuluq,tayfabazlıq üzərindən müsahibə verənlər,şərh yazanlar,elə bilməyiz kimisə aldada bilirsiniz,özünüzdən başqa heç kimi aldada bilməzsiniz,birlikdən,azadlığdan,inkişafdan,dövlətin bütövliyindən danışa-danışa hələdə tayfaçılığdan əl çəkəmirsiz,bu yaxşı deyil,tayfaçılığdan çıxın onda böyük və güclü olacağıq həmdə ədalətli olacağıq.

Qabil Hüseynli 2022-01-09 15:01:42

Günümüzə işıq salan mükəmməl bir baxış

Niyaməddin 2022-01-08 08:47:15

Rusiya Qazaxıstanda çox incə planlarla hərəkət edir. Dovşana qaç, tazıya tut, qara məni basınca mən qaranı basım kimi incə maraqlar tətbiq edir. Nazarbayev hakimiyyəti boyu çox böyük səhvlər buraxmış bir lider olub. Təbii ki, Türkiyə bütün bunlara eyvallah deməyəcək və...

Mirzə Qafarlı 2022-01-08 08:25:17

Fazil bəy, gözəl təhlil və ağıllı təklif üçün sağ olun. Atalar demişkən, Arifə bir işarə kifayətdir! Başa düşmək istəyən anlayar.

TT 2022-01-08 07:06:38

Esas qûnah nazarbayevdedi ) Allah belasini versin !

Hidayet muellim 2022-01-08 02:41:09

Esrimizin nala-mixa en yaxsi vuran Siyavusu

Nur 2022-01-07 23:42:33

Yaxşı yazıdır. Mənasını anlayanlar mübarizəni hansı qaydada aparmalı olduqlarını bir daha götür-qoy etməlidirlər...

t.ədalət 2022-01-07 22:29:21

Hörmətli Fazil müəllim!Qazaxstanda küçəyə çıxanlar da,onlara atəş açanlar da rus kəşfiyyatının adamlarıdır.Terroru və iğtişaşları törətmək üçün Putin hər şeyi irəlicədən planlayıb.Qazaxstanın müstəqilliyini təhlükə altına salacaq rus icmasını da düzüb-qoşub.Burda əhalini müzakirə etməyə əsas yoxdur.Putin ağılsız başı ilə bu hərəkətləri edir.İqtisadi cəhətdən çöküşün astanasında olan Rusiyanın nələrə düçar olacağı onu heç düşündürmür.Adətən,psixi zədəsi olanlar belə olur.

Seyid Ənhu 2022-01-07 22:05:21

İstəyirəm deyəm ki, yazını Fazil Mustafa yazmayıb. Çünki yaqı manerası, stil onun stilinə heç bənzəmir. Fazil bəy ibarələrlə danışan adam deyil. Bu yazının müəllifi isə Nazarbayev üçün canını “şəhid edb”ortaya qoyub. Bu günlər qəzetlər də Nazarbayevi müdafiə etmək üçün yarışa girib. Tamamilə bəllidir yuxarılardan göstəriş alıblar. Yazılanların demək olar ki, hamısı qeyri-səmimi olduğu üçün ikrah hissi doğurur. Nazarbayev haqda ironik və gözəl bir deyim var. Nazarbayev qazax deyil o, qazaxa oxşayan rusdur. Onun milyardlarını dünyanın bankları tutmur.Nəvəsinin sirli ölümü hələ də İngiltərədə araşdırılır. Kürəkəni yer kürəsindən qeyb edilib. Ölkəsində ana dilində danışmaq illər uzunu dolayısilə qadağan edilib. Hansı iman sahibi bu adamı tərifləyə bilər? O, türk təəssübü çəksəydi ağsaqqal kimi qabağa düşərdi. Ona türk olduğunu hörmətli Ərdoğan xatırladıb. Turan sözünü Qazaxıstana Ərdoğan tətbiq edib. Nazarbayevin qazax xalqının qurtuluşu naminə etmədikləri etdiklərindən milyon dəfə çoxdur. İndi Fazil Mustafa _yoox, Nazarbayev imamdır deyib yaxanı cırıb, sazını sındırmaqla milləti kandıra biləcəyinimi zənn edirsən?

Mubariz 2022-01-07 21:55:21

Deputat ,səhvi o oldu ki ,pul gözünü bağladı ,xalqdan aralı düşdü , özünə varis axtardı ,tapdı və varis onu ölkədən qovdu

Əsgər 2022-01-07 21:23:49

Rus ordusu Qarabağda ermənini qoruyur,Araiki qoruyur....

qaraguruh 2022-01-07 19:52:58

iki donem ve get-azbuka vlasti----yoxsaki 30 il oturub elbas olmaq olmaz==bax gwrcw-ermeni ya eston lat ve ya litov

Abbas Rehimov.Beneyarli. 2022-01-07 19:42:36

Fazil bey,her yaziya gore cox saqolun, illerdi sizi izleyen bir insan kimi.....

Fazil bəyə 2022-01-07 19:25:45

Bəs indi Qarabağda Rus qoşunları haradan peyda olub?Yollar bağlayırlar.ermənilərə qayğıkeşlik göstərirlər.Əgər sülh məramlıdırkarsa niyə həmin rauonların Azəebaycanlı əhalisi oraya köçürülüb mühafizə edilmir?....

əlil 2022-01-07 19:13:46

bu ölkədə sağlam heç nə qalmayıb, hər şey korrupsiyalaşıb, sən nədən dəm vurursan? Təmiz heç nə qalmayıb. Budurmu bizi apardığınız gələcək? Təəssüfffffffffffffffff!

oleq 2022-01-07 18:34:19

Fazil bəy, xalq acınacaqlı vəziyyədə yaşayır,orta təbəqə sıradan çıxıb,Gömrük orqanları 30 ildi ölkə iqtisadiyyatını tam dibə sürükləyir,hüquq orqanları idarələrini biznes piştaxtasına çevirib,nazirlər,komitə rəhbərləri monopoliya yaradıblar,vergidən yayınma,real maaşın gizlədilməsi,büdcədən ogurluqlar,yalançı tenderlər dövlətin çöküşünü günbəgün yaxınlaşdırır.Real durum ölkə başçısından gizlədilir,bunu gizlədənlər ölkənin çöküşünün fəal iştirakçılarıdır...

Son yazılar