PUTİN NİYƏ SSRİ-nin BƏRPASI TƏBLİĞATI İLƏ XOF YARADIR? - Rusiya özü qorxu içərisində çabalayır və məqsədi...

Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək üçün hərbi-siyasi, maliyyə-iqtisadi, hətta ideoloji potensialı yoxdur və Kreml buna cəhd edərsə, böyük bir fəlakətin altında qalar

Qazaxıstanda baş verən hadisələr postsovet məkanında ciddi narahatlıq doğurub. İndi əksər MDB dövlətləri bu hadisələrin vəd edə biləcəyi təhlükələri təhlil etmək məcburiyyətində qalıb. Və bu, keçmiş sovet respublikalarının yaxın gələcəkdə yürüdəcəyi xarici siyasət kursuna birbaşa təsir göstərə bilər.

Təbii ki, ilk növbədə Rusiyanın qeyri-standart davranışları narahatlıq yaradır. Hər halda, Kremlin kifayət qədər uzaqgedən planlarının ola biləcəyi qətiyyən istisna deyil. Çünki bu nəhəng ölkədə Çar Rusiyası dövrünə və keçmiş SSRİ dönəminə indeksli siyasi-ideoloji zehniyyət hələ də hegemon mövqeyə malikdir.

Məsələ ondadır ki, Kreml strateqləri Rusiya imperiyasını, hətta heç olmasa, keçmiş SSRİ-ni yenidən bərpa etmək ümidlərini hələ də aktual saxlamağa çalışırlar. Üstəlik, Kremlə yaxın təbliğat mərkəzlərinin propoqanda texnologiyasını da bunun üzərində qurmağa cəhd göstərirlər. Əsas məqsəd isə postsovet məkanında Rusiya faktorunun təsir gücünü qoruyub, saxlamaqdan ibarətdir.

Ona görə də, Rusiyanın "KTMT şineli" altında Qazaxıstana qoşun yeritməsi MDB məkanında keçmişə yönəlik bəzi pessimist ehtimalları ön plana çıxartmağa başladı. Hətta Rusiyanın yenidən keçmiş SSRİ-ni bərpa etmək niyyətində olduğu barədə proqnozlara yol açdı. Və həm Qazaxıstan faciəsinin törədilməsindən öncə, həm də sonra verilən bəzi iddialı açıqlamalar da buna əlavə stimul yaradır.

Son dövrlərdə Kremlə yaxın siyasi dairələrin keçmiş SSRİ respublikalarına qarşı ərazi iddiaları intensivləşib və açıq məzmun daşıyır. Xüsusilə də, öz avantürist mövqeyi ilə seçilən Vladimir Jirinovskinin postsovet ölkələrinin Rusiyanın tərkibinə qaytarılması ilə bağlı çağırışları Kremldə belə bir hədəfin heç də arxivdə olmadığını göstərir. Üstəlik, Kremlin bir çox hallarda öz gələcək planları barədə siyasi mesajları məhz V.Jrinovski kimi avantüristlərin dili ilə verdiyi də inkaredilməz reallıqdır.

Ancaq son vaxtlar Kremlin keçmiş SSRİ tezisləri birbaşa Rusiya dövlətinin rəsmiləri tərəfindən də dilə gətirilir. Hətta prezident Vladimir Putinin ötən ilin sonlarında Ukraynanın Rusiya əraziləri hesabına yaradıldığını vurğulaması Kremlin aqressivləşmə dövrünə qədəm qoyduğunu sezdirirdi. Üstəlik, Kreml sahibi həmin açıqlamada Qazaxıstanın şimal bölgəsinin də Rusiya ərazisi olduğuna eyham vurması əslində, indiki hadisələrin xəbərçisi idi.

Rusiyanın "KTMT şineli"nə bürünüb, Qazaxıstana qoşun yeritməsindən sonra isə Dövlət Dumasının deputatları bu türk dövlətinin ərazilərini bölüşdürmək uğrunda yarışa girdilər. Bəziləri Almatı da daxil olmaqla, Qazaxıstanın şimal bölgəsini Rusiyaya birləşdirməyi tələb etdilər. Digərləri isə daha da irəli gedərək, ümumiyyətlə, Qazaxıstanı Rusiyanın tərkibinə qatmağa çağırdılar. Üstəlik, Patriarx Kiril də Qazaxıstanın ən böyük şəhəri olan Almatını "tarixi Rusiyanın ərazisi" adlandırdı.

Göründüyü kimi, Rusiya postsovet məkanında öz mövqelərini qorumaqda israrlıdır. Qazaxıstana qoşun yeritməklə də bunu təsdiqləməyə çalışır. Hazırda Baltikyanı ölkələr, Özbəkistan və Türkmənistan istisna olmaqla, keçmiş SSRİ dövlətlərində (Ermənistan, Gürcüstan, Ukrayna, Qırğızıstan, Tacikistan, Moldova, Azərbaycan, Qazaxıstan) Rusiyanın hərbi kontingentləri mövcuddur. Xüsusilə də, Ukrayna, Gürcüstan və Qazaxıstanda Rusiya işğalçı statusundadır.

Təbii ki, belə vəziyyət postsovet məkanında "Rusiya xofu" yaradır. Ancaq Kremlin keçmiş SSRİ-nin bərpası ilə bağlı propoqandası əslində, Rusiya siyasi dairələrində də kifayət qədər ciddi xofun olduğunu göstərir. Kreml strateqləri Rusiyanın tədricən dağılma mərhələsinə yaxınlaşmaqda olduğunu anlayırlar və bundan ciddi şəkildə narahatdırlar.

Buna əmin olmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına diqqət etmək tamamilə yetərlidir. O, bildirib ki, NATO Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra sahibsiz qalmış ərazilərin nəzarət altına alınması üzrə geopolitik layihəyə çevrilib: "Onlar indi bununla məşğul olurlar. Biz NATO-nun Rusiya sərhədlərinə yerləşməsinə laqeyd qala bilmərik".

Göründüyü kimi, Rusiya özü qorxu içərisində çabalayır. NATO xofu Kreml üçün olduqca ciddi geopolitik diskomfort yaradır. Rusiya NATO hərbi bazaları ilə hərbi-siyasi blokadaya düşmək təhlükəsi qarşısındadır. Və bu proses son nəticədə Rusiyanın öz sərhədləri içərisinə qapadılaraq, parçalanma mərhələsinə keçirilməsi ilə yekunlaşa bilər.

Ona görə də, NATO hərbi bazalarının peyda olma perspektivləri ilə yüklənmiş bütün bölgələrə münasibətdə aqressiv addımlar atmağa çalışır. Həm NATO-nu ehtimalı davranmağa məcbur etmək, həm də Qərblə yaxınlaşmağa meyl göstərən postsovet ölkələrini hədələmək məqsədi güdür. Yəni, Kreml Rusiyanı daha da zəiflətmək, daha sonra isə dünya üçün yeni kataklizmlər törətməyəcək modeldə parçalamağa cəhd edənlərə müqavimət göstərməyə çalışır.

Kremlin buna nail olub-olmayacağı barədə indidən nəsə demək bir qədər tezdir. Ancaq Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək şansının olmadığı qətiyyən şübhə doğurmamalıdır. Rusiyanın belə bir potensialının olduğuna indiki situasiyada yalnız sadəlövhlər inana bilər.

Məsələ ondadır ki, artıq dünya keçmiş SSRİ-nin yaradıldığı və mövcud olduğu geopolitik şərtlərdən çox-çox uzaqlaşıb. Müasir texnologiyaların inkişaf etdiyi 21-ci əsrdə heç kim Rusiyaya "xalqların yeni həbsxanası"nı yaratmağa imkan verməz. Üstəlik, hazırda Rusiya özü də beynəlxalq maliyyə-iqtisadi sistemin girovudur. Və hər an dərin sosial-iqtisadi böhran içərisində boğulmağa məhkum edilə bilər.

Digər tərəfdən, keçmiş SSRİ ölkələri də artıq 90-cı illərdə olduqları durumdan çox-çox uzaqlaşıblar. Bu ölkələrin əhalisi ciddi nəsil və siyasi-ideoloji düşüncə dəyişikliyinə məruz qalıb. Hər bir postsovet ölkəsi müasir dünya ilə yeni inteqrasiya mərhələsi keçib. Yeni hərbi-siyasi, maliyyə-iqtidadi, ticari və s. münasibətlər sistemi qurulub. Və bütün bunların keçmiş SSRİ-nin bərpası məqsədilə dağıdılması dünyada, xüsusilə də postsovet məkanında ciddi kataklizmlər yarada bilər.

Məsələn, yeni maliyyə-iqtisadi və ticari münasibətlərin pozulması keçmiş SSRİ-nin tərkibində olmuş hər bir postsovet ölkəsində xaos yaradar. Hər halda, keçmiş SSRİ bərpa ediləcəyi təqdirdə, postsovet ölkələrinin xarici ölkələrlə olan iqtisadi-ticari müqavilələri də pozulmuş olacaq. Çünki qarşı tərəf həmin müqavilələri Rusiya ilə davam etdirməkdə yumşaq desək, maraqlı olmayacaq.

Yəni, Kreml postsovet ölkələrinin maliyyə-iqtisadi və sosial problemlərini də öz üzərinə götürməli olacaq. Halbuki, Rusiya iqtisadiyyatının belə bir potensialının olmadığını Kremldə hamıdan yaxşı bilirlər. Və Rusiya tədricən özü sosial-iqtisadi böhrana doğru yaxınlaşır.

Ona görə də, keçmiş SSRİ zorakılıqla bərpa ediləcəyi təqdirdə, postsovet məkanında dərin sosial-humanitar böhran, ictimai xaos baş qaldıra bilər. Belə bir xaosun qısa müddətdə Rusiyanın daxilinə sıçrayacağı isə qətiyyən şübhə doğurmur. Ardınca milli-etnik zəmində silahlı toqquşmaları da nəzərə almaq lazımdır.

Üstəlik, Rusiyada yaşayan və vətənləri rus qoşunları tərəfindən işğal edilmiş olacaq onmilyonlarla qeyri-rusun baş verənlərə reaksiyasını da hesabdan silmək olmaz. Çünki Rusiya ərazisi daxili toqquşmalar nəticəsində qısa müddət ərzində qan gölünə çevrilə bilər. Bura Rusiya ərazisində olan milli-etnik mənşəli federasiya subyektlərini də əlavə edəndə baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.

Ona görə də, Kreml heç vaxt keçmiş SSRİ-ni bərpa edə bilməyəcək. Üstəlik, buna cəsarəti də çatmayacaq. Rusiyanın belə gücü və potensialı mövcud deyil. Nəhayət, beynəlxalq siyasi iradə mərkəzləri Kremlə belə bir şans da tanınmaz.

Düzdür, deyirlər ki, tarix təkrar oluna bilər və bu baxımdan, keçmiş SSRİ-nin də dirildilməsi istisna deyil. Ancaq unudurlar ki, tarixdə yalnız hadisələr təkrar olunur, nəticələr isə fərqli məzmun daşıyır. Bu baxımdan, Keçmiş SSRI-nin bir imperiya dövləti olduğunu da unutmaq olmaz. Tarixdə imperiyalar həm yaradıblar, həm də dağılıblar.

Ancaq dünya tarixində hər hansı imperiyanın dağıldıqdan sonra bərpa edilməsi barədə heç bir örnək mövcud deyil. Keçmiş SSRİ-də dağılmış bir imperiyadır. Onun yenidən bərpası da qətiyyən mümkün deyil. Ona görə də, hazırda Kremlin davranışlarına keçmiş SSRİ-nin bərpasından daha çox, əksinə, Rusiyanın dağılması ilə bağlı prosesi mümkün qədər ləngitmək cəhdləri kimi yanaşmaq daha doğru olardı. (musavat.com)

635x100

Şərhlər

Eli 2022-01-09 19:43:04

Rusiyanın qudutb bele meydan sulamasının esad sebebkarlarıABŞ ve Qerbdir.SSRİ dağılandan sınrs onlar hansı köhne müttefiq respublijaya kömek elini uzatdı,onlardsn yalnız “Tecrübe dövlsnlatı “ kimi istifade etdi.Bu ds neticesi:Rusiya heç neye nail olmasa da bğtün dünyanı bir nşrinr aatıb qeyri müeyyrn işler görüb bütün ölkeleti 25-20 il getiye aracaw milletlet xalqlar bir birine düşmen kesikek amormal bir xaotik atmosfer yaranacaq.

korrektor 2022-01-09 17:47:54

Baxaq görək Qazaxların bu rus soyqırımına cavabı nə olacaq! Məncə ruslar çox ağır bədəl ödəməlidirlər!

turan 2022-01-09 15:45:26

İmperiya tikə-tikə parçalanmalıdır, parçalanmasa parçalayacaq

RR 2022-01-09 14:51:42

Qarabaqa qiriblerse , burada qire bilmek shansdari var )) demirikki ne qeder rus mektebleri acilir , Putinin xoshu qelsin deyene ) Allah o qûnden qorusun bizi ))) Kim deyerdiki qazaxstana qirecek ?

Əliyev F 2022-01-09 10:10:49

Putin Rusiyanı qoruyub saxlamaqa cəhd edir ki dovlət daqılmasın Əgər Nato Rusiya sərhədlərinə yaxinlaşsa bu sonun başlangıcı olacag!

Son yazılar