KTMT: RUSİYA VƏ AŞAĞILANMIŞ DÖVLƏTLƏRİN BİRLİYİ! – Azərbaycanın bu təşkilatda yeri ola bilərmi?

Qazaxıstanda baş verənlər və KTMT-nin həmin hadisələrə müdaxiləsi bu təşkilatın mahiyyəti, missiyası və məramları barədə tamamilə yeni təsəvvürlər yaratdı. Əgər ilk başlanğıcda KTMT ona üzv olan ölkələrin xarici təcavüzdən qorunmasını təmin edən birlik kimi təqdim və qəbul olunurdusa, Qazaxıstana gerçəkləşdirilən müdaxilə bu qurumun həmin ölkələrin dövlətçiliyinin və orada yaşayan xalqların iradəsinin üzərində duran əlahiddə siyasi jandarm funksiyasına yiyələndiyini ortaya qoydu. Beləliklə də, təşkilatın əsas məqsədinin Rusiyanın keçmiş Sovet respublikalarında özünü ev sahibi kimi hiss etməsi və davranmasına xidmət etdiyinə dair qənaət möhkəmlənmiş oldu... 

Bu hadisələr göstərdi ki, artıq KTMT-yə üzv dövlətlərdə mövcud olan avtoritar və Moskvanın maraqlarına uyğun gələn hakimiyyətlərə qarşı çıxmaq, narazılıq, itaətsizlik göstərmək beynəlxalq terrorçuluq, hətta vətənə xəyanət kimi qarşılanacaq və dərhal qarşısı alınacaq. KTMT-nin son onlayn toplantısındakı çıxışlar məhz bu fikri, qərarı aşılamağa yönəlmişdi...

Təcrübə göstərir ki, KTMT üzvlüyü orada toplaşan dövlətlərin suveren hüquqlarını qorumaq adı altında onların cəmiyyət və dövlət olaraq aşağılanmasını şərtləndirir. Məsələn, Rusiya qışın soyuğunda Yaxın Şərqdən gətirdiyi binəva qaçqınları Belarusun Polşa ilə sərhədinə tökəndə və Qərbi onlarla təhdid edəndə Belarusu dövlət olaraq aşağıladı. Hamı bildi ki, bu, Lukaşenkonun beyninin məhsulu deyil və Moskva ondan Qərbə qarşı təzyiq aləti, maşa kimi istifadə edir. Bu, Belarusun dövlət olaraq aşağılanması deyildimi?

Yaxud, 200 minlik orduya və bir o qədər də polis, hüquq-mühafizə orqanı işçisinə malik Qazaxıstanın guya öz daxili gücü ilə iğtişaşları yatıra bilmədiyi görüntüsü yaratmaq və bunu bəhanə edib oraya girmək Qazaxıstanın dövlətçiliyini aşağılamaq deyilmi?

Tokayev 20 min terrorçudan danışırdı - 20 min! Bu, az qala babat bir dövlətin ordusu deməkdir. Belə absurd rəqəm ağlı başında olan normal adamın fantaziyasına belə sığa bilməz. Bəs, hanı həmin 20 min terrorçu? Tokayev 10 gün ərzində KTMT-nin qoşunlarının ölkədən çıxacağını bəyan edib. Belə çıxır ki, 10-15 günə ölkə 20 min terrorçudan təmizləndi?...

Digər üzvlər - Tacikistan, Qırğızıstan, elə Ermənistan da istənilən an eyni taleyi yaşaya bilər. Yeri gəlmişkən, KTMT-nin Qazaxıstana girib-çıxmasından ən böyük zərbələrdən biri də Ermənistana dəyir. Ermənistanın qulağından tutub Qazaxıstana sürümək, sonradan da oradan çıxarmaq İrəvanı aşağılamaqla yanaşı, rəsmi İrəvanın demokratiya, xalq hakimiyyəti, Qərbin sivil dəyərlərinə sədaqət və s. bu kimi görüntü və imic yaratmaq cəhdlərinin sabun köpüyü qədər boş və dayanıqsız, rəsmi İrəvanınsa iradəsiz və aciz olduğunu ortaya qoydu.

Bununla yanaşı, heç kim bilmir ki, Qazaxıstandakına oxşar hadisələr Ermənistanda baş versə, buna reaksiya necə olacaq? KTMT necə davranacaq? Dara düşən Paşinyanın çağırışı ilə onun hakimiyyətini, məsələn, Koçaryan-Sarqsyan cütlüyündən qoruyacaqmı? 

Axı, əslində bu cütlük daha çox terrorizmə meyllidir və yaxın keçmiş göstərir ki, onlar Ermənistanda Qazaxıstandakı kimi qurama yox, istənilən real terror hücumunu həyata keçirməyə qadirdirlər. Belədə, Putin Tokayevlə Lukaşenkonu başına toplayıb Paşinyanı öz köhnə dostu Koçaryandan və onun dəstəsindən qoruyacaqmı?...

Yalnız problemləri həll etmək, islahatlar aparmaq, əhalinin normal sosial təminatını həyata keçirmək, sivil siyasi münasibətlər sistemi qurmaq və nəhayət, oğurlamamaq, korrupsiyaya bulaşmamaq əvəzinə haqq-ədalət, normal dolanışıq tələb edən xalqı güllə-boran etməyə üstünlük verənlərin ümid yeri KTMT kimi təşkilatlar ola bilər. Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan KTMT-nin üzvüdür. Keçmiş SSRİ respublikalarından Gürcüstan, Ukrayna və Moldovanın istiqaməti bəllidir və bu istiqamət qətiyyən KTMT üzvlərinin yolu ilə kəsişmir. Deməli, kənarda qalır yalnız Özbəkistan, Türkmənistan və Azərbaycan

Lukaşenkonun timsalında Rusiya artıq Özbəkistana dil uzatdı, açıq şəkildə Qazaxıstandan sonra növbənin Özbəkistanda olduğuna eyham vurdu. Və belə görünür ki, artıq Daşkənddə KTMT-yə üzvlük “dəvətindən” narahat olmağa başlayıblar. 

Türkmənistana gəldikdə, buradakı rejimin avtoritar olduğu qədər də anormal bir mahiyyət daşıması orada istənilən gözlənilməz ssenarini mümkün edir...

Qalır Azərbaycan! Nazarbayev ötən ilin sonunda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, yəni KTMT-nin iqtisadi törəməsinə daxil olmasını təklif etmişdi. Hələ Ermənistan da bu təklifə “naz-qoz edirdi”. Lakin xüsusilə də Qazaxıstanda baş verənlər göstərir ki, bu təşkilatlara nəinki üzv olmaq, hətta onların həndəvərinə yaxınlaşmaq belə riskli, ölkənin strateji maraqları, gələcəyi, siyasi və iqtisadi perspektivləri, beynəlxalq aləmdəki yeri və nüfuzu baxımından zərərlidir. İstənilən ölkədə hakimiyyətlər demokratik, yaxud qeyri-demokratik ola bilər, hakimiyyətlər gəldi-gedərdir və bu, təbiidir. Lakin bir dövləti hansısa avtoritar qurumun boyunduruğu altına salmaq onun gələcəyini baltalamağa bərabərdir. Qazaxıstanın timsalında bu nümunəni görürük.

Əsas məsələ odur ki, istənilən sosial, iqtisadi, siyasi problem həmin ölkənin, xalqın daxili işi olmalı, onun daxilində həll olunmalıdır və heç bir xarici qüvvə həmin problemlərdən istifadə edib, bir ölkənin suverenliyini, müstəqilliyini sual altına almağa, onu zəbt etməyə cəhd edə bilməməlidir. KTMT kimi qurumlara üzv olmaq, real şəkildə bu təhlükələrə ciddi əsaslar yaradır...

44 günlük müharibədə bir daha Azərbaycanın dostları da, düşmənləri də bilindi. Və o da bilindi ki, sözdə yox, reallıqda strateji tərəfdaş, dost, qardaş deyib üz tutacağımız istiqamət qətiyyən şimala və orada zorən yaradılan hasısa birliklərə doğru ola bilməz...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Camaat 2022-01-18 16:50:51

Bu birlikdə bir nəfərdə olsun kişi yoxdur.

Türk 2022-01-12 11:38:07

Rusiya terrorçu dövlətdir. Azərbaycanda son günlərdə törədilən terror-təxribat hadisələri rus ayıları tərəfindən həyata keçirilir. Ermənistan rusun tulası və maşasıdır. Bütün şəhidlərimizin, terror qurbanlarımızın məsuliyyəti rusiya dövlətinin üzərinə düşür. Allah bunların belini qırsın, kökünü kəssin.

Seyid Ənhu 2022-01-11 20:27:29

Rusiya Azərbaycan qarşısında üzüqara və günahkardır. Heç bir Azərbaycan türkü heç vaxt unutmayacaq ki, məhz bu dövlət onun millətini parçalayıb. Torpağının bir hissəsini zəbt edib. Digər bir hissəsində Türk birlinin önünü kəsmək üçün erməni dövləti qurub. SSRİ dövründə bütün neftini ona bağışlayıb. Müharibədən onu qalib çıxarıb. Daha nələr nələr. Bütün bunların müqabilində Qarabağı işğal edib ermənilərə verdi. Sual edirəm: Belə nankor və nanəcib bir ölkə görmüsünüzmü? Demişəm və həmişə də deyəcəm. RUSLA İTTİFAQA GİRMƏK İTLƏ BİR OLUB BİR QABDAN YAL İÇMƏK DEMƏKDİR.....

t.ədalət 2022-01-11 20:15:59

Azərbaycanda dərhal rus dilinin təbliğinə son verilməli,nazirliklərdəki qapalı danışıq üçün rus dili qadağan olunmalıdır.Xüsusilə,gənclər və idman nazirliyində,iqtisadiyyat nazirliyində nazirlik aparatının rusca danışması yasaqlanmalıdır.Ümumiyyətlə,rusdillilərlə yolumuzu ayırmalıyıq!

Vətəndaş 2022-01-11 19:12:31

Kimin Rusların yanında dili gödəkdirsə, rusun sukasıdırsa KTMT-yə daxil olub öz millətlərini də azara salıblar. Çalışıb rusdan uzaqlaşmaq lazımdır,rusun sonu yaxınlaşır ona görə də problemlər yaradır. Allah bunu götürməz.

Hikmət 2022-01-11 17:23:36

Azərbaycanın bu cür imperiya maraqlarına xidmət edən təşkilatlarda yeri yoxdur. Bizim qüdrətli ordumuz dövlətimizi qorumağa qadirdir. Xarici təhdidlərə qarşı Türkiyə-Pakistan-İsrail kimi müttəfiqlərimiz var!

TARIX 2022-01-11 16:41:53

RUSİYADAN RUSLAR ÖZLƏRİ BEZİBLƏR.AZƏRBAYCANIN FACİƏLƏRİNİN SƏBƏBKARI RUSİYA DEYİLMİ?AZƏRBAYCAN TORPAQLARINDA ERMƏNİ DÖVLƏTİ,QARABAĞ PROBLEMİ 20 YANVAR,XOCALI SOYQIRIMIVƏ S.SAYMAQLA QURTARMAQ OLMAZ.RUSİYA SİYASƏTDƏÖZÜNÜ NECƏ APARDIĞINI DÜNYA GÖRÜR VƏ BU İMPERİYAYA NİFRƏT EDİR.

Son yazılar