Vüqar İSKƏNDƏROV, millət vəkili

“Xalq və dövlət üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır” prinsipinə söykənən fəaliyyət müxalifətçilik sayıla bilərmi?

Bu gün insan oğlunun idarə etdiyi dünya öz inkişafının ən pik həddinə çatıb desək, bəlkə də, yanılmarıq. Çünki Yer üzünün sakinləri inkişafın o həddinə çatıb ki, artıq dünya insan oğluna dar gəlir. Gündəlik informasiyalardan da təqib etdiyimiz kimi insanların yeni hədəfi Marsda məskunlaşmaqdır. Düzdür, bunun yaxın 5 ilə, yoxsa 50 ilə baş verəcəyini demək çətindir. Amma bir şeyi çətinlik çəkmədən söyləmək olar. Bu uğura bəşəriyyət həm də söz azadlığının təmini, demokratiya, siyasi plüralizm, həmçinin azad seçkilər yolu ilə formalaşan hakimiyyətlərin idarəetməsi nəticəsində çatıb.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, demokratik və azad cəmiyyət quruculuğu iqtidar və müxalifətin qarşılıqlı əməkdaşlığından, sivil münasibətlər qurmalarından asılı olur. Başqa sözlə, dövlətin inkişafında müxalifətin də üzərinə düşən vəzifələr, müxalifət partiyalarının da məsuliyyəti var.

Düzdür, müxalifət anlayışı, əsasən, çoxluğun rəyinə qarşı və yaxud hakim rəyə qarşı çıxan partiya və qrup kimi izah edilir. Yəni, müxalifəti təmsil edən şəxslərin siyasi düşüncəsi və fəaliyyətinin əsasını təşkil edən ideya və dəyərlər hakim qrupdan, iqtidardan, eləcə də bir-birindən fərqlidir. 

Ancaq bu heç də, birincisi, müxalifətin ideyalarının daha mütərəqqi, xalqın maraqlarına daha uyğun olduğu demək deyil.

İkincisi, müxalifət olmaq heç də milli məsələlərdə, dövlətin maraqları olan yerlərdə də fərqli mövqe tutmağı tələb etmir. Əksinə hakimiyyətin yanında yer alaraq, xarici düşmənlərə qarşı milli birlik nümayiş etdirmək yüksək siyasi əxlaqın, davranışın göstəricisi sayılır. Milli düşüncəyə malik müxalifət dövlətçilik, istiqlalçılıq prinsiplərini daim müdafiə etməli, dövlətin maraqları naminə hətta öz koorporatv maraqlarından imtina edə bilməli, heç vaxt pozucu fəaliyyətə yol verməməlidir.

Bildiyimiz kimi siyasi elmdə mötədil, loyal (hakimiyyətlə əməkdaşlığa və onu müdafiə etməyə hazır olan), konstruktiv (məzmunlu, işgüzar təkliflər verən), destruktiv, radikal (dağıdıcı) müxalifəti fərqləndirirlər. Təbii ki, çoxqütblü Azərbaycan müxalifətinin palitrasında müxalifətin bütün bu çalarları bu və ya başqa dərəcədə təmsil olunmuşdur.

Fəaliyyətini dövlətin və cəmiyyətin inkişafına istiqamətləndirən, vətəndaşların rifah halının hər keçən gün daha da yaxşılaşması üçün davamlı addımlar atan hakimiyyətlər konstruktiv və güclü müxalifətin olmasını arzulayırlar.

Konstruktiv ona görə ki, bu müxalifət hansısa məkirli xarici güclərin deyil, təmsilçisi olduğu dövlətin və xalqın marağına xidmət etsin. 

Güclü ona görə ki, bu müxalifət iqtidarın reallaşdırdığı islahatlara alternativ, hətta ondan güclü islahat paketinə, inkişaf proqramına malik ola bilsin. Bir sözlə, demokratik cəmiyyətlərdə güclü elektorata və faəliyyət proqramına malik müxalifətin mövcudluğu əsas amillərdər biridir.

Heç şübhəsiz Azərbaycan iqtidarı da məhz belə bir müxalifətin arzusundadır. Lakin, təəssüflər olsun ki, Azərbaycanda adını müxalifət qoymuş bəlli bir kəsim milli məsələlərdə belə dövlətin maraqlarından çıxış edə bilmir. Cəmiyyət tərəfindən “radikal müxalifət” adlandırılan məlum düşərgənin təmsilçiləri hadisələrə dar prizmadan yanaşır, “dövlət üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır” prinsipini əldə rəhbər tutaraq fəaliyyət göstərirlər. Bu da bəzən onların hətta Azərbaycana dost olmayan xarici dairələrin mənafeyini milli maraqlardan ön plana qoymalarına səbəb olur.

Sivil siyasi mübarizə prinsiplərinə zidd “müxalifətçilik”

Məlumdur ki, demokratik cəmiyyətlərdə təmsilçilik funksiyası baxımından fəaliyyət göstərən orqanlar seçkilər vasitəsilə formalaşdırılır. Təbii ki, bu zaman xalqın ümumi iradəsi əsas götürülür. 

Belə ki, demokratik şəraitdə keçirilən seçkilərdə səs çoxluğu ilə qələbə qazanmış siyasi qüvvə, yaxud qüvvələr iqtidarda təmsil olunmaq hüququ əldə edir. Seçkilərin nəticələrinə müvafiq olaraq məğlub olanlar isə növbəti seçki müddətinədək müxalifət qismində siyasi palitrada təmsil olunurlar. Bir sözlə, iqtidar kimi, müxalifət də xalqın rəyi və iradəsinə əsaslanan seçkilərin nəticəsində bir növ fəaliyyət statusu əldə edir.

Amma Azərbaycanın radikal müxalifəti öz fəaliyyəti ilə bu prinsipi alt-üst edib. Gücü, iqtidarı olmadığından  seçkilərdə məğlubiyyətə düçar olacağını bilən radikallar hər dəfə bu məğlubiyyətlərini “seçkiləri boykot edirik” bəhanəsi ilə öncədən sığortalamaq istəyirlər. Elə bununla da seçkilərə qatılmayan radikallar müxalifət statusunu daşımaq hüququndan özlərini məhrum etmiş olurlar. Çünki yuxarıda vurğuladığımız kimi, müxalifət də xalqın rəyi və iradəsinə əsaslanan seçkilərin nəticəsində bir növ fəaliyyət statusu əldə edir.

Hətta xarici ölkələrdə, məsələn qardaş Türkiyədə seçkilərdə məğlub olan qüvvələr təmkinli şəkildə “xalqımız bizə müxalifət görəvini verdi” deyərək sivil mübarizəni davam etdirirlər.

Lakin görünən odur ki, ölkəmizdə iqtidar, müxalifətin müəyyən hissəsi demokratik seçkilərdə fəali iştirak etdiyi halda, radikallar hələ də boykot təvəkkürünü dəyişmək istəmirlər.

İkinci bir tərəfdən başqa ölkələrdə müxalifət institutu özünün sosial-siyasi statusuna və spesifik səciyyəli fəaliyyət mexanizminə, funksionallığına görə siyasi palitranın öncül qüvvələrindən birinə çevrilir. Eyni zamanda, qeyd olunduğu kimi, müxalifətçilik uyğun siyasi əqidəni, siyasi mədəniyyəti və siyasi ideologiyanı mənimsəmiş fərdlərin ümumi maraqlarını təmin edəcək formuladır.

Lakin yenə də Azərbaycan təcrübəsinə nəzər salsaq, radikal düşərgənin timsalında bunun tamamilə əksini görürük.

Əvvəla ona görə ki, radikallar bu günə kimi hər hansı müsbət, funksional fəaliyyət sərgiləməyiblər.

İkincisi, Azərbaycan radikal düşərgəsində formalaşan birliklərə baxanda onların vahid bir ideoloji baxışa malik olmadığını görürük. Seçkidən-seçkiyə bir-birini ideoloji baxımdan tamamilə təkzib edən qüvvələr “birlik”, “ittifaq”, “şura” və sair adlarda mövsümi birləşmələr əmələ gətirir. Bir neçə aydan sonra isə əllərinə qılınc götürüb bir-birinə qənim kəsilirlər. Bu da bir daha təsdiq edir ki, radikal müxalifəti hər hansı siyasi əqidə deyil, mövsümi maraqlar və ya maddi çıxarlar müvəqqəti olaraq birləşdirir.

Üçüncüsü, digər ölkələrdə müxalifət bəlli bir cizgidə fəaliyyət göstərir, ona uyğun tələb və təkliflərlə çıxış edir. Bizim radikal müxalifət isə dünyanın harasında bir ayaqlanma baş verirsə, dərhal oranın rənginə bürünür, o ölkədə olanları Azərbaycana transfer etmək üçün hərəkətlənirlər.

Ölkəmizin uğurlarından məyus olmaq müxalifətçilikdir?

Demokratik cəmiyyətlərdə siyasi sistemin struktur elementi olmaq etibarilə müxalifət institutunun fəaliyyətinə əlverişli şərait yaradılır. Məhz Azərbaycanda da bu cür şərait yaradılıb.

O cümlədən dünyanın müxtəlif yerlərində öz fəaliyyətində milli maraqları əsas götürən müxalifət subyektləri radikal yox, konstruktiv şəkildə siyasi palitrada təmsil olunur.

Siyasi analitiklərin vurğuladıqları kimi milli maraqlara istinad etməyən radikal subyektlər isə antaqonizm və ziddiyyət mənbəyi kimi çıxış edir. Bu son deyilənləri bütünlüklə Azərbaycanın radikal müxalifətinə aid etmək olar. Çünki bizim radikal müxalifət normal sivil siyasi mübarizə metodlarını tamamilə inkarçılıq yolunu tutub.

Bəlli olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət kursu bütün dünyada ölkəmizin nüfuzunun durmadan artmasını təmin edib. Bu gün Azərbaycanda demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyətinin varlığı artıq heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir.

Təbii ki, həm dövlətimizin beynəxalq imicinin möhkəmlənməsi, həm də ölkədə milli həmrəyliyin yaradılması istiqamətində Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da rolunu xüsusi qeyd etməliyik. Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi bir çox ölkədə həyata keçirdiyi sosial, mədəni layihələr Azərbaycanın sivil, sülhpərvər dövlət kimi tanınmasına, ermənilərin beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında yaratdıqları rəyin tamamilə alt-üst olmasına gətirib çıxaran amillərdən biri oldu.

Mehriban xanım Əliyeva ölkə daxilində də milli həmrəyliyin bərpa olunması üçün ciddi səylər göstərir. Onun təşəbbüsü ilə müxtəlif illərdə qəbul olunan beş Amnistiya aktı nəticəsində on minlərlə insan, o cümlədən radikal müxalifət düşərgəsinin təmsilçiləri həbsdən azad edilib.

Ölkə daxilində Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın təşəbbüsü və birbaşa rəhbərliyi ilə reallaşdırılan sosial layihələr, Şəhid ailələrimizə, qazilərimizə, valideyn himayəsindən məhrum olan uşaqlara, eləcə də Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət həm də vətəndaş həmrəyliyinin yaranmasına xidmət edir.

Lakin nə edək ki, radikal müxalifət nə bu humanist təşəbbüs və addımları, nə də dövlətimizin uğurlarını qəbul edə bilmir. Ölkəmizin hər bir uğurundan sonra məyusluğa qərq olan radikallar bu uğuru uğursuzluqla əvəzləmək üçün yalanlara əl atır, Azərbaycanın adının mənfi şkalada çəkilməsi üçün dəridən-qabıqdan çıxırlar.

Yaxın tarixin acı nəticələri dərs olmadımı?...

Radikal düşərgə mənsublarının hər şeyə “müxalifətçilik” etməyi özlərinə peşə etmələri onların bəzən Azərbaycana qarşı düşmənçilik edənlərlə eyni mövqedən çıxış etməsinə gətirib çıxarır. Heç uzağa getməyək. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərəfəsində, müharibə günlərində və sonra bunun şahidi olduq.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi zamanı milli birlik və həmrəyliyə xidmət edən çağırışlara qoşulmayan düşərgə təmsilçiləri müharibədən sonra da eyni siyasəti davam etdirir. Bəlli olduğu kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə xalqımızı və bütün dostlarımızı nə qədər sevindirdisə, düşmənlərimizi o qədər qəmə, kədərə qərq etdi. Nə yazıq ki, radikal müxalifət düşərgəsinin təmsilçilərinin də bir çoxu qəmə, kədərə batanlar arasında oldu.

Halbuki torpaqlarımızın azad edilməsinə görə birinci elə radikallar sevinməli idilər. Çünki bu torpaqların böyük hissəsi məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyəti illərində ölkədə yaranmış hərc-mərclik nəticəsndə işğal edilmişdi.

Təəssüflər olsun ki, 90-cı illərin əvvəlindəki siyasi qarşıdurmanın, hərc-mərcliyin Azərbaycan torpaqlarının işğalına rəvac verməsi bugünkü radikal müxalifətə dərs olmayıb, o dövrdə baş verənlərdən nəticə çıxarmayıblar. Bunu onların İkinci Qarabağ müharibəsi zamanında və ondan sonra tutduqları mövqe, milli həmrəyliyə zidd fəaliyyətləri də sübut edir.

Radikalların fəaliyyətinin bir çox hallarda dövlətimizin maraqlarına zidd olmasını başqa sahələrdə də özünü göstərir. Şübhəsiz, Azərbaycanın mühüm uğurlar qazanması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi də ermənipərəst, anti-Azərbaycan dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Təəssüf ki, radikal müxalifət düşərgəsi də eyni narahatçılığı bölüşərək, ölkəmizin uğurlarına qarşı daim qısqanclıq nümayiş etdirirlər. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurlara qarşı sosial şəbəkələrdə qara piar kampaniyası aparır, reallıqları təhrif etməyə çalışır.

Azərbaycandakı güclü həmrəylik ölkəmizdə xaos yaratmaq istəyənlərin arzusunu gözündə qoyacaq

Qeyd edək ki, bəzi radikal müxalifət təmsilçilərinin pozucu fəaliyyətinə baxmayaraq, ölkəmizdə müasir çağırışlara cavab verən və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində sabitlik və milli birlik yüksək səviyyədə təmin olunub. Məhz ictimai-siyasi sabitlik və milli həmrəylik amili müstəqil Azərbaycanın regionun aparıcı aktoruna çevrilməsində, mühüm tarixi nailiyyətlər əldə etməsində, 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanmasında əhəmiyyətli rol oynayıb.

Qeyd etdiyimiz kimi bütün bunlar isə anti-Azərbaycan və ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Onlar daim ölkəmizdə siyasi qarşıdurmanı dərinləşdirməyə can atır, xaos yaratmağı arzulayırlar. Təəssüf ki, milli həmrəylik çağırışlarna cavab verməyən radikal düşərgənin təmsilçiləri dağıdıcı mövqe tutmaqla bu niyyətə xidmət etmiş olurlar. Amma dövlətimizin gücü Azərbaycanda xaos yaratmaq arzusunda olanların niyyətini gözündə qoyacaq.

Bəli, bunu birmənalı söyləyə bilərik ki, xaricdəki anti-Azərbaycan dairələrin ölkəmizdə sabitliyi pozmağa yönəlik cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycanda bütün təbəqələri, o cümlədən, əksər müxalifət partiyalarını da əhatə edən siyasi dialoq və həmrəylik mövcuddur. Təbii ki, bunun da kökündə Azərbaycan iqtidarının, şəxsən Prezident İlham Əliyevin bu dialoqun baş tutması, həmrəyliyin təmin olunması istiqamətində atdığı davamlı addımlar dayanır.

Məlum olduğu kimi ölkəmizdə keçirilən son parlament seçkilərindən sonra Prezident İlham Əliyevin iradəsinə əsasən siyasi partiyaların rəhbərləri ilə Prezident Adminstrasiyasında keçirilən görüşlər Azərbaycanda siyasi münasibətlərin yeni mərhələsini yaradıb. Bu isə siyasi münasibətlərdə dialoq mühitinin qorunub daha da inkişaf etdirilməsinə təkan verib.

Yeri gəlmişkən qeyd edək, ölkəmizdə parlament demokratiyasının inkişafı, siyasi mübarizənin küçələrdən parlament divarları arasına keçirilməsi üçün də hər bir şərait yaradılıb. Parlamentin sədri vəzifəsinə müasir dünyagörüşünə malik, humanist şəxs kimi tanınan Sahibə xanım Qafarovanın seçilməsi, vitse-spikerlərdən birinin müxalifət təmsilçisi olması, Milli Məclisdə hansı düşərgəni təmsil etməsindən asılı olmayaraq hər deputata öz fikrini sərbəst ifadə etmək üçün şəraitin yaradılması bunun bariz sübutudur.

Ümumiyyətlə, danılmaz həqiqətdir ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı da müxtəlif təşəbbüslər vasitəsilə ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsinə yol açır.

Təbii ki, bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatların əhəmiyyətini xüsusi olaraq vurğulamalıyıq. Çünki bu islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Bu islahatlar Azərbaycan iqtidarının siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında dialoqun davam etdirilməsinin vacibliyini bir daha vurğulayıb.

Heç şübhəsiz iqtidar bunu sadəcə bəyan etmir, həmçinin dialoqun davamlı olması üçün silsilə addımlar atır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Dövlət başçsının yuxarıda bəhs edilən istiqamətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün uğurla fəaliyyət göstərən şöbənin işi müxalifət partiyalar tərəfindən də təqdirlə qarşılanır.

Bəlli olduğu kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə partiya rəhbərləri və ictimai fəallarla görüşləri təşkil olunur. İndiyə kimi keçirilən bu cür görüşlər zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” Fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiyaya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Özü də bu müzakirələr, səslənən təkliflər havada qalmayıb. Onların rerallaşması üçün qısa zaman ərzində mühim addımlar atılıb. Bu baxımdan siyasi partiyaların yeni ofislərlə təmin olunması, həmçinin digər addımlar təqdirəlayiqdir.

Eyni zamanda, hazırda ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasında əksər siyasi partiyalar yaxından iştirak edirlər.

Heç şübhəsiz, ölkənin və xalqın taleyini düşünən, hər zaman milli maraqlardan çıxış edən müxalifət partiyaları da (təbii ki, radikal düşərgədə cəmləşənlər bu sıraya aid deyil –V.İ) atılan müsbət addımları cavabsız qoymur. Biz bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk anından sonuna qədər açıq şəkildə müşahidə etdik. 

Təbii ki, həmin vaxt Azərbaycan Ordusunun cəbhədə düşmənlə mübarizə apardığı bir zamanda ölkə daxilində siyasi həmrəyliyin daha da gücləndirilməsi zərurətə çevrilmişdi. Bu mənada, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühim əhəmiyyət daşıdı. Bu həmrəylik sonrakı günlərdə də davamlı olaraq nümayiş etdirildi. Bu gün isə həmin həmrəylik postmüharibə dövründə düşmənlə aparılan informasiya savaşında öz sözünü deyir.

Başqa bir tərəfdən Azərbaycanda yaradılan yeni dialoq mühiti yeni konsolidasiyalara səbəb olmaqdadır. Elə YAP-ın VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul etməsi də bunun bariz nümunəsidir.

Beləliklə, fikirlərimizi yekunlaşdırsaq, deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların aparılması, bu istiqamətdə görülən digər işlər öz bəhrəsini verir.

Bu gün əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb. Ölkədə ümummilli məsələlərdə vahid mövqe yaranıb. İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Gələcəyi ağıllı şəkildə dəyərləndirmək potensialına malik siyasi partiyalar bu prosesdə dövlətin və xalqın yanındadırlar.

Radikal düşərgə təmsilçiləri də daim Azərbaycanda hansısa təxribatlar törətməyə çalışan ölkəmizə düşmən xarici qüvvələrin deyil, milli maraqların, dövlətin yanında yer almalıdır. Azərbaycan cəmiyyəti plüralizm və əsl demokratiya zəminində qurulmuş bir cəmiyyətdir. Belə bir cəmiyyətdə müxalifət də sivil mübarizə yolu seçən, ciddi, sivilizasiyalı, mədəni müxalifət olmalıdır. Ölkədə demokratik proseslərin inkişafı, Azərbaycanın güclü bir dövlətə çevrilməsi həm də xeyli dərəcədə bundan asılıdır. Ümid edək ki, Azərbaycan müxalifəti də tarix qarşısında öz məsuliyyətini anlayacaq!