“MƏHDUD RESURSLU” NAZİR... - Qarabağ haqqında filmə pul tapılmır, amma...

“Ssenarilər müsabiqəsi var və seçilən uğurlu ssenarinin əsasında da filmin çəkilişi olacaq. Biz çox filmlər çəkmək istərdik, amma bizdə olan məhdud resurslara görə Qarabağ haqqında bir vacib filmin çəkilməsini nəzərdə tuturuq...” Bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Gəncəyə səfəri zamanı jurnalistlərtə açıqlamasında deyib.

Nazirin sözlərindən belə çıxır ki, nazirliyin maddi imkanları məhduddur və buna görə Qarabağ Müharibəsinə dair yalnız bir film çəkə bilər. Həmin filminsə ssenari seçimi hələ davam edir...

Maraqlıdır ki, ermənilər məğlub olmalarına baxmayaraq, hələ ötən ilin ortalarında Qarabağla bağlı uydurma film çəkərək, onu “Oskar” mükafatına təqdim ediblər. “45 Gün: Millət uğrunda mübarizə” adlı qondarma “sənədli film” Oskar mükafatına namizəd seçilib. Həmçinin, artıq Amerikada nümayiş olunan ən populyar teleseriallarda Qarabağdakı müharibə barədə ermənipərəst təbliğat və Azərbaycana qarşı təxribat xarakterli səhnələr yerləşdirirlər.

Biz isə həmişəki kimi geri qalırıq və hələ “ssenari seçirik”. Mədəniyyət Nazirliyi müharibənin başa çatmasından ilyarım keçməsinə baxmayaraq, hələ heç cür ssenari seçib qurtara bilmir. Və bu gedişlə həmin filmin nə vaxta ərsəyə gələcəyini təsəvvür etmək çətin deyil...

Hələ üstəgəl də nazir utancverici formada “məhdud resurslar”dan danışır. Necə yəni, məhdud resurslar, heçmi ayıb deyil?

Azərbaycan hökumətinin və bu sahəyə cavabdeh olan nazirliyin minlərlə şəhid verilən və tariximizə qızıl hərflərlə yazılmalı olan 44 günlük müharibə barədə bir neçə samballı film çəkməyə maliyyə imkanı yoxdur? Necə olur ki, bu nazirlik hələ də “odun yanacağı almaq”dan, “dəftərxana ləvazimatı almağa” qədər müxtəlif adlarla milyonlarla büdcə vəsaitini tenderlərdə “silə” bilir, amma normal film çəkməyə pul tapmır?

Məsələn, ilin əvvəlində Mədəniyyət Nazirliyinin struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması tenderinin nəticələri dərc olunub. Məlumatda deyilir ki, 1 milyon 263 min 838 manat dəyərində tenderin qalibi "STONE CONSTRUCTİON" QSC elan edilib. Bu, həmin şirkətdir ki, yaradıldığı qısa müddət ərzində milyonlarla dəyəri olan çoxlu sayda şübhəli tenderlər qazanıb. Həmin şirkət barədə mətbuatda saysız-hesabsız tənqidi materiallara rast gələ bilərsiniz. Onların hamısında şirkətin dövlət qurumları ilə sövdələşməyə gedərək, büdcə vəsaitlərini “silməklə” məşğul olduğu bildirilir. Ancaq nə şirkətdən səs çıxır, nə də dövlət qurumlarından.

Ötən ilin yayında bu şirkət Mədəniyyət Nazirliyinin birdən-birə 5 tenderini qazanıb. Və maraqlıdır ki, ümumi dəyəri 500 min manata yaxın olan həmin tenderin nəticələrinə görə, "STONE CONSTRUCTİON” həm Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə 305 min manata(!) dəftərxana ləvazimatı, həm də Bərdə Regional Mədəniyyət İdarəsinə 66.646 manata(!) odun yanacağı satıb. Bu isə bazar qiymətilə 200 maşın odun deməkdir. Bir soruşan da yoxdur ki, Avropaya qaz satan ölkədə bir rayonun mədəniyyət obyektlərinin bu qədər odun nəyinə lazımdır? Təbii ki, bunlar hələ xırda məbləğlərdir və şübhə doğuran daha böyük rəqəmlər var…

Buna baxmayaraq, elə Əbülfəs Qarayevin də vaxtında nazirlik bu cür şirkətlərlə “işləyirdi”, indi də. Yəni nazir dəyişsə də, tenderlə bağlı “iş prinsipləri” görünür ki, dəyişməyib. Belədə isə əlbəttə ki, Qarabağ haqqında bir neçə normal film çəkməyə pul tapılmayacaq və nazir “məhdud resurslar” deyəcək. 

Ancaq görünən odur ki, əslində, məhdud olan maddi resurslar yox, bizim bir çox məmurların mənəvi keyfiyyətləri, məsuliyyəti, vətənə, dövlətə, millətə canıyananlığı, bağlılığı və sədaqətidir…

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Sözün düzü 2022-02-08 14:59:41

Mədəniyyət idarələrində korrupsiya hökm sürməkdədir çünki Mədəniyyət İdarələrinə peşəkar kadrlar təyin olunmur ?Şəki İcra Hakimiyyətinə Zərinə Caadova təyin olunduğu ilk gündən onu n kurasiyasına aid olan müəssisələrin hər birində özbaşnalıqlar və Korrupsiya hökm sürməkdə davam edir... Şəki kimi böyük bir rayonun Regional Mədəniyyət İdarəsinə Zərinənin kadrı olan, ixtisasca arxeoloq olan Tərlan Nəsibovu müdir təyin ediblər.. ? Qardaşı Şəki Bələdiyyəsinin müavini, həyat yoldaşı 17 saylı məktəbin müdiri......??? ölkəmizdə sosial narazılıqları yaradanlar yerində olmayan məmurlardır ?

Vətənoviç 2022-02-06 21:03:36

Azərbaycanda tender maxinasiyaları haqqında elə bir film çəkmək olar ki, o bütün beynəlxalq mükaftlara layiq görülər, çünki bu analoqu olmayan maxinasiyadır. Ssenarisini də mən hazırlamaqda kömək edə bilərəm. Bu filmdə hər il təmir-tikinti və təchizat xərclərinə ayrılan milyardlarla manat pulun karusel əməliyyatlar və milli ofşor şirkətlər vasitəsilə necə talanmasını görmək olar.

Vafa 2022-02-06 00:33:01

Müsibət oluruq biz səhv düşəndə yerimiz......

GƏNCƏ 2022-02-06 00:14:28

Dövlət vəsaiti hesabına 250 minlik avtomobildə gəzmək üçün vəsaiti haradan tapdın ....

Sahmar 2022-02-05 18:31:54

Celal bey tebrik edirem arasdirma yazilariniza gore. Xahis edirem Turizm Agentliyinin tenderlerini de arasdirin ve esas arasdirib ifsa edin ki onlarin landmark yaninda kirayeledikleri bina hansi holdinqe aiddir ve 2 mertebeye ayliq ve illil me qeder odenir. Sok olmamaq ucun yaninizda bir stakan su olsun. Arasdirmalarinizi saxelendirin herkesi heryeri ehate etsin. Izleyirik.

Rahib 2022-02-05 18:10:24

Cənab Nazir. Artıq ötən müddətdə ki fəaliyyətiniz göstərdi ki, siz mədəniyyət sahəsindən yumşaq desək bixəbər siz ...

Rahib 2022-02-05 17:52:37

Cənab nazir. Allah xatirinə danışma, sus... Əşi iki gündə iki söz demisən, el aləmin gülüş, qınaq ünvanı olmusan. Vallahi sən danışmasan, elə belə hərdən o yan, bu yana gedib boy buxununu göstərsən yetər, işlər sənsiz də gedəcək- yeyən yeyəcək, dağıdan dağıdacaq, mədəniyyətimiz də günü- gündən mədəniyyətsizlik girdabına yuvarlanmaqda davam edəcək və heç kim də bundan xəbər tutmayacaq. Təki Siz nazir dinin, danışıb "qara məndə qoz var" məsəli özünüzü yada salmasanız. ..

Vahid 2022-02-05 14:46:02

Yanlışlıq bu adamın ora teyin olunmasıdı

Vətəndaş 2022-02-05 13:29:14

mənimsədiklərini əllərindən alan olsa 100 belə film çəkmək olar.Milyardları mənimsəyib üstündə oturublar.l

Samir 2022-02-05 13:27:55

Adamda artıq ciddi şübhələr yaranır ki, xarici ölkələrdə də bizdəki kimi diplom satırlar. Yoxda ölkənin nazirlikləri başdan ayağa bilə xarici diplomlarla silahlanmış kadrlarla doldurulsalar da hər şey əvvəlki kimi, və çox halda isə əvvəlkindən də pis betər oldu. Belə diplomlu nazirlər isə işləri bir yana hər agızlarını açanda " debil" susması qazanırlar.

Gülsən 2022-02-05 10:26:47

Məhdud olan onun vətənpərvərliyi millət sevgisidir

Son yazılar