Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Vışqorod rayonunda, Qostomel və Vasilkov şəhərlərində ağır döyüşlər gedir.
Bu barədə “UNIAN”a Kiyev Regional Dövlət Administrasiyasından məlumat verilib.
Qeyd olunub ki, Qostomeldə ağır döyüşlər gedir, əraziyə çoxlu texnika toplanıb.
Vasilkovda aerodrom uğrunda atışma gedir, Vışqorod rayonunda çoxlu hərbi texnika yığılması qeydə alınıb.
Deputatı Fyodor Venislavski qeyd edib ki, Balakleya, Melitopol və Mariupol yaxınlığında da atəş səsləri eşidilir: “Silahlı Qüvvələrimiz layiqli cavab verir, düşmən çox ciddi itkilər verib. Bizdə məlumat var ki, düşmən Berdyansk, Melitopol tərəfdən Mariupola daxil olmağa çalışır. Və orada əhəmiyyətli qüvvələr var. Krımdan daima əlavə qüvvələr hərəkət edir”.
Ukraynanın paytaxtı Kiyev şəhəri axşam saatlarından etibarən Rusiya hərbi hava qüvvələrinin artilleriya hücumuna məruz qalıb.
Vətəndaşlardan təcili olaraq sığınacaqlara getmələri istənilib.
Yayılan videoların birində isə Ukrayna paytaxtında yerləşən İnfrastruktur Nazirliyinin yaxınlığında şiddətli atışma səsləri eşidilir.
Ukraynanın Xarkov şəhərində axşam saatlarından başlayaraq eşidilən atışma səsləri səngimək bilmir.
Şəhər uğrunda səhər saatlarına qədər şiddətli döyüşlərin gedəcəyi istisna edilmir.
***
“Diplomatik cəbhədə yeni gün Emmanuel Makronla danışıqlarla başladı”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında yazıb.
“Tərəfdaşlarımızın silah və texnikası Ukraynaya gəlir. Müharibə əleyhinə koalisiya işləyir!”, - deyə o qeyd edib.
Bu aradaUkrayna Silahlı Qüvvələri Kiyev Su Elektrik Stansiyasını (SES) rusiyalı hərbçilərdən geri alıb, o, yenidən işləyir.
Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Ukrayna silahlı qüvvələri bu gecə uzun sürən döyüşlər zamanı Kiyev Su Elektrik Stansiyasını rusiyalılardan geri alıblar. Stansiya tam nəzarətdədir.
Texniki heyət sığınacaqları tərk edərək işə başlayıb. 26 fevral 2022-ci il səhər saat 8:30-a olan məlumata görə, Kiyev SES normal rejimdə işləyir”, - deyə o, “Facebook”da yazıb.

Şənbə günü səhər saatlarında Energetika Nazirliyi bildirib ki, Kiyev SES Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır, lakin heyət sığınacaqda olduğundan işləməyib.
Həmçinin bildirilib ki, “Kiyev İES-6” (İstilik Elektrik Stansiyası) normal işləyir.
Hərbi əməliyyatlar nəticəsində bir sıra xətlər və yarımstansiyalar zədələnib, Ukrayna üzrə yüzə yaxın yaşayış məntəqəsi elektrik şəbəkəsindən ayrılıb.
***
Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.
UNİAN-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.
Onun sözlərinə görə, bu səhərə olan məlumata əsasən, 3500-dən çox Rusiya hərbçisi ölüb və 200-ə yaxın hərbçi əsir alınıb.
Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyanın itkiləri aşağıdakı kimidir:
14 təyyarə,
8 vertolyot,
102 tank,
535 zirehli döyüş maşını,
1 BUK (zenit raket kompleksi) məhv edilib.
Bu arada verilən məlumata görə, Kiyev vilayətinin Vasilkov şəhərinə bütün gecə boyu davam edən həmlələr Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb”.
Bunu şəhərin meri Natalya Balasinoviç söyləyib.
“Hazırda döyüşlər başa çatır. Demək olar, Vasilkovda sakitlikdir və bizim qorxunc gecəmiz geridə qalıb”, - mer vurğulayıb.
***
Kiyev küçələrində döyüşlər gedir, sakinlər təhlükəsiz yerlərdə qalmalıdırlar. Bu barədə Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının rəsmi “Telegram” kanalı məlumat yayıb.
“Hazırda şəhərimizin küçələrində döyüşlər gedir. Xahiş edirik, sakit olun və mümkün qədər diqqətli olun!”, - deyə məlumatda qeyd edilir.
Həmçinin, kiyevlilərə sığınacaqda qalmaq, evdə olanlara isə pəncərələrə yaxınlaşmamaq, eyvana çıxmamaq, qapalı otaqda, məsələn, hamamda gizlənmək tövsiyə olunub.
Şəhərdə hava hücumu sirenləri işə düşərsə, insanlar dərhal ən yaxın sığınacaqlara getməyə çağırılıb.
Paytaxtdakı vəziyyətlə bağlı xalq deputatı Maryana Bezuqlaya da məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir”, - deyə o, “Facebook”da yazıb.
Bu gecə Rusiya hərbçiləri Kiyevdə “Beresteyskaya” metro stansiyası yaxınlığındakı hərbi hissəyə hücum ediblər. Onların hücumu Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edilib.
Xatırladaq ki, dünəndən etibarən hərbçilər paytaxtın müdafiəsinə başlayıblar.

***
Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.
Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.
Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

Şərhlər
Haqq olan qalib gelsin InsAllah
Allah Ukraynaya kömək olsun. Amin! ❤️❤️❤️