Bu gün səhər saatlarında Xarkova soxulan Rusiya işğalçı qüvvələri cəmi bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələrinin və ərazi özünümüdafiə dəstələrinin qüvvələri tərəfindən darmadağın edilib. “Tiqr” yüngül zirehli transportyorlarının və digər texnikanın dəstəyi ilə şəhərə daxil olan elit Rusiya bölmələri ilə küçə döyüşlərinə girən ukraynalı döyüşçülər onları böyük itkilərə məruz qoyublar və tamamilə geri oturdublar. Bu haqda hazırda Xarkovda olan jurnalist, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bildirir.
“Hazırda şəhərin küçələrində Rusiya ordusunun məhv edilmiş xeyli hərbi texnikası var, onlar pərən-pərən salındılar və geri qaçmalı oldular. Ukrayna ordusu çox şücaətlə döyüşür, yeni nəsil müharibə taktikası tətbiq edir”, - E.Fətullayev bildirib.

Xatırladaq ki, Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequb da özünün Telegram-kanalında şəhərin işğalçılardan tamamilə təmizləndiyini, hazırda təmizləmə getdiyini yazıb. Onun sözlərinə görə, şəhəri işğalçılardan Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və ərazi özünü müdafiə dəstələri təmizləyir.

“Düşmən tamamilə demoralizə edilib. Bilavasitə Xarkovda, yolun ortasında öz hərbi texnikalarını atıb qaçıblar, Ukrayna qoşunlarına 5-10 nəfərlik qruplar halında təlim olublar. Hətta bir Ukrayna döyüşçüsü görəndə belə təslim olurlar”, - vilayət rəhbəri bildirib.
Sinequb bildirib ki, hazırda düşmən Lipetsk, Volçansk və Belqorod istiqamətlərində hücuma cəhd edir.
“Rusiya texnikasının ayrı-ayrı kalonlar şəklində hərəkətini qeydə alırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərindədir və fəal mübarizə aparırlar”, - o deyib.
***

Xarkov tam şəkildə Ukrayna hakimiyyətinin nəzarəti altındadır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Xarkov Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
O, bəyan edib ki, şəhərə soxulmuş Rusiya Ordusunun qalıqları “təmizlənir”.
“Düşmən tamamilə demoralizə olunub. Rus əsgərləri texnikanı ataraq qrup şəklində təslim olur. Ukrayna Ordusunun bircə əsgəri ilə qarşılaşan kimi təslim olurlar”, - Sinequbov bildirib.
Administrasiya rəhbəri əlavə edib ki, düşmən hücumlarını davam etdirir.
“AzPolitika”
***
Xarkov şəhərində aktiv küçə döyüşləri davam edir. İşğalçılar böyük itkilər verir. Bir qədər əvvəl Xarkovda işğalçıların hərbi karvanı darmadağın edilib.
***
Xarkov şəhərində aktiv küçə döyüşləri başlayıb. Ukrayna ordusu işğalçılara ciddi müqavimət göstərir, qəflətən hücum edərək onları məhv edir.
Kadrlar sosial şəbəkədə yayılıb.
***
Rusiya ordusunun hərbi texnikası Ukraynanın Xarkov şəhərinə daxil olub.
"AzPolitika" Ukrayna saytlarına istinadla xəbər verir ki, Xarkov administrasiyasından məlumatı təsdiq ediblər.
Yayılan videokadrlarda hərbi texnikanın sürətlə şəhərin içərilərinə doğru hərəkət etdiyi görünür.
Xarkov administrasiyası şəhərin kişi əhalisinə düşməni məhv etmək çağırışı edib.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib: “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, - deyə o yazıb.
Şəhər meri İqor Terexov bildirib ki, şəhərə yüngül texnika ilə daxil olan düşmənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.

Şərhlər