RUSİYA SSRİ SƏRHƏDLƏRİNİN BƏRPASI XÜLYASINDADIR!

Ramazan SİRACOĞLU

Aylarla dünya liderlərini arxayın salan, Ukraynaya muharibə edilməyəcəyi barədə nağıllar uyduran rus yetkililərin məkrli niyyətləri, axır ki, üzə çıxdı. Ukrayna ordusunu heçə sayan, rus qoşununun bir günə Kiyevə girə biləcəyini düşünənin, Ukrayna xalqının da rusları gül-çiçəklə qarşılayacağını xəyal edənin arzusu ürəyində qaldı. Reallıq hissini itirən, ətrafındakılara yuxarıdan aşağı baxan təkəbbürlü rus yetkililəri ilk növbədə Ukrayna xalqının, onun qəhrəman ordusunun, sonra da dünya ictimaiyyətinin verəcəyi təpkini heç nəzərə almamışdılar.

İnamla söyləmək olar ki, rus hərbi maşını Ukrayna ilə elə ilk toqquşmada çox ciddi və sarsıdıcı zədə aldı. Bu muharibə bütün Ukraynanı vahid məqsəd uğrunda vahid cəbhədə birləşdirdi, Prezident V.Zelenskinin siyasi nüfuzunu dəfələrlə yüksəltdi. İndi siyasi müxalifətdə olan P.Popoşenko da, Y.Timoşenko da kritik anda təhlükəsizlik məqsədilə Kiyevi tərk etməkdən qətiyyətlə boyun qaçırmış Ukrayna Prezidenti V.Zelenskinin ətrafında birləşmişlər. Gözləmədiyi reaksiya ilə qarşılaşan V.Putin qəzəblənərək Müdafiə nazirinə ordunu, o cümlədən, nüvə silahlarını xüsusi hərbi hazırlıq rejiminə keçirmək əmri vermişir. (Bax: https://www.bbc.com/news/world-europe-60549023 )

Rusiya bütün beynəlxalq normalara və hüquqlara qətiyyən məhəl qoymadan bu ilin fevral ayının 24-dən başlayaraq tam gücü ilə suveren, müstəqil Ukraynaya hücum edir. Təkbaşına bu qorxunc hərbi müdaxiləni dəf etməyə çalışan qəhrəman Ukrayna xalqına, onun ordusuna və xalqın özgür iradəsi ilə 2019-cu ildə halal yolla hakimiyyətə gəlmiş siyasi liderinə qarşı təhqiramiz ifadələr yağdıranlar, utanmaz yalanlar tirajlayanlar gerçəkləşdirdikləri qaba hərbi əməliyyatı gülünc “nasistsizləşdirmə” pərdəsi ilə ört-basdır etməyə çalışırlar. Hərbi gücünə güvənərək Ukraynanı qan gölündə boğmağa çalışan Rusiya, onun nüfuz dairəsindən qurtulmağa cəhd edənlərin hamısına göz dağı vermək istədiyi halda sürətlə beynəlxalq aləmdən təcrid olunmaqdadır. İndi Rusiyanın yanında Suriya və Belarusdan başqa heç bir müttəfiqi gözə dəymir.

Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, Rusiya SSRİ-ni bərpa etməyə gücü çatmasa da (xalq mülkiyyətini qamarlamış multimilyarder oliqarxlar əsla öz xüsusi mülkiyətlərinin ictimailəşdirilməsinə, kolxoz və sovxozların yaradılmasına razı olmazlar!), keçmiş SSRİ ərazisinə yiyələnmək xəyalındadır. Mübaliğəsiz qeyd etmək olar ki, keçmiş SSRİ respublikalarının siyasi taleləri bu gün Ukraynanın aqibətindən asılıdır. Kim zəmanət verə bilər ki, bu gün Ukraynaya hücum edən Rusiya, sabah da harasa hücum etməyəcəkdir? Onlar keçmiş SSRİ ərazilərində istədikləri bölgəyə hər an hərbi müdaxilə edə bilmək imkanı verəcək məntəqələr yaradıblar ki, fürsət düşən kimi bəhanə tapıb hücum etsinlər. Totalitarizmin devizi olan “Might is right” - Güclü haqlıdır” prinsipi onlar üçün bütün zamanlar üçün aktualdır. İşğalçını dayandırmaq, fikrindən daşındırmaq üçün dünya ictimaiyyətinin təcili qətiyyətli müdaxiləsi lazımdır. Bu məqamda beynəlxalq hüquqda tətbiq olunan “necessity- son zərurət” qaydası tətbiq edilməlidir. Vaxtında qarşısı alınmayan, cəzasız qalan hərəkətlərin ümumdünya masştabında hansı fəlakətlərə gətirdiyini hər kəs yaxşı bilir. “Skay nyus”un xüsusi müxbiri Con Sparks rus hərbçilərinin Ukraynanın ikinci şəhəri sayılan Xarkov şəhərinə daxil olmaları barədə çox həyəcanlı məlumat versə də, az sonra bu xəbər xoş informasiya ilə əvəz olundu. (Bax: https://news.sky.com/info/policies-and-standards)

Böyük Britaniya Birləşmiş Hərbi Qüvvələrinin sabiq komandanı Kris Deverelin (Chris Deverell) fikrinə görə, Ukraynaya hücum, Avropa xalqları ilə bərabər, eyni zamanda, V.Putinin də siyasi taleyinin müəyyənləşdirəcək amildir. Onun gümanına görə, bunu dərindən dərk edən Putin Kiyevi nəyin bahasına olur-olsun almağa çalışacaq, buraya əlavə qüvvələr sövq edəcəkdir. Lakin Kiyevi müdafiə edənlər də bütün gücləri ilə müqavimət göstərəcəklər, ruslar indi təkcə nizami ordu ilə deyil, həm də Ukrayna xalqı ilə üz-üzədir. (Bax: https://news.sky.com/info/policies-and-standards)

28 fevralda, səhər saatlarında Kiyevin yaxınlığındakı Vasilkov Neft emalı zavodu ilə bərabər neft ambarı və Xarkovu təbii qazla təmin edən magistral boru xətti partladılmışdır. Kiyev şəhərinin vitse-meri M.Povoroznikin məlumatına görə, ukraynalı döyüşçülər öz paytaxlarını rəşadətlə müdafiə etməkdədirlər. Prezident V.Zelenski Rusiya başçısı ilə Bakıda və ya İstanbulda danışıqlar aparmağa razı olduğunu bildirmişdir.

Rusiya tərəfi isə danışıqlar üçün Minsk şəhərini təklif etdi. “Əl-Cəzirə”nin müxbiri D. Cabbarinin yazdığına görə, “ruslar, bəlkə də, ictimai fikirdə danışıqlar tərəfdarı olmaq görüntüsü yaratmaq üçün Minsk şəhəri təklifini irəli sürmüşdülər. Rəsmi Belarus birmənalı şəkildə Rusiyanın müttəfiqi rolunda çıxış edirsə, Ukrayna Prezidenti V. Zelenski oraya niyə getməlidir ki?

Fevral ayının 28-də Rusiya dövlət başçısının köməkçisi V. Medinskinin başçılıq etdiyi Rusiya tərəfi ilə Ukrayna Prezidentinin köməkçisi M. Podolyakın rəhbərlik etdiyi heyət Belarus ərazisində görüşmüşlər. Tərəflər ortaq fikrə gəlmədən müzakirəni bitirmişlər. Çox güman ki, yaxın geləcəkdə tərəflər yenidən danışıqlar masası arxasına keçəcəklər.

Ukraynadan hər dəqiqə həyəcanlı məlumatlar gəlir. Xəbər portallarında hansı xəbərin doğru və ya yalan olduğunu müəyyənləşdirmək mümkün deyil. Məlum məsələdir, hərbi əməliyyatlar sadəcə döyüş meydanlarında deyil, həm də informasiya məkanlarında aparılır. Hücum edən tərəf çaşqınlıq, qorxu və çarəsizlik yaratmağa çalışırsa, müdafiə olunan tərəf də xalqda və orduda özünəinam və ümid, ruh yüksəkliyinə nail olmaq istəyir.

Qədərin cilvəsinə baxın: bir zamanlar Stalinqrad uğrunda çiyin-çiyinə verərək mücadilə edənlər indi məlum şəxsin iradəsi və ambisiyası ucbatından Kiyevdə qarşı-qarşıya, ölümünə savaşırlar...

Təxmini hesablara görə, 200 min ukraynalı mülki əhali muharibə məşəqqətlərindən qurtulmaq üçün qonşu Polşa, Moldova, Macarıstan, Rumınya və Slovakiya sərhədlərindəki ərazilərə sığınmışdır. Onların çoxu yaşlı, qadın, xəstə və uşaqdır. “Yüksək dəqiqlikli” rus raketlərinin partlaması nəticəsində indiyədək yüzlərlə mülki şəxsin həlak olduğu deyilir.

Almaniya kansleri O. Şoltsun mülahizəsinə görə, Rusiyanın Ukraynaya müharibəyə başlamasından sonra dünya tamamən yeni mərhələyə daxil olmuşdur. İndi önəmli olan bir məsələyə cavab verməkdir: Güclü olan HAQlını yenəcəkmi?

Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ona qarşı müxtəlif cəza tədbirlərinin tətbiqinə başlanılmışdır. Məsələn, Böyük Britaniya, Polşa, Bolqarıstan, Çexiya, Rumınya, Almaniya, Finlandiya, İsveç, Danimarka, İslandiya və digər Avropa dövlətləri öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlamışdır. Rusiya reallıqları görməzdən gələ bilməz, dünyaya meydan oxuya bilməz. Tarix təkrarlanmasa da, yanlışlıqlar təkrarlanı, deyirlər. Axı “beynəlmiləl borcunu ödəmək üçün” Əfqanıstana təcavüz etmiş 115 minlik “məhdud saylı” sovet qoşunlarının fiaskosu, ardından da SSRİ adlı dövlətin süqutu uzaq tarix deyil! Rusiya SSRİ-ni bərpa etmək, onun sərhədlərinə sahiblənmək kimi cəfəng xülyalardan birdəfəlik əl çəkməli, özünün təbii sərvətləri və zənginlikləri ilə öz əhalisinin rifahına çalışmalıdır.

İndi hər dəqiqə təkcə Ukraynadan ötrü deyil, dünya üçün də taleyüklü andır, çünki Ukrayna məsələsi sadəcə ukraynalıların məsələsi deyil. Dünya xalqları çox yaxşı dərk edirlər ki, Ukraynanın işğalı qəsbkarın iştahasını daha da artırar, onu yeni, daha avantürist xülyalara təhrik edər. Ukraynanın özgürlüyünü qoruya bilməsi, bütünlükdə keçmiş SSRİ məkanında müstəqilliklərinə nail olmuş dövlətlərin və Şərqi Avropa dövlətlərinin təhlükəsizliyinin təminatıdır. Ona görə də, bütün sülsevər mütərəqqi qüvvələr gur səslə “Hamımız ukraynalıyıq!” deyirlər. Haqq hayqıran bu əzəmətli səsi indi hamı, hətta bunkerdə guşənişin olan da aydın şəkildə eşidir.

635x100

Şərhlər

Ələmdar Məmmədov-hüquqşünas 2022-03-02 01:40:21

Hörmətli Ramazan müəllim dəyərli və sanballı fikirlərinizə görə təşəkkür edirəm.Qeyd etmək yerinə düşər ki,bütün imperiyaların dağılma prosesi mərkəzə qaçma anının sonundan başlayır.Rusiyada mərkəzləşmənin axırıncı akkordunu vurdu.Yaxın onillikdə daha bir imperiyanın dağılmasının şahidi olacağıq.

Türk Turan 2022-03-01 20:38:19

Bəli, hamımız Ukraynalıyıq!

Son yazılar