Rusiya Silahlı Qüvvələrinin onlarla hərbçisi Sumıda əsir götürülüb. Yayımlanan videoda əsirlər əllərini yuxarı qaldıraraq binanın divarı boyunca dayanırlar. Videoda saxlanılan Rusiya hərbçilərindən birinin dindirilməsi əks olunub. O, snayper olduğunu və həmkarlarından birini xilas etmək üçün Sumıya göndərildiyini iddia edir.

Qeyd edək ki, Ukraynada əsir düşən Rusiya hərbçilərinin sayı o qədər çoxdur ki, Ukrayna hakimiyyəti onların saxlanılması üçün xüsusi düşərgələr yaratmalı olub. (dialoq.ua)


Axşam satlarında Ukrayna hərbçiləri Rusiyanın daha bir helikopterini vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

Baş Qərargah rus hərbçilərinin Vışqoroda hücuma hazırlaşdıqları barədə məlumat yayıb. Həmçinin, Rusiya Qostomel, İrpen, Stoyanka yaşayış məntəqələrinə nəzarəti bərpa etməyə hazırlaşır.

Ukrayna Silahlı Qüvvələri Nikolayev hava limanını geri qaytarıb. “Unian.net” saytı xəbər verir ki, bu barədə Nikolayev regional hərbi idarəsinin rəhbəri Vitali Kim bildirib.

O qeyd edib ki, hava limanından uçuşlar üçün istifadə edilməsi hələ ki mümkün deyil, lakin Ukrayna hərbçiləri ərazidə möhkəmlənirlər.

Vitali Kim hava limanındakı Rusiya hərbçilərinin meşəlik əraziyə və digər bölgələrə qaçdığını deyib.

Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçilərinin Nikolayev hava limanını tutması barəsində xəbərlər yayılmışdı.

***

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın müharibənin başlanmasından bu günədək olan itkilərini açıqlayıb. Bu barədə nazirliyin tviter səhifəsində yazılıb.

“Ümumilikdə, 11 mindən çox şəxsi heyət, 290 tank, 999 zirehli döyüş maşını, 117 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 24 hava hücumundan müdafiə sistemi, 46 təyyarə, 68 helikopter, 454 avtomobil avadanlığı məhv edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna ordusu Xerson yaxınlığında bir gecədə Rusiyaya məxsus 30-dan çox helikopteri, canlı qüvvəni və texnikanı məhv edib.

Bu barədə isə Ukrayna Dəniz Piyadaları Komandanlığı “Facebook”da məlumat yayıb.

Qeyd edilib ki, bu gecə onlar Xerson yaxınlığında yerləşən Çernobayevka aerodromunu ciddi şəkildə “örtüblər”.

Həmçinin, dəniz piyadaları da bildiriblər ki, Nikolayev kənarında Rusiyaya məxsus 3 texnika kalonunu məhv ediblər.

Ukraynalı hərbçilərin Rusiyaya məxsus çoxlu sursat, təkərli texnika, yeddi ədəd D-20 haubitsa topunu ələ keçirdikləri qeyd edilir.

Bu arada Rusiya qoşunları Xarkova aviazərbələr endirməsi nəticəsində ölənlərin sayı məlum olub. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb. Məlumata görə, ən azı səkkiz nəfər həlak olub, bir neçə çoxmərtəbəli bina, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri tam və ya qismən dağılıb.


Həmçinin şəhərin mərkəzi hissəsində yerləşən 21 binada güclü yanğın baş verib. Dağıntılar altında və yanğın baş verən binalardan 200 nəfər xilas edilib.

Rusiya ordusu Qostomel qəsəbəsinin meri Yuri Prilipkonu da öldürüb. Gələn xəbərlərə görə, Yuri Prilipko qəsəbə sakinlərinə ərzaq və dərman daşıyarkən gülləbaran edilib.


Rus əsgərləri Buça qəsəbəsinin bələdiyyə rəisi Anatoli Fedoruku da yaralayıb.

Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə də “Qrad” atəşinə tutulub. Bu barədə “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.

Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən ölən olmayıb.

***

Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”, - Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.

Baş Qərargahı məlumatında həmçinin bildkirilir ki, Rusiya qoşunları Ukrayna ərazisinə Belarus Respublikasının aerodrom şəbəkəsindən istifadə etməklə aviazərbələr endirməyə davam edir.

Qeyd olunub ki, Ukrayna ordusu müdafiəyə davam edir və qarşı tərəf canlı qüvvə və texnika baxımından ciddi itkilər verir.

Bundan əlavə bildirilib ki, İrpen şəhəri üç sutkadan artıqdır işıqsız, susuz və istiliksiz qalıb. Rusiya qoşunları növbəti dəfə Ukraynanın Xarkov şəhərini gecə saatlarında raket atəşinə tutublar.

Nəticədə şəhərdə dağıntılar baş verib və güclü yanğın başlayıb.

Bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Rusiya hərbçiləri Xarkovda Fizika və Texnologiya İnstitutu Milli Elmi Mərkəzinin ərazisini atəşə tutublar. Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, mərkəz 37 nüvə yanacağı elementi ilə təchiz edilmiş “Neytronların Mənbəyi” adlı eksperimental nüvə obyektinə malikdir.

“Nüvə obyektinin və nüvə materialları üçün saxlama anbarlarının dağıdılması genişmiqyaslı ekoloji fəlakətə səbəb ola bilər”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Şurasının Xarkov vilayəti üzrə müstəntiqləri Xarkov vilayət prokurorluğunun prosessual rəhbərliyi altında ekosid maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 441-ci maddəsi) ilə cinayət işi açıblar.

Bu gün martın 7-də səhər saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın Nikolayev şəhərini “Smerç” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutur. Ukrayna mənbələri bildirir ki, şəhərin hər yerindən şiddətli partlayış səsləri eşidilir, dinc əhali arasında ölən və yaralananların sayı barədə məlumat yoxdur.

Sakinlər bildirirlər ki, partlayış səsləri iki istiqamətdən şəhərin bütün rayonlarında eşidilib.

Sosial şəbəkələrdə bəzi ərazilərdə işıqların kəsildiyi bildirilir. “Lifecell” operatoru ilə rabitə itib. Çox güman ki, zərbələrdən biri şəbəkə qülləsinə dəyib.

Rusiya qoşunlarının atəşə tutmasından sonra şəhərdəki vəziyyətlə bağlı görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik: